“Artım məkanında daha bir sərgi
Aprelin 28-də YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Artım” layihə məkanında gənc rəssam Erkin Ələkbərlinin “Ad infinitum” adlı fərdi sərgisi açılacaq.
AZƏRTAC xəbər verir
ki, "Ad infinitum" (Latıncadan "sonsuzluğa
qədər" və ya "həmişəlik")
sərgisi, rəssam Erkin Ələkbərlinin
davam edən daxili emosional və mənəvi səfərinin nəticəsidir.
Sərgi, müəyyən mənada rəssamın şəxsi
etirafına bənzəyir və qarşılıqlı əlaqəli
hekayələr, mürəkkəb duyğular,
gizli həyəcanlar və sıx
müşahidələr ilə zəngindir. Belə
ki, rəssam, həyatın "mina sahəsində" təkrar-təkrar baş verən daxili
çarpışmalara istinad etmək istəyir.
İnsanların talelərinin müxtəlif epizodlarına nəzər
salan bu bədii
baxışlar, nəticədə silsilə rəsm əsərlərinin
yaranmasına səbəb oldu. Rəssam bu əsərlər
vasitəsilə, həyat və ölüm,
peşmançılıq və günahkarlıq, yaddaş və nostalji,
talelər, mütəəssirlik, gerçəkləşməyən
və gərgin duyğular, gözləntilər,
şübhələr və ikili təzadlarla
dolu olan bir çox digər mövzular ətrafında öz düşüncələrini və
araşdırmalarını bölüşür.
Sərginin bütünlükdə ab-havası, eləcə də
rəssamın kifayət qədər poetik
yanaşması Çilinin
tanınmış şairi Pablo Nerudanın şeirlərinə əsaslanır.
Xüsusi olaraq YARAT-ın sifarişi
ilə hazırlanmış məkana uyğun
instalyasiyalar, rəngkarlıq əsərləri,
eləcə də rəssam üçün
yeni eksperiment olan videoinstalyasiya, öz ilhamını rəssamın kəskin
melanxoliyasından, eləcə də həyat və sevgini dərk etmək kimi
tükənməz arzusundan götürür. Rəssamın fatalist
baxış bucağı və melanxolik
istinadlarına baxmayaraq, əsərlər
ümidsizlik təəssüratını
bəxş etmir; əksinə, bu əsərləri, yeni
həyata başlamaq məqsədilə bir daha yaşanan,
əzəli hisslərin müşahidəsi kimi
də qələmə vermək olar.
Pablo Nerudanın
poeziyasında tez-tez rast
gəlinən "dəniz" motivlərini davam
etdirən rəssam, mənəvi fəaliyyətimizin ən ali forması olan sevgini yüksəldir. İyunun
26-dək davam edəcək sərgidə
hər kəsin iştirak etmək
imkanı olacaq.
525-ci qəzet.- 2022.- 22 aprel.- S.9.