Dastanlaşan ömürlər kitabı
Hələ uzun illər keçəcək, 2020-ci ilin
27 sentyabrından başlayan
44 günlük möhtəşəm
zəfər yolu bizi daha da
qürurlandıracaq, şöhrətləndirəcək. O tarixi günlərdə dövlət-xalq
birliyinin gücünü
görən, Vətən
sevdalı oğullarımızın
qəhrəmanlığına şahidlik edən dünya torpaq sevgisinin "Azərbaycan brendi"nin təkrarsızlığını yaşadı. Sevinən sevindi, qəhr
olan qəhr oldu. Bu tarixi
hadisəni yaşayan şanslı insanlar kimi hər birimiz
gördük ki, cəmiyyətimiz say-seçmə
oğullarının itkisinə
rəğmən, qələbə
ruhuna köklənərək
yalnız sevinc, qürur hissinə büründü. Bəli,
xalq, sərkərdə,
dövlət və ərənlərimiz tarix qarşısında üzüağ
imtahan verdi,
30 il qəddimizi əyən, gözümüzü
kölgəli edən
erməni işğalına
son qoyuldu...
Bunlar bəlli
və yaşanan təkrarsız xoşbəxtlik
hissləridir. Amma mən düşünürəm
ki, bu möhtəşəm
qələbəmiz qədər
mühüm daha bir vacib missiya
var: 44 günlük Vətən müharibəsini
peşəkarcasına, soyuq
ağılla və dəqiqliklə əbədiləşdirmək.
Kitablarda, televiziya filmlərində, qəhrəmanlıq
mahnılarında, Azərbaycan
insanının yaradıcılıq
potensialının imkan
verdiyi bütün istiqamətlərdə dastanlaşdırmaq,
dünya ictimaiyyətinə,
gələcək nəsillərə
çatdırmaq...
Qarşımda bir kitab var.
"Vətən öz
şəhidləri ilə
ucalır" devizi ilə araya-ərsəyə
gətirilmiş "Biz Vətən
üçün doğulduq"
adlı publisistik düşüncələr, sənədli
hekayələr toplusu.
Müəllifi Əməkdar jurnalist,
"Tərəqqi" medallı
Əminə Yusifqızıdır.
Müasir tərtibata malik
nəşr İkinci Qarabağ müharibəsində
vətən olmağı
bacarmış 65 nəfər
yevlaxlı şəhidin
şərəfli, örnək
həyat yoluna güzgü tutur.
Mən Əminə
xanımı çoxdan
tanıyıram. Peşəkar qələm əhli,
fəal və işgüzar qadın, xeyirxahlıq və maarifçilik missiyasının
layiqli daşıyıcısı
kimi bu xanım
həmişə dövlətçiliyimizə
sədaqətlə xidmət
edib. Öz yaradıcılığı, tutarlı və oxunaqlı qələmi ilə doğma Yevlaxın inkişafına
töhfə verib, insanların qəlbində
özünə taxt qurub.
İnsan, xüsusilə yaradıcı
şəxsiyyətlər cəmiyyətdə
o zaman qəbul olunur, örnək amilinə çevrilir ki, varlıqları ilə əməlləri eyniyyət təşkil etsin. Mən həmişə Əminə Yusifqızını
bir jurnalist, qəzet redaktoru kimi haqqın müdafiəsində görmüşəm.
Gözləri, çöhrəsi ürəyindən güc
alıb. Bir ana kimi şəhid ailələrinin, qazilərimizin
problemlərini, dərdlərini,
eyni zamanda yaşadıqları qürur
hissini varlığına
hopdurub.
Ona görə
də şəhid oğullarımızla bağlı
qələmə aldığı
"Biz Vətən üçün
doğulduq" adlı
kitabın belə oxunaqlı, ürəyəyatımlı
və təsiredici alınmasınıtam təbii
hesab edirəm.
Taleyi göylərə bülənd
olan, ruhu uca Vətənimizə sevda toxumları əkən şəhidlərimizin
ömür hekayələri
ilə tanış
olduqca, insanı heyrət bürüyür.
Şəhid ata-anasının, şəhid yoldaşının,
şəhid balasının,
şəhid bacı-qardaşının
taleyini yaşayan Əminə xanım çox həssas və incə məqamlarla oxucuları baş-başa buraxır.
Onları düşünməyə, Vətən sevdalı aşiqə çevrilməyə
sövq edir, həm də düşmənin acizliyini,
alçaqlığını, namərdliyini aydın mənzərələrlə göz
önünə gətirir.
"Övladlarına Vətən
namusunu südü ilə bərabər içirən analar"ın
müqəddəsliyindən, ömrü qəhrəmanlıq
dastanlarına dönən
şəhid xanımlarının
sevgi qibləgahlarına
pıçıldadıqları həzin nəğmələrdən,
şəhid bacısının
Vətən boyda bayatısından elə təbii, elə ürəkyanğısı ilə
söz açır ki, qədirbilən oxucunun bu torpağa,
bu yurdun oğullarına sevdalanmaqdan
başqa çarəsi
qalmır. O qənaətə
gəlirsən ki, analar çöhrəsindən
nur əskik olmayan bu oğulları
elə torpaq üçün doğublarmış.
Şəhid ərənlərimizin ilahi ömür yollarına işıq tutan sənədli hekayələrin, publisistik
düşüncələrin dili elə kövrək,
zəngin və yüyrək, məna tutumu o qədər dərin və düşündürücüdür ki, içini çəkməkdən, heyrətlənməkdən
özünü saxlaya
bilmirsən. Nə yaxşı
ki, mən də bu yurdun
övladıyam deyirsən.
Yazılanlardan aydınca duyulur
ki, Əminə xanım 65 nəfər şəhidin ata ocağına, doğma ünvanlarına dəfələrlə
ayaq basmaqdan nəinki usanır, əksinə, hər gedişində indiki və gələcək nəslin vətənpərvərlik
tərbiyəsində mühüm
və təsiredici rol oynayacaq məqamlara
işıq tutaraq mənəvi rahatlıq tapır.
Şəhid polkovnik-leytenant Soltan
Akif oğlu Məmmədov haqqında qələmə alınan
düşüncələrdə belə bir məqam
var:
" - Bir neçə gün əvvəl evə zəng edibmiş Soltan. Kiçik qızı Sümayə ilə də danışıb, birinci sinifdə oxuyan Sümayədən dərslərinin necə getdiyini soruşub:
"Ata, erməni sözü
"e" hərfilə başladığına
görə e-ni öyrənmirəm, amma o
biri hərflərin hamısını yaza bilirəm. Sən nə vaxt erməniləri öldürüb
gəlsən, o vaxt öyrənəcəyəm, - deyir.
Və qəribədir,
şəhid olanda əsgərləri cibindən
balaca kağız parçası tapır. Bircə
cümlə yazılıbmış:
"Görəsən, "e" hərfini qızıma öyrətmək mənə
nəsib olacaqmı?.."
Bu gün gərək
Hər anımız Vətən!
- desin.
Qılıncımız, qalxanımız
Vətən! - desin.
Ölənlərin əvəzinə
Qalanımız Vətən! - desin.
Əminə Yusifqızı bütün
yazılarında haqlıdır,
şəhidlik - ölümsüzlükdür. Bu gün
də belədir, sabah da
belə olacaq; hər bir Azərbaycan
qadını şəhid
anasıdır, şəhid
bacısıdır, hər
bir Azərbaycan oğlu şəhid atasıdır, şəhid
qardaşıdır, şəhid
oğludur. Elə gücümüz də, gələcəyimiz
də bu hikmətdədir.
Və "Biz Vətən
üçün doğulduq"
kitabı hər birimizin canyoldaşı, stolüstü kitabı olmalıdır.
Nəhayət, bir məqamı da qeyd edim
ki, Azərbaycanı Vətən edən, milli qürurumuza ucalıq gətirən şəhidlərimizin ölməz
varlıqlarını dastanlaşdıran
bu nəşr qrammatik qüsur və xətalardan tamamilə uzaqdır. Hətta oxucunun
diqqətini daha çox cəlb etmək naminə bir çox hallarda mətnin həssas hissələri fərqləndirici şriftlərlə
verilib.
Uca Tanrı cənnət timsallı şəhidlərimizə
rəhmət eləsin!
Əminəm ki, Əməkdar jurnalist Əminə Yusifqızının parlaq
təfəkkürünün növbəti kitab məhsulu işğaldan azad edilmiş və çiçəklənən
ulu yurd yerlərimizdən bəhs
edəcək.
Samir
ZƏNGƏZURLU
525-ci qəzet.- 2022.- 23 aprel.- S.18.