Xatirə Abdullazadə :"Dünyanın heç bir yeri mənə
Şuşa qədər əziz ola bilməz"
Aprelin
22-də Şuşa şəhərində keçirilən Dünya
Azərbaycanlılarının V Qurultayı - Zəfər
Qurultayında iştirak etmək üçün Vətənə
dəvət olunan həmyerlilərimizdən biri də uzun illərdən
bəri Hollandiyada yaşayan, Real TV-nin Avropa bürosunun rəhbəri,
Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının
üzvü Xatirə Abdullazadədir. O, sözügedən
qurultayda cənab Prezident tərəfindən "Tərəqqi"
medalı ilə təltif olundu. Vətənə
qısamüddətli səfərindən istifadə edərək
Şuşada göz açıb, 12 yaşında oranı tərk
etməyə məcbur qalan Xatirə xanımla bütün bu
mövzular haqqında söhbətləşdik:
- Xatirə
xanım, Vətənə xoş gəlmisiniz. Bu
günlərdə göz açdığınız torpaqda
- Şuşada keçirilən qurultayda iştirak etdiniz.
Bununla bağlı hissiyyatınızı, təəssüratınızı
bilmək istərdik...
-
Çox gözəl hisslər yaşayıram, yüksək təəssürat
içərisindəyəm. Vətəndə
olmaq hər zaman gözəldir. Dünyanın
heç bir yeri vətən qədər əziz, doğma
deyil. Şuşa mənim sehrli şəhərimdir.
Bugünlərdə möhtərəm
Prezidentimiz tərəfindən "Tərəqqi"
medalına layiq görülməyim mənim üçün
xüsusilə qürurverici bir hadisə oldu. Dünyada yaşayan soydaşlarımızla, 44
günlük müharibə ərzində dünyadakı
silahdaşlarımızla birgə Şuşaya getmək, belə
bir möhtəşəm qurultayda iştirak etmək çox
gözəl idi. Şuşanın tarixində
65 ölkədən xarici vətəndaşın
Şuşada görüşü heç vaxt olmamışdı.
Biz hamımız azərbaycanlı olsaq da, hər
birimiz gəldiyimiz ölkələrin vətəndaşıyıq,
oranın sənədiylə Azərbaycana giriş etmişik.
Əslində, bunun mahiyyəti böyük idi və
cənab Prezidentin bu qurultayı məhz Şuşada
keçirməsi hər cəhətdən böyük önəm
daşıyır. Çünki
Şuşanın azadlıq xəbəri gələndə Ali
Baş Komandan "dünya azərbaycanlıları,
gözünüz aydın, Şuşa artıq azaddır"
demişdi. Bu da təsadüfi deyildi.
Müharibə dövründə hər kəs
öz cəbhəsində vuruşurdu. Biz
dünya azərbaycanlıları da
yaşadığımız ölkələrdə vuruşurduq.
Bizim oradakı sərhədlərimiz Azərbaycan
evləri və səfirliklərimiz idi ki, oraları qoruyur, ermənilərlə
informasiya müharibəsi aparırdıq. Hər
kəs əlindən nə gəlirdisə, onu edirdi. Tam səmimiyyətim və məsuliyyətimlə
deyirəm ki, dünyada yaşayan azərbaycanlılar
üçrəngli bayrağımız altında birləşdi
və "Dəmir yumruq" əməliyyatında
yaxından iştirak etdilər.
- İstərdim, 12 yaşında qucağında gəlinciklə
Şuşadan çıxan o qızcığazla söhbət
edim. Necədir indi o?
- O, indi
xoşbəxtdir. Vətəninə qovuşub.
Onun ruhu artıq azaddır. Çünki
12 yaşlı Xatirə orda əsir qalmışdı. Hər
gecə yuxularımda o qızı "Mamayi bulağı"nın yanında görürdüm, boynu
bükük idi. İndi o boyun düzəlib.
Şuşaya hərbi maşındakı ilk səfərimdə
həmin o "Mamayi bulağı"nı
tapdım. Qaranlıq olmasına baxmayaraq, həm
evimizi, məktəbimizi, o bulağı, nənəmgilin evini
tanıdım. Hətta əsgərlərimiz
bildikləri yolla getmək istəyəndə mən öz
bildiyim yollarla aparırdım onları. Şuşanı
qarış-qarış xatırlayırdım və çox
rahatlıqla hər yeri tapırdım. "Mamayi
bulağı"na isə həmin
qızı görmək üçün getdim və
inanın ki, mən o qızı orda gördüm. O gəlinciyi
də özümlə məhz ona görə
götürmüşdüm. O gəlinciyi oynasın deyə
qızıma belə verməmişdim. Şuşadan
necə götürmüşdümsə, bu günə kimi
eləcə də qalırdı. Filmdə
də böyük Xatirə həmin o 12 yaşlı
qızcığaza gəlinciyini qaytarıb onu əsirlikdən
xilas edir.
- On iki
illik Şuşalı həyatınızda ən gözəl
xatirəniz hansıdır?
- İndi keçmişə boylananda deyərəm ki, 12
ilin hər günü gözəl imiş. Çünki orda o qədər
firavan həyatımız vardı ki! Uşaq vaxtı Şuşa bizə çox böyük
görünürdü. Əslində isə
yığcam şəhər imiş. Hər
səhər evdən çıxıb məktəbə getmək,
dərsdən qaçıb dostlarımızla
avtovağzalın qabağında satılan 20 qəpiklik
dondurmadan yemək təkrarsız hiss imiş. Sonralar o dondurmanın dadını heç yerdə
tapa bilmədim. 1988-ci ildən oradakı
dinc həyatımız pozulmuşdu. Əvvəllər
tək-tək güllələr atılırdı, sonra
intensivləşdi, axırda bombalara çevrildi. Bizim oyunlarımız da dəyişdi. Əvvəllər evcik-evcik oynayırdıqsa,
sonralar dava-dava oynamağa başladıq. Xocalı
faciəsindən sonra atam qadınları ordan
çıxartdı. Çünki
Xocalıda qadınların, qızların başına gətirilən
müsibətlərdən xəbərdar idik. Ölüm yox, əsir düşmək idi qorxunc
olan. Beləcə, Şuşadan
çıxmaq məcburiyyətində qaldıq. Şuşa isə mənim ən yaxşı xatirəm
kimi qaldı.
-
Sonrakı 28 il necə keçdi?
-
Kiminçünsə 28 il idi, amma
bizimçün min il kimi keçdi. Şuşadan
gələndə Bakıda xalamın evində məskunlaşmışdıq.
Səhər durub həyətdə oturdum. Qonşumuz Lalə adlı qız
yaxınlaşdı mənə, soruşdu ki, sən niyə dərsə
getmirsən? Dedim, gedə bilmərəm axı, mənim
məktəbim Şuşada qalıb. Əlimdən
tutdu, hamıdan xəbərsiz məni apardı üzbəüzdəki
126 nömrəli məktəbə. Məktəbin
direktoru Firəngiz xanımın yanına girdik. Lalə
dedi ki, bu qız Şuşadan gəlib. Mən də dedim ki,
Şuşadan gəlmişəm, oxumaq istəyirəm.
Amma məktəbim də, dostlarım da, müəllimlərim
də yoxdur, hamısı Şuşada qalıb. Firəngiz
xanım heç bir sənəd istəmədən,
sorğu-sual etmədən apardı məni 7-ci sinfə və
dedi ki, Xatirə bu gündən burada oxuyacaq. Biz
Şuşada hər şeyimizi qoyub gəlmişdik. Ən əsası isə
uşaqlığımızı əlimizdən
almışdılar. Şuşa yuxu kimi gəlirdi
və inanmırdım ki, nə zamansa oraya qayıdacam.
Müharibənin ortalarında cənab Prezident "Şuşaya bir nəfəs qədər yaxınıq" deyəndə əşyalarımı yığıb birbaşa Bakıya gəldim. Çünki Şuşanın azadlıq xəbərini orda ala bilməzdim. Şuşa azad olunan gün Fəxri Xiyabanda idim. Mirşahin müəllim çəkiliş üçün Fəxri Xiyabana çağırmışdı. Yolda həmin o anı qaçırtdım, Şuşanın azadlıq xəbərini eşidə bilmədim. Bircə onu gördüm ki, maşınlar siqnal verə-verə gedir. İnanın, Fəxri Xiyabanın yanından içəriyə qədər sevincimdən qışqıra-qışqıra getdim, hönkür-hönkür ağladım. Amma Şuşaya ilk girişimdə ağlaya bilmədim, şokda idim. Bir həftə orda qaldım, ağlamadım. Di gəl ki, ordan çıxdıq, Daşaltıdan aşağıya düşdük, ağlamağa başladım və neçə ay da dayanmadan ağladım.
- Şuşa həsrətiniz və vüsalınız haqqında "28" adlı film çəkmisiniz. O filmin ideyası necə yarandı?
- İlk gedişimdə evimizə girəndə əsgər arxadan çəkirdi. Sonra o kadrlara baxanda fikirləşdim ki, niyə də film etməyək? Bu, təkcə mənim yox, Şuşadakı bütün dostlarımın, evindən didərgin düşmüş uşaqların hekayəsidir. Çünki hamımız eyni taleyi yaşamışıq. Hamımızın arzuları, uşaqlığı yarım qalıb. Dostlarımın arasında oraya ilk qayıdan mən oldum və bu filmlə dostlarımın da hisslərini, yaşadıqlarını göstərmək istədim. Əsas məqsədimiz isə avropalılara vicdan dilində danışaraq, bir uşağın başına gətirilənləri göstərərək həqiqətlərimizi çatdırmaq idi. Demirəm, filmimiz şedevrdir. Amma bacardıqca festivallara göndərəcəyəm. Çalışırıq ki, xaricilər bu vəsiləylə də olsa, filmimizə baxsınlar. Hətta üç festivaldan bizə rədd cavabı gəldi və səbəb kimi yazdılar ki, konflikt filmi olduğu üçün qəbul edə bilmərik. Demək ki, oraya gələnə qədər kimlərsə bu filmə baxıblar, konfilikt filmi olduğunu anlayıblar. Bu, artıq bizim uğurumuzdur. Həm də özümdən sonra uşaqlarıma, nəvələrimə analarının, nənələrinin müharibə uşağı olduğunu göstərmək istəyirəm. İstəmirəm ki, bu həqiqəti unutsunlar.
-
Hollandiya da sizə vətən ola bildimi?
-
Hollandiyaya 15 il öncə ailə quraraq
getmişəm. Yox, vətən ola bilmədi.
Hətta bu gün səbrsizliklə gözləyirəm
ki, Şuşada yaşam bərpa olunsun və icazə verilsin
ki, mən qayıdıb orada yaşayım. Şuşa alınanda ilk gün bunu demişdim.
Müharibə vaxtı qızımla gəlmişdim.
Yoldaşım və oğlum Hollandiyada
qalmışdılar. Hətta onlar
düşünürdülər ki, mən daha qayıtmayacam.
İndi Şuşaya qayıtmağı gözləyirəm.
Dünyanın heç bir yeri mənə Şuşa
qədər, vətən qədər əziz ola bilməz.
- Bəs
ailənizin buna reaksiyası necədir?
-
Qızım məndən daha çox həvəslidir gəlməyə.
Hətta mən bura onsuz gələndə
dalımca ağlayır və deyir sənə paxıllıq
edirəm ki, Bakıya gedirsən. Buranı
çox sevir. Oğlum isə bir az
Avropasayağı düşünür və deyir ki, burda
yaşayaq, tətillərdə gedərik də. Düzü, bu, elə bir hissdir ki, heç
onların fikrini soruşmaq ağlıma da gəlmir.
- 12
yaşlı qızcığazın dəcəlliyi də deyə
bilərikmi buna?
- Ola bilər.
O, heç böyüməyib ki (gülür). İçimdəki
Xatirə 12 yaşında da qalıb.
-
Düşmən sizə mənəvi yaralar vurmuşdu, amma
fiziki yara da aldınız. Bu, necə oldu?
- Həmin
aksiyalar Tovuz hadisələrindən başlamışdı. İlk olaraq Niderlanddakı Azərbaycan səfirliyinin
önünə gələndə 7 saatlıq aksiya icazəsi
almışdılar. Biz etiraz etdik ki, 7
saatlıq aksiya olar? Amma yenə də
deyirdik, 15 saat da olsa, burdan heç yerə tərpənməyəcəyik.
Bəlkə burda çox hiss olunmur, amma xaricdəsənsə,
oradakı səfirliyin sənin torpağın hesab olunur. Ona qarşı atılan hər addım sənə
atılmış kimidir. Biz şikayət
etdik, onlar təxribata əl atdılar və Niderland polisi
onları itlər və atlarla qovdular. Hətta
elə qaçdılar ki, bayraqları da yerə
düşmüşdü. İki gün
sonra da Belçikada idi aksiya. Mən də
çəkiliş üçün getmişdim. Əvvəl
onların sayı az idi, birdən-birə
artmağa başladılar və qəfildən hamısı
birdən üstümüzə daşlar atdılar. Sanki üstümüzə daş
yağışı yağırdı. Oğlanlar,
kişilər qadınları binaya salmaq istəyirdilər,
amma mən nədənsə, qaçmaq istəmirdim.
Sanki həmin an bir hiss gəldi ki, 12
yaşımda Şuşadan qaçdıq, Şuşanı
aldılar, indi burdan qaçsam, yenə də nəsə olar.
Elə həmin vaxt başqalarına kömək etmək istərkən
üzümdən nəyinsə axdığını hiss
etdim və əlimi vuranda qan olduğunu gördüm. Sən demə, başım yarılmışdı,
ağrını da sonradan hiss etdim. Orda tək xəsarət
alan mən deyildim, gənc
oğlanlarımız da xəsarət almışdılar, sadəcə
tək qadın mən idim. Qurultayda Rusiyadan gələn diaspor
nümayəndələrimizdən bir cavan oğlan mənə
yaxınlaşdı və dedi ki, Xatirə xanım, biz sizin
qisasınızı aldıq. Yadımdadır
ki, 2 gün sonra onlar erməniləri Rusiyada
döymüşdülər. Həmin gənclər
buna görə 2 ildən bəri həbsdədirlər. Deyir ki, hətta o gənclər "biz o
qızın qanını alacağıq" deyib
döyüblər erməniləri. Bu, mənə
çox xoş təsir bağışladı və dedim ki,
mütləq salamlarımı və minnətdarlığımı
çatdırın. Çünki onlar Xatirənin
deyil, bir Azərbaycan qadının döyülməsinə
qarşı çıxmışdılar. Həmişə deyirəm ki, o daşın bir
önəmi yoxdur, çünki Azərbaycan ordusu Qarabağda
o qisası min qat artıq aldı ermənidən.
- Bundan
sonra Azərbaycan və Qarabağ üçün nələr
etməyi planlaşdırırsınız?
-
Qurultayda olanda cənab Prezident də dedi ki, müharibə
bitib, amma ermənilərin bizə qarşı ərazi
iddiaları davam edir. Son erməni öz bəd
niyyətindən əl çəkənə kimi də bu bitməyəcək.
İndi bizim öhdəliklərimiz dəyişib.
Qarabağın bərpasında, yenidənqurma
işlərində, ana dilimizin inkişafında rol
oynamalıyıq. Övladlarımızı,
gələcək nəsillərimizi öz vətənlərinə
inteqrasiya etdirməliyik. Xaricdəki
lobbimizi, diasporumuzu inkişaf etdirməli və gücləndirməliyik.
İnanıram ki, Prezidentimizin bu qurultayda bizim
üzərimizə qoyduğu yeni öhdəlikləri də
layiqincə həyata keçirəcəyik.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2022.- 28 aprel.- S.10.