Sabirin portreti
“Bir rəsmin dedikləri”
Görkəmli Xalq rəssamı Elbəy Rzaquliyev 17 iyun 1926-cı ildə Bakı şəhərində
doğulub. Rəssamın dünyaya gəldiyi
ailə incəsənətə
böyük maraq göstərdiyindən tez-tez
yazıçı və
şairlərimiz evin qonaqları olublar. Beləcə hələ uşaqlıq
illərindən balaca
Elbəydə təsviri-incəsənətə
böyük maraq yaranıb. Bu maraq əzmkarlıqla birləşərək onu
dövrünün ən
yaxşı rəssamlardan
birinə çevirib.
Tanınmış karikaturçu rəssam
Əzim Əzimzadə
Elbəygilin qonşusu
olub, atası ilə tez-tez onlara ziyarət edib. Bu zaman
da rəssamın istedadı aşkar olub. İlk dəfə 1941-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq
Məktəbində təhsil
almağa başlayıb.
O, rəsm çəkməklə
bərabər, kino sənətinə də böyük həvəs göstərib. Beləcə,
Elbəy Rzaquliyev Moskva Ümumittifaq Dövlət
Kinomatoqrafiya İnstitutuna
daxil olub. O ilk azərbaycanlıdır
ki, sözügedən
universiteti bədii
film üzrə quruluşçu
rəssam kimi bitirib. "Bəxtiyar"
(1955) , "Ögey ana" (1958) , "Telefonçu
qız" (1962) , "Arşın
mal alan" (1965) , "Sevil"
(1970) kimi filmlərin yaradıcısı məhz
Elbəy Rzaquliyevdir.
"Bir rəsmin
dedikləri" rubrikasının
budəfəki qonağı
sənətşünas Jalə
Paşayevadır. Onunla Xalq rəssamı Elbəy Rzaquliyevin " Mirzə Ələkbər Sabirin portreti" haqqında danışmışıq.
***
- Rəssamın yaradıcılığında
bir çox incəsənət nümayəndələrinin,
ədəbiyyat adamlarının
portretlərinə rast
gəlirik.
- Elədir ki, var. Rəssamın yaradıcılığında
gökəmli şəxsiyyətlərin
əsrarəngiz tablolarını
yaratdığının şahidi
oluruq. Müəllif bənzəri olmayan
tablolarında həmin
şəxslərin özünəməxsus
cizgilərini incəliklə
işləyib, onların
yaradıcılıqlarından xəbər verib. Onun belə işlərindən
biri də Mirzə Ələkbər
Sabirin portretidir, rəssam bu əsəri 1977-ci ildə
çəkib.
Böyük Sabirin düşüncəsinə
görə, islamı
qəbul etmiş xalqların milli-mənəvi
tərəqqisi, o cümlədən,
onların hər birinin özünəməxsus
əxlaqi atributları
ilə uğur qazanması yalnız islam dünyagörüşünün
qorunub-saxlanması və
inkişaf etdirilməsi
şərtilə mümkündür.
Bütün bunlar rəssamı
Sabir kimi bir tarixi şəxsiyyətin
portretini yaratmağa vadar etdi. Bütün ədəbiyyatsevərlərin şairi
tanıması, onun müsbət keyfiyyətlərinin
xalqa çatdırılması
baxımından bu tablo çox əhəmiyyətli əsəridir.
- Əsərin rəng
koloritində Sabir şəxsiyyətinin xarakterik
xüsusiyyətləri öz
əksini necə tapıb?
- Sabirin daima öz xalqının taleyini düşündüyünü göstərmək istəyən rəssam fonu ağ tonda verərək, bütün diqqəti məhz satirik şairə yönəldib. Sözügedən bu tablo dərin mənaları özündə birləşdirir. Tabloya baxdıqda açıq-qəhvəyi rənglərin üstünlük təşkil etdiyini görmək mümkündür. Xüsusilə qeyd edək ki, hər bir personaj emosiyalarla təqdim olunurdusa, Sabir, əksinə, nigaran tərzdə təsvir olunub. Burada bütün obrazlar müxtəlif geyimdə və hərəkətdə təqdim edilib.
- Tablonun kompozisiyası haqqında nə deyə bilərsiniz?
- Tablonun tam mərkəzində təsvir olunmuş satirik şair tamaşıçıya hüznlə baxır. Elə əl hərəkətlərindən də görmək olur ki, o, həyəcan içərisindədir. Sabir ziyalı libası ilə diqqəti cəlb edir. Ağ köynək, tünd qara palto, başında isə buxara papaq.... Tablonun fonunda Mirzə Ələkbərin şeirlərində, eləcə də yazılarında tənqid etdiyi avam insanlar, din pərdəsi altında gizlənməyə çalışan yalançılar mühüm yer tutur.
- Sizcə, bu əsər bizə nə deyir?
- Bu tabloda göstərilən budur ki, satirik şair Mirzə Ələkbər Sabir sanki obrazların fonunda xalqa müraciət edərək ətrafdakıları səsləyir, sanki onlara gördüklərindən nəticə çıxarmağı tövsiyə edir.
Aytac SAHƏD
525-ci qəzet.- 2022.- 27 aprel.- S.20.