"Xilaskar atanın xilaskar oğlu"
Milli Məclisin
deputatı, komitə sədri Tahir Rzayevi mən təkcə bu məsul vəzifələrə
görə tanımıram. Təbii
ki, o, bu vəzifələri, xalqın
elçisi və Ali məclisdə mühüm
bir postun rəhbəri, həm də siyasətçi kimi
uğurla yerinə yetirir. Amma Tahir Rzayev həm də filologiya elmləri namizədidir, Azərbaycan
Yazıçılar Birliyinin
üzvüdür, o, gəncliyindən
bədii yaradıcılıqla
da məşğul olur. Elmi yaradıcılıq sahəsində filoloji araşdırmaları ilə
diqqəti cəlb edib. Amma mən onu
ŞAİR və ESSEİST kimi də tanıyıram.
Tahir Rzayevin çoxlu sayda qəzəllərini oxumuşam
və hiss etmişəm
ki, əruzun qayda-qanunlarını yaxşı
bilir və qəzəlin məna və mahiyyətini, bu klassik şeir
formasında fikirlərini
incəliklə ifadə
etməyi bacarır.
Tahir Rzayev "Xilaskar
atanın xilaskar oğlu" adlı bir poema yazıb.
Bu poema ulu öndər Heydər Əliyevə, onun oğlu Azərbaycan Respublikasının
prezidenti, Ali Baş Komandan və 44 günlük tarixi qələbəmizin şanlı
səhifələrini yazan
İlham Əliyevə
həsr olunub. Xilaskar Ata və Xilaskar Oğul- Azərbaycan tarixinin XX və XXI əsrlərdəki iki dahi şəxsiyyətləri.
Ata-ulu öndər Heydər Əliyev Azərbaycanı yenidən
qurdu, onu beynəlxalq aləmdə tanıtdırdı, dağılmış
iqtisadiyyatı canlandırdı,
mədəniyyəti dirçəltdi,
öz uzaqgörən
siyasəti ilə dünya
liderləri sırasında
öncül sırada
göründü. Oğul-İlham Əliyev isə Atanın yolunu davam etdirdi, onun bir çox
arzularını gerçəkləşdirdi,
xalqın otuz illik intizarına son qoyub işğal olunmuş torpaqlarımızı
özünün yaratdığı
Müzəffər ordunun
sayəsində düşməndən
azad etdi.
"Xilaskar atanın
xilaskar oğlu" poeması tarixi həqiqətlərin bədii-publisistik
ifadəsi kimi diqqəti cəlb edir. Burada poeziya ilə
publisistika vəhdətdədir.
Bu birlik, vəhdət
poemanın üslubunu
da təyin edir. Belə ki, müəllif
həm Atanı, həm də Oğulu Azərbaycan tarixinin ən mühüm hadisələri
fonunda təqdim edir. Əslində, belə bir
təqdimata ehtiyac hiss
olunmur, sadəcə, tarix yaradan bu
iki şəxsiyyətin
mükəmməl bədii
obrazını yaratmaq,
tarixdə olduğu kimi Sözdə və Poeziyada da əbədiləşdirməkdir.
Tarixin dərslərinə hər
vaxt möhtacdır bəşər
Heçdən tarixə dönmür günlər, saatlar, aylar.
Əbədi ömür edib
qəlblərdə tarixləşər
Xalqının tarixini yazanlar, yaradanlar.
Yaratmağa, yazmağa sevən
ürək gərəkdir,
Yanmasan, düşünməsən,
duymasan, yaratmazsan.
Yaşadıb ucaltmağa arzu,
istək gərəkdir,
Ürəyini Vətənçün qoymasan,
yaratmazsan.
Torpağın həsrətini nadan,
cahil anlamaz,
Haqq, ədalət
yolunda susar, ucalmaz səsin.
Sən torpağın bağrına
bir şəhid adını yaz,
Ordan qeyrət, cəsarət, xalqa sevgi göyərsin...
Poema bu çağırış misraları
ilə başlayır,
rəhbər və xalq birliyini, bu iki anlayışın
ayrılmazlığını əks etdirir. Söhbət ulu öndər Heydər Əliyevin öz xalqına-Azərbaycana
olan böyük Vətən sevgisindən gedir.
Rəhbər haqq yolu seçdi, haqq oldu qibləgahı,
Xalqının keçmişiylə, qüdrətiylə
öyündü.
Sonsuz düşüncələrlə açdı yeni sabahı,
Ürəyi torpaq eşqi, yurd dərdiylə döyündü...
Ulu öndərin
əzəməti, qüdrəti,
möhtəşəmliyi məhz
xalqla bağlılığında
idi. Bir haşiyə çıxım:
Ulu öndər 1969-cu
ildə ilk dəfə
hakimiyyət başına
keçəndə mən
onda tələbə idim. Açığını deyim ki, biz gənclər hələ bu ada, bu
isimə o qədər
də bələd deyildik. Amma çox çəkmədi
ki, Heydər Əliyevin adını
Sovet Azərbaycanın
hər bir guşəsində-kəndində, şəhərində, geniş
tarlalarında, zavod və fabriklərində eşitməyə
başladıq. Onun xüsusilə gənclərə
qayğıkeş ata
və rəhbər
münasibətinin şahidi
olduq. Heydər Əliyev bizə mənəvi ata oldu, hər il Azərbaycandan yüzlərlə tələbə
SSRİ-nin ali məktəblərinə təhsilə
göndərildi.
Azərbaycan böyük tikinti,
quruculuq meydanlarına
döndü.Yeni zavodlar,
fabriklər ucaldıldı.
İnsan
öz əməyinə
görə fərəh,
qürur hissi keçirməyə başladı.
Mədəniyyət sahəsində də
mühüm reformalar həyata keçirildi.
Tahir Rzayev elə Ulu Öndərin
bu möhtəşəm,
tarix yazan əməllərindən söz
açır:
Zəhmətə güvəndilər vətənpərvər
oğullar,
Azərbaycan adında bir dünya yaratdılar.
Dəyişdi görkəmini kəndlər,
şəhərlər, yollar,
Arzulara qovuşub,
məqsədlərə çatdılar.
Ulu öndərə
həsr olunan hissədə biz Oğulun-prezidentimiz
İlham Əliyevin də xatirələrini dinləyirik. Daha doğrusu, Atanın
tarixi dərsləri, Azərbaycanın ondan sonrakı gələcəyi
naminə söylədiyi
fikirlər diqqəti cəlb edir. Bu elə bir
zaman idi ki, Azərbaycan torpaqlarının iyirmi faizi işğal altında idi.
Başımıza gələn müsibətlərin,
Kökünü, sirrini anlamalıyıq.
Tarixi dərk edib, dərindən-dərin,
Çox vaxt özümüzü danlamalıyıq.
Xəyanət boy atar, həqiqət
ölər,
Millət birliyinə sahib olmasa.
Zalımlar sevinməz, ədalət
gülər,
Ay oğul, insanlıq xırdalanmasa.
Bunlar təkcə
siyasi yox, həm də mənəvi dərslərdir.
Ulu öndərin
həm siyasi, həm də mənəvi dərsləri
təkcə gələcəyi
deyil, həm də tarixi keçmişi də əhatə edir. O, Azərbaycan
tarixini, onun keçmişini, xalqın,
millətin bütün
əsrlər boyu azadlıq və bütövlük eşqinə
apardığı mübarizələri
xatırlayır.
"Torpağıma ölüm,
qan ələdilər,
Qanımız çağladı Araz
boyunca...
Paylandı düşmənə elim, torpağım,
Xalqımıza qalan göz yaşı oldu...
Çəkdiyi bəlalar Azərbaycanın,
Sığmaz bu dünyanın
xəritəsinə...".
Poemada İlham
Əliyevin obrazı da öz mükəmməlliyi
ilə yadda qalır. Əslində, biz bu böyük
insanın, xilaskarın,
Azərbaycanı dünya
miqyasında tanıdan
və beynəlxalq aləmdə öz ağılı, kəsərli
diplomatiyası ilə
illər boyu tanışıq. İlham
Əliyev Heydər Əliyevdən sonra müstəqil
Azərbaycanın başlıca
strategiyasını, inkişaf
istiqamətlərini, daha
da yeniləşmək
yollarını qətiləşdirdi.
Ən başlıca xətt Azərbaycan mükəmməl
ordusunu yaratmaq idi.Biz hamımız intizar içindəydik, çoxlarımızı ümidsizlik
dalğaları sarmışdı.
Sonsuz əzablara qatlaşdı Vətən,
Bundan ləzzət
alıb qudurdu düşmən.
Bezdi boş vədlərdən,
qətnamələrdən,
Rəhbər hərb yolunu tutdu, düşündü.
Cavab verməliyik
biz qana qanla!"-
Dedi, son
nicatı bu yolda gördü.
Ali Baş Komandan böyük inamla,
Orduya əks-hücum əmrini verdi!
Səngərlər, mövqelər alınır,
bir-bir,
Döyüşə köklənib əsgərlərimiz.
Hər uğurlu hücum qürur gətirir,
Muradına çatır yurd yerlərimiz.
Analar ağlamır, atalar şəstlə,
Döyüşə yollayır övladlarını.
Bacılar, qardaşlar ucalan
səslə,
Deyir:
"Alın xalqın
intiqamını.
Dəmir
Yumruğun hər zərbəsi ağır,
Qarşısında durmaq, dayanmaq çətin.
Düşmənin başından hər
yerdə basır,
Qurtuluş rəmzidir o ədalətin!..
Azərbaycanın XXI əsrdə möhtəşəm tarixini yaradan İlham Əliyevin mükəmməl rəhbər, xilaskar obrazını görürük bu poemada. "Qarabağ Azərbaycandır!", "Dəmir Yumruq" ifadələri artıq hər birimizin dilində əzbərdir. Prezidentimizin hər bir addımı-istər xarici jurnalistlərlə müsahibədə qətiyyətli cavabları, ayrı-ayrı ölkələrə səfəri zamanı müstəqil Azərbaycanı yüksək səviyyədə təmsil etməsi, istərsə də işğaldan azad edildikdən sonra böyük quruculuq-bərpa işlərinə önəm verməsi, istərsə də ölkəmizin iqtisadi, mədəni sahələrdə apardığı islahatlar poemada əks etdirilib. Və nəticədə:
Verdi qiymətini dövri-zamanın,
Azadlıq amalı, ədalət yolu.
Aldı öz haqqını Azərbaycanın
Xilaskar atanın xilaskar oğlu.
Poemada Xilaskar Ata ilə Xilaskar Oğul arasında əbədi bağlılıq bir daha təkrar olunur. Son əlli ildə bu iki böyük şəxsiyyətin Azərbaycan idealı poeziya həqiqətinə çevrilir.
Tahir Rzayevə bu poemaya görə bütün oxucular
adından təşəkkürümüzü bildiririk!
Vaqif
YUSİFLİ
Filologiya
elmləri doktoru
525-ci qəzet.- 2022.- 27 aprel.- S.19.