Qələmsiz yazılanlar

 

status-esselər

 

Brüssel yaxşı şəhərdir.

 

Ətraflı

Ayağı sayalı...

 

***

 

Bu qaçhaqaç, qovhaqov zamanın bircə izahı var: düşünməyə vaxt qalmasın.

 

***

 

Balansı gözləyin; şiş yansın, kabab...

 

***

 

Yazıçı Əli Əkbər status yazmışdı.

 

Səhər-səhər ikinci cümlədə "sevmirəm"i "sevirəm"gördüm. Maraqlı gəldi. Elə o cümləyə görə bütün statusu oxudum. Sonra gördüm ki,"m" var imiş...

 

Əslində, Əli Əkbərdən həmin cümlənin mənim gördüyüm ilk variantda izahını gözləyirdim. "Qeyri-səlis məntiq" - "Parisi o qədər sevirəm ki, onu görməmək üçün əlimdən gələni edirəm".

 

***

 

İndi əksər qadınların sifəti bir-birinə oxşayır; salam verirlər, kimliyini müəyyənləşdirə bilmirsən, gözlərini döyə-döyə baxırsan, yada salmağa çalışırsan. Görəsən, bu salam verən kim idi?..

 

***

 

Küləyiniz uğultusuz əssin...

 

***

 

Harari deyir, bəziləri müdafiə edir: müasir insanların həyatının mənası həzzdir! İnsanlar həzz almaq üçün mücadilə edir, çalışırlar, həzz həyatın mənasına çevrilir.

 

Bəs, həzz nədir?

 

Siz nəyi həzz hesab edirsiz?

 

Nədən şövqə gəlir, nədən havalanırsız?

 

Maraqlıdır.

 

***

 

Dünən qış, bu gün yay...

 

***

 

Mən silməkdən yoruldum, o, göndərməkdən bezmədi.

 

***

 

Dünyanın, insanların başını fasiləsiz nəyləsə qatmaq lazımdır. Yoxsa... teatra gedəcəklər.

 

***

 

Həyat tərzini dəyişmək çətin ağrılı prosesdir.

 

***

 

Hansısa vacib məsələyə reaksiya verməmək, susmaq da münasibət bildirməyin bir formasıdır.

 

***

 

Mirşahin yazıçıları coşdurdu.

 

Əslində, Zəfərimizlə bağlı yazılan əsərlərin bir diqqətə çatdırılması, gündəmə gətirilməsi baxımından xeyirli irad oldu.

 

***

 

Həcmli, böyük yazıdır, xeyli əziyyət çəkilib, amma ədalətsiz məqamlar çoxdur.

 

***

 

Bəs deyirdilər o gedib?

 

***

 

Birdən-birə bütün yaradıcı insanlara, sənət adamlarına qarşı dava açmaq nəyə lazım idi axı?

 

***

 

Sənət adamlarını danlayan kimi onlar bir-birinin ardınca gözəl əsərlər yaratmağa başladılar.

 

***

 

Namiq Mənanın "Biz gedirik Qubadlıya" bədiyyəsinin "Çağırsa ellər gedərəm davaya" meyxanasından nəyi əskikdir ki?

 

***

 

Sənət adamları həssas kövrək olurlar, həm eqoist iddialı. Özlərinin yazıb-yaratdıqlarını ən üstün sənət nümunəsi sayırlar.

 

Vətən müharibəsi dövründə , Zəfərimizdən sonra da möhtəşəm qələbəmizə biganə qalan sənət adamı tapmaq olmaz; hamı Zəfərimizdən ruhlanıb müəyyən bir səviyyədə nəsə yaradıb. Son ilyarımda qəzetin ünvanına gələn saysız-hesabsız bu tipli yazıların içərisində zəif, şablon yazılar da çox olub. Əvvəl-əvvəl çap etmək istəməmişik, amma sonra düşünmüşük ki, neyləmək olar, onlar da öz hisslərini bu səviyyədə ifadə ediblər. Hamı şedevr yarada bilməz ki! Olanımız ortadadır - yaxşısı da var, pisi var.

 

Amma yaradılanları, ortada olanları görmədən, oxumadan hökm vermək məyusluq yaradır. Həssas sənət adamlarına münasibət həssas olsa yaxşıdır. Bu da idman deyil ki, legioner gətirək. varsa, olan budur; olanımıza şərait yaratmaq, inanmaq, inkişafına kömək etmək lazımdır.

 

***

 

"Ay camaat, bu kino ki var, çox qəliz məsələdir. Həm qəlizdir, həm ki vacib!.."

 

***

 

Telefondan uzaq duran kimi dünya gözəlləşir.

 

***

 

Ən qəliz, mürəkkəb məsələlərin sadə həllini tapanlar uğur qazanırlar.

 

***

 

Harda pul var, ora yığışırlar...

 

***

 

Dünyanın dadı çoxdan gedib...

 

***

 

Ruslar bu yayı hansı ölkələrdə keçirəcəklər?

 

***

 

Həftə başlayır sürətlə bitir. Ay da, il eləcə...

 

***

 

Yaponiyadan qurultaya gələn var?

 

***

 

Yazan qədər oxuyan da olsa, vardı ki...

 

***

 

O qədər mənasız qurumlar var ki...

 

***

 

Deyir, bülbül notla oxuyur, qaratoyuq sərbəst...

 

***

 

İndicə Xalq şairi Ramiz Rövşən Rəşad Nağı Mustafanın bu şeiri barədə danışdı, xeyli təriflədi gənc şairə salamlarını çatdırmağı xahiş etdi.

 

Müharibə başlayıb... Nəbatat bağındayam.

 

Hava yaman soyuqdu, özüm bir az xəstə.

 

Heyf, evdən çıxanda papaq da qoymamışam

 

Anam elə bilir ki, ölüm ayağındayam.

 

Müharibə başlayıb... Nəbatat bağındayam...

 

 

 

Mən səni gözləyirəm....

 

Eləcə dayanmışam Eldar şamının altda

 

Gör e, adam adında ağaclar var həyatda

 

Ağacların üstündən yıxılan balacalar böyüyür, igid olur.

 

Mən səni gözləyirəm, amma indi, bəlkə ,

 

bu ağacın adaşı Şuşada şəhid olur.

 

 

 

Mən səni gözləyirəm...

 

Gəlsən, soruşma məndən vətən səninçün nədi?

 

Bax, indi dediklərim hamısı bəhanədi:

 

 

 

Anamın olduğu yer, atamın yatdığı yer,

 

bir sən hardasansa ora mənə vətəndi.

 

Anam heç vaxt ölməsin, sən ölmək istəmə.

 

Mən atamdan bilirəm, ölüm bədahətəndi.

 

 

 

Mən mütləq öləcəm, elə Eldar şamı da,

 

Bir əsgər anasının ümidi ölmür heç vaxt,

 

bir də əziz şəhidlər ölmür, başına dönüm

 

Məni bərk qucaqlama, axı atan deyiləm

 

Məndən barıt qoxusu gəlmir, başına dönüm.

 

 

 

Hər şeyə baxmayaraq

 

yenə də məni sevmək

 

çox xoşuna gəldisə,

 

dua et, ayrılmayaq,

 

duadan yaxşı nə var

 

ürəyin gözəldisə...

 

***

 

Makron - əlacsızlığın seçimi

 

 

Rəşad MƏCİD

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in baş redaktoru

 

525-ci qəzet.- 2022.- 27 aprel.- S.11.