"Sənətimə hörmətsizlik edəni bağışlamaram"  

 

AKTRİSA VƏ PEDAQOQ YAQUT PAŞAYEVA: "SERİALLARDA ÇƏKİLİB, SONRA ONA BAXANDA UTANSAM, TƏLƏBƏ QARŞISINA ÇIXA BİLMƏRƏM"

  

Müsahibimiz Əməkdar artist, DOM Müstəqil Teatrının aktrisası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) "Dram teatrı və kino aktyoru" kafedrasının aktyor sənəti üzrə dosenti Yaqut Paşayevadır.

 

 

- Yaqut xanım, şablon kimi çıxsa da, istərdim sənətə gəlişinizdən başlayaq: niyə aktrisalıq?

 

- Məktəbdə tədbirlərdə həmişə iştirak edirdim, şeirlər deyir, aparıcılıq edirdim. Uşaqlıqdan aktrisa olmağı istəyirdim, amma ailəm qətiyyən razı deyildi. İlk il universitetin Mədəni maarif fakültəsinə verdim sənədlərimi və elə ilk imtahandan kəsilərək sevinə-sevinə evimizə qayıtdım. Bir il gözləyib, ikinci il gizlin şəkildə aktyorluğa verdim sənədlərimi. Hətta atam 3-cü kursa kimi bilmirdi ki, mən aktyorluq ixtisasında oxuyuram. Universitetdə Vaqif İbrahimoğlunun kursuna daxil oldum. Kurs rəhbərimiz Həsən Turabov idi, dərsləri Vaqif müəllim keçirdi. Beləcə, sənətlə, teatrla, aktyorluqla bağlılığım başladı. Bəlkə də qarşıma Vaqif İbrahimoğlu çıxmasaydı, aktrisa olmazdım. Çünki o, mənə teatrı tamam başqa yöndən tanıtdı, teatrın canlı orqanizm olduğunu başa saldı, ailə olduğunu göstərdi. 3-cü kursdan artıq bizi YUĞ Teatrına ştatnı işə götürdü. Onun ilk başdan bizə teatrla bağlı söylədikləri mənim bu gün pedaqoji fəaliyyətimdə əlimdə məşəl kimi tutduqlarımdır. O, bizə nə öyrədibsə, mən də tələbələrimə onu öyrədirəm.  Sonra valideynlərim biləndə ki, aktyorluqda oxuyuram, teatrda işləyirəm, bir az qarşı çıxdı. Amma mən mübarizə apardım və söz verdim ki, onun məndən istədiklərini həyata keçirəcəm. Çünki aktrisalara hər yerdə bir az başqa cür baxırlar. Onun da qorxusu ondan ibarət idi ki, məni itirə bilər. Amma mən söz verdim  bu günə qədər də sözümdə durdum, ona sübut etdim. Bu gün əldə etdiklərimə görə də öncə müəllimimə, sonra atama borcluyam ki, nə qədər qarşı çıxsa da, son anda istəklərimi reallaşdırmağıma imkan verirdi.

 

- Aktrisa olmasaydınız, kim olardınız?

 

- Yəqin ki, müəllim. Atam həmişə deyirdi ki, gəlib Tərtərdə Mədəniyyət Evinin müdiri işləyəcəksən. Rayonda komsomol təşkilatının katibi olmuşdum, təşkilatçılıq işlərini bacarırdım deyə belə deyirdi. Atam həm də hüquqşünas olmağımı istəyirdi. Universitetdə isə Vaqif müəllim mənə hey "müəllimə" deyirdi. Çünki özümdən asılı olmadan dərslərə müdaxilə edirdim. Vaqif müəllim də bunu cəza kimi deyirdi mənə. Özüm onda heç düşünmürdüm ki, nə vaxtsa müəllim olacam. Amma tale elə gətirdi ki, müəllim oldum.

 

- Səhnəyə ilk çıxışınızı xatırlayırsınız?

 

- 1994-cü ildə tələbə vaxtı YUĞ Teatrında Füzuliyə həsr olunan "Dad" tamaşası oynanılırdı. O, tamaşaya bizim kursdan 4 tələbəni seçmişdi. O tamaşa çox uğurlu oldu, ardınca onun silsilə tamaşaları gəldi. Sonra YUĞ Teatrına işə götürəndən sonra Çexovun "Sentimental vals" tamaşasında böyük rol verdi. Möhtəşəm tamaşa idi.

 

- Amma indi YUĞ-la davam etmirsiniz. Yollarınız niyə ayrıldı?

 

- Vaqif müəllimin bir sözü vardı, mən tələbələrimi yetişdirdim, istəyirəm tələbələrim də kənarda mənim qoyduğum bünövrənin üstündə yeni bir şey yaratsınlar. Zaman gəlib çatdı ki, yeni bir şeylər yaratmaq vaxtı idi. YUĞ-da Vaqif müəllimdən sonra şərtlər dəyişdi və hiss elədim ki, mənim ola biləcəyim ortam deyil. Bunun teatrla da, mənlə də əlaqəsi yoxdur. Sadəcə bu, bəlkə də mənim sentimentallığımdan gəlir. Mən də o yerdə ki, 100 faiz xoşbəxt və rahat deyiləm, ordan uzaqlaşıram. Vaqif müəllimin yoxluğu da mənə təsir edirdi, onun olmamağına öyrəşə, heç kəsə tabe ola bilmirdim. Həmin müddətdə Tərlan Rəsulovun DOM Teatrı yaradıldı ki, sırf Vaqif İbrahimoğlunun qoyduğu bünövrənin üstündə idi. Birbaşa tamaşaçıyla kontaktda olan interaktiv teatrdır. Ayrılmamın səbəblərindən biri də bu oldu. Çünki universitet və iki teatrı çatdıra bilmirdim. Sonra anladım ki, bunların hamısı yeni bir şeyin yaranması üçün bəhanə imiş. O yeni şey də yeni teatr oldu.

 

- Bu günə kimi onlarla obraz yaratmısınız. Hansını daha çox sevirsiniz?

 

- 1990-cı illər üçün "Sentimental vals"da oynadığım Varya, sonrakı 10 il üçün 2002-ci ildə Vaqif müəllimin qoyduğu "Otello" tamaşasındakı Dezdemona, növbəti 10 illikdə Vaqif müəllimin "Kafkadan salam" tamaşasında Davakar qız obrazlarımı sevirəm. Bu tamaşalar mənimçün çox böyük tamaşalardır. "Kafkadan salam" spiristik seans idi, Vaqif müəllim özü də oynayırdı. Xəstəliyi zamanı sağ qolu qurumuşdu, işləmirdi. Son tamaşada o, elə xəstə çıxdı və gördük ki, Vaqif müəllimin qolu işləyir. Tamaşa boyunca təəccüb qalmışdıq ki, necə ola bilər. Tamaşadan sonra gördük Vaqif müəllim yenə qolunu açdı və dedi ki, "bu alçaq tamaşa vaxtı ağrımırdı". Hamımız şokda idik. Onda anladım ki, bu tamaşanın sehri var. Vaqif müəllim rəhmətə getdi və bir neçə ay depressiyaya düşdük, tamaşa oynamadıq. Sonra dedik ki, yox, oynamalıyıq və ilk tamaşa olaraq onu saldıq. Aktyorlardan biri Vaqif müəllimin rolunu oynamalı idi. Tamaşada biz Kafkanın ruhunu çağırırdıq. Bu dəfə dedik, gəlin Vaqif müəllimin ruhunu çağıraq. Amma qorxduq, elə Kafkanın ruhunu çağırdıq. Ancaq tamaşadan sonra hamımız dedik ki, Vaqif müəllim burda idi, gördünüzmü? Hamımız onu görmüşdük. Əlbəttə, bu, nisgildən və səhnənin yoxluğundan idi.

 

- Müəllimliyi düşünməyib, müəllim oldunuz. İlk dəfə auditoriyaya hansı hisslərlə daxil oldunuz?

 

- Bu da Vaqif müəllimlə bağlıdır. Dediyim kimi, o, həmişə mənə "müəllimə" deyirdi. Zaman keçdi və dedi ki, səni universitetdə işə düzəldəcəm. Hər dəfə danışırdıq, nələrsə olurdu, unudulurdu. Beləcə 3 il keçdi. Üç il sonra Vaqif müəllim rəhmətə getdi. Onu mayda itirdik, sentyabrda mənə universitetə dəvət gəldi. Onda qəfil ayıldım və düşündüm ki, bu necə bir sirdir, Vaqif müəllim getdi, məni çağırdılar. Bir ili Vaqif müəllim bağladı, o biri ildə sanki onun yerinə mən gəldim. O, bizə həmişə deyirdi ki, öyrədərək öyrənin. O barədə təcrübəm vardı və qorxmurdum müəllim olmaqdan. Yaradıcı tələbələrlə ünsiyyət qurmağı bacarmalısan. İlk il Gülşad xanımın kursuna dərs dedim. Bu da mənim qazancım oldu. Çünki Gülşad xanım kimi böyük pedaqoqla işləyirdim. Hər zaman müəllimimi, öz tələbəlik illərimizi misal çəkirəm tələbələrimə və müəllimimdən öyrəndiklərimi öyrədirəm. Deyim ki, istedadlı, savadlı çox uşaqlarımız var. Tələbələrimi çox sevirəm və onlarla hər zaman fəxr edirəm. Hətta ayrı-ayrı dövrlərdəki tələbələrim bir-biriylə kontaktdadırlar, lazım olduqca bir-birinə müraciət edirlər. Bunu yarada bildiyimçün də qürur duyuram.

 

 

 

- İlk dəfə tanış olduğunuz tələbələrə ilk öyrətdiyiniz nə olur?

 

- Necə ki, bizə öyrətmişdilər, biz də onu öyrədirik: şəxsiyyət olmağı. Kim olursuz, harda olursuz, olun, şəxsiyyət olun. Özünüzə hörmət edin, çünki qarşı tərəfə hörmət özündən başlayır. Hər kəs aktyor, aktrisa olmur, amma insan olur. Mənim həyat kredom budur.

 

- Tələbələrinizi qastrollara da aparırsınız...

 

- Bəli, çünki biz onun dadını bilirik, aktyorun qastroldan gələndə necə yeniləndiyini, təzələndiyini yaşamışıq, istəyirəm onlar da yaşasınlar. Düzdür, uzağa apara bilmirik, amma mümkün olduqca gedirik. Bir də kurs tələbələridir, bir tamaşanı bir neçə aya hazırlayırlar və cəmi bir dəfə imtahanda oynayırlar. Onların zəhmətinə heyifim gəlir. Heç olmasa, bunu kiməsə təqdim etsinlər. Həm də universitetdəki tamaşaçı standart tamaşaçı deyil, reaksiyalar tamaşanın reaksiyası deyil, burda şəxsi münasibətlər rol oynayır. Kənarda isə tələbələr yad auditoriya qarşısında daha düzgün reaksiya və həqiqi səhnə görür. Onlara getdikləri yerdə aktyor kimi baxırlar və uşaqlar da özlərini aktyor kimi hiss edib xoşbəxt olurlar. İnanın ki, onları bundan çox heç nə xoşbəxt edə bilməz. Və həqiqi səhnəni, auditoriyanı anlayıb, özlərini analiz edə bilirlər, mən aktyor ola bilərəm, ya yox. Çalışıram, dörd ildə bu sənəti yüz faizlik dadsınlar.

 

- Bu gün Azərbaycan teatrını necə görürsünüz?

 

- Məncə, teatrın problemini həll etmək üçün qlobal məqamları düşünmək lazım deyil, sadəcə teatrı sevmək lazımdır. Teatrda teatrı, sənəti sevənlər olmalıdır. Bizsə, ancaq neqativlərdən danışırıq. Nə qədər neqativdən danışacağıq, o qədər də neqativin içində olacağıq. Amma bunları, intriqaları yığışdırmalı, teatra evimiz kimi baxmağı bacarmalıyıq. O zaman teatrımız həqiqətən inkişaf edəcək.

 

- Aktrisa kimi sənətinizin hansı mərhələsindəsiniz?

 

- Mərhələlərə bölməzdim, amma daha rahat, daha arxayın, daha xoşbəxt, daha güvənli zamandayam. İnsan yaşlandıqca gözəlləşir, nur saçırsa, mən ona əsl sənətkar deyirəm. Çünki şəxsiyyət olmaq budur. İndi özümü həmin o keçid dövründə hiss edirəm. Növbətisi necə olacaq, bilmirəm, amma indi çox rahatam. Bəlkə də yeni teatrda olduğum və yenilikçi olduğum üçün.

 

- Serial sektoruyla aranız necədir?

 

- Pis, qətiyyən məni qane eləmir. Seriala əgər qazanc mənbəyi kimi, kasıb düşüncəsiylə baxsaq, heç nə alınmayacaq. Mənə elə gəlir ki, biz hazırda o durumdayıq. Nə vaxt normal ssenarilər yazılacaq, nə vaxt rejissorlarımız o ssenarilərə normal yaradıcı təfəkkürlə baxacaqlar, nə vaxt aktyorlarımıza ucuz işçi qüvvəsi kimi yox, yaradıcı insan və sənətkar kimi baxacaqlar, onda aram düzələcək. Bu gün mən söyülən seriallarda çəkilib, sonra ona baxanda utansam, tələbə qarşısına çıxa bilmərəm. Mən fövqəladə aktrisa ola bilərəm, amma film rejissorundur, o, məni elə təqdim edər ki, mənim oyunumdan heç nə qalmaz. Çox aktyorlarımızı məhz bu təqdimat aşağı saldı. Çəkilən aktyorları qınamıram, amma özüm çəkilmərəm. Mənim sənətim çox böyük sənətdir və ona hörmətsizlik edəni bağışlamaram.

 

- Çalışdığınız teatrda hansı yeni layihələriniz var?

 

- Orda tamaşalar birdəfəlik tamaşalardır, spontandır. Yeni layihəmiz vardı, pandemiya mane oldu. Müharibəylə bağlı işimiz var, amma hələlik yer məsələsinə görə qalıb. Hələ ki, aktyorların yetişdirilməsiylə, tədrisiylə məşğuluq. Amma yaxın gələcəkdə gözəl işlərimiz olacaq. Hətta istəyirik ki, klassik teatrlarda işləmiş, indi isə yeni teatr formasında özünü sınamaq istəyən peşəkar aktyorlarımızı cəlb edək. Gənclərlə işləmişik, bu cür aktyorlarımızla da işləmək maraqlı olacaq.

 

Şahanə MÜŞFİQ 

 

525-ci qəzet.- 2022.- 27 aprel.- S.15.