Nüanslar barədə etüdlər  

 

"ƏN BÖYÜK QƏHRƏMANLIQ - İNSANLIQDIR"

 

 

Sergey Bondarçukun Mixail Şoloxovun eyniadlı hekayəsi əsasında çəkdiyi "İnsanın taleyi" filmində belə bir epizod var: alman zabiti toyuq budunu sonuncu dəfə dişinə çəkib üstündə ət qırıntıları qalan sümüyü öz sürücüsünə - əsir düşmüş rus Sokolova (filmdə bu rolu həm də mahir aktyor olan Bandarçukun özü oynayır) tərəf atıb deyir: "Sokolov, götür gəmir. Çünki sən mənim itimsən. Amma sən yaxşı itsən - hürmürsən, qapmırsan"...

 

Və ardınca da filmdə İNSANIN ümumiləşdirilmiş obrazı olan Sokolov sümüyü elə havada qapıb it kimi acgözlüklə gəmirə-gəmirə başı ilə zabitin dediklərini təsdiqləyir.

 

Mən təsir gücünə, insan yaşantılarının təbii ifadəsinə görə Şoloxovun hekayəsindən üstün olan bu film haqqında ətraflı danışmayacağam. Amma bu epizod, eləcə də həbs düşərgəsində Sokolovun düşmən əlindən dalbadal 3 böyük stəkan arağı alıb acqarına heç bir qəlyanaltısız içdiyi səhnə barədə fikirlərimi bölüşəcəm (qeyd edim ki, sonralar 3 stəkanın olduğunu düşünən məmurlar onların 2-yə endirilməsinə nail oldular).

 

Əgər məsələyə "ütülənmiş", "sığallanmış" həqiqət prizmasından baxsaq, yuxarıdakı epizodlar rus ruhunun aşağılanması təsiri bağışlayır. Sovet İttifaqında müharibə mövzusunda çəkilmiş filmlərdə belə səhnələrə yol vermirdilər, əksinə,  hər şey əks-proyeksiya üsulu ilə göstərilirdi - rus ruhu dünyada ən əyilməz, sarsılmaz ruh kimi təqdim olunur, hətta ən çətin, ekstremal vəziyyətlərdə belə bu ruhu alçaltmaq, onu məğlub etmək real görünmürdü. Bu filmdə isə Bondarçuk zahirən baltanı kökündən vurur, rus ruhunun daşıyıcısı olan rus mujiki birnəfəsə 750 qram araq içən və düşmənin atdığı sümüyü gəmirən əsir görkəmində təqdim olunur.

 

Mən Bondarçukun bu epizodları senzuradan necə keçirməsinin təfərrüatlarını bilmirəm, amma onun bir sənət adamı kimi nail olduqları barədə fikirlərimi bölüşəcəm.

 

İş burasındadır ki, Bondarçuk bu epizodları senzuradan keçirməklə xüsusilə müharibə mövzusunda çəkilmiş filmlərdə, bütövlükdə sovet kinosunda kök salmış stereotipləri dağıdan ilk  rejissorlardan oldu. 

 

Məsələnin başqa bir tərəfi də var. Əslində, o, bu epizodları filmə daxil edəndə rus ruhunu təhqir edib aşağılamır, müharibə mövzusuna bir qədər fərqli yanaşma sərgiləyərək rus mujikinin dünyada ən sarsılmaz, ən iradəli, dözümlü adam olması barədə mifləri dağıdıb onun adi insana xas instinktlərin daşıyıcısı olması fonunda müharibənin antihumanist mahiyyətini önə çəkirdi. Bondarçuk göstərdi ki, rus əsgərinin həmişə, hər yerdə həmişə düşmənə qalib gələn yenilməz ruh daşıyıcısı olması barədə miflər ideoloji təbliğat maşınının uydurmasıdır və bunun əsl sənətə heç bir dəxli yoxdur.

 

Vaxtilə Səməd Vurğun Bondarçukun kinoda demək istədiklərini sözlə çox dəqiq və lakonik tərzdə ifadə etmişdi: "Ehtiyac qul eylər qəhrəmanı da"... Amma ondan çox-çox illər əvvəl xaqanlara baş əymək istəməyən, şahlardan çörək uman dilinin dilm-dilim olmasını arzulayan Xaqani yazmışdı:

 

Mən bir pələng ikən it olum,

 

bir də it kimi,

 

Qaçsam çörək dalınca

 

bu gündən sonra, çörək.

 

Ahu kimi düşüb çölə daim ot otlaram,

 

Qoy verməsin mənə bu kənddə

 

kəndxuda çörək.

 

Sokolov əslində otlamaq üçün Xaqaninin nişan verdiyi həmin o çölü də tapmayan ahunun simvoludur.

 

Bondarçuk bu filmdə ilk dəfə valın o biri üzünü çevirib qəhrəmanı qula çevirən şəraiti bütün çılpaqlığı ilə göstərməklə ideal vətənpərvərliyi, ideal ruhu plakat müstəvisindən əsl sənət sferasına daşıdı ki, insanlar filmdə gördüklərinə inansınlar.

 

Çünki hekayədə də, filmdə də söhbət ilk növbədə rus mujikindən yox, İNSANIN taleyindən gedir.

 

Hekayədə də, filmdə də Sokolov heç bir qeyri-adi qəhrəmanlıq, şücaət nümayiş etdirmir, əksinə, bütün süjet boyu olmazın mənəvi sarsıntılara məruz qalır - əsir düşüb min bir əzaba düçar olur, ailəsini, doğmalarını itirir, lakin yaşamaq üçün ən vacib keyfiyyətini - insanlığını itirmir, özünü  zibillikdə eşələnən yetim bir uşağın atası kimi qələmə verib onu da, özünü də xilas edir...

 

Necə deyərlər, ən böyük qəhrəmanlıq - insanlıqdır!..

 

DÜŞÜNMƏYƏ DƏYƏR

 

İki il əvvəl kinorejissor Vaqif Mustafayevin yaradıcılığı barədə monoqrafiya üzərində işləyəndə əlavə olaraq ondan müsahibə almaq, daha doğrusu, sənət və sənətkarın missiyası mövzusunda onunla söhbət etmək qərarına gəldim. Aramızda müxtəlif vaxtlarda baş tutan və üst-üstə 6 saatdan çox davam edən söhbət vaxtı maraqlı bir məqam diqqətimi çəkdi - hansısa bir filmindəki müəyyən detal, epiizod barədə Vaqif müəllimə sual verib izah gözləyəndə o, gözgörəsi əsəbiləşir, hətta rəngi qaçır, səsinin tonu belə dəyişirdi. Qəribədir ki, ondan öz sualıma aydın bir məntiqə əsaslanan cavab ala bilmirdim.

 

Eyni vəziyyət ötən ilin yayında İTV-nin "Sabaha saxlamayaq: kinomuz var" layihəsi çərçivəsində Vaqif müəllimin "Hər şey yaxşılığa doğru" filminin müzakirəsində də yaşandı. Elə veriliş gedə-gedə də mən rejissorun əhval-ruhiyyəsində yaranan bu diskomfortun səbəbini axır ki, tapdım və söz alıb dedim ki, yaradıcı şəxsə yaratdığı əsərlə bağlı "filan epizodda nə demək istəmisiniz?", "filan səhnəni niyə belə çəkmisiniz (yaxud yazmısınız)" və s. bu kimi suallar ünvanlamaq düzgün deyil. Çünki sənətkarın bizə ünvanladığı, bizə demək istədiyi söz elə yaratdığı əsərin özüdür. Əgər o, yaratdığı əsəri bizim üçün elə özü də şərh eləyəcəksə, onda kinoşünasların, tənqidçilərin, jurnalistərin işinin adı nədir?

 

İncəfara mənim bu "protestim" qəbul olundu və rejissora daha bu tipli naqolay suallar verilmədi - veriliş məhz bundan sonra öz təbii axarına düşdü.

 

Sonralar bu vaqeə ətrafında düşünəndə bir daha inandım ki, bizim nəzəri fikirdə hələ də keçmişin şablon, standart təhlil metodları öndədir, bizlərin çoxu hələ də əsərdə - istər ədəbi əsər olsun, istər film, fərqi yoxdur - konkret, aydın cümlələrlə ifadə olunan ideya, məzmun axtarırıq, onu tapa bilməyəndə isə günahı özümüzdə görmək əvəzinə müəllifin üzərinə hücum çəkir, onu sağdan da, soldan da tənqid etməyə girişirik.

 

Əslində isə hər bir istedadlı əsər bu dünyaya əsl poeziya nümunəsi, simfonik musiqi əsəri kimi doğulur.  Əgər poeziyanı adi danışıq dilinə çevirib, adi sözlərlə ifadə etmək olursa, daha onun harası poeziya oldu ki? Ümumiyyətlə, belə bir "poeziyaya" nə ehtiyac?

 

Yaxud deyək ki, Fikrət Əmirovun "Şur" simfonik muğamının, yaxud "Azərbaycan" suitasının musiqi obrazlarını sözə çevirib onlardan çıxış edərək bəstəkarın nə demək istədiyini axtarmaq bizə nə verəcək?

 

Əsl sənət əsəri rasional düşüncənin, diskursiv təfəkkürün yox, intuisiyanın, irrasional "ağlın" məhsuludur - motivlər, nüanslar çox vaxt əsərə əvvəlcədən tutulmuş plan, hazır sxemlər əsasında yox, intuitiv yaşantıların nəticəsi kimi sanki qeybdən daxil olur.

 

Elə bu mənada da sənətkara "filan cümlədə, filan epizodda nə demək istəmisən" sualını vermək, küləkdən "sən niyə əsirsən", yaxud gözəl bir xanımdan "sən niyə gözəlsən" soruşmaq qədər absurd deyilmi?

 

Yazıçı Ənvər Məmmədxanlı televiziya verilişlərinin birində yaradıcı adamın işini sözün yaxşı mənasında "sayıqlama" - yəni hamını vərdiş etdiyi normalardan kənara çıxma, fərqli düşünmək kimi xarekterizə etmişdi. Məncə, yazıçının bu fikrində yaradıcılığın psixologiyası ilə bağlı çox maraqlı məqamlar var.

 

Düşünməyə dəyər...

 

MƏNİ RAHAT BURAXMAYAN MÖVZUDA 5 DƏQİQƏYƏ YAZDIĞIM YAZI

 

(Subay dostum Elçin Cəfərova)

 

Digər korifeylərimiz kimi, adı unudulmaqda olan bəstəkar Ağabacı Rzayevanın gözəl bir mahnısı var - "Evimizə gəlin gəlir".  Səslənən kimi xoş duyğular oyadan, yüz minlərlə insanın arzu və istəklərinin ifadəsinə çevrilən bu mahnı ötən əsrin 70-ci illərində dillər əzbəri idi - müğənnilər onu toy şənliklərində, radio və televiziya verilişlərində  sevə-sevə oxuyur (ən çox da Elmira xanım Rəhimova), melodiyaları həm də rəqs havası kimi ifa olunurdu.

 

Təəssüf ki, bir çox mənəvi dəyərlərimizin, sərvətlərimizin unutqanlıq sindromundan əziyyət çəkdiyi indiki vaxtlarda bu mahnı da unudulub, yaddan çıxıb... Xeyr, səhv etdim. Gənc nəslin bu şedevrdən xəbəri olmasa da, o, yaşayır - yaşlı nəsli təmsil edən insanların ürəklərində, yaddaşında, lent yazılarında, bir də dahi pianoçu Vaqif Mustafazadənin sehrli barmaqları ilə həssas ürəyinin birgəliyində hörülmüş möcüzəli səs çələngi kimi.

 

Vaqif Mustafazadənin 2-ci həyat verdiyi bu mahnının instrumental ifasına nə qədər qulaq asırsan, as - onun gözəlliyindən doymursan ki, doymursan, çünki ustad bu mahnının sözlərini də, mətnini də səsə çevirib, həmin səsləri fantaziya üslubunda elə düzüb-qoşub, elə cilalayıb və qəlbinin hərarəti ilə elə isidib ki, dinləyəndə sanki sehrli, möcüzəli bir auraya düşürsən. Toylarımızın bir vaxtlar çoxlarının həsəd apardığı hüsnü, abır-həyası, ritual havası var bu melodiyalarda. Gəlin köçən qızların yanaqlarının qızartısının, yerə - ayaqlarının altına dikilmiş utancaq nəzərlərinin, abırlı hərəkətlərinin, qız köçürən anaların kövrəkliyinin, gəlin qəbul edən ailələrin sevincinin, fərəhinin təntənəsi ilə nəfəs alır bu ifa...

 

Və nəhayət, V.Mustafazadənin nümayiş etdirdiyi aranjemançılıq ustalığı, ifanın bir-birini tamamlayan estetik və texniki tərəfləri...

 

Boşluqları dolduran orijinal gəzişmələrdən, modulyasiyalardan, registrlərin, oktavaların qeyri-adi növbələşməsindən dərhal bilirsən ki, bu, V.Mustafazadədir. Lakin bu ifanı mənə doğmalaşdıran daha çöx ifaçının nümayiş etdirdiyi 2 jestdir - girişdən sonra axıra kimi melodiyaları əl ilə çalınan milli zərb alətinin (səhv etmirəmsə, nağaranın) oynaq ritmləri müşayiət edir və bu, məncə, Azərbaycan instrumental fortepiano ifaçılığında bu tip zərb alətinin müşayiəti ilə səslənən ilk melodiyadır

 

Amma bu, hələ hamısı deyil - mahnının ortasında V.Mustafazadə "Segah" muğamından parçalar ifa edir. Yox, buna ifa demək azdır - o, bu muğamın yeni - fortepiano variantını yaradır, özü də necə - yenə də həmin zərb alətinin kəsilməyən oynaq ritmlərinin müşayiəti ilə... (!)

 

"Sergah"la bu sayaq dialoqa girmək hər kəsin işi deyil. Özü də fortepianoda!

 

Allah hər 2 sənətkara rəhmət eləsin!

 

 

Əlisəfdər HÜSEYNOV

 

525-ci qəzet.- 2022.- 29 aprel.- S.14.