Kitab mədəniyyəti üçün mühüm
tarix
Hər il aprelin
23-ü "Beynəlxalq Kitab
və Müəlliflik
Hüququ Günü"
kimi qeyd olunur. Bu tarixin
seçilməsi dünya
ədəbiyyatının öz
yaradıcılıq ənənələri
ilə seçilən
üç böyük
dühası - Migel de
Servantes, Uilyam Şekspir və İnka Qarsilaso dela Veqanın vəfatı ilə bağlıdır. UNESCO-nun
1995-ci ildə Parisdə
keçirilən Baş
Konfransında qəbul
olunmuş qərarla kitaba və müəlliflərə hörmət
əlaməti olaraq bu əlamətdar gün bütün dünyada olduğu kimi 1997-ci ildən ölkəmizdə də qeyd edilir. Kitablara və müəlliflərə ehtiram
məqsədi ilə təsis olunan "Beynəlxalq Kitab və Müəlliflik Hüququ Günü" hamını, xüsusilə də gəncləri mütaliədən
zövq almağa, bəşəriyyətin sosial
və mədəni inkişafında əməyi
olmuş sənətkarların
əvəzsiz irsinə
hörmətlə yanaşmağa
çağırış günüdür.
Müasir dövrdə kitab həm də hər bir xalqı
beynəlxalq arenaya çıxaran və onu təbliğ edən bir vasitədir. Xalq bir çox hallarda dünya miqyasında öz yazıçılarının
əsərləri ilə
tanınır. Azərbaycanın da dünya miqyasında
tanınan yazıçı-şairləri,
müəllifləri hər
zaman olub və bu gün
də var. Kitablar cəmiyyəti irəli getməyə yönəldən,
insan zəkasının
müxtəlifliyini təcəssüm
etdirən və bəşəriyyətin zəngin
təcrübəsini özündə
ehtiva edən xəzinədir. Tarixən əfsanələr,
əsatirlər, rəvayətlər,
qəhrəmanlıq dastanları,
əmək mahnıları
əvvəllər şifahi
formada yazılıb, sonralar isə daş, dəri və ağac üzərinə yazılaraq
bu günə qədər gəlib çatıb. Əlifba və
yazının yaranması,
kağızın kəşfi,
əlyazmalar, çapçılığın
ixtira edilməsi, kitabxanaların yaranması
kitabın inkişaf mərhələsində ən
mühüm səhifələrdir.
Kitabın insan həyatına
daxil olması, kitabların çoxalması
həm də müəlliflik hüququnun
yaranması zərurətini
meydana gətirib.
Orta əsrlərdə Azərbaycan
şairləri öz şeirlərinin sonunda poetik adlarını işlətməklə müəlliflik
hüququnun səmərəli
qorunma formasını
yaratmışlar.
Azərbaycan kitab mədəniyyətinin
X-XII əsrlərdən başlayaraq
yeni inkişaf mərhələsinə qədəm
qoyması ədəbiyyat,
coğrafiya, təbabət,
astronomiya, tarix, fəlsəfə, məntiq
və elmin başqa sahələrinə
aid əsərlərin yaranmasına
səbəb olub. Bu dövrdə Azərbaycan kitab tarixini zənginləşdirən böyük
alimlər, şairlər
yaşayıb. Eyni
zamanda bu dövrdə yaşamış
Xətib Təbrizi, Məhsəti Gəncəvi,
Nizami Gəncəvi, Əfzələddin Xaqani,
Nəcməddin Naxçıvani,
Hinduşah Naxçıvani,
Nəsirəddin Tusi, Qətran Təbrizi, Bəhmənyar, Mahmud Şəbüstəri
və başqalarının
müəllif hüquqlarının
qorunmasını ortaya
qoyan əlyazmaları
bu günə qədər gəlib çatıb. Kitab tariximizin ilk mərhələsinə
aid olan əlyazmalar ölkəmizdən başqa,
dünyanın Amerika Birləşmiş Ştatları,
Rusiya, Fransa, Almaniya, Vatikan, Polşa, Çexiya, Çin, Türkiyə, İran, Özbəkistan və başqa ölkələrində qorunub
saxlanılmaqdadır.
Hər bir oxunan kitabın bəhrəsi yeni kitabdır, yeni biliyə yol açan bilik mənbəyidir, yaradıcılıq
və kreativlik fenomenindən irəli gələn "Müəllif"
anlayışı və
Müəlliflik hüququdur. "Kitab", "Müəllif"
və "Müəlliflik
hüququ" anlayışları
yaranan andan bir-biri ilə qırılmaz təmasda olub. Dahi Nizaminin "tükənməz
mənəvi qida",
Şekspirin "tacdan
qiymətli", böyük
Sabirin "ilk dostum",
maarifçi-alim Zərdabinin
"qiymətli dəfinə"
adlandırdıqları kitab
bilik mənbəyi olaraq qalmaqdadır. Dünya mədəniyyətinin inciləri
sırasında Azərbaycanın
"Kitabi-Dədə Qorqud"
eposunu xüsusi qeyd etmək lazımdır.
İntibah və bilik mənbəyi
olan klassik Azərbaycan kitabı xüsusilə orta əsrlərdə böyük
şöhrət qazanmışdır. Sonrakı
dövrlərdə də
Azərbaycanın Naxçıvan,
Ordubad, Bakı, Şamaxı, Gəncə,
Bərdə, Şəki,
Qarabağ və başqa bölgələrində
yaradılan kitablar dərin məzmunu, dilinin bədiiliyi, tərtibatının gözəlliyi
ilə seçilirdi. Kitab sənətkarlarımız
xəttat Mirəli Təbrizi, Qazı Məhəmməd Bağır
Ordubadi, Hacı Məhəmməd Naxçıvani,
Hacı Hüseyn Naxçıvani,
Əbdülbaqi Danişmənd,
Qasım bəy Səhhaf və onlarla başqaları kitab mədəniyyətimizin
formalaşmasında və
inkişafında böyük
xidmətlər göstərmişlər.
"Kitab nəşri
hər bir ölkənin, xalqın mədəniyyətində, ümumiyyətlə,
mədəni-ictimai həyatında
çox görkəmli
yer tutur. Ona görə
də hər birimiz kitablara borcluyuq", - deyən Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyev milli sərvətimiz olan mədəniyyətimizi,
ədəbiyyatımızı, kitab nəşrini, bir sözlə, xalqımızın mədəni
səviyyəsini yüksək
qiymətləndirib.
Ötən yüzilliyin 70-ci illərindən başlayaraq Ulu öndərimizin rəhbərliyi ilə Azərbaycanda mətbəə və nəşriyyat sahələri yenidən qurulub, kitab nəşrinin kütləviliyini təmin etmək üçün mühüm tədbirlər həyata keçirilib, bu sahədə çalışan intellektual və yaradıcı insanlara hərtərəfli qayğı göstərilib. Müstəqillik illərində də Ümummilli Lider Heydər Əliyev tərəfindən kitab nəşri və müəlliflik hüququ sahəsində ardıcıl tədbirlər görülüb. 1996-cı ildə "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında", 1998-ci ildə "Kitabxana işi haqqında", 2000-ci ildə "Nəşriyyat işi haqqında", 2003-cü ildə "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" Azərbaycan Respublikası qanunlarının qəbul edilməsi ilə bu sahədə zəngin qanunvericilik bazası yaradılıb. Azərbaycan Respublikası "Ədəbi-bədii əsərlərin qorunması haqqında" Bern Konvensiyası və "Müəllif hüquqları haqqında" Ümumdünya Konvensiyasına qoşularaq geniş beynəlxalq əməkdaşlığa da başlayıb.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında, "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında", "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncamları, eləcə də "Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 30 iyul 2018-ci il tarixli Fərmanı müəllif hüquqları sahəsində uğurlu və sistemli tədbirlərin həyata keçirilməsinə səbəb olub.
Müasir dövrdə kitab həm də hər bir xalqı beynəlxalq arenaya çıxaran və onu təbliğ edən bir vasitədir. Xalq bir çox hallarda dünya miqyasında öz yaradıcı şəxsiyyətlərinin əsərləri ilə tanınır. Bu gün Azərbaycanın tarixi, mədəniyyəti, musiqisi, xalçaları, muğamları, xalq yaradıcılığı, ədəbiyyatı, memarlığı, milli mətbəxi və geyimləri, eləcə də mədəni irsi haqqında nəşr olunan kitablar, elektron daşıyıcılar zəngin elmi və mədəni potensialımızın dünyada tanıdılması, xalqımızın müəlliflik hüququnun beynəlxalq aləmdə qorunması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdir.
Tamilla ƏSGƏROVA,
ADMİU-nun Kitabxana-İnformasiya
Mərkəzinin müdiri
525-ci qəzet.- 2022.- 23 aprel.- S.20.