Milli estetik təfəkkürdə Xurşidbanu Natəvan obrazı

 

TARİXİMİZDƏ MÜSTƏSNA YERİ OLAN NATƏVAN AZƏRBAYCAN TƏSVİRİ İNCƏSƏNƏTİNİN MƏRDANƏLİK SİMVOLUNA ÇEVRİLİB

 

 

(Əvvəli ötən sayımızda)

 

Xurşidbanu Natəvan obrazı Azərbaycan təsviri incəsənətində rəssam heykəltəraşlarının yaradıcılığında da özünü bir çox məqamlarda parlaq şəkildə göstərib. Bu sırada Azərbaycan heykəltəraşlığının görkəmli nümayəndələrindən biri, Xalq rəssamı, akademik Ömər Eldarovun, heykəltəraş İmran Mehdiyevin, Azərbaycan Respublikasının Xalq rəssamı Oqtay Sadıqzadənin, Azərbaycan Respublikasının Xalq rəssamı Altay Hacıyevin adlarını çəkmək yerinə düşər. Bu rəssam heykəltəraşlar Xurşidbanu Natəvanın ən yaddaqalan obrazlar qalereyasını yaratmışlar desək heç yanılmarıq.

Xurşidbanu Natəvanın ən maraqlı obrazlarından birini, heç şübhəsiz, Xalq rəssamı, heykəltəraş Ömər Eldarov yaradıb. Bu əsərdə sənətkarın əvvəlki əsərlərinin heç birinə bənzəməyən orijinallıq məna çalarlığı ilə seçilən cəhətlər çoxdur. Heykəltəraş çətin bir işin öhdəsindən gələrək, müsəlman qadınlarına xas olan xüsusiyyətləri gözəl, lirik şairə obrazında birləşdirərək təsvir etməyi bacarıb. Düşüncəli Şərq qadınını təcəssüm etdirən heykəlin hər bir cizgisi - paltarının qırışlarından tutmuş kəlağayısınadək, əlindəki qələmdən barmaqlarının vəziyyətinə qədər hər şey onu yaradıcı bir obraz, nəcib insan, milli xüsusiyyətlərə malik bir qadın kimi gözlərimiz önündə canlandırır.

Xurşidbanu Natəvan obrazına müraciət edənlərdən biri istedadlı heykəltəraş İmran Mehdiyevdir. Onun ən uğurlu işlərindən biri məhz "XIX əsr Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvan" heykəlidir. Zəngin geyinmiş Xan qızının oturulu vəziyyətdə hazırlanmış fiquru plastik həllinə yapma incəliklərinə görə fərqlənir. Müəllif bürüncdən hazırladığı bu heykəldə el arasında böyük nüfuz sahibi olan şairənin lirik-psixoloji tutumlu, yaddaqalan obrazını yaradıb. Əsərdə Natəvanın düşüncəli qəmli görkəmi onun həyatının təzadlı, ağrılı-acılı keçdiyinə bədii işarə kimi qəbul olunur. Gənc heykəltəraşın bu dəyərli sənət nümunəsi Belçikanın Waterloo şəhərində parkda ucaldılıb.

Xalq rəssamı Oqtay Sadıqzadə   Xurşidbanu Natəvan obrazına müraciət edən rəssamlarımız arasında xüsusilə seçilməkdədir. Rəssam, görkəmli şairə Xurşidbanu Natəvanın portretini 1983-cü ildə yaradıb. Təmtəraqlı planda düşünülmüş portretdə rəssam təbii sərbəst  vəziyyətdə oturmuş Xan qızını olduqca real təsvir etməyi bacarıb. Obrazın üzündə zərif, incə hisslər özünü büruzə verir, üzün cizgiləri paltarının qollarındakı krujevanın naxışları ilə haşiyələnmiş əllərin zərif cizgiləri tamaşaçını valeh edir. Xurşidbanu Natəvanın baş örtüyü, geyimi, xalı sair detallar portretə xas olan milli koloriti daha da gücləndirir. O, bir əlini üzünə söykəmiş, digər əlində isə bir qızılgül tutmuş halda təsvir edilib. Masanın üzərində isə şairənin şeirlər kitabı görünür. Rəssam obrazını onun yaradıcılıq fəaliyyəti ilə uyğun şəkildə təsvir etməyi bacarıb. Xan qızının mavi gözləri, bir qədər soyuq sakit siması onun geyiminin mavi-gümüşü rənginə, rəngarəng qırçınlarına, çiyninə salınmış tirmə şalın isti rənglərinə olduqca uyğundur. Rəssam burada müasir dövrün ideallarına sadiq qalan poetik, romantik obraz yarada bilib. Xüsusilə vurğulamalıyıq ki, şairənin bu portreti rəssam tərəfindən uydurulmayıb. Natəvanın XIX əsrdən qalma fotoşəkili zəmanəmizədək gəlib çatıb. Oqtay Sadıqzadə Natəvanın ən xarakterik cizgilərini götürərək, öz düşüncələrini, baxışlarını əlavə edərək yeni bir kompozisiya yaradıb.

Xalq rəssamı Altay Hacıyev yaradıcılığında da Xurşidbanu Natəvan mövzusu öz zəngin bədii həllini tapıb. İncəlik rəmzi olan bu xanımın zəngin daxili aləmini yeni - yeni rəng çalarları ilə açmağa çalışan Altay Hacıyev Natəvana həsr etdiyi portretində Xan qızının kövrək, həssas duyğularından, şairanə dünyasından, könül çırpıntılarından xəbər verir. Altay Hacıyevin yaradıcılığında bu obraz olduqca tutumlu, öz parlaq bədii  əksini tapıb.

 

Xan qızı Natəvanın şəxsiyyətini, ictimai fəaliyyətini xalqımız dövlətimiz həmişə yüksək qiymətləndirib.

 Görkəmli şəxsiyyət kimi Natəvanın adı xatirəsi layiqincə əbədiləşdirilib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi ilə bağlı 14 mart 2022-ci il tarixli Sərəncamında da qeyd etdiyi kimi "Bu gün Natəvanın Şuşada yenidən ucalan möhtəşəm Zəfərimizin təntənəsini nümayiş etdirən büstü, eyni zamanda, xalqımızın milli mədəni irsə qayğısının rəmzi mənəvi dəyərlərə ehtiramının təzahürüdür".

Hesab edirik ki, bundan sonra da Xurşidbanu Natəvanın bənzərsiz yaradıcılığını ona həsr edilmiş sənət əsərləri daha da artacaq, Xan qızının böyük yaradıcılıq irsi yeni-yeni tədqiqat əsərlərində sənətşünaslıq elmi müstəvisində təhlilə cəlb olunacaq. 

 

 

Toğrul CƏFƏRLİ  

Naxçıvan Dövlət Universiteti Təsviri incəsənət kafedrasının müəllimi

 

525-ci qəzet.- 2022.- 27 aprel.- S.22.