Afrikalaşmaq sindromu
Bilirsinizmi, Afrikanın 30.37 milyon kv.kilometr ərazisi var?! Bu, bütünlüklə
Avropa, Çin və Amerikanın birlikdə ərazisindən
də böyük rəqəmdir. Ancaq nədənsə,
əksər dünya xəritələrində Afrika
kiçildilmiş şəkildə
təsvir olunur. Bəs bu, nə üçündür?
Çox sadə: bu, Afrikanın vizual effektini azaldaraq, harda olurlarsa, olsunlar, afrikalıları zəifliklərinə,
kiçikliklərinə inandırmaq
üçün manipulyasiya
etmək, beyinlərini
yumaqdan ötrü.
Hə, dünyanın ən kasıb qitəsi olan Afrikanın 60 faiz əkin sahəsi var. Həmçinin,
xammal ehtiyatlarının
90, dünya qızıl
ehtiyatının 40, almaz
ehtiyatının isə
30 faizinə sahibdir. Telefon və elektronika istehsalı üçün
lazım olan mineralın-koltanın 80 faizi
isə Konqo Demokratik Respublikasında yerləşir. Avtomobil batareyasının
istehsalı üçün
lazım olan kobaltın dünyadakı
ehtiyatının 60 faizi
də Afrikanın payına düşür.
Həmçinin, bu "kasıb"
qitə neft, qaz, daş-kömür, filiz, manqan, dəmir ehtiyatlarıyla, ağaclarla da zəngindir. Dünyanın "mis qurşağı" mərkəzi Afrikada Zair və Zambiya
ərazisindədir. Burada
zəngin sink, qalay, uran, boksit yataqları
da vardır. Dünyanın ən zəngin
balıq sahil xətti də Afrikadadır (Namibiya).
Bu qədər böyük ərazidə 1.3 milyard əhali məskunlaşıb.
Halbuki Afrikadan üç dəfə kiçik olan Çində 1.4 milyard əhali var. Təkcə Konqonun əkin torpağı bütün Afrikanın, Afrikanın isə ümumi əkin torpağı bütün
dünyanı qidalandırmağa
kifayət edəcək
qədərdir.
Bu gün susuzluqdan əziyyət çəkən
Afrikada dünyanın
ən uzun çayı, dünyanın
ən uzun şirinsulu gölü, şərq yarımkürəsinin
ən bol sulu çayı
var. Həmçinin, Konqoda
bütün Afrikanın
su tələbatını
ödəyə biləcək
vacib çaylar var.
Afrika qitəsi
insan cəmiyyətinin
beşiyi hesab edilir. Burada ən qədim
insanların qalıqları
tapılıb. Bura dünya mədəniyyətinin
ən qədim ocaqlarından biridir.
Afrika rəqs, musiqi, memarlıq, heykəltəraşlıq
və sair kimi sənətlərin ən müxtəlif və maraqlı növlərinə sahibdir.
Afrika öz laboratoriyalarında Qərbin dəyişdirdiyi
30.000 dərman preparatı
və ot
yetişdirir.
Hesablamalara görə, Afrikanın
2050-ci ilə qədər
2.5 milyarda çatmalı
olan gənc əhalisi var.
Bəli, bu gün aclıqdan,
susuzluqdan, işsizlikdən,
təhsilsizlikdən əziyyət
çəkən Afrika,
əslində, dünyanın
ən böyük xəzinəyə sahib, ən
varlı qitəsidir. Amma o, bunu
görmür, ya da görür, istifadə edə bilmir.
Eynən bizim kimi-insan övladı kimi... Hər insan əslində, öz daxilində qızılıyla, almazıyla, təbii ehtiyatlarıyla zəngin bir xəzinəyə - Afrikaya sahibdir. Amma biz öz xəzinəmizi kiçildərək, önəmsizləşdirərək gözümüzdə Avropaya çevirdiyimiz xəyallarımızın, arzularımızın dalınca qaçırıq. Arzunun dalınca getmək gözəldir, amma bunu əlindəkini bir kənara ataraq, görməzdən gələrəkmi etməliyik? Nəticədə nə olur? Nəticədə biz Avropaya çevirdiyimiz xəyallarımızın dalınca qaçarkən elə o Avropadan gələn varlı mülkədarlar bizim sahibi olduğumuz Afrikanı öz mallarıymış kimi çapıb-talayır, istismar edir.
Bəs biz-şüurlu insanlar niyə icazə veririk kənar qüvvələrin, sürətlə dəyişən cəmiyyətin bizi manipulyasiya etməsinə? Dünya afrikalıları öz kiçikliklərinə, zəifliklərinə inandırdığı və köləliyə alışdırdığı kimi biz niyə arzuların, şöhrətin, hava şarı kimi özü böyük, işi boş "müasirliyin" köləsinə çevrilirik? Özü də bilə, bilə, könüllü şəkildə. Bizi manipulyasiya edən nədir? Dəyişən zaman, kapitalist cəmiyyət, yoxsa içimizdəki şöhrətpərəstlik duyğusu?
Əgər biz də yaşadıqlarımızı, bizə bəxş olunan həyatı, sahibi olduğumuz xəzinəni gözümüzdə Afrikaya döndərməyib, bərk-bərk sarılsaq, yetərincə dəyərləndirə bilsək, gözümüzü Avropalaşmış xəyallardan çəkib içimizə baxsaq, onda həyat daha gözəl, dünya daha yaşamalı yer olmazmı?!
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2022.- 23 aprel.- S.19.