"Biz ədəbiyyatı
öz könül məktəbimizdə
oxuduq"
Serhat Kabaklı: "Şuşa
azad olunanda İstanbulda şükür namazı qılmışdım..."
Aprelin 18-də görkəmli
türk ədibi, Türk Ədəbiyyatı
Vəqfinin başqanı
Serhat Kabaklının
70 yaşı tamam oldu. Bu münasibətlə
Azərbaycanda Milli Məclisin Mədəniyyət
Komitəsinin sədri
Qənirə Paşayevanın
təşəbbüsü ilə həm Bakıda, həm də Sumqayıtda yubiley tədbirləri keçirildi. Yaxından iştirak
etdiyimiz tədbirlərdə
Serhat bəyin sevincinin, duyğu dolu anlarının şahidi olduq. Elə buna görə də tədbirlərdən
sonra yubilyarla söhbət edib, hiss və duyğularını
öyrənməyə çalışdıq.
- Serhat bəy, öncə yubileyiniz münasibətiylə qəzetimiz
adından sizi təbrik edir, uzun ömür, cansağlığı diləyirik.
Özünüzü necə
hiss edirsiniz?
- Çox təşəkkür
edirəm. Sanki yuxudayam, birdən oyanaram deyə qorxuram (gülür).
Bakı bizim xəyal şəhərimiz, könül
şəhərimizdir. Burda dostlarımızın mənlə
bağlı tədbir
niyyətlərini eşidəndə
çox sevindim.
Amma bura gələndən sonra bu tədbirin
genişliyini, böyüklüyünü
görəndə hardasa,
nədəsə səhv
etməyim deyə ürkdüm, qorxdum.
Çox
xoşbəxtəm. Yaxşı ki,
varsınız. Həmişə var olun. İnşallah, birlikdə neçə
gözəl illər görək.
- İnşallah! Keçib gedən 70 ili
necə yaşadınız?
- Bir gün Fateh Sultan Mehmetin rəsmini çəkmək üçün
italiyalı rəssam
Bellini Osmanlıya gəlir.
O, gül qoxlayan Fateh rəsmi üçün İstanbulda
Fatehlə görüşür.
Rəsm çəkilən müddətdə
Sultanla səmimiyyətləri
yaranır. Deyir ki,
Sultanım, tarixdə
kimə bənzəmək
istərdiniz? O da
cavab verir ki, Makedoniyalı İsgəndərə. Rəssam
deyir, axı o, az yaşayıb,
çox erkən yaşda ölüb. Sultan
da deyir ki, siz bütün
dünyanı fəth
etməyə yetən
bir ömrü az hesab
edirsiniz?! Yəni bizim ömrümüz
həmişə mübarizəylə
keçdi. Başqaları həyatla mübarizə aparar, biz isə Türk dünyasını
birləşdirmək, aradakı
gözəl əlaqələri
qurmaq üçün
mübarizə aparmışıq.
Bu gün 2 millət,
2 dövlət deyirik,
gün gəlsin ki, 5 dövlət, 1 millət, 7 dövlət,
1 millət deyək.
Bizim dövlətlərimizin çoxalması
arzumuzdur. Turan ideyamız
isə könül birgəliyidir. Xüsusən, Qarabağ zəfəri ömrümüzün bu çağında yaşadığımız
çox böyük bir gözəllikdir.
Azərbaycana hər gəlişimdə bu könül bağını
hiss edirik.
- Siz Türkiyə
və Türk dünyası üçün
çox önəmli
bir nəslin - Kabaklıların varisisiniz. Uşaqlığınızda, gəncliyinizdə bu soyadın məsuliyyətini necə
daşımısınız?
- Biz bir az şanslı, bir az şanssız nəsildik. Şanslı idik, ona görə ki, o cür insanların yetişdirməsi idik.
Şanssızdıq, ona görə
ki, könlümüzcə
yaşaya bilmirdik.
Sərvətin, mənim, Əsədin
ürəyimiz istəyən
kimi yaşamaq hürriyyəti yox idi. Çünki biz Əhməd Kabaklının
qardaşı uşaqları
idik. Bizim ən xırda səhvimiz onun adına zərər
verə bilərdi. Biz də həmişə
bunu düşünərək
yaşadıq. Çox böyük
bir məsuliyyət idi, amma şükür
ki, hamımız bu məsuliyyətin öhdəsindən gəldik.
Səhvlərimiz əlbəttə ki, olub, amma
bunu cəmiyyətin önündə, Əhməd
Kabaklıya xələl
gətirəcək tərzdə
etmədik. Buna görə də çox xoşbəxtik.
- Bilirik ki, tarix-coğrafiya
müəllimliyini oxumusunuz.
Bəs ədəbiyyat seçiminiz
Əhməd Kabaklı
yolunun yolçusu olmaq istəyindən gəlirdi, yoxsa öz seçiminiz idi?
- Ədəbiyyat bizim içində olduğumuz dünyadır. Ədəbiyyat bir həyat tərzidir, ədəbdən gəlir. Ədəbli, namuslu, sevgi dolu olmaqdır ədəbiyyatdır. Biz ədəbiyyatı öz könül məktəbimizdə oxuduq. Kiçik qardaşım Sərvət Kabaklı ədəbiyyat məzunu idi. Əmimiz rəhmətə gedəndən sonra Türk Ədəbiyyatı Vəqfinin başqanlığına o keçdi. Amma beş il sonra o da vəfat etdi. Ondan sonra mənə dedilər ki, başqanlığa sən gələcəksən. Gəldim. Lakin iki il o kresloda otura bilmədim, özümü layiq görmədim. Həmişə fikirləşdim, mən kiməm ki, Əhməd Kabaklının kreslosunda oturum. Sonra dostlarım dedilər ki, sən onlar qədər bilməsən də, onlar qədər ürəklisən. Sonra ürəkləndim, 2 rükət namaz qılıb kresloda oturdum və dedim ki, Allahım, məni utandırma. Əhməd Kabaklının qohumu olmaq bu mənada bizi cəbhəyə gətirən özəllikdi.
- Nə vaxtdan bəri şeirlər yazırdınız?
- Şeir mənim həyatım idi. Beşinci sinifdə oxuyanda müəllimimizin tapşırığıyla bir şeir yazmışdım. Müəllim şeiri oxuyub, təəccüblənmiş, inanmamışdı. Şeir belə idi:
Hayat vitesli bir otomobildir,
Bire tak, ikiye tak, üçe
tak, qazla.
İstediyin kadar müşteri doldur,
Dönüşü yok bu yolun,
asla.
(Şeiri Serhat bəyin söylədiyi dildə, orijinalından təqdim edirik - Ş.M.)
Həmin müəllim mənim xalam idi. O dedi ki, sən şeir
yazacaqsan. Ondan sonra məni
yönləndirdi, mən
də başladım şeir yazmağa. Xüsusən, Əhməd Kabaklı
"Türk Ədəbiyyatı"
dərgisini çap etməyə başlayandan
sonra daha çox şeir yazmağa başladım.
"Yaxşıdır"-
dediyinin üstündə
işlədim, daha da gözəlləşdirməyə
çalışdım. "Yaxşı deyil"
dediyinə bir də qayıtmadım, cırıb atdım.
- O şeirlərin içində
xüsusən biri oldu ki, sizə
böyük şöhrət
gətirdi. "Bil, oğlum" şeirini yazarkən bu qədər uğurlu taleyi olacağını düşünərdinizmi?
- Oğlum olanda xəstəxanadan gələndən
sonra axşamtərəfi
yoldaşımla övladıma
baş çəkdim.
Onda bir az kövrəldim
və yan otağa keçib kağız-qələm götürdüm,
başladım yazmağa:
Gün gedəndə, ay gələndə
gəl, oğlum,
Cahan yanar sən güləndə, gül oğlum...
15-16 beytlik bu şeiri yazdım və Allah elə qismət elədi ki, o şeirin üzərində bircə
düzəliş də
etmədim. O şeirə sonradan Əsəd Kabaklı musiqi bəstələdi və dedi ki, abi,
mahnını yazarkən
bircə yerdə belə düzəliş etmədim. Niyə? Çünki mənə gələn
ilham ona da gəlib.
- Şeirdə bir
yer var: "Qarabağda gəz, oğlum". Bu beytin
tarixçəsi necədir?
- Orijinalında belə bir misra yoxdur.
Azərbaycana gəlişlərimin birində Cəfər Cabbarlını anma tədbiri üçün
Xızıya getdik.
Xızıda Cabbarlının bağçasında oturarkən
Təranə Vahid mənimlə müsahibə
etdi. Söhbətimizdə
dedi ki, bu şeir Türk
Dünyasının marşı
oldu, bu şeiri necə yazdınız. Mən də bayaqkı hadisəni danışdım
və dedim ki, mən yazmadım,
yazdırdılar. Təranə
xanım dedi ki, bəs Qarabağla
bağlı nə düşünürsünüz? Dedim ki, Qarabağ
təkcə sizin yox, Türkiyə türklərinin də qanayan yarasıdır. Bundan o, çox təsirləndi.
Sonra tədbirdə o şeiri oxuyarkən bədahətən belə
bir beyt əlavə etdim:
Çabuk büyü, çabuk
yetiş, tez, oğlum,
Çakal gezen Karabağda gez, oğlum.
Ondan sonra Əsəd mahnını elə bu cür oxumağa başladı. Bu da Qarabağ əfsanəsini alovlandıran, insanlara ruh verən bir qüvvə oldu. Xəyalə Zərrabqızı müharibədən sonra mənə dedi ki, xəstəxanalarda yaralılarla, qazilərlə görüşəndə gördüm ki, xəstəxana otağında birlikdə bu mahnını oxuyurlar. Deyib ki, bu mahnını hardan bilirsiz? Qazilərimiz cavab verib ki, bacım, siz elə bilirsiz, biz Qarabağı yalnız topla, tüfəngləmi aldıq? Biz Qarabağı bu mahnılarla da aldıq. Xəyalə xanım bunu mənə danışanda mən ağladım. Bundan 40 il əvvəl Elazığın bir məhəlləsində, bir evin bir otağında bu şeiri yazıramsa və bu, Türk dünyasının çox böyük itkisi olan Qarabağın qurtarılmasına, nöqtə qədər də olsa, təsir göstərirsə, nə mutlu mənə.
- Və bu gün Qarabağda gəzirik.
- Bəli, çox şükür. Bu, mənə xoşbəxtlik və sevinc verir. Şuşa azad olunanda İstanbulda şükür namazı qılmışdım və arzum Şuşada da şükür namazı qılmaqdır.
- Bu gün Azərbaycan-Türkiyə qardaşlığından danışırıq. Amma məlum dövrlərdə sərhədlər qapalı idi. Həmin dövrü necə xatırlayırsınız? Azərbaycan ədəbiyyatıyla ilk tanışlığınız necə olmuşdu?
- Bizim Azərbaycan ədəbiyyatıyla ilk tanışlığımız mərhum şairimiz Bəxtiyar Vahabzadənin şeirləriylə olmuşdu. Onun şeirləri Sovet Azərbaycanından bizə birbaşa gələ bilmirdi. O, şeirləri Almaniyada Əhməd Şmide adlı sonradan müsəlman olmuş bir şairə göndərirdi. O da çox gizli yollarla şeirləri Türkiyəyə göndərirdi. Biz Bəxtiyar Vahabzadənin şeirləriylə o cür tanış olduq. Azərbaycanın o dövrdəki halı bizə çox pis təsir edirdi. Biz hər zaman Azərbaycanın əsir olduğunu düşünürdük. Fikrləşirdik ki, soydaşlarımız orda əsirdilər. Hə, bunu da deyim ki, o vaxt bizim təfəkkürümüzdə Azərbaycan, Özbəkistan, Qazaxıstan ayrımı yox idi. Biz bütün Türküstanı Azərbaycan olaraq bilirdik. Hətta bəzən Sovetlər Birliyinin olimpiadalardakı idmançısının adı türkdürsə, "bu, azərbaycanlıdır" deyib ona tərəfkeşlik edir, o qalib gələndə sevinirdik, bayraqlar alıb yollara çıxırdıq. Çox şükür ki, bu günləri gördük.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2022.- 23 aprel.- S.16.