Əsrlərdən nəsillərə  

 

Anlar saniyələri, saniyələr dəqiqələri, dəqiqələr saatları, saatlar günləri, günlər ayları əvəz edir. Beləcə il tamam olur. İlin tamam olması keçmişlə gələcəyin əvəzlənməsidir sadəcə. Hər tamam olmuş il keçmişin, gələn il isə gələcəyin carçısıdır. Əslində, bütün bunlar adi bir prosesdir. Lakin özəlliyi ondan ibarətdir ki, keçən keçmiş xatirələrin, gələn gələcək isə ümidlər, baç verəcək hadisələr qarşıya qoyulan məqsədlərin təcəssümüdür. Təzəcə qarşıladığımız 2022-ci ilin öz diləkləri görüləcək olan işləri, məqsədləri, özəlliyi var. Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən 2022-ci ilin məhz "Şuşa İli" elan edilməsi bu ilin özəlliyindən xəbər verir. Məhz bu il mədəniyyət paytaxtımız, Qarabağın incisi sayılan Şuşamızın 270 ilinin tamam olması 2022-ci ilin qürurverici hadisələrindəndir. 1752-ci ildə Pənahəli xan tərəfindən əsası qoyulan bu abidələr diyarının hər bir azərbaycanlının qəlbində ayrı bir hərarəti var. Şuşa qalası, Pənah xanın sarayı, Saxsı bulaq, Saatlı məscidi, Molla Pənah Vaqifin türbəsi, Xanlıq Muxtar karvansarayı, Şirin su hamamı, Qazançı kilsəsi, Qız monastrı, Nəcəf bəy Vəzirovun evi və.s. Sadaladıqlarımız Şuşanın sərvət dolu memarlıq xəzinəsini təzahür etdirir. Hər birinin ayrı rəngi, bambaşqa ahəngi var.

Bu cür tarixi memarlıq abidələrindən biri Qarabağın sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvana məxsus evdir. İnşasında kərpic çiy daşlardan istifadə olunub. 1930-cu ildə Azərbaycan vokal sənətinin banisi Bülbülün təşəbbüsü ilə Şuşa musiqi məktəbi bu binada fəaliyyət göstərib. 1984-cü ildə məktəb Şuşa şəhər Niyazi adına Uşaq İncəsənət məktəbi adlandırılıb. 1987-ci ildə AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin Xurşidbanu Natəvan adına Qarabağ filialı burada fəaliyyət göstərib. 1992-ci ildə may ayının 8-də Şuşa şəhəri işğala məruz qaldıqdan sonra muzeydəki yüzlərlə rəsm əsərləri, xalçalar, miniatürlər, xatirə əşyaları işğalçılar tərəfindən dağıdılıb.

 

Məşhur memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında tikilmiş Şirin su hamamı 1878-1880-ci illərdə Xan qızı Xurşidbanu Natəvan tərəfindən inşa edilib. Hamam Şuşa şəhəri, Merdinli məhəlləsində tikilib. Tarixdə xeyirxah işləri ilə dərin iz qoymuş Natəvanın 1873-cü ildə Şuşaya çəkdirdiyi içməli su ilə işlədiyindən Şirin su hamamı olaraq adlandırılıb.

 

Şuşada dumduru, saf təmiz suyu olan, müalicəvi əhəmiyyətə malik bulaqlar çoxdur. Mamayı bulağı da hər kəs tərəfindən tanınan məşhur bulaqlardandır. Bulaq 1910-cu ildə məşhur sahibkar Şuşalı Cavanşirov 10 min manat pul xərcləyib. Şuşada müsəlmanlar yaşayan məhəlləyə içməli su çəkdiriib. Cavanşirovun Şuşaya çəkdirdiyi bu su kəməri əhali tərəfindən Mamayı bulağı adlandırılıb. Mamayı Şuşada yerləşən məhəllələrdən birinin adıdır. Məhəllə isə Mamay bəyin adı ilə bağlıdır. Bulaq Mamayı məhəlləsinin əhalisinin içməli su ilə təmin edilməsi üçün Mamayı məhəlləsində inşa olunub. Ona görə Mamayı bulağı adlanırdı.

 

 

 

Şuşa şəhərində yerləşən, milli koloriti seçilən memarlıq nümunələrindən biri Hacı Qulularının mülküdür. 1849-cu ildə İkinci Gildiya taciri Qulu Məhəmməd oğlunun sifarişi əsasında inşa edilib. Sarayın 46 otağı, 2 böyük qonaq zalı var idi. Şuşa şəhəri, Çuxur məhəlləsində yerləşən sarayın şöhrəti hamıya məlum idi. Təsadüfi deyil ki, məşhur rus rəssamı V.V.Vereşaginin əsərində sarayın zallarından biri təsvir edilib. Çox təəssüf ki, 1992-ci ildə Şuşa şəhəri işğal edildikdən sonra saray dağıdılıb. Təkcə sarayın divarlarının bir hissəsi qalıb. qədər dağıdılmış olsa da, həmin divarlara baxanda doğmalığı hiss edirsən sanki. Əzamətini, milliliyini qoruyub saxlayıb.

 

 

 

Şor bulaq. El arasında Şor bulaq deyilən bulağın inşasına 1854-cü ildə başlanıb. Şuşanın varlı şəxslərindən olan Rəsibala Zəkəriyyə tərəfindən çəkilib.  Bulağın suyu şor olduğundan əhali tərəfindən Şorbulaq adlandırılıb.

 

İnsanlar ad günlərində, yubileylərdə doğmaları ilə yığışar, sevincli günü qeyd edərlər. Məhz doğmalarla. Axı yad olan yerdə hüzur olmaz, narahatlıq, təşviş hissləri baş qaldırar. Doğma Şuşamız da 28 il ərzində öz doğum günlərini, yubileylərini bizlərsiz, tək-tənha yağı düşmənlərin əsarəti altında qarşılayıb. Böyük sevinc hissi ilə qeyd etmək olar ki, əsrlər əvvəl Pənahəli xan tərəfindən əsası qoyulmuş, biz nəsillərə yadigar olan Şuşamız 270 illik yubileyini öz doğmaları ilə, bu yurdun əzəli sakinləri olan bizlərlə 2022-ci ildə qeyd edəcək. Məhz Ali Baş Komandanın rəhbərliyi altında, bu günün nəsillərinin, qəhrəman oğullarının şücaəti sayəsində doğma Vətən torpağının gözü yollardan yığışıb. Dağıntılara məruz qalıb talan edilsə də, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında bu misilsiz şəhərimizdə bərpa- quruculuq işləri hökm sürür. Tarixi abidələri, görkəmli şəxsiyyətləri ilə tariximizdə, ədəbiyyatımızda, memarlığımızda kök salmış bu doğma diyarın sevincli günləri hələ qabaqdadır.  Saysız-hesabsız memarlıq inciləri ilə incəsənətimizdə özünə taxt qurmuş qədim şəhərimiz Şuşada hələ neçə-neçə memarlıq nümunələri inşa ediləcək və əsrlərdən nəsillərə ötürülərək şan-şöhrətini hər zaman olduğu kimi daha da artıracaqdır.

 

Aynurə MURADZADƏ,

Sənətşünas

 

525-ci qəzet.- 2022.- 28 aprel.- S.11.