Arzusuna qovuşan qəhrəman
Ötən
il Zəfər günündə
Naxçıvan Muxtar Respublikasının Kəngərli
rayonunda Bayraq meydanı istifadəyə verildi. Üçrəngli
bayrağımız şəhidlərimizin əziz xatirəsinə
və Zəfər gününün şərəfinə əbədi
yüksəkliyə ucaldıldı. 2,5
hektar ərazini əhatə edən Bayraq meydanı milli
ornamentlərin - buta və Xarıbülbülün əks
olunduğu memarlıq elementləri ilə dizayn edilib.
Meydanın 8 Noyabrda - tarixi Zəfər günündə
istifadəyə verilməsinin digər bir rəmzi mənası
da vardır: Muxtar respublikanın ən gənc rayonu olan Kəngərli
əhatə etdiyi ərazisi etibarilə qədim tarixə
söykənir. O qoca tarix bir çox hadisələrin -
müharibələrin şahidi olub. Vətəni,
eli-obanı qorumaq həm də güc tələb edib. Vətəni müdafiə etmək eşqi
döyüşkən, mübariz, vətənpərvər nəsil
yetişdirib. O nəsil isə vətənpərvərliyi
ali dəyər kimi özündən
sonrakı nəsillərə miras olaraq ötürüb. Zəfərlə
bitən Vətən müharibəsində Kəngərlidən
olan döyüşçülərin də payı az deyil.
Xəyalla
Yusifin dünyası
Bayraq meydanının yaxınlığında, rayon mərkəzində
- Qıvraq qəsəbəsində ucalan yeddimərtəbəli
binanın qarşısındayam. Nərmin xanımla
görüşüb evə daxil oluruq. Uşaqların
- Xəyalla Yusifin şən gülüşü mənzili
bürümüşdü. Başları
oyuna elə qarışmışdı ki, evə qonaq gəldiyinin
fərqində belə deyildilər. Əslində,
onlar heç nəyin fərqində deyildilər,
çünki uşaq ağlı müharibə,
soyqırımı, faciə kimi insanlığa zidd nəsnələri
qavramağa hazır deyil. Onlar üçün dünya
sülh rəmzi olan ağ göyərçinlər,
dəniz mavisi səma, çəmənləri, düzləri
bəzəyən al yanaqlı lalələr qədər rəngarəngdir.
Hələ də inanırlar ki, bir gün qapını qonaq
deyil, ataları Fuad döyəcək...
Bütün gerçəklər isə analıqla
yanaşı, atalıq missiyasını da yerinə yetirməyə
məhkum edilən Nərmin xanımın hüzn dolu
baxışlarında donub qalıb. 5 oktyabr 2020-ci il
tarixində...
Bəs kimdir Nərmin xanımın baxışlarına
yoxluğunun nəqşini vurmuş qəhrəman? Kimdir Nərmin
xanımın zərif çiyinlərinə ağır
yükü qoyub gedən adam?
Suqovuşan
- arzulara qovuşduran...
İsmayılov Fuad Murad oğlu 26 oktyabr 1986-cı ildə
Şərur rayonunun Qıvraq kəndində (o vaxt Qıvraq
Şərur rayonunun tabeliyində idi) anadan olub. Qıvraq 1 nömrəli
orta məktəbin 8-ci sinfini bitirdikdən sonra sənədlərini
Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə verib. 2002-2005-ci illərdə
liseydə təhsilini başa vurub Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə
daxil olub. 2009-cu ildə motoatıcı
ixtisası üzrə həmin məktəbi bitirib. Azərbaycan
Ordusunun Təlim və Tədris Mərkəzində 1 il kurs keçib. Xidmətə
başlayan leytenant Fuad İsmayılov mayor rütbəsinədək
yüksəlib. 2019-cu ildən "N" hərbi
hissəsində tabor komandiri vəzifəsində xidmət
edib. 27 sentyabr 2020-ci il tarixində
başlayan Vətən müharibəsində Suqovuşan
istiqamətində gedən döyüşlərdə
iştirak edib.
Suqovuşanın azad edilməsi strateji
nöqteyi-nəzərdən çox böyük əhəmiyyət
kəsb edirdi. İllərlə düşmən
tərəfindən burada çox güclü istehkamlar
qurulmuş, sədlər yaradılmışdı. Talış kəndinin və Suqovuşanın yerləşdiyi
ərazidə düşmənin çox böyük canlı
qüvvəsi yerləşmişdi. Çünki
bu qəsəbənin əldən getməsilə Azərbaycan
Ordusunun gələcək əməliyyatlarında tam
üstünlük təşkil edəcəyini düşmən
yaxşı bilirdi. Bütün strateji
yüksəkliklərdə, qəsəbəyə gedən
yüksəkliklərdə düşmənin yerləşməsinə
rəğmən Talış kəndi və Suqovuşan
oktyabrın 3-də işğaldan azad edilir. Azərbaycan Ordusu böyük qəhrəmanlıq və
fədakarlıq göstərərək şiddətli
döyüşlər nəticəsində Talışı və
Suqovuşanı azadlığına qovuşdurur.
Müharibənin ilk günlərində strateji əhəmiyyətli
Suqovuşanın işğaldan azad edilməsi böyük uğur idi. Bu uğura imza atanlardan biri də Fuad İsmayılov
idi. Döyüş yoldaşı polkovnik-leytenant Əkrəm
Şadmanov Fuad haqqında bu sözləri söyləyib:
"Fuad Azərbaycan zabitinə xas müsbət keyfiyyətlərə
sahib komandir idi. Komandir kimi idarəçiliyi,
qayğıkeşliyi, yüksək hərbi bilikləri və
şəxsi keyfiyyətləri tabeçiliyində olan hər
bir şəxsdə ona qarşı sevgi və rəğbət
qazandırmışdı. Vətənpərvərliyi,
cəsurluğu və idarəçilik qabiliyyəti
döyüş meydanında əsgərlərinə ruh
yüksəkliyi aşılayırdı. Torpaqlarımızın
işğaldan azad olunması uğrunda döyüşlərə
atılmaq, bu müqəddəs yolda, Vətən uğrunda
can vermək onun çoxdankı arzusu idi. O, mayor rütbəsinədək
yüksəlmişdi, Suqovuşan onu daha ali
mərtəbəyə - şəhidlik mərtəbəsinə
yüksəldir və arzusuna qovuşdurur. Fuad
İsmayılov 14 yaşından taleyini hərb peşəsinə
bağlayan, canını Vətənə fəda edən rəşadətli
zabitdir!"
Fəxri
xiyabana aparan yol...
-
Bakıda yaşadığımız müddətdə bir
neçə dəfə desəm də, o, məni Şəhidlər
xiyabanına aparmadı. Həmişə deyərdi
tələsmə, vaxtı çatanda gedəcəksən.
Düşünürdüm ki, yəqin, həssas
olduğumu nəzərə alıb sıxılmayım deyə
məni ora aparmır. Sən demə...
Aprel döyüşləri başlayanda həvəslənmişdi,
bizi də aparacaqlar deyirdi, lakin aparmadılar. Buna üzülmüşdü.
Peşəsini o qədər sevirdi ki, məzuniyyət
dövründə belə evdə otura bilmirdi, işinə
gedirdi. Bəzən evdə belə
olduğunu unudur, hərbi nizam-intizam qaydalarına müvafiq
davranış sərgiləyirdi. Mən anlayırdım
ki, bu onun hərbi xidmətə aludəçiliyi ilə əlaqədardır,
- Nərmin xanım dedi.
Biz Naxçıvanda idik. Avqustda məzuniyyətə
çıxıb gələcəkdi. Xəyallarımız
var idi. Oğlumuz Xəyalı birlikdə məktəbə
aparacaqdıq. Özü gələcəkdi
deyə sənədlərini belə hazır etməmişdik.
Elə xəyal olaraq da
qaldı. Fuad daha müqəddəs
arzularının arxasınca getdi. Mənə
təlimdə olduğunu deyirdi. Şəhid
xəbərini alanda anladım ki, döyüşdə
imiş. Bakıda İkinci Fəxri
xiyabanda dəfn olunub. Sən demə, Fəxri
xiyabana ziyarətim fəxrimlə - Fuadla
başlayacaqmış. O, sanki natamam bir kitabı qəhrəman
şəhidlərimizlə birgə tamamladıqdan sonra mənə
oxumağa izn verdi. O kitabın səhifələrində
30 illik yurd həsrətinə son verən zəfər sevinci
vardı. O kitabda yarımçıq qalmış
ömürlər, arzular vardı, həm də bütün
bunları üstələyən Vətən, yurd məhəbbəti.
Fəxri xiyabana ilk gəlişim idi, gerçəklərlə
üz-üzə dayanmışdım. Mən
tək Fuadı deyil, həmin günü cəmi torpaq altda
yatan şəhidlərimizi bütün ruhumla anladım.
Anladım ki, Vətən torpaqlarının
üstündə biz rahat və güvənlə yaşayaq
deyə, altı da möhkəm olmalı, güvənli
olmalı. Şair nə gözəl demiş:
"Basdığın yerləri torpaq deyərək keçmə,
tanı, Düşün altında minlərcə kəfənsiz
yatanı". Mən Fuadla fəxr edirəm.
Sadəcə bir kəlmə pıçıldadım: Arzuna
çatdınmı?
Torpaqların işğaldan azad olunması
hamımızın arzusu idi. Onlar tək özlərini
deyil, bizi də arzumuza qovuşdurdular. Allahdan
bütün şəhidlərimizə rəhmət diləyirəm.
Nə qədər güclü dayanmağa
çalışsa da, gözləri bulaq kimi
çağlayırdı. Axı ona verilən
suallar bitməyib hələ də. Bəlkə də
ömrünün sonunadək davam edəcək...
-
Kiçik oğlumuz Yusifin 5 yaşı var. "Hamının
atası gəlir. Bəs mənim atam haçan
gələcək? - deyə sual edir. Xəyalsa hələ də öz xəyallarını
qurur. Atam gəlsin, ta şuluq etməyəcəm,
sözə baxacam, birlikdə yenə parka gedək. Deyirəm, sən dərslərini yaxşı oxu, o
səni görür, izləyir. Bəzən özüm
də uşaqlaşıram, gözüm qalır qapıda, elə
bilirəm Fuad haçansa gələcək...
Yusif əlində silah oyuncaqla oynayırdı. Xəyalla dialoqum isə
çox qısa oldu:
- Böyüyəndə kim olmaq istəyirsən?
- Əsgər!
"Biz
övladlarımızı bu ruhda böyütdük"
Fuad İsmayılovun atası Murad İsmayılovla həmsöhbətik. Ömrünün 45 ilini idman müəllimi kimi
fəaliyyət göstərən Murad İsmayılov o
ağır günlərin şahididir. 3
oğul, bir qız övladı böyüdüb. Oğullarının hər üçü hərb
peşəsini - Vətəni qorumaq peşəsini seçib.
"İtirilmiş torpaqlar, üstəgəl
Xocalı faciəsi. Biz bunların şahidi olaraq necə
rahat ola bilərdik? Həmin
dövrdə müəllimlər də səfərbər
oldular, əməklərini vətənpərvər şagirdlər
yetişdirməyə sərf etdilər. Fikir
versəniz, Kəngərli rayonu üzrə nə qədər
gənc hərb peşəsinə yönəlib. Elə təkcə rayonun Xok kəndi Vətən
müharibəsində 7 şəhid verib. Mən
də həm bir müəllim, həm valideyn olaraq
övladlarımı bu ruhda böyütdüm. Fuad ailənin ilk övladıdır. Mən fəxr
edirəm ki, torpaqlarımızın işğaldan azad edilməsində
biz İsmayılovlar ailəsinin də payı var. "Ata qəhrəman
övladı ilə qürur duysa da, gözləri dolur, nəzərlərini
qaçırmağa çalışır: "Sonuncu dəfə
bizimlə 3 oktyabrda danışdı. Çox
şən idi. Ayın 4-ü zəng eləmədi.
5 oktyabrda qəfil zəng gəldi. Oğlunuz şəhidlik mərtəbəsinə
ucaldı, dedilər. Bu, mənim 5 oktyabr - Beynəlxalq
Müəllimlər gününə heç vaxt
unutmayacağım hədiyyəm idi bəlkə də... Axı mən Fuadı bir döyüşçü
kimi yetişdirmişdim".
Sınaqlardan
üzüağ çıxan qəhrəman
Heydər
Əliyev adına Hərbi Liseyin 2005-ci il
buraxılışına həsr olunmuş "Mən sərkərdə
olacağam" adlı kitabdan Fuad İsmayılovun
yazısını oxuyuruq: "Hələ sovet dövründən
Qıvrağın düz mərkəzində hərbi hissə
yerləşib. İndi Qıvraqdakı hərbi
şəhərcikdə Azərbaycan oğulları əsgəri
borclarını şərəflə yerinə yetirir,
müasir hərb elminin sirlərinə yiyələnirlər.
Mən də gələcəkdə Azərbaycan
Ordusunun zabitlər korpusunda öz yerimi tutacağamsa, buna
hamıdan çox valideynlərim və dostlarım sevinəcəklər.
Mən bu yolda bütün çətinliklərə
sinə gərməyə, sınaqlardan kişi kimi
çıxmağa hazıram".
Püruzə ana söhbətə qatıldı. Dedi ki, otağında düzəltdiyimiz guşəsinə diqqətlə baxsanız, fotolarla yanaşı, qəzet nümunələri də görəcəksiniz. "Tarixdə baş vermis hadisələri, xüsusən də Fuada çox pis təsir edən Xocalı faciəsi ilə bağlı yazılmış materialları yığıb saxlayır, əsgərlərinə bu mövzular barədə danışırdı. Deyirdi ki, gec-tez biz düşməndən qisasımızı alacağıq. O, öz arzusuna çatdı. Suqovuşanda gedən döyüşlər zamanı şəhid oldu. 5 gün döyüş meydanından çıxarmaq mümkün olmadı. 10 oktyabrda İkinci Fəxri Xiyabanda torpağa tapşırıldı. Onunla təsəlli tapıram ki, torpaqlarımız azad olundu və Fuad öz arzusuna çatdı".
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuzun igid zabit və əsgərləri bizim də həsrətimizə son verdilər. Şanlı tarix yazdılar, şanlı ordumuzun şanlı qəhrəmanları! Bu tarixdə mayor Fuad İsmayılovun da adı və əməyi var. Xidməti dövründə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 90, 95, 100 illik yubiley medalları, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Ölümündən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "İgidliyə görə", "Suqovuşanın azad olunmasına görə" medallarına və 3-cü dərəcəli "Rəşadət" ordeninə layiq görülüb.
Səninlə qürur duyuruq, gənc və gələcək nəsillərə örnək qəhrəman!
Ruhiyyə RƏSULOVA
Naxçıvan televiziyasının baş
redaktoru
525-ci qəzet.- 2022.- 26 aprel.- S.14..