Bəxtiyar Vahabzadənin məktub yazdığı gənc şair

 

İNDİ ONUN 65 YAŞI VAR

 

 

...Ötən əsrin doxsanıncı illəri idi. Sumqayıtda məclislərin birində dostlarımızdan kimsə "Gənclik metrosu"  adlı şeir oxudu. Məzmunu beləydi ki, metroda bir qoca "Gənclik" stansiyasının səmtini soruşur. Ona zarafatla cavab verirlər ki, hələ qocalıqdan gəncliyə metro xətti çəkilməyib. Qoca da köksünü ötürür: "Eh, qocalıq yaxşı olsaydı, onun da adına bir stansiya tikərdilər".

 

Şeirinin sorağı ilə gedib çıxdığım Masallıda tələbə dostum Nurəddin Ədiloğlu mənə dedi ki, axtardığı adam ixtisasca filoloq olan Nurməmməd Ağadır, özü   Boradigah qəsəbəsində yaşayır. Üz tutdum ora şairi balaca bir dükanda bəzirganlıq etdiyi zaman "yaxaladım". Bəstə boylu, qarabuğdayı bir oğlandı. Dolanacağın müşkül olduğu vaxtlardı, o da səhərlər məktəbdə dərs deyir, günortadan sonrasa dükanda "çaq-çuq" edirdi. Amma gördüm ki, Nurməmmədin ən sevimli məşğuliyyəti poeziyadır.

 

Həmin vaxtlar təzə-təzə  tanınan şairin "Gənclik metrosu" ilə bərabər, "Anamın əlləri əldən düşübdü", "Pəncərəm ağlayır..."  digər gözəl şeirləri ona oxucu sevgisi qazandırmışdı.  Mövzuya fəlsəfi yanaşmaları, poetik təfəkkürü, obrazlı deyim tərzi  diqqət çəkirdi. Bəlkə məhz həmin çətin dönəmlərdə "polad bişərək daha da bərkiyib" taleyinə şairlik yazılan gənc, poeziya adlı vadi boyunca  büdrəmədən irəli gedə bilib. İndi məktəb direktorudur, bölgənin sayılıb-seçilən ziyalılarındandır, etiraf olunan şairdir. Sözlərinə neçə-neçə mahnı bəstələnib.     

 

Qələm dostumuz  altı tarixi-etnoqrafik, bədii-publisistik şeirlər kitabının müəllifi, Prezident təqaüdçüsüdür. Amma onun hələ qələmə almadıqları - vərəqlərə "hönkürmədikləri",  duyğu-duyğu pıçıldamadıqları yazmış olduqlarından daha çoxdur. Onun haqqında tərifli yazılar az olmayıb. Amma ən möhtərəm imza olaraq, unudulmaz Xalq şairi Bəxtiyar Vahabzadənin məktublarını  tutiya kimi əzizləyir. Hələlik sonuncu olan "Hər görüşdə ayrılıq var" adlı kitabının ön səhifələrində həmin məktublara yer ayırıb. Ölməz şairimiz gənc Nurməmmədin yazılarını həvəslə təqdir edib ona uğurlu yollar arzulayıb. Mərhum professor Akif Hüseynov da, cəfakeş tənqidçi-alim Vaqif Yusifli əyalət ünvanlı şairin yaradıcılığına yüksək qiymət verib, ürək sözlərini ürəklə dilə gətirib, qələmə alıblar.

 

 

 

Yenə qocalıq mövzusuna qayıdaq. Azərbaycan ədəbiyyatında qocalıqdan şikayət mövzusunda fikirlər yetərli qədərdir. Şərqin müdrik nəsihət kitabı olan "Qabusnamə"də bu barədə deyilir ki, "hər xəstəlikdə yaxşılaşmaq ümidi var, qocalıqdan başqa". Nizaminin "Gənclik nurlu səhərdir, qocalıq qərib axşam", Xaqaninin "Gənclik bir qızıldır, ömrün əlindən, Düşərək torpağa yox oldu birdən", Saib Təbrizinin "Qocalıq gəldi, bu da özgə aləm oldu", Seyyid Əzimin " Cavanlar gəldi dünyayə, qocaldım, heyf, pir oldum", Mirzə Ələkbər Sabirin "Əfsus, qocaldım, ağacım düşdü əlimdən" kimi poetik fikirləri məlumdur. Bu günlərdə 65 yaşına çatan Nurməmməd Ağanın da bu mövzuya münasibəti özəldir, yaddaqalandır:  

 

Hanı ürəyimin ərköyünlüyü,

 

Hanı saçlarımın sıx-sıx yığımı?

 

İllər səngər qazır alnımda mənim

 

"Atəş"ə tutmaqçın cavanlığımı.

 

...Günlərdir Nurməmməd Ağanın yeni kitabında toplanmış şeirlərinin təsiri altındayam. "Təndir Vətəndir" bölümündəki ictimai-siyası, fəlsəfi məzmunlu yazıları ruhuma qida verir. Eyni adlı şeiri fikrimi ayrıca məşğul etməkdədir.

 

Azalıbdır gözlərindən nur təndirlərin,

 

Sönən ocaq ürəyimi yaxır haçandı.

 

O yıxılan, o yox olan gur təndirlərin

 

Tüstüləri təpəmizdən çıxır  haçandı.

 

 

 

Məlhəm olan təndir külü hardadı görək?!

 

O külümün başına da kül ələnibdi.

 

Bağrıyanıq babaların məzarlarıtək

 

Qarabağda təndirim güllələnibdi.

 

 

 

Kənd "qalac"ın ümidinə qalanda bildim

 

Uçan təndir ruzumuzun son axşamıydı.

 

Humanitar yardımları alanda bildim,

 

Sönən külfə bir külfətin sönən şamıydı. 

 

demək olar - təsirli şeirdir. Oxuduqca sanki təndir çörəyinin ətri dəyir adamın burnuna. Bu, təkcə fiziki dad həsrəti deyil,  həm yurd həsrəti, yuva nigaranlığı, ocaq yanğısıdır...

 

"Sönən külfə bir külfətin sönən şamıydı" misrası isə şairin çoxsaylı obrazlar qalereyasına  özəl rəng qatır. Burada "külfə - külfət" qoşalaşdırması xüsusilə gözəldir, şairanədir.  Elə bircə "külfə" sözü adamın fikrini haralara aparmır? Talış dilində ana laylalarıyla xəmiri yoğrulmuş, körpəliyindən bu şirin dildə danışmağa başlamış Nurməmməd Ağanın Azərbaycan türkcəsini dərinliklərinə qədər bilməsi bir yana, bu dildə pakizə şeirlər yazması heyranedicidir. Özünə dəfələrlə demişəm, Nurməmməd Ağa bu dilin şəhdi-şəkərinə bəzi qələmdaşlarımızdan  daha yaxşı bələddir.

 

Onun tozunu silib, cila verdiyi "külfə" sözü etnoqrafik anlamdan çıxaraq ömür-gün, həyat nəsnəsinə çevrilib. "Külfə" - Gədəbəy, Qazax Tovuz tərəflərdə təndir mənasında işlənən sözdür. Naxçıvan, Zəngəzur Qarabağ ellərində təndirin havaçəkəninə "küflə" deyilir. Laçında tövlədə pəncərə əvəzi qoyulan dəlik belə adlanır. Şahbuzda belə bir deyim var: "Küflə olmasa, təndir yaxşı yanmaz". Bəzi bölgələrdəsə buna "kiflə" deyilir. Nurməmməd Ağa bu sözü öz şeirində elə ustalıqla işlədib, "külfət" sözüylə yanaşı qoyaraq elə mənalandırıb ki, "əhsən" deməmək olmur.   

 

Özü onun sözlə bir rəssam kimi yaratdığı lövhələr uzun müddət göz önündən çəkilib getmir. Hərdən düşünürəm ki, Ağa bəlkə ucqar Boradigahda deyil, tutalım, İtaliyada, İngiltərədə dünyaya gəlsəydi, gözəl bir rəssam ola bilərdi. Amma onun istedadı daha çox şeir ölkəsi kimi tanınan Azərbaycanda təbii olaraq şairlik yönümündə parlayıb.    

 

Nurməmməd Ağanın sevgi şeirləri səmimidir, saf, mübarək duyğularla, misralarla doludur.

 

Məstedici varsa, dində buyrulub haram,

 

Eşq ağlımı alırsa, demək, mən günahkaram?

 

Bu mövzuda şairin bir sıra türfə qəzəlləri onun yeni kitabında toplanıb. "Çarəsi var", "Dürdanə gərək", "Gəlir", "Gözlər gözümdən düşməsin" rədifli qəzəlləri bölgədə dillər əzbəridir. Məclislərdə xanəndələr , xiridar dostları da bu qəzəlləri çox sevir səsləndirirlər .

 

Kitabda Nurməmməd Ağanın "Müqəddəs qorxu" "Əsir düşən şəkillər" adlı iki poeması da yer alıb. Birinci poemasında ulu Yaradana məhəbbət, ömrün hikməti, əxlaqi-islami dəyərlər tərənnüm edilir. Digərində isə şəkilböyüdən aşotlardan, kartofsatan arakellərdən, pinəçilik edən armenlərdən bu nankorların xətir-hörməti, od qonşuluğunu  yerə vurmasından bəhs olunur.

 

Bizim çəkmələrimizi yamadılar,

 

Özlərinin torpaqlarını, xəritəsini...

 

"Hər görüşdə ayrılıq var" kitabı dərin mənalarıyla oxucu ürəklərini fəth eləmək gücündədir, - desəm, mübaliğə etmiş olmaram.

 

Masallıya hər səfərimdə şair Nurməmməd Ağanı mütləq ziyarət edirəm. Oturub dərdləşir, sənətdən, poeziyadan danışırıq. Ötən görüşümüzdə öyrəndim ki, hazırda 44 günlük  Zəfər yürüşümüz haqqında silsilə şeirlər üzərində işləyir. Bəlkə vətənpərvərlik duyğularından ibarət söz çələngini daha bir layiqli  poemaya çevirəcək. Yaxınlarda görəcəyik.

 

Mənim bu qeydlərimsə dost sözü, oxucu qənaətləridir. Daha dərin təhlili fikirlər peşəkar tənqidçilərin işidir. 

 

 

Əli NƏCƏFXANLI

 

525-ci qəzet.- 2022.- 28 aprel.- S.15.