"...Həyat bir tərəfdən,
ölüm bir yandan Yapışıb yaxamdan,
qır-saqqız olub..."
ANAMIN ÇÖRƏYİ
Məni
ölümdən deyil,
Ölümlərdən qoruyub,
Hər dəfə oysanata
Keçib ana, çörəyin!
İndi
bildim hamını
Niyə
belə doyurur,
Bu qədər müqəddəsdi
Neçin ana, çörəyin!
Bir tikə kəsən kimi,
Canımın canı olub,
Qaynayıb damarımda,
Qanımın qanı olub.
Süfrəmin dadı olub,
Ağzımın tamı olub,
Məni
doyurmaq üçün
"acıb", ana, çörəyin?!
Sənin
dualarınla baş
Olmuşam baş ilə,
Yeyib səpdiyin dəni
Quş olmuşam
quş ilə.
Düşmən məni daş ilə,
Mən düşməni aş ilə...
Alır
hələ düşməndən
Öcü, ana, çörəyin!
Nəfəsinlə yoğurub
Yapmısan seçdiyini,
Bərəkətlə tapmısan
Evini-eşiyini...
Oğlun
aylar- illərlə
Yüz dəfə ölçdüyünü
Bircə
dəfə nə gözəl
Biçib, ana, çörəyin?
Çörəksiz qalmamışam
Heç
zaman bircə an da,
Necə
ki, sağ olmusan,
var olmusan cahanda.
Çörək bişirmək üçün
Urva, un olmayanda,
Bişib
ana ürəyin,
Bişib,
ana, çörəyin!
YAXA
Hardan qənşərinə çıxdım
bilmirəm,
Ya bişmiş yaxamın,
Ya xam yaxamın.
Mənə də Allahın
yazığı gələ,
Əlindən qurtara yaxam yaxamın!
Baxıb
sevinmədi könül
doyunca,
Bir qırıq...
Bu cırıq yaxamla
bir an.
Bəlkə bilməmişəm ömür
boyunca,
Elə öz yaxammış yaxamı cıran?!
Günəşin köynəyi göylər,
üfüqlər,
Cırılır onun da qürub
yaxası.
Kim ki, bu dünyada
böyükdü, nəsə,
Özündən böyükmüş cırıq
yaxası?!
Kaş elə bir gülüb
min ağlayaydım,
Gələn bir bəlanı duyaydım gərək.
Özümə vaxtında gün
ağlayaydım,
Yaxasız köynəklər geyəydim
gərək!
Gözünü dikəndə gözümə
dikdi,
Nə fərqi,
bir nəfər olsun, ya hamı.
Məni
atım-atım etmək
istəyən,
Atım-atım etdi əvvəl yaxamı.
Sən də saqqız sanıb, a zalım, çeynə,
Saqqız
qıra dönüb,
Qır saqqız
olub.
Mən necə yaşayım, mən necə ölüm,
Həyat
bir tərəfdən,
ölüm bir yandan
Yapışıb yaxamdan, qır-saqqız
olub!
Görsə yezidin də yazığı gələr,
Özüm can verirəm... yaxam
diridir.
Məni
öldürəndə yaxam
öldürür,
Məni dirildəndə yaxam dirildir?!
Bu dünya yaxasız adamla dolu,
Çalışır hər şeyi
Söhbət-söz etsin.
Çalışır yaxamdan bir azca cırsın,
Özünə yaxamdan yaxa düzəltsin.
Elə yox oluram, var
oluram ki,
Nə bir oram qalır, nə də ki buram.
Elə darılıram, az
qalıram ki,
Özüm öz-özümün yaxamı
cıram.
Yıxmağa qaçmayın, yıxan
var məni,
Bu yaxa deyilən nə müdhiş zalım!
Günahım bumu ki, yaxam var mənim,
Yaxamı yaxamdan necə qurtarım?!
***
Qansızı qana bələdi,
cansızı cana gətirdi,
Tanrı elə bundan ötrü məni cahana gətirdi.
Məni
də Dara çəkdilər sanki Mənsur Həllac bilib,
Nəsimi Dardan düşəndə
növbəni mənə
ötürdü.
Mən öz bağrımın başında bağ saldım, bağça bəslədim,
Mən də əkdiyim ağaclar çox şükür ki, bar yetirdi.
Girib sənət çəmənində
bir bağbana döndü könlüm,
Dərdiyin dərdi, götürdü,
gördüyün gördü,
götürdü.
Demişdilər könül olar dönüb
ağlın ağlı
olsa,
Ağlım könülə döndüksə
gördüm ağlımı
artırdı.
Diqqətlə fikir verənlər
nə yazdım, oxuya bilər,
Mən keçdiyim
yollar, izlər bənd-bənddi, sətir-sətirdi.
Yerə
bağlılığım qədər kainata da bağlıyam,
Qardaş, bu cür şairliyi
mənə yetirən
yetirdi.
Əvəzimə şair olmaq fikrindən də keçmədi heç
Ay durduğu yerdə durdu, Günəş yerində oturdu.
Səssizlər səsini buldu, dönüb sarı bülbül oldu,
Əsillər əslini tapdı, çünki nəfsini itirdi.
Mən ocaqda isinirəm, ocaqlar məndə isinir,
Görmürsənmi canım yanır, yanğısı
çıtır-çıtırdı!
Heç
vaxt məqsədim olmadı elə-belə şeir yazmaq,
Barat hər şeir
yazanda qələmi qana batırdı.
***
Bu çöl varılmaq üçündü,
Varılmadan çölmü olur?
Bu qol sarılmaq üçündü,
Sarılmadan qolmu olur?
Öz sinəni ahına gər,
Girsən könül bağına gir.
Dərdiyini ruhunla dər,
Dərilməyən gülmü olur?
Yerindən barı durasan,
O yara sarı durasan.
Öpəsən, yarı yorasan,
Yorulmadan yarmı olur?
Deyirlər ki, öl dibində,
Sevin, ağla,
gül, dibində.
Evin olsun kol dibində
Bənövşəsiz kolmu olur?
Qoyma ki, yolun tutulsun,
Lap indi də gün tutulsun.
Əl
tut ki, əlin tutulsun,
Tutulmayan əlmi olur?
Canım
qurban olsun mərdə,
Sağ,
sol yox ər oğlu ərdə!
Döyüşəndə igidlərdə
Sağmı olur, solmu olur?
Bulduğunu göz-qaşla bul,
Qurduğunu qur, başla, qur!
Barat, vaxtdı, yol başla, dur,
Gedilmədən yolmu olur.
***
Yaz başlayır o saat, qış varıb çıxıb gedir,
Nə zaman ki, açılır donu şeirlərimin.
Səhərim-axşamımdı, axşamım-səhərimdi,
Əvvəlidir biləsən sonu şeirlərimin.
Həsrəti həsrətimdi, sevinci
sevincimdi,
Kədərimdi, qəmimdi qəmi şeirlərimin.
Elə ki, ürəklərdə
başlayır Nuh tufanı,
Bilirəm, zamanıdı gəmi şeirlərimin.
O dəyqə yazan kimi ortaya çıxartmıram,
Hələ bişsin istərəm xamı şeirlərimin.
Qoymur məni də heç vaxt Allahı unutmağa,
Var mürvəti,
imanı, dini şeirlərimin.
Yaz, deyir, axırımız görək nolacaq şair,
Yoxdu, biləsən yoxdu günü, şeirlərimin.
Şeir
hayandan gəlir-deyəndə,
şeirim gəlir,
Pişvazına duraydı hamı şeirlərimin.
Bu qədər ki, yaşadım, bu qədər ki, öldüm mən,
Yaşayacam torpağı sanı şeirlərimin.
Gözlərim Şəhriyartək yollara dikiləndə,
Onu axtarır
gözü, Onu, şeirlərimin?
Hiss edirəm Qeybdən vururlar damarıma,
Mənə nə gözəl düşür qanı, şeirlərimin.
Ürəklər öldürəmməz, küləklər söndürəmməz,
Yananda haqdan yanır şamı şeirlərimin?!
Bəzən döyüşə girir, Koroğlutək cəng edir,
İgidtək şəhid olur... tanı şeirlərimi?
Bəşərin baxtı kimi, Allahın taxtı kimi,
İstərəm gəzsin gəzən məni-şeirlərimi.
Nə vaxt könlün istəyir Baratı görmək üçün,
Gəl yanına aparım səni şeirlərimin!
Barat
VÜSAL
525-ci qəzet.- 2022.- 27 aprel.- S.23.