Böyüklərin Umudu, kiçiklərin
ümidi
Umud-ümid
səsləşməsi eyni sözün müxtəlif
çalarları kimi
nə qədər könüləyatımlıdır!
Biri addı, biri inam, gözləmə, etibar kimi kəlmələri
ümumiləşdirir və bu ümumiləşdirmə
ümid edənlə ümid edilənin
doğmalığını bildirir; heç kim
yada, tanımadığı adama ümid olammaz. Tarixin heç bir dönəmində yadlara ümid
olmadı xalqımız, "öz şərini özü kəsdi".
Bu ruhla böyüyənlərin xarakteri də
belə formalaşdı; atalar oğullarını belə
böyütdü. Teymur Paşa oğlu oğluna həm
ötənləri yaşadası xatirə-ad kimi, həm də
ümid olacağına ümidli olduğuna görə Umud
adı verdi...
Oğullar min illərdi ata nəsihətlərindən
öyrənə-öyrənə böyüyür,
dünyanı dərk edir, ata olur, ata nəsihətlərinin
işığında oğullarına nəsihətlər
verir. Bu, həyatın fəlsəfəsidi. Xalqı xalq kimi, milləti millət kimi
formalaşdıran bu fəlsəfədi. El
adətləri deyirik, el adətlərini milli mentalitet bilirik,
milli nentalitet kimi yaşadırıq, yaşada-yaşada
yaşayırıq. Bu adətlərdən
biri də nəsihətlərə sədaqətdi. Bəlkə
də bu səbəbdən xalqın, millətin uğur yolunun
duaçısı min illərin ruhundan düşən
işıq olur...
Zamanında zamana boyun əymədi Teymur Paşa oğlu. Qərəzliyi,
siyasi rejimə yarınmaları mərdliyiylə,
dözümüylə çiliklədi. Hökumətin
dövlətçiliyə sədaqətli məmurları
yaxşını yamandan ayırd elədi. Talelər bulandırmağa meyillilər istəyinə
çata bilmədi. Teymur Paşa oğlu məsul
vəzifələrə təyin edildi. Bu,
etibar idi. Böyük Vətən
müharibəsində mərdliklə döyüşdü,
döyüş medallarıyla təltif olundu. Yenidən məsul vəzifələr. Bu da
etibar idi, etimad idi...
Oğullar böyütdü Teymur Paşa oğlu. Hər biri
el-obasına da, ata-anasına da başucalığı gətirdi.
Ata-ana bunu Tanrının lütfü bilirdi...
Teymur
Paşa oğlunun 1944-cü il iyunun 1-də dünyaya göz açan oğlu
Umud da ata öyüdləriylə böyüdü,
yaşlıların "Bərəkallah"ını
qazandı, tay-tuşlarının həsədini. Yadıma bir
el məsəli düşür: Allah dağına baxıb qar
verir. Teymur Paşa oğlunun oğulları bu
adın ucalığına layiq yaşamalıydılar,
işləməliydilər, ictimaiyyət onları da
atalarına olan ehtiramla əhatələməliydi; oğullar
ataya olan ehtiramı miras bilməliydilər. O miras mərdliklə,
el-obaya, deməli, Vətənə sevgiylə, insanlara,
insanlığa insani münasibətlə dərinləşməliydi.
Umud ömrünü bu ülgüylə
yaşamağa qərarlıydı. Belə də
yaşadı...
İslah Zəngilanda, Nuşirəvan Sumqayıtda
yaşayırdı. Rizvanla Seyfəddin balacaydı, əlləri
işə yatmırdı - sümüyü bərkiməmiş
uşaqların işin qulpundan yapışmağa anaları
da qoymazdı. Evin
ağırlığını anayla-bala - Tovuzla yeniyetmə
Umud çəkirdi; qapı-baca, təsərrüfat,
mal-heyvan, meşədən odun gətirmək, həm də
gecələr. Bunlar çox deyildimi?
Umud kimi oğula çox deyildi...
1962-ci il idi. Zəngilan şəhər orta məktəbini
bitirən Umud Bakı Dəmiryol Nəqliyyatı Texnikumuna
daxil oldu. Özünün istəyiylə
axşam şöbəsində oxudu, Xırdalan Pivə
zavodunda fəhlə işlədi. El deyimləri həmişə
sözə söykək olub: İgidin sağı-solu olmaz. Bir vaxtlar kənddə torpaqda, təsərrüfatda
yorulmadan, usanmadan işləyən Umud Bakıda da bu
şövqlə işlədi. Atasından eşitdiyi bir
kəlamı unutmamışdı: Nə eləsən, ürəklə
elə, ürəksiz görülən iş
urvatsızlıqla başa çatır. Urvatla
işlədi, urvatla yaşadı Umud. Yaxşı iş
işıq misallıdı - görünür. Görünür
və gözəl ovqat yaradır. Zavodun rəhbərliyi
Umudun işini bəyənirdi. Bəyənmişdi.
Onu sex rəisinin müavini vəzifəsinə
təyin etdilər. Böyük Nizami necə
demişdi? - işi iş bilənə
tapşırırdılar. Umud ümidi
doğruldacaqdı, zəmanəti - Teymur kimi atadan, Tovuz kimi
anadan aldığı tərbiyə, öyüd-nəsihətlərə
sədaqət, dünyaduyumu, bir də halal yaşama niyyəti.
Belə işlədi Umud. İlləri
ömürləşdirə-ömürləşdirə
işlədi. Və zavodun rəhbərliyi onun mənzillə
təmin edilməsinə qərar verdi. O
gecə göy üzü o qədər gözəliydi ki! - ata öyüd-nəsihəti
işığını qədirbilənlərin yolundan
heç zaman əsirgəmir. Həm də bu
işıq məqamında qüdrətə dönür.
Umud bu qüdrətin cığırdaşıydı...
Ehtiram da gözəldi, etibar da. Sənin gərəkiliyin sabahlar
üçün hiss edilirsə, xoşbəxt işçisən,
həm də xosbəxt vətəndaşsan. Yaxşı
işçi mükəmməl ali təhsil
alanda daha kamil mütəxəssis olur. Zavodun rəhbərliyi
bu tezisi gerçəkləşdirməkdə
israrlıymış: Umudu 1967-ci ildə ali
təhsil alması üçün Azərbaycan Politexnik
İnstitutuna göndərdi. Özünün
istəyi ilə axşam şöbəsinə. Həm oxudu, həm də işlədi.
Az sonra
Umudu zavodun direktor müavini təyin etdilər. Gənc
yaşlarında belə bir məsul vəzifəyə təyinat
təbii ki, qabiliyyətə, səriştəyə, texnoloji
proseslərə bələdliyə vaqifliyin təzahürü
idi. O illərdə zavodda kifayət qədər təcrübəli
kadr var idi. Rəhbərliyin (və rayon rəhbərliyinin!)
bu qərarı böyük kollektivdə rəğbətlə
qarşılandı. "El gözü tərəzidi"
deyimini həm də kollektivin adıyla ifadə etmək mümkündür.
Kollektiv bu təyinatı bəyənmişdi...
Tatar
soyadlı bir türk hocası tələbələrinə
deyərmiş: Bütün uğurlar sənin öz əlindədi.
Öz işini özün bəyən, onda
uğur qazanacaqsan. Umud işləyirdi,
öz işini bəyənməklə işləyirdi. Özünün bəyəndiyi işi rəhbərlik
də bəyənirdi. Bəyənilən iş
respublikada təqdir edilirdi. O illərdə Teymur kişi hərdən şükranlıqla
göy üzünə baxırdı. Bir vaxtlar evin əksər
işinin öhdəsindən gələn Umudun bu boyda məsuliyyəti
bacarıqla yerinə yetirməsi ona böyük könül
xoşluğu verirdi...
Texnoloji proseslər yeniləndikcə yeni biliklərə,
yeni bilikləri mənimsəyən gənc işçilərə
ehtiyac olurdu. Zavod üçün belə kadrlar 94 saylı texniki
peşə məktəbində hazırlanırdı. Zavodun rəhbərliyi bu amilin yaxın vaxtlarda problemə
çevrilməməsi üçün məktəbin rəhbərliyini
yeniləməyi qərara alıbmış. Umudu həmin
məktəbə direktor təyin etdilər...
Az
müddətdə kadr hazırlama mexanizmi tənzimləndi, həm
elmi baxımdan, həm də elmlə təcrübənin vəhdətinin
tətbiqi baxımından...
Umud bu vəzifədə
1978-ci ilə kimi işlədi...
Yenidən zavoda qaytarıldı. Bu dəfə istehsalat
üzrə direktor müavini vəzifəsinə. Nazirlik zavod rəhbərliyinin təqdimatını
(və xahişini) gerçəkləşdirmişdi. Bu təyinat zavodda istehsalın səviyyəsini
artıracağına böyük ümidlər
yaradırdı. Zavod fəaliyyətini yeni
ritmlə, həm də yeni bir ovqatla davam etdirməyə
başladı.
Bacarıqlı kadrın qabiliyyəti, işgörmə
məharəti, işi təşkil etmə səriştəsi
işıq kimidi - hər yerdən aydınlığı ilə
görünür. Bu işığı 1 saylı Şərab
zavodunun rəhbərliyi də görübmüş.
Umud Teymur oğlunu işə dəvət etdilər...
Tərəddüd etdimi? Bu təklif kimə
edilsəydi, sevinci kükrəyərdi. Umud
sevindi, təklifdən daha çox etibara sevindi, etimada sevindi.
Sevindi ki, yaxşı mütəxəssis kimi, həm
də yaxşı insan kimi tanınır. Belə tanınma
kamil insan kimi tanınmanın başlanğıcı olur.
Bu başlanğıc gələcək
uğurların zəmanəti kimi yaşanılır.
Umudun düşüncələrində yaranan tərəddüd
yeni iş yerində işin öhdəsindən gələ
bilməmə gümanlarıydımı? Yox,
Umud özünə inanırdı. Həyatda
özünəinam uğurlara yol açır. Yadına
atasından eşitdiyi bir el məsəli
düşmüşdü: "Çağırılan yerə
ar eləmə, çağırılmayan yeri dar eləmə".
Çağırırdılar, yəni dəvət
edirdilər, getməyi qərara aldı. Gümanlarla
deyil, inamla getdi...
Bu sahənin
də mütəxəssisi olmaq üçün kifayət qədər
yüksək təhsil almağın gərəkliyini qət
etdi, şərabçılıq üzrə ali
təhsil almağa qərar verdi. Gəncə
Texnologiya İnstitutunda qiyabi təhsil aldı, institutu 1987-ci
ildə bitirdi.
Umud Teymur oğlunun böyük qardaşı İslah
xatırlayırdı ki, Umud bu zavodda da məsuliyyətlə
işləyib, zavodun direktoru Nazim İbrahimov ona olduqca yüksək
səviyyədə etibar edirmiş. Umud bu etibara məsuliyyətiylə,
işə sədaqətiylə, sevgisiylə,
halallığıyla cavab verirmiş. İş prosesində
yaranan inam, etibar mənəvi çalarlarla tamamlanır, bu
inam, bu etibar onları sədaqətli dost edir. Hər ikisinin
"Yaxşı dost arzulayan yaxşı dost
olmalıdır" deyimini yaşam fəlsəfəsinin tərkib
hissələrindən biri bildiyinə zərrəcə
şübhə edilməməlidi...
20 il. 20 il birlikdə işlədilər.
20 il zavodun sex rəisi oldu Umud Teymur
oğlu.
20 il günlərin, ayların könül
xoşluğuyla zavodun şöhrətinin əsgəri
oldular...
20 il həmin inamla, həmin etibarla, həmin sədaqətlə
yaşadılar...
1998-ci ilin ikinci yarısında Nazim İbrahimovu zavodun
direktoru vəzifəsindən çıxartdılar. Niyə, hansı səbəblərə
görə, bilinmədi...
Yeni rəhbərlik işə başlayanda yeniləşmə
aparır. Kadrları təzələyir, necə deyərlər,
tanıdığı, yaxud tanıyacağı kadrları
işə götürür. 1 saylı
Şərab zavodunda belə olmadı. Yeni
rəhbərlik Umud Teymur oğlunu vəzifəsində
saxladı. Görünür, onun haqqında kifayət qədər
məlumat alıblarmış: təmiz adamdır, halal
işçidir, yalan danışan deyil, işə can
yandırandır, ... Bunlar
Umud Teymur oğlu üçün qeyri-rəsmi zəmanət
olubmuş.
Zavodda
yeni iş üslubuna keçidlə bağlı məsələlər
həll ediləndə də Umudun təcrübəsindən bəhrələnirdilər.
Respublika rəhbərliyinin təklifi, bəzən
göstərişi ilə yeni şərab növü istehsal
ediləndə ona rəhbərliyi tərəddüdsüz
Umud Teymur oğluna tapşırırdılar. Bu da etibar idi, bu da inam idi; yeni məhsulun texnoloji
keyfiyyətləri alıcılıq qabiliyyətini
artırmalı idi. Artırırdı da.
Bu, zavoda həm şöhrət gətirirdi, həm
də iqtisadi zənginlik. Bu səbəbdən Umud Teymur
oğlu zavodda kifayət qədər geniş ehtiramla əhatələnirdi...
Umud Teymur oğlu cavanlığında da, sonralar da
dürüst davranışıyla, dürüst münasibətiylə
onu tanıyanların da, onun rəhbərliyiylə işləyənlərin
də, rəhbərlərin də sevimlisi olub. Sevə-sevə
yaşadığına görə sevilə-sevilə
yaşayıb. Belə insanlara yaxşı adam deyirlər və bu ad o qədər səmimiyyətlə
ifadə edilir ki, az qala səmimilik kəlməsini insanlıq
kəlməsiylə eyniləşdirirsən. Bu
eyniləşdirmə həyata fəlsəfi
baxışın təzahürüdür. Böyük Nizami demişkən, belə
insanların əməli ilə dünya zər-xara
bürünür.
O da
qardaşları kimi
Oğul,
sözlərimə yaxşı qulaq as,
Ata nəsihəti faydasız olmaz, -
misralarını düşüncələrinə hopduranlardan olub. O da illərini yaxşı ad üçün yaşayıb. Bu gün tükənməz var-dövlətidi təmiz adı. Bir də övladlarıdı. Kifayət qədər geniş dünyagörüşə, inlellektə, milli-mənəvi dəyərlərə malik olan övladlarla qürurlanmaqdan böyük (bəlkə də müqəddəs!) qürur olurmu?
Qızı Təranə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib, Elmi-Tədqiqat Neft və Qaz İnstitutunda işləyir.
Oğlu Zaur Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində təhsil alıb, magistratura səviyyəsində təhsilini Fransanın ən məşhur Sorbonne Universitetində tamamlayıb. 2004-2019-cu illərdə Azərbaycanın Polşadakı səfirliyinin ikinci katibi, Azərbaycanın Macarıstandakı səfirliyinin birinci katibi və Xarici İşlər Nazirliyində işləyib. Hazırda Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfirinin müşaviri işləyir.
Fuad Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını) bitirib. YUNESKO-nun Beynəlxalq Əlaqələr İdarəsi rəisinin müavini işləyir, siyasi elmlər doktorudur...
Umud Teymur oğlunun oğulları Azərbaycanımızın ümidlərini doğruldanlar sırasındadır.
Onun üzü göylərə
pıçıltılarını qəlbitəmizlər
eşidib, eşidir: Oğullarım ümidimin
işığıdı...
Bayram
MƏMMƏDOV
Ehtiyatda
olan polkovnik-leytenant, Əməkdar müəllim
525-ci qəzet.- 2022.- 28 aprel.- S.14.