Hüseyn Cavid haqqında virtual sərgi açılıb

 

Bu il görkəmli Azərbaycan şairi, yazıçı və dramaturq, ədəbiyyatımızda romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavidin 140 illik yubileyi tamam olur. Görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin 140 illik yubileyinin keçirilməsi ilə əlaqədar Mədəniyyət Nazirliyinin tədbirlər planına müvafiq olaraq Milli Kitabxananın əməkdaşları tərəfindən “Hüseyn Cavidmövzusunda virtual sərgi hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə dahi şəxsiyyətin müəllifi olduğu kitablar, fotolar, haqqında yazılan kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Huseyn_Cavid/index.htm linkindən istifadə edə bilərlər.

Qeyd edək ki, Azərbaycan xalqının XX əsrdə yetirdiyi ən böyük şəxsiyyətlərdən olan milli romantik şeirin və mənzum faciənin banisi, filosof-şair və istedadlı dramaturq Hüseyn Cavid ictimai fikir tarixində böyük rol oynayıb. Hələ sağlığında öz orijinal sənət yolu ilə milli ədəbi-ictimai fikrin diqqətini yaradıcılığına cəlb etmiş Hüseyn Cavid irsi günahsız yerə repressiya olunduqdan sonra, bir müddət yasaq edilsə də, əsl vətənpərvər ziyalıların xatirindən bir an da çıxmamış, yeri gəldikcə, şifahi şəkildə olsa da, təbliğ edilmişdir. Bütün böyük klassiklər kimi, Hüseyn Cavid də zamanın sınağından alnıaçıq çıxaraq, layiq olduğu bəraəti almışdır.

Millətini, xalqını, sahib olduğu milli dəyərlərini canından artıq sevən böyük mütəfəkkir bütün həyatı boyunca həqiqət uğrunda mübarizə aparıb, xalqını, millətini xoşbəxt görmək üçün qələmlə çalışıb. Şairin fikrincə, bu xoşbəxtlik yüksək təhsil və mədəniyyətlə mümkündür. Bunun üçünazad yaşamaq, öz dövlətinin sahibi olmaq əsas şərtdir.

Milli poeziyamızda fəlsəfi lirikanın təkrarsız nümunələrini yaratmış Hüseyn Cavid mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələ yaradıb. Onun yaradıcılığı Şərqin estetik fikir tarixidünya romantizm ənənələri ilə sıx bağlıdır. Dahi sənətkarın zəngin irsinə “Keçmiş günlər”, “Bahar şəbnəmləri” şeirlər silsiləsi, “Azər”, “Kor neyzən” poemaları, “Ana”, “Maral”, “Şeyx Sənan”, “İblis”, “Şeyda”, “Uçurum”, “Afət”, “Peyğəmbər, “Topal Teymur”, “Knyaz”, “Səyavuş”, “Xəyyam”, “İblisin intiqamı” dramları, ədəbi, elmi, ictimai baxışlarını əks etdirən məqalələri, məktubları daxildir. “Atilla” (Gözəl Eyida), “Çingiz”, “İblisin ilhamı”, “Telli saz”, “Şəhla”, “Koroğlu” adlı əsərləri isə müsadirə olunub.

 

525-ci qəzet.- 2022.- 26 aprel.- S.9.