Elxan Yurdoğlunun
yeni kitabı təqdim olundu
Aprelin 23-də "kitabevim.az"da şair Elxan Yurdoğlunun "Payızda gilənar dadı" adlı şeirlər kitabının
təqdimat və imza mərasimi keçirilib. Mərasimdə
AMEA N.Gəncəvi adına Ədəbiyyat
İnstitutunun əməkdaşları,
müəllifin qələm
dostları, tanınmış
ədəbiyyat və
incəsənət nümayəndələri,
oxucular və jurnalistlər iştirak ediblər.
Tədbiri moderator Fariz Yunisli
açaraq bildirib ki, Elxan Yurdoğlu
təkcə Naxçıvan
ədəbi mühitində
deyil, ümumən bütün Azərbaycan ədəbi mühitində
tanınan və sevilən şairlərdən
biridir. Onun şəxsiyyətiylə yaradıcılığı vəhdət
təşkil edir.
Həmçinin, E.Yurdoğlunun Naxçıvan
Milli Elmlər Akademiyasındakı fəaliyyətindən
də bəhs edən F.Yunisli onun ədəbiyyatşünaslığın
inkişafına da öz töhfələrini
verdiyini vurğulayıb.
Sənətşünas Əsəd Quliyev çıxışında diqqəti
şairin ədəbi
təxəllüsünə çəkib və bildirib ki, Elxan
Yurdoğlu sözünün
mayasında yurd, vətən durur. O, yurduna,
elinə, vətəninə
bağlı insandır.
Onun bütün fəaliyyəti də məhz vətəninə
layiqli vətəndaş
ola bilmək
yönündədir. E.Yurdoğlu yaradıcılığında
da hər zaman bunu tərənnüm
edir.
AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun
əməkdaşları Fidan
Nizaməddin, Gülnar
Qəmbərova çıxış
edərək E.Yurdoğlu
poeziyasının məziyyətlərindən
danışıb, onu
həmçinin, bir həmkar kimi də dəyərləndiriblər.
Milli Məclisin
Mədəniyyət Komitəsinin
eksperti, şair, publisist Əkbər Qoşalı E.Yurdoğlundan
həm şair, həm alim, həm də ictimai xadim kimi
bəhs edib. O, vurğulayıb
ki, E.Yurdoğlu paytaxtdan uzaqda yaşasa da, hər zaman qaynar ədəbi mühitin içərisində
olub. O, təkcə şeirləriylə, poeziyasıyla
deyil, eləcə də, ayrı-ayrı qələm sahibləri haqqında ədəbiyyatşünas
mövqeli yazılarıyla
ədəbi tənqidin
inkişafına da öz töhfələrini
verməkdədir. Şairi yeni
kitabı münasibətiylə
təbrik edən Ə.Qoşalı ona daha böyük yaradıcılıq uğurları
arzulayıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetin müəllimi İlkin Əsgər çıxışında qeyd
edib ki, E.Yurdoğlu təkcə öz hisslərini qələmə almır. O, həmçinin,
dövrünün, yaşadığı
zamanın nəbzini tuta bilən, oxucusuna xitab edərək onu düşündürməyi bacaran
şairdir.
Şair Arzu Nehrəmli müəllifin Vətən
sevgisindən və yurd məhəbbətli poeziyasından bəhs edib. Bildirib ki, Elxan Yurdoğlu təkcə doğulub, boya-başa çatdığı, hazırda
həyatını davam
etdirdiyi Naxçıvana
deyil, bütünlüklə
Azərbaycana bağlı
bir şirdir. Onun Vətən müharibəsi
və ondan sonrakı dövrdə qələmə aldığı
vətənpərvərlik mövzulu, şəhidlərimizə
xitabən yazılmış
şeirlər bunu bir daha sübut
edir.
Daha sonra yazıçı Aləm Kəngərli, folklorşünas alim, dosent İlhamə Qəsəbova, şairin ilk müəllimi Mehriban Məmmədova, şairlər Sevda İbrahimova, Gülnar İbrahimli, İbrahim Yusifoğlu, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəki Bayram, yazıçı Güllü Məmmədova, ədəbiyyatşünas, dosent Seyfəddin Eyvazov, Əməkdar jurnalist Mətanət Məmmədova və başqaları şairi yenicə çap olunmuş "Payızda gilənar dadı" kitabı münasibətiylə təbrik edib, ona daha böyük yaradıcılıq uğurları arzulayıblar.
Tədbirdə Vətən müharibəsi şəhidi Toğrul Hacıyevin qızı Ləman Hacıyeva E.Yurdoğlunun şəhidlərimizə həsr olunmuş şeirini ifa edib.
Sonda müəllif E.Yurdoğlu tədbirdə iştirak edən və söz alan hər kəsə öz təşəkkürünü bildirib.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2022.- 26 aprel.- S.11.