Yazıçı ömrü: şərəfli yaradıcılıq salnaməsi

 

TAHİR KAZIMOV-80

 

 

Müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi Tahir Şirin oğlu Kazımov bədii düşüncədə özünəməxsus dəst-xətti, üslubi keyfiyyətləri ilə seçilən istedadlı yazıçıdır. Qələmini nəsrin bütün janrlarında sınayan yazıçının səmərəli yaradıcılıq axtarışları çağdaş nəsrin tədqiqat obyektini yeni məzmun-mündəricə, çeşidli mövzularla zənginləşdirmiş, bədii təfəkkür salnaməsinə töhfələr bəxş etmişdir.

 

İlk qələm təcrübələri

 

"Türk ədəbiyyatına xidmət" mükafatı laureatı, Əməkdar Mədəniyyət İşçisi Tahir Kazımov bədii yaradıcılığa gənc yaşlarından başlamış, hərbi xidmət etdiyi Moldova haqqında qələmə aldığı maraqlı oçerk ilə oxucuların görüşünə gəlmişdir. Əmək fəaliyyətinə "Ulduz" jurnalında ədəbi işçi kimi başlayan gənc ədib 1969-cu ildə komsomolun Mərkəzi Komitəsinin təqdimatı ilə Azərbaycan SSR Daxili İşlər Nazirliyinə xidmətə göndərilmişdir. Onun bir il sonra işıq üzü görən "Əmək rəşadəti" adlı publisistik kitabı Tahir Kazımovun gələcəkdə istedadlı yazıçı kimi fəaliyyətinin konturlarını cızırdı.

 

O, ömrünün otuz ilini hüquq-mühafizə orqanlarında xidmətdə keçirsə , qələmi yerə qoymur, gördüyü, eşitdiyi, şahidi olduğu olaylar haqqında kiçik qeydlər aparırdı. Sonradan yaradıcılıq təxəyyülündən keçirdiyi həmin hadisələrə bədii don geydirib bir-birindən maraqlı nəsr əsərləri nəşr etdirdi. Beləliklə, hələ daxili işlər orqanında işlədiyi vaxtlarda "Səsin sehri", "Qəfil ezamiyyət", "Qisas", "Taleyin qisməti beləymiş yəqin" s. sanballı povest romanları yüksək tirajla çap olunaraq oxucular tərəfindən böyük maraqla qarşılandı.

 

Sonradan "Səsin sehri" povesti Xalq artisti Ağakişi Kazımov tərəfindən səhnələşdirildi, milli dramaturgiyamızı mövzu baxımından zənginləşdirən bu pyes uzun müddət Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində müvəffəqiyyətlə oynanıldı. "Taleyin qisməti beləymiş yəqin" dörd hissədən ibarət olan romanın birinci kitabı isə Bəhram Osmanovun rejissorluğu ilə ekran həyatı qazandı, on seriyalı bu televiziya filmi 1998-ci ildə "Sara" telekanalında nümayiş etdirildi. Həmçinin, "Qisas" romanının ssenarisi əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin teleserialların çəkilişinə ayırdığı vəsaitlə otuz iki seriyalı film çəkildi. 2014-cü ildə "Lider" telekanalında nümayiş etdirilən bu məşhur serial tamaşaçılar tərəfindən böyük maraqla izlənildi. Qeyd edək ki, respublikamızda iki dəfə böyük tirajla çap olunan "Qisas" romanı türk özbək dillərinə tərcümə edilərək ölkə hüdudlarından kənarda dəfələrlə nəşr olunub, geniş oxucu auditoriyasının rəğbətini qazanıb.

 

Ali missiya uğrunda

 

Müstəqilliyimizin ilk illərində cəmiyyət həyatında bir-birini izləyən qlobal təbəddülatlar, ictimai-siyasi sferada baş verən hərc-mərclik, torpaqlarımızın işğalı ədəbi prosesin ənənəvi nizamını ciddi şəkildə pozmuşdu. Ədəbi-estetik düşüncə çətin sınaqlar qarşısında qalmış, bu sahədə müşahidə olunan durğunluq uzun müddət davam etmişdi.

 

Yaradıcılığının məhsuldar dövrü belə ziddiyyətli mərhələyə təsadüf edən Tahir Kazımovun ən böyük arzusu ədəbi mühiti dirçəltmək, Azərbaycan nəsrinin 1960-1980-ci illərdə qazandığı şöhrətini yenidən özünə qaytarmaq idi. Bu vacib missiyanı öz üzərinə götürməyə cəhd göstərən yazıçı hüquq-mühafizə orqanlarından təqaüdə çıxdıqdan sonra ədəbi fəaliyyətini gənclik həvəsi ilə davam etdirmiş, bir nasir kimi potensialını, bədii imkanlarını bütünlüklə ortaya qoya bilmişdir.

 

Sürətlə dəyişən zamanın çağırışlarına cavab verməyə çalışan müəllif gecəsini gündüzünə qataraq çoxlu sayda hekayə, povest, roman, məktublar, gündəliklər qələmə almış, nəşriyyat, poliqrafiya kitab satışının hələ nizamlanmadığı bir vaxtda cild-cild kitablar nəşr etdirmişdir. Mövzusu real həyatdan götürülən bu zəngin kitablar aləmi söz sənətinə yeni canlanma gətirmiş, bütün diqqətin həyatın maddi tərəfinə yönəldiyi müasir dövrdə bədii ədəbiyyata olan marağı yenidən dirçəltmişdir.

 

 

 

Tahir Kazımovun zəngin bədii irsi əsası Cəmşid Əmirov tərəfindən qoyulmuş milli detektiv ədəbiyyatın inkişafında mühüm rol oynamışdır. Müasir detektiv janrın təkamülünə təkan verən yazıçının "Qisas", "Mənəvi xilaskar", "Cəhənnəmə aparan yol", "Yeni Orlean "şənlikləri" s. povest romanlarının timsalında milli detektiv nəsr klassik üslubdan mürəkkəbə doğru inkişaf etmiş, mövzu dairəsini genişləndirərək yeni məzmun çalarları, unikal obrazlarla zənginləşmişdir. Özündən əvvəlki "polis detektivi" ənənələrini yaradıcılıqla davam etdirən ədib zamanın tələbinə uyğun olaraq yüksək dinamika nümayiş etdirmiş, genişmiqyaslı hadisələrin təsvirini əks etdirən maraqlı əsərlər qələmə almışdır. Hüquq-mühafizə orqanlarında uzunmüddətli xidmət, insan psixologiyasına mükəmməl bələdlik hadisələrin inandırıcı təsvirinə, obrazların gerçəklikdən doğan surətlər kimi parlamasına imkan vermişdir. Əsas leytmotivi hüquq-mühafizə orqanlarının cinayətkarlığa qarşı apardıqları mübarizə təşkil edən bədii nümunələrdə qatı cinayətlərin görünməyən izləri incə ustalıqla açılır, cinayətkarlığa qarşı mübarizə fonunda insana məhəbbət, ədalət prinsipi aşılanır.

 

Tahir Kazımovun yaradıcılığında tarixi yaddaşa müraciət poetik potensialı ilə diqqət çəkir. Ədibin estetik amalının təməlində klassik dəyərlərə güclü bağlılıq olduğundan keçmişin miqyaslı hadisələrinə şövqlə müraciət edir, qələmə aldığı sanballı tarixi romanlarda xalqımızın etnoqrafik yaddaşını, görkəmli şəxsiyyətlərin obrazlarını müxtəlif aspektlərdən bədii təhlil müstəvisinə çəkir.

 

Tahir Kazımov Azərbaycan ədəbiyyatında lirik povest romanlar müəllifi kimi tanınır. Onun bu istiqamətdə qələmə aldığı "Sənsiz səninlə", "Biganəymişsən", "Ürək fəryadı", "Əsirlik düşüncələri", "Sənin olmuşdum" nəsr əsərləri ilə yanaşı, məşhur "Gecikmiş məktublar" povesti yazıçıya böyük sənət uğuru bəxş etmişdir. Yüksək bədii-estetik məziyyətləri ilə seçilən "Gecikmiş məktublar" yazıçının uşaqlıq çağlarının acı xatirələrini qələmə almaq, bu qəmli təəssüratları üzünü heç vaxt görmədiyi atası ilə bölüşmək yanğısından doğmuşdur. Qəlbin dərinliklərindən süzülüb gələn, kədərli notların tərənnümünə geniş yer verən əsərdə müəllif ömrün müxtəlif illərinə məhrəm duyğularla səyahət edir, bu rəngarəng lövhələr fonunda yazıçının ağrılı uşaqlıq illəri, gizli mənəvi-ruhi aləmi, dünyaya baxışı sərgilənərək ədibin həyat yolunu, mənəvi keyfiyyətlərini dolğun çalarlarla oxucuya çatdırır.

 

Vətən sevdalı, yurd həsrətli nəsr

 

Tahir Kazımov qəlbində böyük Vətən sevgisi gəzdirən, yenilməz vətənpərvər ruhlu mübariz ziyalı idi. O, Qarabağda separatçı qüvvələrin fəallaşdığı, mənfur qonşularımızın torpaq iddialarını irəli sürdüyü ilk vaxtlardan bu məkrli əməllərə qarşı barışmaz, prinsipial qətiyyətli mövqe nümayiş etdirmiş, həmçinin, Ağdam, Əsgərən, Cəbrayıl, Hadrut, Füzuli zonalarında gedən döyüşlərdə iştirak etmişdir.

 

Qarabağ müharibəsi veteranı, polkovnik Tahir Kazımovun kövrək qəlbi əsirlikdə qalan doğma yurdu Cəbrayılın, Soltanlı kəndinin həsrəti ilə uzun illər alışıb-yanmış, bu böyük kədəri ürək ağrısı ilə vərəqlərə köçürərək ermənilərin məkrli niyyətlərini, soydaşlarımıza qarşı törətdikləri dəhşətli cinayətləri ifşa etmişdir. Ədibin üç kitabdan ibarət olan "Müsibət" romanı dövrün dramatizmini bütün mürəkkəbliyi ilə bədii təhlil obyektinə çevirməklə yanaşı, Qarabağ hadisələrinin əsl mahiyyətini dolğun şəkildə ortaya qoyur. Yazıçı bu istiqamətdə yaradıcılıq axtarışlarını davam etdirmiş, altı kitabdan ibarət "Talelərini özləri yazanlar" adlı roman-epopeyada milli xarici ölkələrin tarixi qaynaqlarına istinad edərək erməni xəyanətini bədii-tarixi müstəvidə oxuculara çatdırmışdır.

 

Tahir Kazımovun bədii yaradıcılığı M.Nağısoylu, İ.Kazımov, İ.Hacıyeva, Ş.Albalıyev, K.Niftəliyeva, S.Beydulla qızı və digər ədəbiyyatşünas alimlərin diqqətini çəkmiş, bu istiqamətdə qələmə alınan məqalələrdə ədibin ayrı-ayrı bədii nümunələri müxtəlif aspektlərdən elmi yanaşmalara cəlb olunmuşdur. "Yazıçı: Müasir həyat və gerçəkliklər" (müəllif: professor İsmayıl Babaşoğlu), "Yazıçı yaradıcılığı ədəbi-tənqid müstəvisində" kitablarında isə yazıçının nəsr yaradıcılığı daha geniş və əhatəli şəkildə təhlil olunmuş, ədibin romanlarının poetikası, sənətkarlıq məziyyətləri, dil-üslub xüsusiyyətləri müasir elmi baxış bucağından səciyyələndirilmişdir.

 

Yazıçılıq missiyasını şərəflə daşıyan Tahir Kazımovun ədəbiyyat qarşısında səmərəli fəaliyyəti layiqincə qiymətləndirilmiş, ədib "Qızıl qələm", "Şərəf", "Araz", "Ömər Faiq Nemanzadə", "Kino xadimi", "Qrand" mükafatları və fəxri diplomlara, Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülmüşdür. Ədib Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının "Türk ədəbiyyatına xidmət" mükafatını almış, Birləşmiş Millətlərin İctimai Mükafat Şurasının Beynəlxalq Mükafat Birliyi tərəfindən "Şərəf və Ləyaqət" ordeninə, Təbiət Elmləri Avropa Akademiyasının (Hannover şəhəri) qəyyumlar və elmi şurasının rəyi ilə ədəbiyyatda xüsusi xidmətlərinə görə "Şiller" medal-diplomuna layiq görülmüşdür.

 

P.S. Aprel ayının 27-də sevimli yazıçımız Tahir Kazımovun 80 illiyi tamam olur. Adətən hər bir yubiley xoş anları, sevinc, səadət dolu xoşbəxt məqamları özündə ehtiva edir. Amma təəssüf ki, Tahir müəllimin budəfəki yubileyini belə xoş hisslərlə qarşılaya bilməyəcəyik. Taleyin amansız hökmü ilə bu əlamətdar günü onsuz qeyd etməli olacağıq.

 

O, ay yarım bundan əvvəl Haqq dünyasına qovuşub cismən bizdən ayrılsa da, həyatda gördüyü xeyirxah əməllər, Azərbaycan ədəbiyyatına bəxş etdiyi dəyərli töhfələr, əsl ziyalılıq simvolu kimi parlayan nurani siması, işıqlı xatirəsi heç vaxt unudulmayacaq, doğmalarının, oxucularının qəlbində əbədi olaraq yaşayacaq. Tahir Kazımovun əziz xatirəsini yüksək ehtiram, dərin minnətdarlıq hissi ilə yad edir, onun ruhu qarşısında baş əyərək Uca Yaradandan bu unudulmaz yazıçımıza qəni-qəni rəhmət diləyirik.

 

 

Sadiq ZAMAN

 

525-ci qəzet.- 2022.- 23 aprel.- S.17.