Nə gözəlsən, mənim Şuşam
Ötən həftə Şuşalı günlər yaşadım. Əslində, Şuşanı heç görməmişəm. Utancverici də olsa, həqiqət budu. Amma həmişə məmləkətimin bu güşəsinə xüsusi rəğbətim olub. Teatr həvəskarı olan atam dəfələrlə o tamaşaya baxdığından S.Vurğunun "Vaqif" dramını əzbər bilirdi və Qacarın: "Keçdi pəncəmizə gözəl Qarabağ" monoluqunu hiddətlə söyləyərdi. Və bu, mənim uşaq yaddaşımda indiyədək qalıb. İllər ötdükcə azdan-çoxdan bilgilərim artdıqca, Qarabağın tarixini oxuyanda şah Qacarın böyük bir ordu ilə Qarabağa hücum edib 33 gün məğrur Şuşa qalasını mühasirədə saxladıqdan sonra onu ala bilməyib, hirsini Tiflisi işğal etməklə soyudan bir fatehi tanıdım. İki əsrə yaxın bir müddətdən sonra 1992-ci ilin may ayının 8-də Şuşanın işğalı xəbəri yayılanda, fikrimdən ilk keçən bu oldu ki, Qacar kimi bir fatehin ala bilmədiyi bir qalanı, bir ovuc laməkan məxluq necə işğal edə bildi? Amma aldı və "Eşşək nə bilir zərdən palan nədir" deyiminə uyğun orada bayquş xislətinə xas bir xarabalıq da yaratdı. İçimizdən yana-yana səbr edib gözlədik. Bir igidin ömrü qədər - 28 il gözlədik. "Səbr eləyən nicat tapar" deyən atalar necə də haqlı imiş. 2020-ci il noyabr ayının 8-də Ali Baş Komandanın: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır"! deyərək, xalqa müraciəti bir göz qırpımında qədim Bakını ayağa qaldırdı. Çox keçmədən 2021-ci ilin may ayında Cıdır düzü ənənəvi "Xarıbülbül" beynəlxalq musiqi festivalı ilə 30 illik ayrılıqdan sonra pərəstişkarlarını qoynuna aldı. Avqust ayında isə Molla Pənah Vaqifin bərpa edilmiş məqbərəsi önünə dahi şairin doğum günündə söz və şeir aşiqləri "Vaqif Poeziya Günü"nə toplaşdı. Bu təntənələri illərdi yol gözləyən Şuşa azadlığından cəmi yarım il sonra yaşadı. Və bu gün isə mədəniyyət beşiyi Şuşa möhtəşəm bir tədbirin ev yiyəsidi. Dünyanın dörd bir yanında "Dünya Azərbaycanlıları" adını qürur və şərəflə daşıyan bu torpağın övladları Şuşada V Qurultayını keçirmək üçün Vətənə gəlib. Qurultay ərəfəsi onların Bakıda keçirdiyi maraqlı tədbirlərin iştirakçısı olduğumdan, qələmə mütləq söz vermək lazım idi. "Hyuston-Bakı" Qardaşlaşmış Şəhərlər Assosiasiyasının sədri İradə Axundova ilə neçə ildi ki, sosial şəbəkə üzərindən səmimi dostlarıq. Onun dəvəti ilə Bakı Kitab Mərkəzində "Qədim Şuşa" adlı rəsm sərgisinin açılışında iştirak etdim. Sərgi Təhsil Nazirliyinin 2 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı və Nyu-Yorkda fəaliyyət göstərən "My Way" Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində hazırlanmışdı. İlk baxışdan adi rəsm sərgisi idi. Lakin cəmi 14 rəsmdən ibarət olan bu yaradıcılıq işlərini seyr edəndə, hər çalarında Azərbaycanı hiss edəndə, bununla öyünməyə dəyərdi. Ən maraqlı məqam o idi ki, bu rəsmləri çəkən uşaqların böyük bir qismi qeyri-azərbaycanlı olmaqdan savayı, Azərbaycanı heç vaxt görməyiblər. İllərdi orada yaşayan və mərkəzdə çalışan Emin Quliyev Vətənə olan məhəbbətini rəsm həvəskarlarına necə ötürə bilibsə, gənc rəssamlar bu sevgini onun gözü ilə görə bilib, Şuşanın əsrarəngiz gözəlliyini, tarixi abidələrini ürəkdən duyaraq yaradıb. Bunu görmək və duymaq çox qürurverici hiss idi. Bakı Kitab Mərkəzinin möhtəşəm binasından uzaqlaşdıqca, "My Way" Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Alyona Bədəlova və "Hyuston-Bakı" Qardaşlaşmış Şəhərlər Assosiasiyasın sədri İradə Axundovanın sözləri hələ də qulağımda səslənirdi: "Nə qədər ki, varıq Azərbaycan adını və azərbaycançılığı hər zaman yaşadıb, onu gənc nəsillərə ötürməyə borcluyuq". Həqiqətən də öyünməyə dəyər. Televiziyanın "Uşaq verilişləri" redaksiyasında çalışanda yeniyetmələr üçün "Dan ulduzu" adlı bir müəllif verilişim vardı. Dinc zamanlarımızı yaşayırdıq onda. Verilişin ünvanına Azərbaycanın hər yerindən o qədər məktub gəlirdi ki, sayını bilmirdim. Bir qayda olaraq bütün məktubları oxuyurdum, başqa cür ola da bilməzdi. Bir gün növbəti məktubu oxumaq üçün açanda, hiss etdim içində nəsə var. Üstünə baxanda gördüm ki, məktub Şuşadan gəlib. Açdım, bir məktəbli ürək sözlərini və arzusunu yazandan sonra məktubun arasına Xarıbülbül qoymuşdu. Arzusu isə verilişimizin Şuşaya qonaq olaraq gəlməsi idi. Əslində o məktəblinin istəyinə əməl etmək çox istəyirdim, amma baş verən hadisələr hər şeyi yarımçıq qoydu... İllər idi düşmən tapdağı altında inləyən, həsrətlə yollara baxan, ot basmış cığırları doğma izlərini gözləyən Şuşanın həsrətinə bu torpağın mərd oğulları son qoydu. Bu oğullar yalın əllərlə sıldırım qayalara dırmaşaraq, elə yalın əlləri ilə də düşmənə dağ çəkdi. Şuşa uğrunda elə vuruşdular ki, bu döyüş tarixin qan yaddaşından heç vaxt silinməyəcək. Əslində Şuşa buna layiq idi, çünki onun Pənahəli xan adlı əcdadı vardı. Azərbaycan əsrlər boyu onu yağlı tikə kimi udmaq istəyənlərin boğazında qalıb. Və ən sonda Azərbaycan oğlu Şuşa adlı gözəlini gec də olsa, elə xilas etdi ki, çətin ona bir də kəm gözlə baxan olsun. İndi isə qədim Şuşa 270 yaşını qeyd etməyə hazırlaşır.
Sərginin təəssüratı və məni qoynuna alan xatirələrlə keçən gündən sonra Şuşa ilə bağlı bir tədbirin də qonağı oldum. Əslində qonaq deyil, bu məkanın demək olar ki, bir üzvüyəm, çünki Abdulla Şaiqin Mənzil-Muzeyi mənə doğma bir ocaqdı. Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Ülkər Talıbzadə ilə dostluğumuz yarım əsrdi ki, yol gəlir və keçirdiyi tədbirlərin çox vaxt iştirakçısı oluram. Bu dəvəti də məmnuniyyətlə qəbul etdim və biləndə ki, mövzu Şuşa ilə bağlıdı onu ötürə bilməzdim. "Şuşa abidələri - tariximizin silinməz izləri" adlı tədbirdə "Aytam" Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin üzvləri və rəhbəri Aygün Zamanlı ilə tanış oldum. Gözəl şeirlər, rəqslər uşaqların ifasında özləri qədər məsum görünürdü. Uşaqları həmişə sevindirməyi bacaran Ülkər xanım onlara təşəkkürnamələri təqdim etdikcə, özlüyümdə düşündüm ki, bu torpağın kökündən gələn vətənpərvərlik ruhu ilə ayaq açan gələcək nəsil atacağı qol-budaqla mütləq Bütöv Azərbaycanı yaradacaq, çünki bu Vətən bizimdi!
Tamilla M-zadə
525-ci qəzet.- 2022.- 23 aprel.- S.19.