Böyük alimin
işığında
Kürdəmirdə
Akademik Ağamusa Axundova həsr olunan tədbir keçirilib
Aprelin 25-də Kürdəmir Heydər Əliyev Mərkəzində Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, akademik Ağamusa Axundovun 90 illiyinə həsr olunmuş xatirə tədbiri keçirilib. Tədbirdə görkəmli elm və ədəbiyyat xadimləri, Kürdəmir şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib. Xatirə tədbiri çərçivəsində akademik Ağamusa Axundovun həyat və fəaliyyətinə həsr olunan sərgi açılıb.
Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional Filialının müdiri Yaqut Bahadırqızı Ağamusa Axundovun həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verib, görkəmli alimin Azərbaycan dilçilik elminin inkişafındakı böyük xidmətlərindən danışıb.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar akademik Ağamusa Axundov haqqında xatirələrini bölüşüb, onu şəxsiyyət və alim kimi yüksək dəyərləndirib: “Ağamusa müəllim haqqında düşünəndə insanın ürəyinə işıq, ən gözəl hisslər, ən gözəl xatirələr gəlir. Mənsub olduğumuz 60-cılar nəsli ədəbiyyata gələndə bizi ilk müdafiə edənlərdən biri Ağamusa müəllim idi. Bunu heç vaxt unutmayacağam. Daha sonralar Ağamusa Axundovun ədəbiyyatımız, dilçiliyimiz, müasir şeirimiz və nəsrimiz haqqında dəyərli kitabları çap olundu və o, özünü Azərbaycanın ən görkəmli alimlərindən biri kimi təsdiq elədi. Ağamusa müəllimin haqqında düşünəndə ağlıma gələn ilk söz arxayınçılıq sözü olur. O, ailəsindən, sənətindən, ədəbiyyat və elmdəki yerindən, ədəbiyyatımızın gələcəyindən arxayın idi. Ağamusa Axundov arxayın idi ki, bütün keçəri şeylər sovuşub gedəcək, əbədi dəyərlər qalacaq. O, həyatını bu əbədi dəyərlərin təsdiqinə həsr etmişdi. Ağamusa müəllimin xatirəsi mənim üçün çox əzizdir. Allah ona qəni-qəni rəhmət eləsin”.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Ağamusa Axundovun 90 illik yubileyinin onun anadan olduğu Kürdəmir şəhərində keçirilməsinin əhəmiyyətini yüksək dəyərləndirib, onu böyük alim və elm təşkilatçısı kimi qiymətləndirib. İsa Həbibbəyli qeyd edib ki, akademik Ağamusa Axundov 32 yaşında dilçilik üzrə elmlər doktorluğu müdafiə edərək rekord göstəriciyə nail olub: “Təkcə bu fakt Ağamusa Axundovun böyük istedadından xəbər verir. Ağamusa müəllim Azərbaycan dilinin fonemlər sistemini yaradıb. Azərbaycan dilçiliyinin inkişafında fonetika sistemini, fonetika istiqamətini yaradan məhz akademik Ağamusa Axundovdur. Bu, dünyada fonemlər sisteminin öyrənilməsi üçün mənbə kitablardan biri hesab olunur. Ağamusa müəllimin “Azərbaycan dilinin fonemlər sistemi” adlı kitabı Azərbaycan fonetikasının abidəsidir. O, dilin estetikasından yazan ilk dilçi alimlərdən biridir”.
İsa Həbibbəyli əlavə edib ki, Ağamusa Axundov hələ 80-ci illərdə riyazi dilçilik anlayışını linqvistik tədqiqatlar sferasına gətirib. Bundan başqa görkəmli alimin ədəbiyyatşünaslıq sahəsindəki tədqiqatları dilçilik istiqamətindəki tədqiqatlarından geridə qalmır: “Ağamusa müəllim dilçilik istiqamətində göstərdiyi professionallığı ədəbiyyatşünaslıq sahəsində də peşəkar səviyyədəki əsərləri ilə isbat edib. Onun Azərbaycan ədəbiyyatşünaslıq elminin ayrı-ayrı sahələrinə aid yazdığı sanballı elmi əsərlər dilçiliklə ədəbiyyatşünaslığın qovşağında olub, həm diliçiliyi, həm də ədəbiyyatşünaslığı zənginləşdirən əsərlərdir”.
Daha sonra söz akademik Nizami Cəfərova verilib. O, Ağamusa Axundovun şəxsiyyəti,
tədqiqatları haqqında danışıb, onun barəsində
xatirələrini bölüşüb. Nizami Cəfərov
qeyd edib ki, Ağamusa Axundov Azərbaycan dilçiliyi tarixində
o şəxsiyyətdir ki, onun zəngin yaradıcılıq təcrübəsi
meyar hesab olunur: “Yəni düşünmək olar ki, Azərbaycan
dilçiliyi Ağamusa Axundova qədər və ondan sonra. Ağamusa müəllim dilçilikdə Səməd
Vurğuna bənzəyir. Yəni çox
ilhamlı, parlaq, dəqiq, improvizasiya qabiliyyəti yüksək
olan alim idi. Deyirdi ki, mən “Ümumi
dilçilik” kitabını bir aylıq məzuniyyətdə
yazdım. Bir aya yazılan bir əsəri
Azərbaycan dilçiləri 60 ildir oxuyub bitirə bilmirlər.
Yəni bu kitab o qədər mükəmməl
və zəngindir. Anar müəllimin
dediyi kimi Ağamusa müəllimin təbiətində qəribə
bir rahatlıq, arxayınlıq var idi. Ən
mürəkkəb problemləri çox təmkinli şəkildə
həll edirdi və görürdün ki, bunun başqa yolu
yoxdur”.
AMEA-nın Folklor İnstitunun direktoru, akademik Muxtar
İmanov deyib ki, Ağamusa Axundovun nəzəri dilçiliklə
ardıcıl, hərtərəfli məşğul olması
onun ən böyük üstünlüklərindən biridir. Bu üstünlük
Ağamusa müəllimə imkan verirdi ki, təkcə
dilçilik müstəvisində yox, həm də ədəbiyyat
müstəvisində ən qəliz məsələlərin
elmi həll olunmasında son sözü deyə bilsin:
“Ağamusa müəllim Azərbaycan riyazi dilçilik məktəbinin
banisidir. “Ortaq türk dili
mümkündürmü?” – sualı neçə illərdir
ki, türk dünyası ölkələrində gündəmdədir,
bu sahədə tədqiqatlar və mübahisələr var.
Ağamusa müəllimin də bu mövzuda məqaləsi və
bir neçə konfransda çıxışı var.
Yazırdı ki, esperanto dili kimi riyazi, qeyri-riyazi üsulla dil
yaratmaq qeyri-mümkündür. Əgər
mümkün olsa, xalq onu tətbiq edib işlədə bilməz.
Ortaq türkcə ilə əlaqədar
başqalarından fərqli olaraq, Ağamusa müəllim daha
real düşüncəyə söykənən fikirlər
irəli sürürdü. Deyirdi ki, biz
ortaq türk dili, mədəniyyəti istiqamətində
üç məsələni yaddan
çıxarmamalıyıq. Birinci məsələ
ortaq əlifba, ikinci məsələ ortaq orfoqrafiya,
üçüncü məsələ lüğət tərkibi.
Yazırdı ki, latın əlifbasına
keçmək nə qədər mütərəqqi hadisədirsə,
ayrı-ayrı türk xalqları arasında bir-birindən fərqli
latıncalara keçmək o qədər də böyük
hünər deyil. Lüğət tərkibi ilə
bağlı deyirdi, daha yaxşı olardı ki, hər
türk xalqının mütəxəssisi özünün
lüğət tərkibi ilə dünya standartları səviyyəsində
elə məşğul olsun ki, onun bu təşəbbüsləri
başqa türkdilli xalqlarla əlaqələrin təməlini
qoymuş olsun”.
Muxtar
İmanov əlavə edib ki, akademik Ağamusa Axundov
dilçilik və ədəbiyyatşünaslıq sahəsində
nadir və çox qiymətli elmi əsərləri bizə
yadigar qoyub: “Nə qədər dünya var, xalqımız var,
nə qədər ki, mədəniyyətimiz və elmimiz var,
şübhəsiz ki, o əsərlər Ağamusa müəllimi
daim yaşadacaqlar. Ruhu şad olsun!”.
“Akademik Ağamusa Axundov təkraredilməz şəxsiyyətdir. O, qərb fizionomiyası ilə
şərq müdrikliyini üzvi surətdə birləşdirən
xarizmatik şəxsiyyət idi. Əlbəttə,
məhz bu cür insanlar böyük alim, vətəndaş,
şəxsiyyət olurlar. Biz bu gün qədirbilənlik
tədbirinə yığışmışıq. Və əlbəttə, bu qədirbilənliyə
layiq olan insan üçün
yığışmışıq”.
Bu sözləri isə AMEA Əlyazmalar İnstitunun
direktoru, akademik Teymur Kərimli deyib. Natiq deyib ki, tələbəliyi
70-ci illərə düşənlər iki cəhətdən
xoşbəxt oldular: “Birinci cəhət o oldu ki, bizim imtahan
verməyimizdən bir neçə ay əvvəl respublikada
hakimiyyətə ümummilli lider Heydər Əliyev gəldi. Heydər Əliyevin hakimiyyətə gəlməsi
ilə imkansız abituriyentlərin tələbə olmaq
şansı artdı. İkinci cəhətdən
bizim bəxtimiz gətirdi ki, biz nəhəng pedaqoqlar ailəsinə
düşdük. Böyük alimlərin
içində sayılıb-seçilənlərdən biri də
Ağamusa Axundov idi. Bəxtim gətirdi ki,
Ağamusa müəllim mənim diplom rəhbərim oldu.
Ağamusa müəllim bizə təkcə elm
öyrətmədi, həm də insanlıq dərsi
keçdi. Ağamusa Axundov kimi
böyük alimimizin heykəli xalqımızın ürəyindədir”.
AMEA
Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli
akademik Ağamusa Axundovun uzun illər Dilçilik
İnstitutuna rəhbərlik etdiyini diqqətə
çatdırıb və indi onun vəzifəsini davam etdirməyin
məsuliyyətinin böyük olduğunu deyib: “Ağamusa
müəllim gözü-könlü tox insan idi. İnsanlara
qarşı bir niyyəti vardı: mərhəmət və həqiqət.
İnsanları sevindirməyi çox sevirdi.
Həzrəti Əli deyirdi ki, elm ibadətdir.
Ağamusa müəllimin elmə xidmət edərək,
ömrünü ibadətdə keçirib”.
Kürdəmir şəhər 3 saylı məktəbin
dil-ədəbiyyat müəllimi Əsbət Musayeva müəllimi
Ağamusa Axundov haqqında fikirlərini tədbir
iştirakçıları ilə bölüşüb.
Kürdəmir şəhər İcra Hakimiyyətinin
başçısı Elxan İbrahimov tədbirin Ağamusa
Axundovun böyüyüb boya-başa çatdığı
Kürdəmirdə keçirilməsinin əhəmiyyətindən
danışıb. İcra başçısı
vurğulayıb ki, Azərbaycanda elm və təhsilin
inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə
bağlıdır. Bu tarixdən əvvəl də, sonra
da Azərbaycanda böyük şəxsiyyətlər
yetişib, xalqa töhfə veriblər: “Bu gün Ulu öndərimiz
Heydər Əliyevin layiqli davamçısı İlham
Əliyev tərəfindən də elmə, mədəniyyətə,
təhsilə böyük diqqət var. Bu gün akademik
Ağamusa Axundovun 90 illik yubileyinin qeyd olunması həmin diqqət
və qayğının nümunəsidir. Ölkədə
olduğu kimi, Kürdəmir torpağı da müxtəlif
sahələrdə böyük şəxsiyyətlər
yetişdirib. Bu şəxsiyyətlərdən
biri olan Ağamusa müəllimin yubileyi qeyd olunur. Ulu öndərimiz Heydər Əliyevin Ağamusa
Axundova verdiyi böyük qiymətin, göstərdiyi
etimadın göstəricisidir ki, 1995-ci ildə Azərbaycan
Respublikasının yeni Konstitusiyasının layihəsi
hazırlananda Ağamusa Axundov komissiyaya üzv
seçilmişdi. Bununla da Ağamusa
müəllim Konstitusiyanın hazırlanmasına öz
töhfəsini vermişdi. Ağamusa
müəllim dövlət tərəfindən yüksək dəyərləndirilib.
Ona “Şöhrət” ordeni və Dövlət
mükafatı laureatı adı verilib. Təklif
olunub ki, Kürdəmir şəhərinin küçələrindən
birinə akademik Ağamusa Axundovun adı verilsin. Biz bu təklifi yüksək dəyərləndiririk.
Küçənin adının verilməsi
üçün sənədləşdirmə işlərinə
artıq başlanılıb. Ağamusa
müəllim təkcə Kürdəmirin yox, Azərbaycan
xalqının yetirməsidir. Onun əziz
xatirəsi Azərbaycan xalqının yaddaşında daim
yaşayacaq. Allah rəhmət eləsin”.
Azərbaycan
Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Ağamusa
Axundovun ailəsi adından tədbirin təşkilinə
görə Kürdəmir rayon İcra Hakimiyyətinin rəhbərliyinə
və rayon ictimaiyyətinə təşəkkürünü
bildirib: “Ağamusa müəllimin xatirəsini yaşadan hər
kəsə dərin minnətdarlığımı bildirirəm.
Tədbirdə iştirak etdiyi üçün
Xalq yazıçısı Anara minnətdarlığımı
bildirirəm. Anar müəllimi və
Ağamusa Axundovu kübarlıq, ağayanalıq, şərəf
və ləyaqət sahibi olmaq kimi anlayışlar birləşdirir.
Akademik həmkarlarıma təşəkkür
edirəm ki, Ağamusa müəllim haqqında çox
maraqlı, ətraflı çıxışlar etdilər.
Mən xoşbəxt adamam ki, on beş
yaşımdan Ağamusa müəllimlə təmasda
olmuşam, ondan həyat dərsi almışam. O, mənim
auditoriyada müəllimim olub. Daha sonra həyatda
müəllimliyimi davam etdirib. Tale elə gətirib
ki, Ağamusa müəllim xəstələnəndən sonra
Azərbaycan Milli Elmlər Akademiyasının ictimai və
humanitar elmlər bölməsinin akademik katibi mən olmuşam.
Həmin bölmədə ondan sonra
çalışmaq son dərəcə rahat idi.
Ağamusa müəllim elə səliqə-sahman, elə bir
iş üslubu yaratmışdı ki, 17-18 institutu birləşdirən
o bölmədə son dərəcə nikbin elmi ab-hava
hökm sürürdü. Azərbaycan
dilçiliyinin elə bir sahəsi yoxdur ki, Ağamusa Axundov
orada öz yekunlaşdırıcı, inandırıcı
sözünü söyləməsin, o sahəyə bir
işıq altında baxmağı təklif eləməsin”.
Akademik Kamal Abdulla Ağamusa Axundovun təvazökarlığından, insanlara olan son dərəcə diqqət və qayğısından söz açıb: “Əgər Ağamusa müəllim sağ olsaydı bu tədbirin keçirilməsinə razı olmazdı. Yaxınları, dostları təsdiq edə bilərlər ki, ad günlərinə, yubileylərinə münasibəti həmişə belə olub. Hər birinizə bir daha minnətdaram”.
Tədbirdə eyni zamanda akademik Ağamusa
Axundov haqqında dünya alimlərinin fikirləri
video-çarx vasitəsi ilə səsləndirilib, məktəblilər
tərəfindən ona həsr olunan şeirlər oxunub.
525-ci qəzet.- 2022.- 27 aprel.- S.13.