Görkəmli bəstəkar Səid Rüstəmov yad edilib

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Mahnı Teatrında Xalq artisti, bəstəkar Səid Rüstəmovun 115 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, konsert bəstəkarın həyat və yaradıcılığından bəhs edən videoçarxın nümayişi ilə başlayıb.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərmin Qaralova bəstəkarım yaradıcılıq irsinin zənginliyindən danışıb. Eyni zamanda, bəstəkarın tələbəsi, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov öz çıxışı ilə Səid Rüstəmovun pedaqoji fəaliyyətinin incəliklərindən bəhs edib.

Konsert Dövlət Mahnı Teatrının solistləri tərəfindən Səid Rüstəmov mahnı yaradıcılığının bir-birindən gözəl və unudulmaz əsərlərinin ifası ilə davam edib.

Konsertdə Xalq artistləri GülyazGülyanaq Məmmədovalar, Heydər Anatollu, Əməkdar artist Aygün Qurbanova, teatrın solistləri Rövşən Qəhrəmanov, Fəxri Kazım-Nicat, Aynur İsgəndərli bəstəkarın unudulmaz mahnılarını böyük şövqlə ifa ediblər. Konsert boyu müğənnilər teatrın ansamblı tərəfindən müşayiət olunub.

Ansamblın musiqi rəhbəri, tarzən Mirxalid Salayev olub. Konsert çərçivəsində yaddaqalan məqamlardan biri teatrın bədii rəhbəri, Xalq artisti Salman Qəmbərov bəstəkarın bir neçə mahnısını yeni üslubda təqdim edib.

 

525-ci qəzet.- 2022.- 22 aprel.- S.8.