Gəncliyimizə və gələcəyimizə dahiyanə Sabir münasibəti

 

 

(Naxçıvan Müəllimlər İnstitutu)

 

Uşaqlar, yeniyetmələr, gənclər bizim gələcəyimizdir. Onları xoşbəxt gələcək görüşü ruhunda böyütmək, hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşdırmaq ümumxalq əhəmiyyətli bir məsələdir. Bu işdə gecikmək, "uşaqdır, sonra düzələr", "böyüyəndə anlar" "fəlsəfəsi" ilə arxayınlaşmaq, özünə təsəlli vermək gəlmiş-getmiş çox insanları zillət, fəlakət oduna salıb. Əyri bitmiş ağacı düzəltmək çətin olduğu kimi mənəvi cəhətdən şikəst böyüyən uşaqları sağaltmaq ondan da çətindir. Uşaq yeniyetmələrin yenidən tərbiyəsi böyük pedaqoji ustalıq, dərin bilik, təcrübə, səbr, dözüm vaxt istəyir. Altı aylıq uşağın tərbiyəsi üçün bir psixoloqdan məsləhət istədikdə o, uşağın yaşını öyrənib valideynlərin altı ay gecikdiklərini söyləmişdir. Bu kimi narahat edici məsələlər uşaq ruhunun bilicisi adlandırdığımız pedaqoq maarifçi Mirzə Ələkbər Sabiri dərindən düşündürmüşdü. Müdrik Sabir tək uşaq şeirləri yazmaqla işini bitmiş hesab etməmiş, həmçinin, hansı üsul, vasitə tərzlərdən istifadə etməyin yollarını da göstərmişdi. Akademik Əziz

 

Mirəhmədovun sözləri ilə desək, "uşaq şeirlərində biz həm əsrin tələbləri, həm uşaq ədəbiyyatının inkişafı nöqteyi-nəzərindən mühüm bir məsələni şair tərəfindən səylə işləndiyini görürük".

 

Mirzə Ələkbər Sabirin "özünəməxsus orijinal uşaq şeirlərinin formaları onların mündəricəsinə tam uyarlıdır". "Ə.Sabir Tahirzadə" adlı bir çox imzası ilə "Məktəb şagirdlərinə töhfə" ["Səda" qəzeti, 25 fevral 1910, ¹46], "Ə.Sabir Tahirzadə" imzası ilə "Təbib ilə xəstə" ["Həqiqət" qəzeti, 18 iyun 1910, ¹138], yaxud "Ə.S." imzası ilə "Molla Nəsrəddinin yorğanı" ["Günəş" qəzeti, 23 noyabr 1910, ¹75], yenə "Ə.S." imzası ilə "Molla Nəsrəddin oğru" ["Günəş" qəzeti, 2 yanvar 1911, ¹1], "Ə.S." "Yalançı çoban" ["Yeni həqiqət" qəzeti, 11 fevral 1911, ¹18] mənzum hekayələrini ancaq ancaq valideynlərə kömək kimi uşaqların tərbiyəsinin formalaşmasına həsr etmişdi.

 

Mirzə Ələkbər Sabir uşaqlarını məktəblərə verməyən valideynlərə üz tutaraq deyirdi ki, əgər cənnət, hətta cənnətin misilsiz guşəsini arzulayırsınızsa o zaman uşaqlarınızı elm, təhsil alması üçün məktəblərə göndərin. Yeddi bənddən ibarət "Məktəb şərqisi" şeirində "Ə.Sabir Tahirzadə Şamaxı" adlı imza ilə yazırdı:

 

Məktəb, məktəb, dilgüşasən,

 

Cənnət, cənnət desəm səzasən.

 

Şadəm, şadəm təfərrücündən,

 

Əlhəq, əlhəq, gözəl binasən!

 

Mirzə Ələkbər Sabir yazır ki, kiçik yaşlarından uşağın arzu istəklərinin qeyd-şərtsiz yerinə yetirilməsi onun xudpəsənd böyüməsinə şərait yaradır. Belə uşaqlar sonralar cəmiyyətdə xudpəsənd, müstəbid olurlar. Onların bu arzu istəkləri cəmiyyətin mənafeyi ilə uyğun gəlmir. Çox vaxt bu arzu istəkdən əl çəkmək böyük mənəvi fiziki qüvvə, vətəndaşlıq qeyrəti, iradə istəyidir. Bəzən yeniyetmədə bu qüvvə qeyrət, vətəndaşlıq duyğusu çatışmır, öz cüzi mənafeyini cəmiyyətin mənafeyindən üstün tutur. Buna görə uşağın tərbiyəsi ailənin düzgün tərbiyə baxışından yaranır. Cəmiyyət hər bir valideyn qarşısında mərd, əsl vətəndaş, gözəl insan yetişdirmək kimi şərəfli bir vəzifə qoyur. Ona görə şair "uşaqlar üçün sadə, yığcam əsərlər yazmaqla" istəyir ki, valideynlər balaca yaşlarında uşaqları əməyə, zəhmətə alışdırsın. Bu münasibətlə Mirzə Ələkbər Sabir yazir:

 

Ey uşaqlar, uşaqlıq əyyami, -

 

Gələn əyyamın ondadır kami.

 

Kim ki, qeyrətlə zəhmətə alışar,

 

Kəsbi-irfanə ruzü şəb çalışar, -

 

Zəhməti mayeyi-səadət olar,

 

Yaşadıqca həmişə rahət olar.

 

Kim ki, tənbəlliyə məhəbbət edər,

 

Daim əyləncələrlə ülfət edər,

 

Keçirər vəqtini cəhalət ilə,

 

Bütün ömrü keçər səfalət ilə.

 

İştə, övlad, siz bu halı görün,

 

Bu iki vazeh ehtimalı görün;

 

Vəqtdən daim istifadə edin,

 

Elm təhsilini iradə edin...

 

Ailədəki saflıq, mehribanlıq, səmimiyyət, yüksək ideal uşağın mənəvi cəhətdən sağlam böyüməsi üçün ən etibarlı zəmindir. İlk dəfə dünyaya göz açan uşaq ailədə hökm sürən münasibətlər mövqeyindən ətraf mühitə qiymət verir; ailə münasibətlərində cəmiyyətin bir növ modelini görür. Buna görə istər ailədə, istərsə hər hansi bir kollektivdə uşaq-yeniyetmə elə bir qayğı ilə əhatə olunmalı, ona elə bir şərait yaradılmalıdır ki, o, keçmişin iyrənc qalıqları - oğurluq, quldurluq, şəxsi mənfəət güdmək kimi hərəkətlərə yol verməsin: öz insanlıq ləyaqətini səmərəli, şərəfli əməkdə görsün.

 

"Ə.S." imzası ilə "Yeni füyuzat" jurnalında işıqlandırdığı "Uşaq pul" şeirində oxuyuruq ki, yol ilə gedən bir sail qocanın bumajniki düşür. Bunu görən uşaq onu götürərək evə çatmağa tələsir. Anasına yolda baş verən olub-keçənləri danışır. Bundan sonra onların da artıq pulu olacağını, heç nəyə ehtiyacı qalmayacaqlarını dedikdə ana bir başqa məzmunda övladına təsirli sözlə belə başa salır:

 

Dedi: "Oğlum, sərd imiş qanın

 

Ki, buna razı oldu vicdanın?

 

Tifli-məsum ikən günah etdin,

 

Kəndi vicdanını təbah etdin.

 

Niyə verdin fənayə doğruluğu,

 

İrtikab eylədin bu oğruluğu?

 

Hiç zənn etməm, özgənin mali

 

Bizi zəngin qılıb, edə ali.

 

Yox, yox, oğlum, inan ki, xar oluruz!

 

Ərzəli-əhli-ruzigar oluruz!

 

Xain olsaq əgər bu dünyadə,

 

İrzü namusumuz gedər badə;

 

Gözümüz müntəhayi-zillətdən

 

Baxamaz kimsəyə xəcalətdən;

 

Gərçi pul çox fərəhfəzadır, oğul,

 

Leyk namus pək bəhadır, oğul!"

 

Burada görkəmli fıransız təyyarəçisi yazıçısı Antuan Ekzüperinin aşağıdakı sözlərini xatırlatmamaq olmur: "İnsan olduğunu düşünmək - öz məsuliyyətini hiss eləmək deməkdir". Mirzə Ələkbər Sabir uşaq şeirlərində onu da göstərir ki, hər bir valideyn isə övladının kimlərlə yoldaşlıq, dostluq etdiyini, bu dostluğun hansı prinsiplər üzərində qurulduğunu bilməli, övladının düzgün yoldan sapmasına imkan verməməlidir.

 

"Ə.S." imzası ilə çap olunan M.Ə.Sabirin "Camuşçu sel" əsərində , həmçinin, ideya-məzmun cəhətdən sərfəli olan estetik təsirin daha da qüvvətliliyi mənasında ilk mənbəni təkrar etməyən, orijinal ideyalı məzmunlu uşaq əsəri kimi meydana çıxmışdır. "Camuşçu sel" əsərinin məzmunu uşaqların həyatı tərbiyəsi ilə bilavasitə əlaqələndirməyə xidmət edir.

 

M.Ə.Sabirin "Ə.S." imzası ilə qələmə aldığı "Artıq alıb, əskik satan tacir" şeiri də uşaqların maraq dairəsi, yaş səviyyələri, dərketmə qabiliyyəti baxımından da təqdirəlayiqdir. Göstərilir ki, çəkidə artığına alıb əskiyinə satan tacirin oğlu atasının dəsti-xəttini tutub. Atasının dükanda olmamasından istifadə edən oğul atasından oğurlamaq istəyir. Ata oğlunu oğurluq üstündə tutan zaman oğlunu sillələyir. Bunu görən nurani qoca isə işə qarışaraq belə deyir:

 

Əkdiyin danənin budur səməri,

 

Səndən əxz eyləyib həmin hünəri.

 

...Tərbiyət müstəhəddir, övlad

 

Pədərindən nə görsə, eylər yad.

 

...Saleh ol, saleh olsun övladın!

 

Taleh ol, taleh olsun övladın!

 

Sonda belə nəticəyə gəlirik ki, Mirzə Ələkbər Sabir uşaqların, yeniyetmələrin tərbiyəsini, onların bir şəxsiyyət kimi, vətəndaş kimi, kamil insan kimi tərbiyə olunmasını vəzifəsindən asılı olmayaraq hər bir valideynin borc, şərəf işi hesab edib, hər bir valideynin əməlini aydın, sadə, təsirli misralarla göstərib. Bununla bərabər, Mirzə Ələkbər Sabir hər bir uşaq şeirində valideynləri və uşaqları halal əməyə səsləyib, işgüzarlıq tərbiyəsinə önəm verib, uşaqlar üçün sadə yazdığı hər bir şeirin finalında ibrətamiz nəticəyə yer verib. Uşaqların maraq dairəsini, yaş səviyyələrini nəzərə alan Mirzə Ələkbər Sabirin yazdığı hər bir şeir ibrətli səciyyə daşıyır. Sabir uşaqlar üçün yazılmış əsərlərinin hər birində atalar sözlərindən istifadə edərək estetik fikri daha qabardıb, ümumiləşdirici mahiyyəti və bədii ifadəni aydın fərqləndirib. O, uşaqları vətənə, xalqın adət və ənənələrinə və ya milli dəyərlərə məhəbbət ruhunda böyütməyi əsas amil sayıb.

 

 

Kamal CAMALOV

Pedaqogika elmləri doktoru,

Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

525-ci qəzet.- 2022.- 28 aprel.- S.13.