"Dərbəndnamə" haqda nə bilirik?  

 

Azərbaycan dili və tarixinin müasir mərhələdə milli elmi fikrin diqqətini kifayət qədər cəlb etməyən  abidələrindən biri də "Dərbəndnamə"dir. Bu əsərin adı çəkiləndə, heç şübhəsiz, ilk növbədə "rus  şərqşünaslığının patriarxı" kimi tanınan məşhur azərbaycanlı alim, professor Mirzə Kazım bəy (1802-1870) yada düşür. Amma Mirzə Kazım bəy abidənin ən məşhur tədqiqatçısı olsa da, birinci sayıla bilməzdi. Çünki ona qədər də "Dərbəndnamə"nin nəşri və öyrənilməsi istiqamətində bəzi addımlar atılmışdı.

 

Dərbənd tarixinin çeşidli mənbələr əsasında əksini  tapdığı əsər haqda ilk məlumat verən moldovan əsilli dövlət xadimi və alim, I Pyotrun yaxın silahdaşı, Moldovan knyazlığının başçısı (qospodar) Dmitri Qantemir (1673-1723) olmuşdu. Amanat kimi Osmanlı imperiyasına aparılan Kantemirin uşaqlıq və yeniyetməlik illəri İstanbulda keçmişdi. Burada klassik latın, yunan dilləri ilə bir sırada türk, fars və ərəb dillərini də dərindən mənimsəmişdi. Çox güman bu səbəbdən də Xəzər dənizi və Mərkəzi Asiya vasitəsi ilə Hindistana ticarət yolları açmaq fikrinə düşən I Pyotr "fars yürüşünə" (1722-ci il) çıxanda Dmirti Kantemiri səyyardəftərxanasının rəisi kimi özü ilə götürmüşdü. Onun səyi nəticəsində qısa müddət ərzində ərəb şriftləri hazırlanmış, Şərq mətbəəsi qurulmuşdu. I Pyotrun 1722-ci il iyunun 15-də (yeni stillə 26-da) imzaladığı "Qafqaz və fars xalqlarına manifest"i də Dmitri Kantemir tərəfindən türk, tatar və fars dillərinə tərcümə olunmuşdu. Bir sıra mənbələr "Müraciət"in müəllifliyini də ona istinad verirlər.

 

"İran yürüşü"nün ilk mərhələsi uğurla başa çatmışdı. Kalmık süvariləri də daxil olmaqla təxminən 30 min nəfərlik rus ordusu Şimali Qafqaz dağlılarının müqavimətini dəf edib 1722-ci il avqustun 23-də (3 sentyabr) Dərbəndə girmişdi. Şəhər müqavimətsiz təslim olmuşdu. Naib İmamqulu xan Dərbənd darvazasının gümüş açarları ilə birlikdə nadir tarixi relikviyalardan sayılan "Dərbəndnamə" nüsxəsini də rus çarına təqdim etmişdi. Həmin dövrdə Pyotrun çevrəsində bu əsəri dəyərləndirmək, məziyyətləri haqda fikir yürütmək imkanına malik olan yeganə şəxs Dmitri Kantemir idi. Çarın tapşırığı ilə o, vaxt itirmədən əsəri latın dilinə çevirmişdi. Beləliklə də,"Dərbəndnamə" Avropa elmi fikrinin diqqətinə təqdim edilmişdi.

 

Bu il həmin mühüm mədəni-tarixi hadisənin 300 illiyi tamam olur.

 

Alman əsilli rus alimi, Peterburq EA-da çalışan akademik Qotlib Ziqfirid Bayer (1694-1738) 1726-cı ildə nəşr etdirdiyi "De Muro Caucasou" ("Qafqaz səddi") adlı kitabında Kantemirin latın tərcüməsinə əsaslanaraq "Dərbəndnamə"nin tarixi mənbələri, dili, mövzusu, sifarişçisi və müəllifi haqda ümumi şəkildə məlumat vermişdi. Bayer yazırdı: "Müsəlmanlar Girey xanın sərkərdəliyi ilə Dərbənd və Əndəri şəhərlərini ələ keçirdikdən sonra Məhəmməd Əvvabi-Axassi ərəb və fars mənbələri ilə tanış olub onların əsasında Dərbəndin qədim tarixini təsvir edən traktat yazmaq barəsində əmr aldı".

 

Aradan 100 il keçəndən sonra Rusiya EA ilə əməkdaşlıq edən alman əsilli başqa bir şərqşünas və səyyah - Yulius Klaprot (1783-1835)  qurucularından olduğu Paris Asiya Cəmiyyətinini "Journale Aziatique" adlı mətbu orqanında çıxan "Extrait du Derbent-Nameh" ("Dərbəndnamə"dən çıxarış") adlı məqaləsində daha çox Bayerə istinadən abidəni fransız elmi ictimaiyyətinə tanıtmağa çalışmışdı. Kabinet alimi Bayerdən fərqli olaraq Yulius Klaprot Qafqaza daha yaxşı bələd idi. 1807-1808-ci illərdə regionu gəzib-dolaşmış, zəngin  təəssüratlarının nəticəsi kimi çoxlu yeni faktların yer aldığı "Qafqaz və Gürcüstana səyahət" əsərini çap etdirmişdi. "Dərbəndnamə"yə gəldikdə isə tarixi-nəzəri baxımdan yalnız ümumi mülahizələrlə kifayətlənmiş, xırda istisnaları çıxmaq şərti ilə Bayerin yazdıqların mühüm əlavələr etməmişdi: "İslam dini Dərbənd ərazisində yayılmağa başlayanda, Krım xanı Girey Kür çayı ilə Xəzər dənizi arasındakı ərazini, habelə Endəri şəhərinin  ələ keçirəndə onun ziyalı sakinlərindən birinə - Məhəmməd Avabi Aktaşi adlı şəxsə ən etibarlı ərəb və fars qaynaqları əsasında, amma təmiz türk dilində Dərbəndin tarixinə dair məlumatları toplayıb yazıya almağı əmr etdi. Şərait əlverişli deyildi və uzun müddən Məhəmmədə xanın hökmünü yerinə yetirməyə  imkan vermirdi. Lakin o, sonda tapşırılan işin öhdəsindən gələ bildi".

 

Göründüyü kimi, Klaprot "Dərbəndnamə" müəllifinin adını Bayerdən fərqli olaraq daha dəqiq, müasir dövrdə də qəbul edilən şəkildə yazmışdı. Amma yüz illik fasilə ilə abidəyə müraciət edən müəlliflərin heç biri əsaslandıqları mənbəni, yaxud mənbələri göstərməmişdilər. Və söhbət çox güman ki, eyni mənbədən getməmişdi. Əks təqdirdə qısa məlumatlar arasında fərqliliklər nəzərə çarpmazdı. Sonralar "Dərbəndnamə"ni nəşrə hazırlayan Mirzə Kazım bəy də bu prinsipial məqama diqqət yetirmişdi.

 

Əyani təsəvvür yaratmaq məqsədi ilə Y.Klaprot həm də mətnin bəzi hissələrini fransız dilinə çevirmiş, habelə izahedici qeydlər yazmışdı. Lakin akademik B.A.Dornun (1805-1881) fikrincə, "Y.Klaprotun hazırladığı mətn başdan-ayağa səhv və yanlışlıqlarla dolu idi. Nəinki mütəxəssis-şərqşünası, heç adi oxucunu da qane edəcək səviyyədə deyildi".

 

Y.Klaprotla eyni vaxtda Qafqazda da regionun tarixi ilə bağlı "Dərbəndnamə"yə maraq yaranmışdı. 1829-cu ildə Azərbaycan maarifçisi, tarixçi A.Bakıxanov (1797-1946) gənclik illərindən yaxşı  tanış olduğu əlyazmasını rus dilinə çevirib "Tiflisskie vedomosti" qəzetində dərc etdirməyə başlamışdı.

 

Qəzetin yazdığına görə, Abbasqulu bəy tərcüməni üzü hicri 1099-cu ildə (miladi - 1721) köçürülən Azərbaycan dilindəki nüsxədən etmişdi. Lakin bu zaman məlumatların dəqiqliyini yazıya alınma tarixləri nisbətən sonrakı dövrə təsadüf edən iki Azərbaycan və bir fars nüsxəsi əsasında  yoxlamışdı. "Tiflisskie vedomosti" redaksiyası  azərbaycanlı alimin Qafqaz tarixinin ilkin mənbələr əsasında öyrənilməsi istiqamətindəki fəaliyyətini qiymət verərkən yazırdı ki, "Dərbəndnamə"nin tərcüməsi Şərq əlyazmalarının rus dilinə çevrilməsi, Rusiyada və Avropada tanıdılması baxımından ilk təcrübə olacaqdır. Arzu edərdik ki, bu faydalı təşəbbüs digər iş bacaran adamlarda da eyni həvəs oyatsın. Belə olan tərzdə biz yaxın gələcəkdə Zaqafqaziya ölkəsi və Rusiya haqqındakı Şərq mənbələrinin külliyyatını rus dilində görə bilərdik. İndiki halda bir qədər mücərrəd təsir bağışlasa da, gerçəkləşməsi mümkün olan niyyətdir".

 

Qəzet daha sonra xəbər verirdi ki, "A.Bakıxanov tərcüməni yaxın zamanlarda bütünlükdə başa çatdıracaq və rusca "Dərbəndnamə" Azərbaycan dilində orijinalı ilə birlikdə müxtəlif Şərq yazıçılarının əsərlərindən iqtibas olunmuş əlavə və şərhlərlə birlikdə kitab şəklində çap ediləcəkdir". Qarşıya qoyulan məqsəddən də göründüyü kimi, A.Bakıxanov abidənin yalnız tərcüməsini deyil, digər analoji qaynaqları da cəlb etməklə elmi-tənqidi  nəşrini hazırlamaq fikrində imiş. Lakin naməlum səbəblər üzündən məqsədini tam şəkildə həyata keçirə bilməmişdi. Bu vəzifə rus və Avropa elmi mühiti ilə daha sıx əlaqələrə malik olan həmvətəni Mirzə Kazımbəyin çiyinlərinə düşmüşdü. O, "Dərbəndnamə"ni nəşrə hazırlayan zaman A.Bakıxanovun prinsiplərindən faydalanmışdı. Fərq sadəcə tərcümənin rus deyil, ingilis dilinə edilməsində idi. Başqa qaynaqlarla bərabər, bu tərcümə də Mirzə Kazım bəyə məlum idi.

 

Lakin alimin bütün səylərinə rəğmən, A.Bakıxanovun istifadə etdiyi orijinal "Dərbəndnamə" mətnini tapmaq mümkün olmamışdı. Mirzə Kazım bəy həmin nüsxənin "Kazan universitetinin müxbiri, Dərbənd sakini, dostu Hacı Molla Tağıda olduğunu" eşitsə də, varisləri tapa bilməmişdilər. Nəhayət, əlyazmanın Abbasqulu ağanın şəxsi kitabxanasında saxlandığını və dul qadını Səkinə xanım tərəfindən İmperator EA-nın kitabxanasına satılan əlyazma və kitablar arasında olduğunu eşitmişdi. Lakin professor İ.N.Berezin Bakıxanov kitabxanasının kataloqunu tərtib edəndə "Dərbəndnamə" nüsxəsinə orada da rast gəlinməmişdi. Beləliklə, bu məsələ ömrünün sonuna qədər Mirzə Kazım bəy üçün bir müəmma olaraq qalmışdı.

 

***

 

1822-cü ildə Dərbəndi tərk edən Mirzə Kazım bəy bəzi mənbələrdə göstərildiyinə görə ana yurda bir də aradan 16 il keçəndən sonra, atasının - keçmiş Dərbənd şeyxülislamı, həyatının son illərində isə   Kazan universitetinin müxbiri Hacı Qasım bəyin yas mərasiminə qatılmaq üçün gəlmişdi. Çox güman, bu kədərli səfər uşaqlıq və gənclik xatirələrini yaddaşında yenidən canlandırmış, doğma şəhərə borcunu qaytarmaq haqqında daha ciddi düşünməsinə təkan vermişdi. "Borc" nədən ibarət  idi? Onu necə ödəmək olardı? Müxtəlif variantlar vardı. Amma təbii ki, elmə, vətən tarixinə xidmət baxımından ən məqsədəuyğun iş qədim şəhərin tarixinə dair mənbənin - "Dərbəndnamə"nin nəşri ola bilərdi. Əlyazması hər bir ziyalı yerli sakin kimi gənc Məhəmməd Əlinin də həyatında iz buraxmışdı. İndi əsəri "Dəmir qapı Dərbəndin" dar küçələri, keçilməz qala divarları arasından çıxarıb dünyaya təqdim etmək lazım idi. Mirzə Kazım bəy bir də geri dönməyəcəyi doğma şəhərdən Kazana bu qəti qənaətlə qayıtmışdı.

 

 

 

Aradan dörd il keçəndən sonra, 1843-cü ilin dekabrında isə adını şöhrətləndirən daha bir tədqiqatın son nöqtəsini qoymuşdu. Düzdür, kitabın çapı üçün səkkiz il gözləmək lazım gəlmişdi. Bu arada ilkin planlar da xeyli dəyişikliyə uğramışdı. İş prosesində Mirzə Kazım bəy yalnız mükəmməl nüsxəni aşkara çıxarıb nəşrə hazırlamaqla  kifayətlənməmişdi. Əsəri daha geniş miqyasa çıxarmaq qərarına gəlmişdi. Nəticədə Azərbaycan mətninə (ərəb, fars, qumuq, lak, avar nüsxələri də mövcud idi) əsaslanan əlyazması əhatəli ön söz,  izah və şərhlər, müxtəlif tarixi-coğrafi mənbələrdən çıxarışlar, habelə ingilis dilinə tərcümə ilə birlikdə "Derbent-nameh. The history of  Derbent, translated from a select Turkish version and published with the texts and with notes, illustrative of the history, geography, antiquites occuring  throughout  the work, by Mirza Kazem-Beg" adı altında 1851-ci ildə  işıq üzü görmüşdü. Poliqrafik baxımdan yüksək keyfiyyəti ilə seçilən kitab Peterburq EA-nın mətbəəsində çap olunmuşdu.

 

Kitaba yazdığı müqəddimədə Mirzə Kazımbəy tarixi araşdırmalara elmi təhlil və polemikaya keçmədən öncə Dərbənddəki yeniyetməlik illərini yada salmışdı: "14 yaşlı uşaq ikən kollektiv "Dərbəndnamə" qiraətlərində iştirakımı çox yaxşı xatırlayıram. Müvafiq şərh və aydınlaşdırıcı izahlarla müşayiət olunan belə oxu məclisləri bir neçə günlüyə də olsa, Dərbəndin hər şeylə maraqlanan yarımmədəni gənclərinin diqqət mərkəzində dayanırdı. Bu gənclər uzun qış gecələri bir yerə yığışıb populyar tarixçələri, bir-birindən adlı-sanlı qəhrəmanların və onların məşhur macəralarının yer aldığı nağılları, əhvalatları oxumaqla vaxtlarını keçirirdilər". Şübhəsiz, belə azsaylı əlyazmalar arasında "Dərbəndnamə" xüsusi yer tuturdu.

 

Mirzə Kazım bəyin etirafına görə, "həcmcə o qədər də böyük olmayan əlyazmasının şöhrəti hələ o vaxtlar savadlı adamların diqqətini" çəkmişdi. Əsərin Vətən tarixindən bəhs etməsi ilə bir sırada qədimliyi də onun daha geniş oxucu kütləsinə təqdim edilməsi fikrini doğurmuşdu. Çoxları belə bir abidənin mövcudluğu haqda eşitmişdilər. Amma "Dərbəndnamə" əlyazmasını gözü ilə görən, əli ilə toxunan, mütaliə zövqünü dadanlar tək-tək idi.  Yaşadıqları şəhərin adı ilə bağlı olduğundan əsər yerli mütaliə həvəskarlarını xüsusi ilə maraqlandırırdı. "Dərbəndnamə" üçün sanki bir yarış başlamışdı. Hətta oxumaq həvəskarı olmayanlar da onu əldə etmək istəyirdilər. Həm də bu coşqun maraq əlyazmasını öyrənib araşdırmaq, ondan hansısa fayda götürmək məqsədindən daha çox, sadəcə "Dərbəndnamə"ni də evlərində saxladıqları digər nadir əlyazmalarının yanına qoyub qürrələnmək niyyətindən irəli gəlirdi".

 

Yeniyetmə Məhəmməd Əli Dərbənd tarixinə dair mənbələrlə maraqlandığı vaxt şəhərdə yalnız üç nəfər savadsız tacirin qiymətli əlyazmaya malik olduğunu öyrənmişdi. Onlar da nadir nüsxələri ağzı qıfıllı sandıqlarda saxlayır, kimsəyə nə oxumağa, nə də üzünü köçürməyə verirdilər. Nəhayət, mütaliə təşnələrindən biri əsərin surətini əldə edir. Gələcək şərqşünas-alim Mirzə Kazım bəyin də mənsub olduğu "yarımmədəni gənclər" dəstəsi çox böyük maraqla onu oxumağa başlayırlar. Lakin çox can atılan, sonda dəyərdən düşən hər şey kimi "Dərbəndnamə" də gənclərin çoxunun gözündə   əvvəlki sehrini, cazibədarlığını itirir.

 

Yalnız bir nəfərdən başqa...

 

Aydın məsələdir ki, həmin gənc Mirzə Kazım bəy idi. Özünün yazdığı kimi, "aradan bir neçə il keçəndən, həyatımda və taleyimdə müəyyən dəyişikliklər baş verəndən, həqiq biliklərin dəyərini anlayandan, xüsusilə də "Dərbəndnamə"nin Avropa elmi dairələrində qazandığı böyük şöhrətdən xəbər tutandan sonra" zamanında əlyazmanı əldə etmədiyinə görə dərin təəssüf, hətta peşmançılıq hissi keçirir. Və köhnə dostlarına, həmyaşıdlarına üz tutub onlardan kömək istəyir. Görünür, doğma yerlərə son səfəri də istəyinə çatmaqda əlavə imkan yaradır."Nəhayət uzun intizardan sonra İbrahim bəy Karçakskinin (1830-1840-cı iilərdə Tabasaran hakimi - V.Q.) katibi Mirzə Kərimin dostanə səyləri nəticəsində çoxdan axtardığım mətni əldə edə bildim".

 

Və əsər üzərində iş başlanır.

 

Akademik Frenə məktubundakı aşağıdakı sətirlər Mirzə Kazım bəyin Dərbənd tarixinə necə  şövq və məsuliyyət hissi ilə yanaşması haqda təsəvvür yaradır: "Dərbəndnamə"də mənim vətənimə münasibətim və uzun müddətli ayrılıqdan sonra doğma yerlərə səyahətdən (1839-cu ildə Dərbəndə səfəri nəzərdə tutulur - V. Q.) aldığım təəssürat əksini tapıb. Mən neçə vaxtdan bəri çox böyük səbr və inadkarlıqla Dərbənd tarixinə dair əlyazmalarını axtarırdım. Yaxşı ki, Kazana qayıdanda əlimdə "Dərbəndnamə"nin müxtəlif nüsxələri var idi".

 

 

 

Yuxarıda adı çəkilən 1851-ci il nəşrinin əvvəlində Mirzə Kazımbəyin hakimiyyətdə olan çar I Nikolayın oğlu, böyük knyaz Konstantin Nikolayeviçə (1827-1892) ünvanlanan ithaf sözləri yer almışdı. Alim burada sadiq təbəəlik hisslərinin ifadəsi ilə bir sırada Dərbənd tarixindən söz açan  əsərin təqdiminə diqqət yetirmişdi: "Oxucuları Şərq ədəbiyyatının qiymətli, üstəlik, vətənim Dərbəndlə bağlılığı səbəbindən mənə ikiqat əziz olan abidəsi ilə tanış etmək qərarına gəldim. Mənbələri öyrənib "Dərbəndnamə"nin mükəmməl variantını Azərbaycan-türk dilində (kursiv mənimdir: maraqlıdır ki, alim "aderbidjanskoe nareçie - Azərbaycan ləhcəsi yox, məhz "aderbidjanckiy yazık" - Azərbaycan dili ifadəsindən istifadə edib. Başqa sözlə desək, bu mənada "Dərbəndnamə" həm də ana dilimizin adının müasir dövrdə işləndiyi şəkildə göstərildiyi ilk mənbələdən biridir) ingiliscəyə tərcüməsi ilə birlikdə çap etdirdim. Nəşrin həm də Dağıstanın tarix və coğrafiyasının öyrənilməsi baxımından faydalı olması üçün aydınlaşdırıcı izahlar, tarixi-coğrafi qeydlər də əlavə etdim".

 

Əlyazmasının yalnız Dərbəndin deyil, V-XI əsrlər Dağıstan və Şirvanın tarixi üçün də mühüm qaynaq olması Mirzə Kazımbəyin diqqətini xüsusi ilə çəkmişdi. Ona görə də ilkin adlana biləcək mükəmməl nüsxəni əldə etmək üçün uzun müddət axtarış aparmışdı. Başlanğıc mərhələdə əlində həm fars, həm də türk-Azərbaycan dilində nüsxələr vardı. Diqqətəlayiq haldır ki, hansı nüsxəni əsas kimi götürməklə bağlı son qərarını verənə qədər alim beş türk-Azərbaycan variantını nəzərdən keçirmişdi. Bunların sırasına Berlin Kayzer kitabxanasında, Paris Kral kitabxanasında, Peterburq Ümumi kitabxanasında (iki fərqli variant) saxlanan və nəhayət, özünə məxsus olan nüsxələr vardı. Peterburq əlyazmalarından biri vaxtı ilə A.Bakıxanovun da əsas mətnlə müqayisəli şəkildə nəzərdən keçirdiyi iki Azərbaycan mətnindən biri idi. Mirzə Kazım bəy onun Rusiya paytaxtına necə gəlib çıxmasını dəqiqləşdirə bilməsə də, 1829-cu ilin aprelində Tiflisdə, "bir rus zabitinə məxsus olduğunu" göstərmişdi. Alimin xahişi ilə həmkarı akademik Dorn həmin nüsxənin surətini çıxarıb Kazana göndərmişdi.

 

"Bu nüsxələrin hamısı Azərbaycan dilində yazılıb" - deyə Mirzə Kazım bəy dillə bağlı məsələyə xüsusi diqqət yetirmişdi. Eyni zamanda əvəzliklərin (məsələn, "mən" yerinə "ben"), xəbər sonluqlarının (məsələn "olur" yerinə "oluyor") dəyişdirilməsi nəticəsində istifadə etdiyi Azərbaycan mətnlərinin qismən Osmanlı türkcəsinin qrammatik qaydalarına uyğunlaşdırılması da tədqiqatçının diqqətindən yayınmamışdı. Şəxsi kitabxanasında saxlanan "Dərbənd nüsxəsinin" dilində ərəb-fars ifadələrinin çox işlənməsinə baxmayaraq, Şimali Azərbaycan əhalisinin danışıq xüsusiyyətlərini daha dəqiq əks etdirdiyini vurğulamışdı.

 

Əlyazmasının türk mətnləri arasındakı müxtəliflik təəssüratı yaradacaq dərəcədəki nüsxə fərqlərini Mirzə Kazım bəy ərəb əlifbasının mürəkkəbliyi - eyni hərfin sözün əvvəlində, ortasında və sonunda müxtəlif şəkildə yazılması ilə izah etmişdi. Fikrini əsaslandırmaq üçün "Şərqin böyük şairlərindən biri" adlandırdığı "Molla Məhəmməd Füzuli Bağdadinin hiss və duyğularının yeganə tərcümanı olan gözəl Divanından" götürdüyü beytlərə müraciət etmişdi:

 

Qələm olsun əli ol katibi-bədtəhririn,

 

Ki, fəsadi qələmi sözümüzü şur eylər.

 

Gah bir hərf süqutilə qılar nadiri nar,

 

Gah bir nöqtə qüsurilə gözü kur eylər.

 

Eyni hal "Dərbəndnamə" əlyazmasının da başına gəlmişdi. Onun üzünü köçürən katiblər söz və ifadələri bir sıra hallarda bilik və ədəbi-bədii zövqlərinə, yaxud yaşadıqları regionun dil xüsusiyyətlərinə görə dəyişmişdilər. Mirzə Kazım bəy çap məhsullarının yayılmadığı dövrdə bu vəziyyətin Şərq ölkələri üçün qaçılmaz olduğuna diqqəti çəkərək yazırdı: "Əlimizdə çoxlu inandırıcı dəlillər var ki, türkcənin dialektlərindən birində yazılmış kitabın dil və üslubu eyni dilin digər dialektinin təsirinə uğraya və bundan ziyan görə bilər. Həm də üslub nə qədər sadə olursa, dəyişikliklər də bir o qədər çox olur. Məsələn, təmiz və asan türk dilində yazılmış bir əsər götürün, Kazan, yaxud Orenburqdan olan katibdən onun üzünü köçürməyi xahiş edin. Sonra eyni əlyazmanı ağartmaq üçün başqa bir tatara verin. Nəticədə, üzü yenidən köçürülən beşinci nüsxədə dilin ilkin mənbə ilə əhəmiyyətli dərəcədə fərqləndiyini görəcəksiniz. Bu vəziyyət hər dəfə yenidən eyni qaydada  təkrarlanacaq və deyək ki, on beşinci nüsxə ilə tanışlıq zamanı siz onun orijinalını çətin ki, müəyyən edə biləcəksiniz..."

 

Türk mətnləri ilə bir sırada əlyazmanın fars dilində olan iki nüsxəsi də diqqətlə gözdən keçirilmişdi. Bunlardan biri EA-nın Asiya Muzeyində, digəri isə Sankt-Peterburq Ümumi kitabxanasında mühafizə olunan nüsxələr idi. Digər dillərə tərcümələr ya türk, ya da fars nüsxəsindən edilmişdi. Eyni zamanda türkcə mətnin fars dilinə çevrilməsi halı (Allahyar adlı bir nəfər şəxsin tərcüməsi) da mövcuddur. Fərqli dillərdəki mətnləri oxuyub tutuşdurmaq, hansının orijinal, hansının tərcümə olduğunu dəqiqləşdirmək, yazılma və köçürülmə tarixini müəyyən etmək, müəllifin kimliyini aydınlaşdırmaq uzun-uzadı axtarış və zəhmət tələb etmişdi. İş prosesində yeni nüsxələrin aşkara çıxması məsələni daha da mürəkkəbləşdirmişdi. 

 

 

 

1841-ci ilin sonunda akademik Frenə göndərdiyi məktubların birində Mirzə Kazımbəy yazırdı: "Mən indi "Dərbəndnamə"ni tərcümə etmək fikrinə düşmüşəm. Tərcümə tam şəkildə iki-üç ay sonra hazır olacaq. Soruşursunuz ki, "Dərbəndnamə"ni niyə ingiliscəyə çevirmişəm, üstəlik,müqəddiməni də ingilns dilində yazmışam? Mənə elə gəlir ki, əsərin nəşri və geniş dairədə yayılması baxımından bu, daha əlverişlidir. Məni ilk növbədə yazılarımı necə çap etdirmək fikri daim narahat edir. Əsərin ruscaya, yaxud başqa bir dilə tərcüməsinə gəldikdə isə çap məsələsi həllini tapandan sonra bu, həmişə mümkündür. Sizdən nə gizlədim, son vaxtlar fikrimi bir-birinin ardınca müxtəlif maraqlı mövzular cəlb edir. Lakin hər şeyə rəğmən, birinci növbədə "Dərbəndnamə"ni hazır şəkildə görmək, əsər haqqındakı qeyd və mülahizələri eşitmək istəyirəm. Kitab şəklində nəşrinə gəldikdə isə bu məsələ ilə bağlı aşağıdakı planlarım var: a) ingilis mətni ilə birlikdə Azərbaycan dilindəki mətni də çapa hazırlamaq; b) əlyazmasını Y.Klaprotun annotasiyalarından da faydalanmaqla tam şəkildə çap etdirmək; c) sonda şərhlər və illüstrasiyalar əlavə etmək; d) Dərbənd tarixini araşdırmış Təbəri, İbn-əs-Sami və b. müəlliflərin əsərlərinin qısa icmalını vermək. Nəhayət Sankt-Peterburq əlyazmasında rast gəldiyim başlıca nüsxə fərqlərini və əlavələri də göstərmək..."

 

Əsər üzərindəki iş 1843-cü ildə başa çatmışdı. Peterburq EA vitse-prezidentinin 14 dekabr 1843-cü il tarixli məktubunda göstərilirdi ki, "Kazan universitetinin professoru Mirzə Kazımbəy elm aləmində məşhur olan "Dərbəndnamə"ni ingilis dilinə çevirərək şərhlərlə birlikdə nəşrə hazırlayıb. İndi isə Akademiya qarşısında çapı məsələsini qaldırır".

 

Akademiya da öz növbəsində tərcüməni rəy üçün tanınmış üzvlərindən birinə - akademik Dorna göndərmişdi. Dorn əhatəli rəyində əsərin məziyyətləri haqda uzaqörənliklə, eyni zamanda həmkar səmimiyyəti və prinsipiallıqla "kitabın müəlliflə yanaşı,naşirinə və universitetə böyük şöhrət gətirəcəyini" bildirmişdi. Bu, 1843-cü ildə olmuşdu. Sonrakı illərdə Mirzə Kazım bəy Peterburq EA-sına, həmkarları Dorna və Frenə məktublarında dönə-dönə çap məsələsini qaldırsa da, birdən-birə elə bil əsərə maraq azalmış, arxa plana keçmişdi. Beləcə böyük zəhmət bahasına qısa müddət ərzində nəşrə hazır vəziyyətə gətirilmiş "Dərbəndnamə"nin  çapını əvvəldə də qeyd edildiyi kimi, səkkiz il gözləməli oldu.

 

Alim ingilis nəşri ilə bir sırada fransızca da həcm baxımından o qədər də böyük olmayan icmal xarakterli mətn hazırlamışdı. Bu mətn 1849-cu ilin iyununda Kazandan Parisə, "Journal Aziatique" redaksiyasına göndərilmişdi. İki il sonra isə mükəmməl ingilis-Azərbaycan nəşri ilə eyni vaxtda Peterburqda broşüra şəklində çap edilərək elmi dairələrdə yayılmışdı.

 

(Davamı var)

 

 

Vilayət QULİYEV

Filologiya elmləri doktoru

 

525-ci qəzet.- 2022.- 23 aprel.- S.10-11.