Dul qadının tənhalığı
(Əvvəli
ötən şənbə sayımızda)
Yaponiyada onsen adlanan geyzerlərdə - isti su gölməçələrində
çimmək qaydası da geniş yayılmışdır,
bunun həm də müalicəvi əhəmiyyəti
vardır. Əvvəllər termal gölməçələrdə
belə çimmək cinsindən asılı olmayaraq tam
çılpaq şəkildə baş verirdi, indi turistlər
üçün olan obyektlərdə plyaj kostyumunu geymək tələb
olunur.
Professor söhbətinə davam edərək, Yaponiyada
yaradıcı insanın hansı sahədə fəaliyyət
göstərməyindən asılı olmayaraq, təbiətə
hörmətlə yanaşmaqla davrandığını dedi. Yaponlar təbiəti və texnologiyaları
ustalıqla birləşdirir, dəmirçi metalı,
dulusçu isə gili canlı hesab edir. Yaponiyada
insan və təbiət bir-biriylə rəqabət aparmır,
ancaq əməkdaşlıq edir. Axı
yaponların öz dini olan sintoizmin dəyələri də
insanın təbiətlə vahidliyini irəli sürür.
Bu din təbiətə sitayişi nəzərdə
tutmaqla, daşın da, ağacın da ruhu olduğunu əsas
götürür.
Yaponiyada Hindistandan buraya daxil olmuş buddizmə xas olan
meditasiya da xüsusi əhəmiyyət daşıyır. Hətta məşhur
idmançılar da yarışa hazırlaşanda meditasiyaya
geniş yer verirlər. Yaponların öz
dini olan sintoizm isə xalqın milli özşüurunun və
arzusunun dayağıdır. Bu din adamlarda
doğma torpağa sevgi tərbiyə edir.
Bəzi adamlar yaponların həyat fəlsəfəsinə
bələd olmadıqlarından, samurai qaydalarına,
onların seppuku adlanan özlərini intihar etmələrinə
istehza ilə yanaşırlar. Seppuku isə namusu,
şərəfi qoruyub saxlamaq naminə ölümdür.
Bu, heç də adi intihar deyildir, tam mərasim
xarakteri daşıyır. Buna nəzakətli
adamlar, pərvanə odun üstünə gedən kimi gedir.
Yaponlara görə, ruh qarında yerləşir,
ona görə də intihar edən gödək qılıncla
qarnını parçalayır.
Döyüşçü elə adam hesab
olunur ki, o, öz həyatına bağlı deyildir. Buna təəccüblənmək də
düzgün deyildir. Məhəmməd
peyğəmbər də qılıncı cənnətin və
cəhənnəmin açarı hesab edirdi.
Türk professor əla nitq qabiliyyətinə malik idi. Bu məsələdə,
ritorikada türklərin xüsusi istedadı vardır, onlar qədim
romalıları xatırladırlar. Onun
mühazirəsidə quru sözçülükdən uzaq
idi, çox şirin olmaqla yanaşı, maraqlı səpkiyə
malik idi. Danışığından onun Yaponiyaya, bu
ölkənin xalqına vurğunluğu hiss olunurdu və
sözarası onu da qeyd etdi ki, Türkiyədən sonra
Yaponiyanı özünün ikinci vətəni hesab edir. Türkiyə anadırsa, Yaponiya dayə rolunu
oynamaqla mənə çox şeyi öyrətmişdir və
ömrüm boyu ona minnətdar olacağam. Sonra o, mühazirəsini yekunlaşdıranda bəzi
şeyləri təkrar etməyə məcbur oldu.
Mən pəhrizə əməl etməklə
yanaşı, jasminli yaşıl çay içməyi məsləhət
görərdim, çünki o, qanda xolesterinin səviyyəsini
aşağı salır. Qidalanmada isə tərəvəz
və meyvə daha çox istehlak etdilməlidir. Bədəni gümrah saxlamağın sınaqdan
çıxmış yollarından biri yoqa ilə məşğul
olmaqdır. Yoqada nisbətən asan olan bir pozanı
yaratmağın köməkliyi ilə daxili harmoniyaya nail
olunur.
Aydın ikiqayı olan bütün adamlar nə baş
verməsindən asılı olmayaraq, öz məqsədlərindən
geri çəkilmirlər. Yaponların atalar sözü bunu
yaxşı ifadə edir: "Əgər yeddi dəfə
yıxılmısansa, səkkiz dəfə qalx". Ləyaqətli
adamın məqsədi sakitliyə nail olmaqdan, həyəcandan,
qorxudan, qəzəbdən azad olmaqdan, könlünü sevinclə,
məhəbbətlə, rahatlıqla və minnətdarlıqla
doldurmaqdan ibarətdir. Əgər hələ
ikiqayı tapmamısansa, onu axtarmaq başlıca vəzifə
olmalıdır.
İlahiyyatçı
alim Reynqold Niburun bir duası ilə mühazirəmi bitirmək
istəyirəm, dedi:
"Allah, bizə mərhəmət göstər, mərdlik
ver - lazım olanı dəyişdirək, müdriklik ver - bir
şeyi digərindən fərqləndirək".
Mühazirəyə hamı diqqətlə qulaq
asırdı.
Tibb universitetinin bir travmotoloq professoru sual vermək
pərdəsi altında mühazirəçinin
konsepsiyasına narazılığını bildirdi və
hörmətsizlik edərək, qonağı başqa ölkələri
öz mahnıları ilə təbliğ edən müğənniyə
bənzətdi. Türkiyəli qonaq olduqca sərrast cavab
verdi:
- Kimsə
burada gedən söhbətlə, elmi dəlillərlə
razılaşmaya, yapon həyat tərzinə və
düşüncəsinə də inamsızlıqla yanaşa
bilər. Mən həyatın mənasını
izah edən ikiqay barədə öz mülahizələrimi
bildirdim və dünyada ona böyük diqqət verildiyini də
qeyd etməyə bilmərəm. Mən
yaponları əsassız olaraq təbliğ etmirəm,
onların uzunömürlülüklərinin səbəblərini
xatırlatmaq məqsədini güdürdüm. O ki
qaldı müğənnilərə, əgər onlar
yaxşı olan nə varsa bizə çatdırırlarsa,
bununla nəcib bir iş görürlər və ona görə
də özümün də onlarla müqayisə
olunmağıma heç də pis baxmıram.
Sonra jurnalist qız söz alıb, türk professorunun
öz ixtisas fəaliyyəti ilə yanaşı, yapon həyat
tərzinə, fəlsəfəsinə böyük maraq
göstərməsinin hər yerdə geniş təqdir
olunduğunu qeyd etdi. O, əlavə etdi ki, qoy heç kəs məndən
inciməsin, ingilislər ağılı verilən sualla
müəyyən edirlər. Bəziləri
uğursuzcasına biliyini nümayiş etdirmək istəyir,
ancaq özünü pis vəziyyətə salır. Belə kvazisavadlı adamdan, sərxoşdan spirt iyi
gələn kimi, üfunətə bənzər kitab iyi gəlir.
Professor cavabında bildirdi ki, çıxış edən
bu qız və onun təmsil etdiyi qəzet mənim fəaliyyətim
barədə böyük yazı ilə çıxış
edərək, məni buraya gəlməmişdən əvvəl
Azərbaycan oxucularına tanıtdırmışdı və
buna görə fürsətdən istifadə edib, onlara minnətdarlığımı
bildirirəm. Məqalə öz səviyyəsinə
görə Türkiyədə də geniş rezonansa səbəb
olmuş, iki nüfuzlu mərkəzi qəzet materialı tərcümə
edib nəşr etmişdi.
Sonra
Ruhiyyə sualla müraciət etdi:
- Digər
iştirakçılardan fərqli olaraq mən mütəxəssis
deyiləm, ancaq mühazirənin dəyərinə qiymət
vermək miqyasında özümü mütəxəssis
hesab edə bilərəm. Mühazirə
çox maraqlı idi, burada qanun maddələrinin
imperativliyindən söhbət getmirdi, elm adamının yad
ölkədəki məhz elmi tədqiqatına əsaslanan
müşahidələrinin təsviri ön plana çəkilirdi.
Kimsə bunu hansısa məqsədi güdməklə
qəbul etməyə bilər, lakin belə mövqe dinlədiyimiz
mühazirənin yüksək dəyərinə xələl
gətirə bilməz. Bizdə inkar misteri adlananlar peyda
olmuşdur, onlar istənilən mülahizəyə etiraz etməklə,
özlərinin mövcudluğunu da yada salmaq istəyirlər,
çox yaxşı ki, heç nəyə nail ola bilmirlər.
Ruhiyyənin
bu sözləri az da olsa, alqışlarla
qarşılandı. O, sözünə davam edərək
dedi:
- Mən
öz dərdim əsasında sual verməyimdən inciməyin.
Bu yaxınlarda mən nisbətən
yaşlı olan ərimi geniş infarktdan itirdim. O, sizin
sadaladığınız prinsiplərin çoxuna əməl
edirdi. Lakin vaxtsız ölümü ilə
dünyanı tərk etdi. Biz səbəbi
tapmaqda çətinlik çəkirik.
Professor cavabında dedi:
-
Hüznünüzü sizinlə yarı bölürəm.
Əriniz ziyalı adam olsa da,
görünür, səhhətinə lazımi diqqət
göstərmirmiş, vaxtaşırı müayinədən
keçmək məsələsinə laqeydlik edirmiş. Yaponlar isə bu barədə də bizdən tam fərqlidirlər.
Onlar tez-tez həkim müayinəsindən
keçib, səhhətlərində hansı problemin
yarandığından agah olur və ona qarşı mübarizə
aparır, müalicə olunurlar. Bu sahədə
də biz yaponlardan öyrənməliyik, bilirsiniz ki, laqeydlik ən
dəhşətli cinayətlərə də yol açır
və öz sağlamlığımıza qayğı
göstərməməyimizə səbəb olduğundan, bizdən
rəhmsizcəsinə qisas alır. Güman
edirəm ki, mənim açıq danışmağımdan
inciməyəcəksiniz, ağır nəticənin səbəbini
öyrənmək və bilmək heç də faydasız
bir şey deyildir.
Xanım, mən sizin dərdinizi başa düşürəm. Lakin məsləhət
görürəm ki, keçmişə çox da heyifsilənməyəsiniz,
nə baş vermişdirsə, onu mərdliklə qəbul etmək
lazımdır. Böyük filosof Mark
Avreli deyirdi ki, "Bizim sevdiyimiz şeylər ağacdakı
yarpaq kimidir, onlar külək əsən kimi tökülə
bilirlər". Biz malik olduqlarımzı
itiririk və sevdiyimiz insanlar nə vaxtsa qeybə çəkilir.
İtkimizi unutmamalıyıq, lakin buna görə
pessimizmə qapılmaq da düzgün deyildir. Axı biz dünyanın fani olduğunu bilirik və
yaxşı anlayırıq ki, həyatımız, başqa
ölçülərlə müqayisədə olduqca gödəkdir
və bizim hamımız öləriyik. Nəinki
keçmişə görə heyifsilənmək, heç gələcəkdən
də qorxmaq lazım deyildir. Bədbinlikdən
hökmən uzaqlaşmaq lazımdır, ürəyimizdə
onun məskən salmasına imkan verməməliyik.
İkiqayın başlıca şərtlərindən birini
heç vaxt unutmayaq: "Xoşbəxtlik həmişə
ürəklə əldə edilir". Onu bu
funksiyasından kənarlaşdırmaq, əslində, ona təcavüz
etmək xarakteri daşıyır.
Mühazirə başa çatdı. Ruhiyyə onu dəvət
etdiyinə görə jurnalist rəfiqəsinə minnətdarlığını
bildirdi və dedi ki, mən şadam ki, siz hər bir yazınıza
əsl elmi iş kimi baxır, öz qəhrəmanlarınızı
oxuculara sevdirmək üçün dərin tədqiqat
işi aparır və gərgin əməyiniz müəllif
kimi həm özünüzə, həm də üzvü
olduğunuz qəzetin kollektivinə böyük hörmət
gətirir. Siz də, əslində, yapon
işgüzarlığı nümayiş etdirirsiniz, bu isə
yalnız şərəf bəhrəsi gətirə bilər.
Hüseynin
qohumunun Hamnetə hədiyyəsi
Hüseynin qohumlarından bəziləri Ruhiyyə ilə
əlaqə saxlayır, telefonla zəng edir, hal-əhval
tuturdu. Onlardan bir neçəsi vəzifələrdən
getdiyi halda, bir neçəsi yeni vəzifələr
tutmuşdu. Onlardan biri xüsusən irəli
getmiş, ölkədəki ən böyük banklardan birinin
prezidenti olmuşdu. O, özündən razı adam idi, özünü elə aparırdı
ki, bankdakı pullar oraya depozit qoyanların deyil, onun
özününküdür. İri kreditlər
verəndə də bəzi vəzifəli şəxslərin
xahişi əsasında bunu etdiyindən, sonradan həmin
kreditlərin aqibətinin necə olacağı,
qaytarılıb-qaytarılmaması ilə elə də
maraqlanmırdı. Əsas məsələ
hörmətli adamların xahişini yerinə yetirmək idi
ki, onlar onun haqqında mənfi rəy yaratmağa
çalışmasınlar.
Hüseynin vəfatından bir ilə qədər
keçəndən sonra o, zəng edib Hamneti görmək istədiyini
bildirdi. Ruhiyyə axşam onu hörmətlə
qarşıladı, o, Hamnetə bahalı "Apple"
notbukunu hədiyyə gətirmişdi. Ruhiyyə
kofe dəmləmişdi və stolun üstündə məşhur
firmanın daha keyfiyyətli sayılan tortu qoyulmuşdu.
Qonaq özünün prezident işlədiyi vaxtdan
bankın fəaliyyətinin xeyli genişləndiyindən,
nüfuzunun böyüməsindən danışdı. Bildirdi ki, onun
tətbiq etdiyi nou-hau ondan ibarətdir ki, bank yalnız sırf maliyyə
işləri ilə məşğul olmaqla kifayətlənməməli,
əsl diversifikasiyaya məruz qalmalıdır.
Ruhiyyə maraqlandı ki, bunun mahiyyəti nədən ibarətdir? Bildirdi ki, bankın məlum imkanlarından əlavə özünün bilavasitə investisiya qoymaq funksiyasını da işə salmışdır. Kənd təsərrüfatına böyük məbləğdə pul qoyuruq, beş min hektardan artıq üzüm plantasiyası salmışıq, kəndlərdə yüzdən artıq subartezian quyusu qazdırmışıq, düzdür, onların yalnız iyirmisi su verir, qalanları isə dağ ərazisində olduğundan və lazımi geoloji tədqiqat işləri aparılmadığından su vermir. Emal sənayesi ilə də məşğul oluruq, iki şərab zavodu, bir konserv zavodu, iki quş fabriki tikdirmişik və bir hazır şüşə zavodunu onun sahiblərindən satın almışıq. Planımızda Suriyada, İraqda və Liviyada kənd təsərrüfat məhsullarını emal edən zavodlar tikdirmək də var.
Əlbəttə, hələ elə bir gəlir götürməmişik. Mən maliyyəçiyəm, bankirəm, səbirli adamam, mən perspektivi nəzərdə tutaraq işləyirəm, tez gəlir götürməyə tələsmirəm. Özümü Rotşildin şagirdi hesab edirəm. Əsas məsələ strategiyadır, taktika elə də ciddi məsələ deyildir. Metropoliya dövlətləri də öz müstəmləkələrindən bir neçə il ərzində fayda götürmürdülər, ancaq onların istehsal inkişafına böyük investisiya qoyurdular.
Ruhiyyə dedi ki, hər halda hər kəs öz işi ilə məşğul olsa, bu, daha yaxşıdır. Quş fabrikindən balıq kürüsü istehsalını gözləmək fayda verməz. Bank öz əməliyyatları ilə məşğul olsa, daha yaxşı nəticələr qazanar, sənayeyə, kənd təsərrüfatına o ixtisaslı qaydada nəzarət edə bilməz, onları ixtisaslaşmış firmalar işlətməlidir. Bank onların işini öz üzərinə götürsə, bunu bacarmayacaqdır, həm də öz əsas vəzifəsi ilə daha ciddi məşğul ola bilməyəcəkdir. Qədim Romadakı Böyük Katon yazırdı ki, bitkiçiliyə torpaq sahibinin özü nəzarət etməsə, heç bir gəlir götürə bilməyəcəkdir. Bank torpaqla, emal işi ilə, tara hazırlamaqla məşğul ola bilməz, bu sahələrdə ziyana düşə bilər. Nyu-York banklarından biri Siyəzən quş fabrikinə böyük sərmayə qoymuşdu, nəinki heç nə qazanmadı, əksinə, qoyduğu böyük investisiya məbləğini itirib, ölkəmizdən getdi. İkincisi, müharibə gedən ölkələrə sərmayə qoymaq nə dərəcədə düzgündür, sabah hakimiyyət dəyişsə, sizin maya qoyduğunuz mülkiyyət də əldən çıxa, müsadirə edilə bilər.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2022.- 23 aprel.- S.22.