Sənəm Əliyeva:"Şuşada qurultaya
qatılacağım heç ağlıma gəlməzdi"
"ESTONİYADA AZƏRBAYCANI
TANITMAQ YOLUNDA XEYLİ MƏSAFƏ QƏT
ETMİŞİK"
Aprelin
22-də Şuşa şəhərində
keçirilən Dünya Azərbaycanlılarının V
Qurultayı - Zəfər Qurultayında iştirak etmək
üçün Vətənə dəvət olunan həmyerlilərimizdən
biri də uzun illərdən bəri Estoniyada yaşayaraq
ölkəmizi layiqincə təmsil edən "Ocaq" radio
verilişinin aparıcısı, tərcüməçi Sənəm
Əliyevadır. Uğurlu fəaliyyətinin nəticəsidir
ki, o, sözügedən qurultayda ölkə Prezidenti tərəfindən
Azərbaycan Respublikasının medalı ilə təltif
olundu. Vətənə qısamüddətli
gəlişindən istifadə edib Sənəm xanımla
görüşdük və həm qurultay, həm də
Estoniyadakı fəaliyyəti haqqında söhbət etdik.
- Sənəm
xanım, iki il sonra Vətəndə
özünüzü necə hiss edirsiniz?
- Mən
iki il öncə gələndə onda dərdli
vətən idi Azərbaycan. Düzdür, bu
gün də dərdimiz var. Bu qədər şəhid
vermişik, qazilərimiz var, onların hər biri bizim dərdimizdir.
Amma əvvəllər qürurumuz
sınmışdı. Zəfərimizdən sonra isə
bambaşqa bir hiss var içimizdə, xüsusən xaricdə
yaşayan azərbaycanlıların. Çünki
biz yad mühitin içərisində
başıaşağı idik. Biz bu dərdi
özümüz üçün həm də utanc hissi kimi də
qəbul edirdik. Bu dəfə isə biz vətənə
fəxrlə, qürurla gəldik. Bunu da
sözsüz ki, şəhidlərimizə borcluyuq. Mən Şuşada ikən bir saniyə belə
onları unutmadım. Bu gün onların qəhrəmanlığının
nəticəsidir.
- Buradan
gedərkən heç düşünərdinizmi ki, qalib Azərbaycana
və məhz
Şuşa üçün geri dönəcəksiniz?
- Əsla düşünməzdim. Amma mən
heç zaman da ümidimi itirmirdim. Qarabağ
mənim hər zaman bir nömrəli mövzum olub. Həm televiziyada, həm də radioda zaman-zaman bu
mövzuya toxunmuşam. Oğlumun 26
yaşı olacaq. O, bir dəfə mənə dedi, yəni
inanırsan ki, Qarabağ geri alınacaq? Bu söhbət
müharibədən bir il öncə
olmuşdu. Onda sanki qürur boğdu məni və əminliklə
dedim ki, şübhəsiz inanıram, mütləq! Hərçənd ki, o zamana kimi mənim də
inamımın zəiflədiyi anlar olurdu. Amma
həmin vaxtkı əminliyim özümə də xoş gəlmişdi.
Sonra Şuşa 8 Noyabrda - oğlumun ad
günündə azad edildi. Onda oğlum dedi ki, bəlkə də
bu zəfər sizin kimi insanların inamı hesabına
qazanıldı. Təbii ki, Şuşada
qurultaya qatılacağım heç ağlıma gəlməzdi.
- Bir az da qurultaydan danışaq. Necə
keçdi?
-
Çox gözəl təşkil olunmuşdu. 65
ölkədən 400-ə yaxın azərbaycanlı diaspor
nümayəndələri iştirak edirdi. Baxmayaraq ki, Şuşa dağıdılmış,
infrastrukturu tam bərpa olunmamış şəhərdir. Erməni vandalizminin izini biz hər yerdə
gördük. Amma bununla bərabər, təşkilatçılıq
çox yüksək səviyyədə həyata
keçirilmişdi. Böyük zəhmət
olduğu açıq-aydın görünürdü. O
qurultayda mənim ən çox diqqətimi çəkən
və qürurlandıran cənab Prezidentin nitqi oldu. Çox səlis və dəqiq nitqində bizə
xeyli mesajlar ötürdü.
Şuşaya ayaq basarkən çox qarışıq
hisslər keçirdim. Həm sevinc, həm də kədər
vardı. Şəhidlərimizi bir an
belə unutmadım. Onların dərddən
qocalmış anaları gəldi gözümün
önünə. Bütün səfər
boyunca şəhidlərimizin ruhuna dualar etdim, onlara təşəkkür
etdim.
- Estoniyada Azərbaycanın təbliğiylə
bağlı fəaliyyətiniz haqqında özünüz nələr
düşünürsünüz?
-
Bilirsiniz, təvazökarlıq yaxşı keyfiyyətdir,
ancaq bəzən insan öz müsbət işlərini,
yaxşı əməllərini dəyərləndirməyi də
bacarmalıdır. Çox təvazökar olanda da səni
heç kim görmür
(gülürük). Estoniyada tək mən deyiləm.
Niyazi Hacıyev, gənclərdən Zəhra Qəhrəmanlı,
Rüfət Kərimli, rəssam Rövşən Nur var ki,
çox geniş fəaliyyətlə məşğuldurlar və
önəmli işlər görürlər. Əlbəttə,
bizim etdiklərimiz ordumuzun, şəhidlərimizin etdikləri
qarşısında heçnədir. Ancaq
təkcə Vətən müharibəsi dönəmində
deyə bilərəm ki, hər kəs kimi biz də 44 gün
boyunca nə yuxu yatdıq, nə dinclik bildik. Özüm Estoniyada media sahəsində
çalışdığım üçün medianın
elə bir orqanı, insanı qalmamışdı ki, nəsə
səhv məlumat və ya xəbər gedəndə onlara məktub
yazıb, düzəliş etdirməyim. Bərdə
hücumlarında, Gəncə faciəsində məlumatları
dürüst şəkildə mətbuatda verdirmək
üçün çox çalışırdıq.
Hətta bir baş redaktor vardı, onunla qarşılaşanda
dedi ki, bu hadisələrdə bir o qaldı ki, sən bizi məhkəməyə
verəsən. Dedim, hə, yaxşı xatırlatdız, gərək
verərdim məhkəməyə. Əvvəl-əvvəl
Estoniya bizə qarşı idi. Amma biz
çox tez reaksiya verdik və fikirləri dəyişdik.
Belə durumlarda mənim küsmək kimi bir
xasiyyətim yoxdur. Əksinə, etiraz edir,
düzəlişlər tələb edirdim.
Ümumən
isə, Estoniyada Azərbaycan adına
gördüyümüz çox işlər olub. Azərbaycan
Günləri, Nəsimi Günləri, Nizami Günləri
keçirmişik. Tanınmış alim Mail
Yaqub gəlmişdi, Nizami ilə bağlı çox gözəl
seminarla çıxış etdi. Nəsimi
filmini gənclərimizin əməyi sayəsində tərcümə
edib böyük kinozalda nümayiş etdirdik. Eston Dram Teatrında tamaşamız səhnələşdirilib.
Azərbaycan Film Günləri olub. Bütün bunlar göstərir ki, Estoniyada Azərbaycanı
tanıtmaq və həqiqətlərimizi çatdırmaq
yolunda xeyli məsafə qət etmişik.
Estoniya Mədəniyyət Nazirliyi tərəfindən mənim
haqqımda qısametrajlı sənədli film çəkilmişdi. Orda Azərbaycan
Bayrağının varlığı artıq bizim
uğurumuzdur. İnsanlar ordakı adı
unudurlar, amma bayrağı unutmurlar.
- Estoniya
ilə yollarınız necə kəsişdi?
- 1995-ci
ildə ailə həyatı qurdum. Yoldaşım
orda yaşayırdı və mən də onunla birgə
getdim. Gedən gündən şok
yaşadım. Həmin illər Azərbaycan
üçün nə qədər çətin dövr olsa
da, Bakı kimi günəşli şəhərdən,
insanlarımız kimi gülərüz əhalidən sonra
kiçik bir Avropa şəhərinə düşmək mənimçün
çox çətin idi. Bir həftədən
sonra artıq geri dönmək istəyirdim. Hamı deyirdi ki, Avropaya gəlmisən. Amma mən istəmirdim Avropanı, mən
Bakını arzulayırdım. Döndüm
də geri və uzun müddət getmədim. Bir də 2003-cü ildə getdim. Estonlarda bir xüsusiyyət var ki, dilləri onlar
üçün ən önəmli şeydir. Estoniyada yaşayıb eston dilini bilmirsənsə,
onlar sənə ikinci dərəcəli insan kimi baxırlar.
Mənsə, heç vaxt elə ola bilməzdim.
Onda qarşıma məqsəd qoydum və eston
dili kimi çətin bir dili cəmi 6 aya öyrəndim.
Bu qədər tez öyrənməyimə
görə də tez bir zamanda Estoniyada məşhur oldum.
Televiziyalar, radiolar, qəzetlər məni
başqa millətlərə nümunə göstərmək
üçün haqqımda verilişlər
hazırladılar, məqalələr yazdılar. Tallin əhalisinin üçdə biri elə bircə
günün içində məni tanıdı.
- Siz tərcüməylə
də məşğul olursunuz. Bu fəaliyyətiniz
necə başladı?
- Dediyim
kimi, çox tez zamanda tanındım və elə tez zamanda da
ətrafımda eston yazıçılar, şairlər, mədəniyyət
nümayəndələri kimi dostlar toplaşmağa başladı.
Estonlar insanın intellektual səviyyəsinə
çox önəm verirlər. İndi də
yazıçı, nazir, deputat, jurnalist dostlarım var. Onlar mənə
çox yollar açırdılar, tövsiyələr
verirdilər. Soyuq estonlardan bu cür isti
münasibət görmək məni də həvəsləndirirdi.
Sonra biz Kersti Kivirüüt məni tapdı və
kitabı haqda danışdı. Dedi, çox istəyir
ki, kitabı Azərbaycan dilində çap olunsun. Həmin vaxt da mən notarial tərcüməylə
məşğul idim. Amma hələ əsər
tərcümə etməmişdim. Bir az
da riskə girdim, dedim istəyirsiz, mən edərəm. Beləcə, kitabı tərcümə etdim. Məncə, pis alınmadı. İndi
fikirləşirəm ki, Cəlil Məmmədquluzadənin
"Dəli yığıncağı" əsərini tərcümə
edim. Ola bilsin ki, o, Eston Dram Teatrında səhnələşdirilsin.
- Estoniya
sizə vətən ola bildimi?
- Mən
bunu çox düşünmüşəm. Hətta
iki dövləti tərəziyə qoymuşam. Estoniyada mənim ailəm var, övladlarım
doğulub, böyüyüb. Estoniya onlara
təhsil verib, oğlum artıq həkimdir, qızım liseyi
bitirir. İşim, dostlarım var. Azərbaycanda
isə 25 illik həyatım. Yenə də
bu dəyərlərə baxmadan tərəzidə Estoniya
ağır gələ bilmədi. Azərbaycan
mənim birinci vətənimdir. Bunu Şuşada bir daha
hiss etdim. Vətən sevgisi həqiqətən də çox
böyük və ülvi hiss imiş.
- Belə bir söz var ki, övladlarınız sizin yox, cəmiyyətindir. Sizin övladlarınız da Estoniya cəmiyyətində doğulub, böyüyüblər. İndi onlar estondur, yoxsa azərbaycanlı?
- Gözəl sualdır. Mənimçün onlar Estoniyada yaşayan azərbaycanlıdırlar. Amma onların sözüylə verəcəm cavabı. Oğlum təhsilini bitirib Finlandiyada həkim işləyirdi. Bir gün bir xəstəsiylə söhbət edir. O da Azərbaycana gəlib-getmiş turist olur. Xəstəsi soruşur ondan ki, Estoniyadan gəlmisən, eston vətəndaşısan, Finlandiyada işləyirsən, millət olaraq azərbaycanlısan. Bəs sən özünü kim hiss edirsən? Demişdi, Estoniyada yaşayan azərbaycanlı. Bunu eşidəndə çox qürurlandım. Mən heç vaxt onlara Azərbaycan sevgisini yükləməmişəm. Amma tərbiyə də sözlə olmur, nümunəylə olur. Nə xoş halıma ki, mən onlara düzgün nümunə ola bilmişəm.
- Azərbaycanla bağlı daha hansı planlarınız var?
- Estoniyada Karyera Təhsil Akademiyası adlı şirkət açmışıq. Bu şirkətin işini təhsilə dəstəyə yönəltmək istəyirik. Bununçün də müəyyən Avropa layihələrinə müraciət etmişik. Təbii ki, Azərbaycanı da tərəfdaş ölkə kimi qeyd etmişik. Çox böyük arzum var ki, o layihələrin birini məhz Azərbaycanda, Şuşada edək. Edəcəyik də İnşallah. Çünki təhsil çox önəmli faktordur və biz hamılıqla təhsilimizi dirçəldəcəyik. Təhsil üzrə Estoniya və Finlandiya öndə olan ölkələrdəndir. Onlarla mübadilələrin olması üçün layihələrimiz keçiriləcək.
Həmçinin, "Şuşa İli"ylə bağlı Şuşanı da Estoniyaya aparacağıq. Şuşaya həsr olunmuş bir neçə silsilə radio verilişlər və başqa tədbirlər keçirəcəyik.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2022.- 27 aprel.- S.9.