Fikrət Əmirov haqqında xatirələrim
və düşüncələrim
GÖRKƏMLİ
BƏSTƏKARIN 100 İLLİYİNƏ
Görkəmli
bəstəkarımız Fikrət Əmirovun
yaratdığı təkrarsız musiqini mən hələ məktəbli
olduğum vaxtlar eşitmiş və sevmişdim. Şəxsən
özü ilə tanışlığım isə 1980-ci illərə
aiddir. Bir gün Fikrət müəllim mənə telefon
edib bildirdi ki, Azərbaycan bəstəkarları haqqında
kitab çap elətdirmək istəyir. Onu
hazırlamaq üçün isə hər bəstəkar
haqqında yazmağı bir musiqişünasa tapşırmaq
fikrindədir, mənə isə təklifi və xahişi
kitabın xüsusi redaktoru olmağım idi. Mən onun ideyasının çox maraqlı
olduğunu bildirdim, dəstəklədim və redaktor
olmağıma razılığımı verdim. Tezliklə
iş başlandı. Birinci cildə Üzeyir Hacıbəyli,
Zülfüqar Hacıbəyov, Müslüm Maqomayev, Asəf
Zeynallı, Əfrasiyab Bədəlbəyli kimi bəstəkarların
portretləri daxil idi. Tərtibçi və
ön sözün müəllifi Fikrət Əmirov
özü oldu. Xüsusi redaktor kimi mən xeyli iş
görməli oldum. Lakin təəssüf ki, bəstəkarın
vaxtsız ölümü bu işin davamını imkansız
etdi, kitabın yalnız bir cildi işıq üzü
gördü (1986-cı ildə).
Çox
illərdən sonra, yəni 2012-ci ildən 2020-ci ilə qədər
mən bu işi başqa şəkildə, başqa məramla,
daha böyük tələbata cavab olaraq "Azərbaycan
musiqi tarixi" kimi davam elətdirdim və hal-hazırda
"Azərbaycan musiqi tarixi" beşcildliyinin akademik nəşrini
hazırlayıb çap edirdim. Bu sanki Fikrət
Əmirovun qoyduğu ənənənin daha geniş miqyasda,
daha dolğun davamı oldu.
Bizim Fikrət müəllimlə digər birgə
işimiz Üzeyir Hacıbəylinin musiqi irsinin akademik nəşrinin
hazırlanması idi. Akademik nəşrin redkollegiya üzvlərindən
biri də AMEA-nın müxbir üzvü Fikrət Əmirov,
baş redaktoru akademik Qara Qarayev, üzvlərindən biri də
maestro Niyazi idi. Qeyd etməliyəm ki,
cildin çap olunmasından öncə redkollegiyanın
üzvlərinin hamısının razılığı və
qolu olmalı idi. Bununla bağlı bəzi
problemləri həll etmək üçün biz Fikrət
müəllimlə bərabər Akademiya prezidentinin qəbuluna
getməli olduq. O vaxt Akademiyanın prezidenti Həsən
Abdullayev idi. Yadımdadır, biz qəbul
otağında xeyli vaxt oturmalı olduq və Fikrət müəllim
öz planları haqqında ətraflı danışdı və
xüsusi qeyd etdi ki, balet janrına çoxdan müraciət
etməli idi.
O vaxt onun
"Min bir gecə" baleti böyük uğurla bir çox
səhnədə, hətta Moskvanın Kreml sarayında
qoyulmuşdu. O, operaya görə baleti daha az
əziyyətsiz musiqi janrı hesab edirdi. "Sevil"
operasının redaksiyaları onu çox yormuşdu. Nəhayət, Həsən Abdullayev bizi qəbul etdi,
dinlədi, maestro Niyaziyə zəng edib birinci cildin çapa
getməsi üçün razılıq verməyini xahiş
etdi. Mən partitura ilə maestronun
yanına, Filarmoniyaya getdim. Maestro Niyazi ilə
bu görüşüm haqqında mən dəfələrlə
yazmışam. Onun
razılığını alandan sonra problem həll edildi.
Üzeyir
Hacıbəyli musiqi irsinin birinci cildi çapdan
çıxanda Fikrət Əmirov onun uğurlu nəşrinə
biganə qalmayaraq "Kommunist" qəzetində
"Üzeyir irsi" adlı fərəh və qürur hissləri
ilə dolu məqaləsini çap etdirdi. Həmin məqalədən
bir neçə sitatı oxuculara təqdim edirəm:
"İlk opera - ilk partitura! Bu iki faktın bir-biri
ilə bağlılığı, məntiqi əlaqəsi qəlbimizi
fərəh hissiylə çırpındırır. Azərbaycan SSR Elmlər Akademiyası Memarlıq və
İncəsənət İnstitutunun musiqi şöbəsində
hazırlanan bu cildin meydana çıxmasında həmin
şöbənin müdiri, sənətşünaslıq
namizədi Zemfira Səfərovanın və birinci cildin
xüsusi redaktoru Nazim Əliverdibəyovun xidmətlərini
xüsusi qeyd etmək lazımdır.
Üzeyir Hacıbəylinin əsərlərinin akademik nəşri
barədə hələ 1949-cu ildə Azərbaycan SSR Nazirlər
Sovetinin qərarı qəbul olunmuşdu. Böyük bəstəkarın
dörd cilddən ibarət publisistik irsi, dram əsərləri
çap edilsə də, təəssüf ki, onun musiqi əsərlərinin
nəşrinə fikir verilməmişdi. Yalnız
son illərdə, Memarlıq və İncəsənət
İnstitutunun musiqi şöbəsinin ciddi səyləri nəticəsində,
bu işə lazımi məsuliyyətlə yanaşan bəstəkarların
yardımı ilə həmin işin öhdəsindən
müvəffəqiyyətlə gəlmək mümkün
olmuşdur. Belə bir çətin və
xeyirxah işi görmək üçün elmi bilik və
istedadla bərabər, təşkilatçılıq bacarığı
da vacib idi. Respublikada ilk dəfə olaraq
çoxcildlik musiqi külliyyatının nəşrini
yüksək səviyyədə icra etməkdən
ötrü bu işin metodologiyasını yaratmaq, mənimsəmək,
həyata keçirmək tələb olunurdu. Zemfira Səfərova birinci cildə həm də
geniş, elmi cəhətdən yaxşı əsaslandırılmış
ön söz yazmış, dərin, səmərəli tədqiqatın
nəticəsi olan əhatəli şərhlər
vermişdir.
Məlumdur ki, akademik nəşr üçün
hazırlanan əsərlər orijinallara, əlyazmalara əsaslandırılır. Üzeyir Hacıbəylinin
isə bəzi əsərlərinin, o cümlədən,
"Leyli və Məcnun"un əlyazmaları
tam şəkildə qalmayıb. Bu da, təbiidir
ki, çapa hazırlanma işini xeyli çətinləşdirir.
Akademik nəşr
üçün musiqi şöbəsində düzgün, dəqiq
iş üsulu müəyyənləşdirilmiş,
operanın müxtəlif variantları toplanmış, müfəssəl
tutuşdurma və müqayisə aparılmışdır.
Eyni proses əsərin ədəbi mətn variantları üzərində
də görülmüşdür...
Ümumiyyətlə, "Leyli və Məcnun"
partiturasının nəşri yalnız operanın musiqi
materialını deyil, həm də onun yaranma və təkamül
tarixini, inkişaf prosesini, səhnə, ifa təcəssümünü
və sair məsələləri əhatə edir, ilk
operamıza aid tarixi-musiqişünaslıq tədqiqatı
kimi, bu operanın ensiklopediyası kimi dərk edilir".
Fikrət
Əmirov xüsusi qeyd edir ki, "mən deyərdim ki,
"Üzeyir məktəbi" məhz "Leyli və Məcnun"dan
başlanır" və fikrini belə davam etdirir: "Mənsub
olduğum "Üzeyir məktəbi"nin bir nümayəndəsi
kimi fəxr edirəm ki, ilk muğam operası "Leyli və
Məcnun"un yaranmasından düz 40 il sonra -1948-ci ildən
musiqidə yeni bir janrı - simfonik muğam janrını
yaratmaq səadəti mənə nəsib olmuşdur".
Fikrət
Əmirov bu məqaləsini belə fikirlə bitirir: "Leyli
və Məcnun" partiturasının gözəl,
sanballı nəşrini görən musiqiçilər
sevinirlər ki, bu misilsiz sənət incisi yüksək elmi səviyyədə
indiki və gələcək nəsillərə təqdim olunur.
Deməli, bəstəkarın bütün musiqi irsini eyni ləyaqətlə,
eyni yüksək vətəndaşlıq əzmiylə nəşr
etmək üçün bizim səriştəli
kadrlarımız, öz işinə vicdanla, əsl
professionallıqla yanaşan mütəxəssislərimiz
vardır" ("Kommunist " qəz.,1984,
25 yanvar).
Mən mərhum Fikrət Əmirova bu dəyərli məqaləsinə
görə və mənim o dövr fəaliyyətimi qiymətləndirdiyinə
görə həmişə minnətdar olmuşam.
"Leyli
və Məcnun"un partiturasından sonra
"Leyli və Məcnun" operasının klaviri və
"Koroğlu" operasının üç kitabdan ibarət
partiturası çap olundu. Növbəti cild
"Arşın mal alan"
operettasının partiturasının çapını
hazırlamaq idi. Onu Fikrət Əmirov etməli
idi. O, operettadan yalnız Soltan bəyin kupletlərinin əlyazmasını
mənə təhvil verdi. Bu,
yeganə nömrə idi ki, onu Fikrət müəllim redaktə
etmişdi. Bəstəkarın vəfatı üzündən
bu iş yarımçıq qaldı. Xüsusi
qeyd etmək istərdim ki, daha sonralar Üzeyir bəyin musiqi
irsini lazımi yüksək səviyyədə Heydər
Əliyev Fondu davam etdirib nəşr elətdirdi.
Fikrət
Əmirovun zəngin, çoxşaxəli musiqi yaradıcılığı
ilə - "Sevil" operası, "Şur",
"Kürdi-Ovşarı", "Gülüstan -
Bayatı-Şiraz" simfonik muğamları, "Nizami"
simfoniyası, "Azərbaycan kapriççiosu",
"Min bir gecə", "Nizami", "Nəsimi
dastanı" baletləri instrumental konsertləri, vokal əsərləri
musiqimizin zəngin musiqi irsi və inciləridir.
İlk simfonik muğamların yaradıcısı Fikrət Əmirov xatırlayırdı: "1939-1940-cı tədris ili idi. O zaman mən rəhmətlik Bülbülün kabinəsində işləyirdim. Bir gün işin axırında Konservatoriyaya gələrkən gördüm ki, Bülbül bir qoca kişinin qolundan tutub, pilləkəndən düşürür. Mən salam verdim. Bülbül dedi: - Cabbar əmi, bilirsən bu kimdir? Məşədi Cəmilin yadigarıdır.
Cabbar əminin gözləri yaşardı.
Bülbül dedi: - Cabbar əmi, bəlkə bir şey oxuyasan, Fikrət yaza... Bülbülün sözünü yerə salmayan 80 yaşlı qoca təzədən yuxarı qalxdı. Qavalı yanında olmadığından, royalın taxtasına əli ilə ritm vuraraq "Kürdi-Ovşarı"nın başlanğıcı olan bir təsnif oxudu. Bu hadisədən 7-8 il keçəndən sonra mən "Kürdi-Ovşarı"nı yazanda həmin təsnifdən istifadə etdim. Onu demək istərdim ki, məni bu işə Cabbar Qaryağdıoğlu təhrik etdi.
Mən xoşbəxtəm ki, gözümü açıb Cabbar Qaryağdıoğlu, Bülbül, Qurban Pirimov və Seyid Şuşinski kimi böyük sənətkarlarla şəxsən dostluğu etmişəm. Bu dostluq mənə atamdan nəsib olmuşdur" (Şuşinski F. Cabbar Qaryağdıoğlu, Bakı,1987, s. 88).
Fikrət Əmirovun çoxşaxəli yaradıcılığının bir maraqlı və dəyərli qolu da elmi-publisistikadır. Onun 1971-ci ildə "Musiqi düşüncələri", 1978-ci ildə "Musiqi səhifələri" və 1983-cü ildə "Musiqi aləmində " məqalələr toplusu işıq üzü görmüşlər. O, özü bu haqda belə yazırdı:
"Mən bu fikirdəyəm ki, bəstəkarın vəzifəsi təkcə musiqi bəstələməklə bitmir. Fikri həmişə səslərlə deyil, bəzən də sözlərlə ifadə etməyə daxili ehtiyac duyursan. "Söz qəlbdə qalmaz" deyiblər. Bu qeydləri sənət müəllimlərim, sənət dostlarım, eləcə də xarici həmkarlarım, səyahətlərim haqqında qəlbimdə "qala bilməyən", dinləyicilərlə, oxucularla bölüşmək istədiyim fikirlərdir" (Əmirov F. Musiqi aləmində. Bakı,1983, s.6).
Biz də Sizə böyük sənətkarın düşüncələrini və dediklərini çatdırmaq istədik. Ruhu şad olsun!
Zemfira
SƏFƏROVA
Akademik,
Əməkdar Elm Xadimi
525-ci qəzet.- 2022.- 27 aprel.- S.14