Verdim əgərçi türreyi-tərrarə könlümü

 

 

Abdulla Canıoğlu təxminən 1777-ci ildə Şuşa şəhərində anadan olmuş və 1838-ci ildə vəfat etmişdir. Mənbələrin verdiyi məlumata görə, o, xoş əxlaqlı, gözəl xüsusiyyətli, "məclislərin zinəti, məhfillərin yaraşığı", dövrünün ariflərindən hesab olunan rəvan və səlis təbə malik" ağıllı bir şəxs olduğu üçün vilayətin əksər əyan və əşrəfi ilə dostluq və yaxınlıq edərmiş. Güzəranını ticarətlə təmin edən Abdulla kimyagərliklə də məşğul olurmuş. Bədahətən şeir deməkdə, xüsusilə, həcvguluqda tayı-bərabəri yox imiş. Onun bu məharətini müasiri Qasım bəy Zakir də şeirlərinin birində qeyd etmişdir. Abdulla Canıoğlu şeirlərini "Abdullah" və "Qənbər" təxəllüsləri ilə yazmışdır. Şairin irsi tam tədqiq olunmasa da, Firidun bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı" (I cild, 1978), Hüseyn Əfəndi Qayıbovun "Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir" (I cild, 1986), Mir Möhsün Nəvvabın "Təzkireyi-Nəvvab" (1998), Məhəmməd ağa Müctəhidzadənin "Riyazül- aşiqin" (1995), eləcə də AMEA ƏYİ-nin arxivində mühafizə olunan B-1987/3145, B-208/5356, B-1251/11238, D 288/7670, B-1987/3141, M 180/10501 şifrəli əlyazmalarında gəlib bizə çatmışdır. Aşağıdakı nümunələr qeyd etdiyimiz mənbələrdən götürülmüşdür.

 

***

 

Verdim əgərçi türreyi-tərrarə könlümü,

Etdim düçar gör necə şəhmarə könlümü.

 

Ey şanə, mubəmu ara hər tari-zülfünü,

 

Gör kim çəkibdi harda mənim darə könlümü?

 

Naseh, demə ki, yara könül vermədin dəxi,

Ruzi-əzəldə verdim o bir tarə könlümü.

 

Gör taqətim nə tağ qılıb ol iki qaşı,

Qoymuş nişana kiprigi biçarə könlümü.

 

Zahid, məlamət etmə sən Abdullahı görüb,

Məzur dut, alıbdır o məhparə könlümü.

 

Müəttər qıldı eşq əhlin dahanın nəfyü isbatı,

Yəqin oldu mənə kim, var-yoxdandır onun zatı.

 

şirindir dəhanın söhbəti, ləli - ləbin hərfi,

Ki, təlx olmuş ləbi - ləlindən ayrımlar ovqatı.

 

Cəhan zülmətsərayın rövşən etməzdi, əgər yüz gəz,

Yüzündən kəsbi-ənvar etməsəydi şəms miratı.

 

Dağıtdı - əğdi - zülfün dövri - ruyindən səba, guya,

Tülui - sübgahı nurdan fərq etdi zülmatı.

 

Gözün gördüm, xətadan olmadım xali, müsəlmanlar,

Xuda küffarə mərcu etməsin həm beylə afatı.

 

Məqaləti - ləbin babində natiq İsavü Məryəm,

Xətü xalü rüxün haqqında nazil müshəf ayatı.

 

Ləbi - ləlin sevənlər etmədi kövsər təmənnasın,

Səri - kuyin görənlər şövqdən tərk etdi cənnatı.

 

mümkün kakilündən ömri - kutahilə kam almaq,

Könül, başdan çıxar, tul etmə bu batil xəyalatı.

 

Dəhanın zülməti - pünhanə çəkdi abi - heyvanı,

Qubarı - xətti - ruyin həsrəti tar etdi miratı.

 

Bəla peykanı dolmuş canə yüz qat, ey gözüm nuru,

Xədəngin saxla ondan kim, dəmirdəndir onun qatı.

 

Hava səqfində quşlar kamiyab olmaq xədəngindən,

Həsəddən sıçrayıb əflaka çıxdı ahımın atı.

 

Səgi - kuyinə nəzr etmiş cigər pərgaləsin könlüm,

Səadətdir ona məqbuli - dərgah olsa xeyratı.

 

Xədəngı - çeşmi - məstin sineyi - məcruha mərhəmdir,

Təğafül qılma Abdullaha mərsul et bu sovqatı.

 

***

 

Aləm içrə xoş rəfiqü mehribandır suxtələr ,

Xoştəbü xoşxəlqü şirinzəbandır süxtələr.

 

Gərçi surətdə görünürlər həqirü natəvan,

Leyk əyyanü-hünərdə şiri-jəyandır suxtələr.

 

Cani - şirin sərf edərlər bir - birinin yoluna,

Ərsəyi - əhdü vəfada pəhləvandır suxtələr.

Şol səbəbdən göstərirlər hər dəmdə istiqna yüzin.

Kim qənaət üzə daim kamrandır suxtələr.

 

Gər hezaran cövr təqdiri- qəzadan gösrələr,

Guşeyi - möhnət icrə şakirandır suxtələr.

 

Kimyayi - elm birlə cəhl xaki pak edib,

Zibdeyi çini - xürdəbinü nüktədandır süxtələr.

 

Tiği - təqvilə gör kim, babi - cənnət fəth edib,

Gülşəni - firdovs içində sakinandır suxtələr.

 

Gərci dünya məhləsində ruyi - izzət görməmiş,

Leyk abi - kovsər üzrə saqiyandır suxtələr.

 

Xəstə Abdullah həm onlardan məfariq olmasın

Kim, təriqi-şər üzrə rəvandır suxtələr.

 

***

 

Hər dəm səni - bivəfayə canan deməkdən öldüm,

Düşdüm qəmi - cəfaya aman deməkdən öldüm.

 

Bunca dadü fəryad çəkdim ki, vəqtü bivəqt

Bir qövrə yetmədin sən, sultan deməkdən öldüm.

 

Bəzmi - vüsalın üzrə bir qılmadın məni yad,

Ta sübhədən dərində mehman deməkdən öldüm.

 

Ləli - ləbin şərabı təşbihdir dəvayə,

"Bəxş etmədin bu dərdə dərman" - deməkdən öldüm.

 

Şol arizin dəmadəm açan qönçeyi - irəmdir.

Bir əndəbili - zarəm, əfqan deməkdən öldüm.

 

Verdin zəkati - hüsnünü əğyarə lütf ilə

Bən sayil gədatək "ehsan" - deməkdən öldüm.

 

Bəni - Abdullahi - məzlum, ey şah, ərzi - halim

Şərhi - diləm sana bən hər yan deməkdən öldüm.

 

***

 

Darışdım hammam yolunda bir lətif cananiyə,

Qaşları hilala bənzər, dişləri dürdaniyə.

 

Sən doğanda şəkkər əzmiş, duz yerinə dayələr,

Səd hezaran bar rəhmət səni doğuran aniyə

 

Sudur ki, həmmam içində yüzi cin - cin tərləmiş,

Sanasan şəbnəm düşübdür nərgisi - məstaniyə

 

Sağ əlim ilə şəpeydim yar yüzinə gül suyun

Sol əlim ilə çəkeydim yarı mehmanxaniyə.

 

Abi - kovsər ceşmindən nüş qılmış ol Xızır,

Genə həqdən nida endi Qənbəri - divaniyə.

 

***

 

Ah kim, qalmadı can cismdə canan gedəli,

Oldu hər yerdə ki, canan gedəli, can gedəli,

Tutdu zülmət göz evin şəmi - şəbistan gedəli,

Oldu viranə könül kişvəri sultan gedəli,

Yəni sərdari - cahan, sərvəri - dövran gedəli.

 

Gül üzün görməyəli olmadı xəndan güllər,

Şəm odlara yanıb, başına qoydu küllər,

Zülfü sövdası ilə dərhəm olub sünbüllər,

Necə fəryadu fəqan eyləməsin bülbüllər -

Ki, olub xar ilə həmdəm güli - xəndan gedəli.

 

Çərx rəhm eyləmədi dideyi - giryanımıza,

Qoydu həsrət bizi ol şəmi - şəbistanımıza,

Atəşi - hicr ilə od saldı bizim canımıza,

Sancılıb navəki - qəm sineyi - suzanımıza,

Güşeyi - çeşmdən ol kipriyi peykan gedəli.

 

Çıxdı çün Şişədən ol mahliqa misli - gülab,

Şişə əhlinə bu vəch ilə həram oldu şərab,

Sındı başlarda həva şişəsi manəndi - hübab,

Oldu aləmdə fərəh gülşəni bilmərrə xərab,

Üzü gül, kakili sünbül, xəti reyhan gedəli.

 

Çəkəli bəzmdən ol ləbləri meygun ətəyin,

Doldurub qan ilə sağər dili - purxun ətəyin,

Əşk seylabı tutar aşiqi - məhzun ətəyin,

Nola fəryadu fəğanım tuta gərdun ətəyin -

Ki, qara oldu günüm ol məhi - taban gedəli.

 

Mənəm ol qümriyi-miskin ki, salıb aləmə səs,

Sərv kü-kü deyərəm hüzn ilə ta qəti-nəfəs,

Abü danəm ələmü qüssə, yerim künci - qəfəs,

Bir zaman eyləməzəm seyri - gülüstanə həvəs

Səhni - gülzardən ol sərvi - xuraman gedəli.

 

Məqsədim rövzeyi - küyində budur şamu səhər -

Ki, bula feyzi - vüsalında ziya dideyi - tər,

Ola xaki -qədəmin sürmeyi - ərbabi - bəsər,

Qılasan gülşəni - küyində olan murə nəzər,

Görəsən kim, necədir halı Süleyman gedəli.

 

***

 

Ey ki, zülmətgəhi - zülf içrə üzün misli - çiraq,

Məstü sərxoş gözünə qarşı yaman gözlərə ,

Olmasın xaki - dərin güşeyi - çeşmimdən iraq,

Ləblərindən dəhənim dərdə dəva etdi soraq,

Söylədi: ağzıma innabi - ləbü sibi - buxaq.

 

Baxdı mərdüm üzünə, saldı nəzərdən ayi,

Qıldı xəm şöhrəti - əbruyi - lətifin yayi,

Qədrü qiymətdə deyil ləl ləbin həmtayi,

Həvəsi - zülfi - siyahınla olub sövdayi -

Ki, çəkib silsileyi - kakili - tərrarə daraq.

 

Görünür çöhrələrin laləyə gülgün, gülə al,

Qoymadı al ilə ruyin dili - ayinədə hal,

Sürmeyi - şux gözün fitnəyə saldı filhal,

Qıldı izhari - şərəf Kəbeyi - rüxsardə xal,

Vərəq üz sürtdü qədəmgahına gülgünə yanaq.

 

Kakilin şanələnir zinəti - duş etmək üçün,

Xoş gəlir xəlqə ləbin hərfi nüyuş etmək üçün,

Dil dilər şərbəti - köftarını nuş etmək üçün,

Xəlqdən vəsfi - bənagüşünü guş etmək üçün,

Bəhr açdırdı sədəfdən düri - qəltanə qulaq.

 

Gül xitab etsə sənə, qönçə ona eylə itab,

Qönçə kimdir ki, sənə qarşı durub verə cavab,

Baxsa hər dəm üzünə şərmdən olmazmı gülab,

Nədir ayinə görən dəmdə səni eyləyə tab,

Əksi - ruxsarın ona olmasa mənada dayaq?!

 

Dursa ayinə müqabil, üzünə qılsa nəzər,

Ona üz vermə, nəzərdən sal onu şamü səhər,

Fazədən qoyma ola dövri - yənağında əsər,

Vəsməvü sürmə gözü qaşına meyl etsə əgər,

Sürməni seyrə salıb vəsməyə qıl qaş - qabaq!

 

Hüsnünə aşiqi - sadiq demə hər gümrahi,

Aşiq oldur yaxa çərxi dili - atəşgahi,

Imtəhan eylə şəbi - hicrdə Abdullahi,

Şöleyi - ahında gər yanmasa çərxin mahi,

Tiğ cək, başını kəs, şəm kimi atəşə yaq.

 

 

Abdulla Canıoğlu

 

525-ci qəzet.- 2022.- 23 aprel.- S.23.