MİLLİ
istiqlalımızın atributu - Ali Attestasiya Komissiyası
Ali Attestasiya
Komissiyası - 30
(Əvvəli 22 aprel tarixli
sayımızda)
Böyük
məsuliyyət, diqqət və zəhmət hesabına hasilə
gətirilən AAK Rəyasət Heyətinin ilk iclası
(21.11.1992) elmi ictimaiyyət, elmi dərəcə, elmi ad
iddiaçıları, yuxarı dövlət qurumları tərəfindən
sayğı və rəğbət hissilə
qarşılandı. Bu münasibətləKomissiyanın sədri
Azad Mirzəcanzadə Nazirlər Kabinetinin 21 avqust 1992-ci il
tarixli qərarına istinad edərək əməkhaqqının
30-40 faiz miqdarında maaşa əlavə etməklə
24.11.1992-ci il tarixli əmri ilə bir qrup əməkdaşı
mükafatlandırdı. Sədrin əmrindəyazılırdı:
"Rəyasət Heyətinin ilk iclasının yaxşı
hazırlandığına vəkeçirildiyinə görə
aşağıdakı işçilər
mükafatlandırılsın". AAK-ın ilk mükafatına
layiq görülən işçilərinin ön
sırasında sədrin müavini Rafiq Əliyev, Dövlət
attestasiya müfəttişliyi şöbəsinin rəisi
Naibə Musayeva, Dövlət attestasiya müfəttişliyi
şöbəsinin baş müfəttişi Leyla Məmmədova,
Kimya-biologiya, tibb və kənd təsərrüfatı
şöbəsinin rəis müavini Yaşar Məlikov,
Qeydiyyat vədiplom və attestatların verilməsi şöbəsinin
böyük müfəttişi Saleh Tahirov, Humanitar və
ictimai elmlər şöbəsinin müfəttişi Əkrəm
Ağayev, İşlər idarəsinin rəisi və əvəzçilik
üzrə sədrin köməkçisi Fazil Mustafayev,
Fizika-riyaziyyat və texnika şöbəsinin müfəttişi
Elman Nəcəfov və b. yer alırdı.
Komissiyanın
elmi-təşkilati işlərinin yüksək səviyyədə
icra edilməsində, Rəyasət Heyətinin gündəliyinin
formalaşmasında, zəruri məsələlərin
müzakirə obyektinə çevrilməsində sədrin
müavini Rafiq Əliyevin xidmətləri danılmazdır.
Ali
Attestasiya Komissiyasının sədr müavini Rafiq Əziz
oğlu Əliyev (1942) Ağdam rayonunun Novruzlu kəndində
anadan olmuş, orta məktəbi medalla bitirmiş, Azərbaycan
Neft və Kimya institutunda (1958-1963) ali təhsil
almışdır. SSRİ Elmlər Akademiyası İdarəetmə
Problemləri İnstitutunun aspirantı olmuş, texnika elmləri
namizədi (1967) və texnika elmləri doktoru (1975) elmi dərəcələri
almış, professor (1976) elmi adına layiq
görülmüş, 1989-cu ildə Azərbaycan Elmlər
Akademiyasının müxbir üzvü seçilmişdir.
Öncə qeyd edildiyi kimi, o, Nazirlər Kabinetinin 26 may 1992-ci
il tarixli qəralı ilə Ali Attestasiya Komissiyasının sədr
müavini vəzifəsinə təyin edilsə də, Azad
Mirzəcanzadənin müvafiq əmri ilə 01.07.1992-ci ildən
təyinatı üzrə fəaliyyətə
başlamışdır. Lakin çox keçmir ki, R.Ə.Əliyev
AAK sədrinin digər bir əmri ilə 1992-ci il sentyabr
ayının 1-dən vəzifəsi 0,5 ştat vahidinə
keçirilir. A.Mirzəcanzadənin büdcəyəqənaət
məqsədilə atdığı bu sərt addım Rafiq Əziz
oğlunu yeni təyin olunduğu sahəyə həvəsdən
salmır, əksinə, elm sahələri üzrə ekspert
şuralarına layiqli üzvlərin seçilməsində,
Rəyasət Heyətinin işinin təşkilində, yeni əsasnamənin
hazırlanmasında, müstəqil və müttəfiq
respublikaların ali attestasiya komissiyaları ilə sıx əlaqələrin
yaradılmasında fəal və səmərəli rol
oynayır.
Rafiq Əliyev
Müstəqil
Dövlətlər Birliyinin Ali Attestasiya Komissiyaları oktyabr
ayının əvvəllərində Daşkənd şəhərində
müşavirəkeçirməyə qərar verir. Bu
münasibətlə Özbəkistan Respublikasının Ali
Attestasiya Komissiyası 18.09.1992-ci ildəBakıya dəvətnamə
göndərir. Azərbaycan AAK sədrinin əmri iləbu ilk
və mötəbər məclisə Komissiyanın sədr
müavini Rafiq Əziz oğlu 5 gün (30 sentyabr 1992-ci ildən
- 4 oktyabr 1992-ci ilədək) müddətinə Daşkənd
şəhərinə ezam edilir. Təcrübəmübadiləsini
gündəliyində ehtiva edən və siyasi məqsədlər
naminə təşkil olunan müşavirədə Azərbaycan
nümayəndəsinin asılılıq meyllərinə
qarşı parlaq çıxışı və eyni zamanda,
diplom vəattestatların qarşılıqlı
tanınması barədə ikitərəfli müqavilələrin
bağlanması təklifi MDB ölkələrinin AAK təmsilçiləri
tərəfindən böyük maraqla
qarşılanmışdır. Özbəkistandan
qayıtdıqdan sonra Rafiq Əziz oğlunun Daşkənd
müşavirəsi haqqında Rəyasət Heyətinə təqdim
etdiyi hesabat həmkarları tərəfindən yüksək
dəyərləndirilmişdir.
...Elmi,
ictimai, siyasi konyunkturadan xilas olub müstəqil dövlət
qurumlarının yaradılması, təşəkkül
tapması, elmi dərəcə və elmi adların verilməsi,
diplom, attestat və şəhadətnamələrin
hazırlanması, təqdim edilməsi hər bir milli məfkurə
daşıyıcısı olan iddiaçılar
üçün iftixar mənbəyi idi. Komissiyanın təsdiqlədiyi
ilk diplom və attestatları "Qeydiyyat və diplom vəattestatların
verilməsi şöbəsi"nin müfəttişi, xəttat
Saleh Tahirov əl ilə yazıb hazırlayırdı. Sənədlərin
mətni və dizayn işi Komissiyanın Rəyasət Heyəti
tərəfindən təsdiqlənmiş formada icrası həyata
keçirilirdi. İddiaçıların attestasiya işi
AAK-a daxil olduqdan sonra ciddi prosedur mərhələlərindən
keçir, müzakirəedilir və dəyərləndirilirdi.
Əyani təsəvvür yaratmaq üçün bir
nümunəyə istinad edək. Bakı Dövlət
Universitetinin rektor əvəzi, biologiya elmləri doktoru,
professor Akif Quliyevin vəsatəti ilə"Bitki
fiziologiyası" kafedrasının dosenti, biologiya elmləri
namizədi Vilayət Bəşir oğlu Abdıyevin dosent elmi
adının verilməsi üçün attestasiya sənədləri
1992-ci il 15 iyul tarixindəAli Attestasiya Komissiyasına daxil olur.
Vilayət
Abdıyev Tovuz şəhərində (20.09.1952) anadan
olmuş, Puşkin adına şəhər orta məktəbini
(1959-1969) və Bakı Dövlət Universitetinin (sabiq Azərbaycan
Dövlət Universitetinin) Biologiya fakültəsini (1969-1974)
bitirmişdir.
Vilayət
Abdıyev
BDU-nun
Elmi şurası tərəfindən göndərilən
dosentlik işinə Ekspert şurasının üzvü, kənd
təsərrüfatı elmləri doktoru, genetika və
seleksiya sahəsində tanınmış professor Rauf Quliyev
(indiki halda hər ikisi eyni təşkilatdan - BDU-dan olduğu
üçün R.Quliyevin rəyçi təyin edilməsi
müasir meyarlarla yolverilməz idi - A.R.) rəy vermişdir. Sənədin
məxfilik müddəti bitdiyi üçün Vilayət
Abdıyevin attestasiya işi haqqında yazılmış
ekspert rəyini təqdim edirik: "Rəy. Təqdim olunan sənədlərdən
göründüyü kimi, Bitki fiziologiyası
kafedrasının dosenti vəzifəsini icra edən Abdıyev
Vilayət Bəşir oğlu 1978-ci ildən Bitki
fiziologiyası kafedrasında dissertant kimi fəaliyyət göstərmiş,
həmin kafedrada 1980-ci ildən assisent, 1988-ci ildən baş
müəllim və 1991-ci ilin aprel ayından dosent vəzifəsini
icra edir. 1987-ci ildə Vilnüs şəhərində Botanika
İnstitutunun İxtisaslaşdırılmış elmi
şurasında "Bitki fiziologiyası" ixtisası üzrə
elmlər namizədi adını almaq üçün
dissertasiya müdafiə etmişdir. 1985-ci ildən Biometriya fənnindən
"Tənəfüs" və "Riyazi üsulların
biologiyada tətbiqi" ixtisas kurslarından mühazirə
oxuyur. Bitki fiziologiyası və bitki anatomiyası fənlərindən
məşğələ dərsləri aparır, istehsalat təcrübəsinə
rəhbərlik edir. Son illərdə çap olunmuş əsərləri
AAK-ın tələblərinə uyğun gəlir. Elmi fəaliyyəti
və çap olunduğu əsərlər Bitki
fiziologiyası kafedrasının elmi və tədris istiqamətinə
uyğundur.
Bütün
bunları nəzərə alaraq Abdıyev Vilayət Bəşir
oğluna dosent elmi adı verilməsini məqsədəuyğun
sayıram. Ekspert, k/t. e. doktoru, prof. Quliyev R.Ə."
Biologiya
üzrə Ekspert şurasının 21 sentyabr 1992-ci il tarixli
iclasının 1 saylı protokolundan məlum olur ki, professor Rauf
Quliyev eyni zamanda şuranın katibidir və
çıxarış onun tərəfindən imzalanıb. Rəy
yığcamdır və daha çox bioqrafik məlumatları
özündə əks etdirir. "Son illərdə çap
olunmuş əsərləri AAK-ın tələblərinə
uyğun gəlir" fikrinin incələnməsinəşübhəsiz
ki, ehtiyac vardı. Çünki iddiaçıya elmi ad onun
elmi-pedaqoji fəaliyyətinə görə verilirdi. Yüksəkixtisaslı
mütəxəssislərin
çatışmazlığı və işin
çoxluğu yeni fəaliyyətəbaşlayan
Komissiyanın elm sahələri üzrə ekspert
şuralarında ciddi hiss olunurdu və bəzən əsərlərin
araşdırılması, obyektiv dəyərləndirilməsi
üçün yetərli vaxt sindromu özünü kəskin
büruzə verirdi.
Ali
Attestasiya Komissiyasının ilk professor elmi adı və
attestatı verdiyi iddiaçılardan biri də müstəqil
Azərbaycan Respublikasının elm və diplomatiya sahəsində
tanınmış simalarından olan Məmməd Novruz
oğlu Əliyevdir. O, Tovuz şəhərində(18.09.1942)
anadan olmuş, Bakı Dövlət Universitetinin Fizika
fakültəsini (1959-1964) bitirmişdir. M.N.Əliyevin
aspirantlıq illəri məşhur dilçi, professor Mirzə
Kazım Bəyin (1802-1870) adı iləsıx bağlı
olan Kazan Universitetində keçmiş, "Paramaqnit
kristallarda aşağı temperaturlarda dinamik effektlər"
(1969) mövzusunda namizədlik dissertasiyası müdafiə
etmişdir. Kazandan qayıtdıqdan sonraBakı Dövlət
Universiteti Fizika fakültəsinin Bərk cisimlər
fizikası kafedrasında müəllim, baş müəllim,
dosent vəzifələrində
çalışmış,"Paramaqnit ionlu diamaqnit
kristallarda və yarımmaqnit yarımkeçiricilərdə
dinamik effektlər" mövzusunda (1990) doktorluq
dissertasiyası müdafiəedərək fizika-riyaziyyat elmlər
doktoru dərəcəsi almışdır.
Bakı Dövlət Universiteti Elmi şurasının qərarı ilə M.N.Əliyevin professorluq elmi adı alması üçün AAK-a 16.07.1992-ci ildə daxil olan attestasiya sənədləri Fizika ixtisası üzrə Ekspert şurasına göndərilmişdir. Fizika-riyaziyyat elmləri doktoru, professor, sonralar AMEA-nın həqiqi üzvü seçilmiş, Fizika İnstitutunun direktoru vəzifəsində səmərəli fəaliyyət göstərmiş Firudin Haşımzadə (1935-2018) işin eksperti təyin olunmuşdur. Ekspertin 03.09.1992-ci ildə imzaladığı rəy yığcam və konkret idi. Rəydəyazılırdı: "Məmməd Novruz oğlu Əliyevin sənədləri ilə tanışlıq göstərdi: 1.Elmi-pedaqoji stajı 23 il. 2.Tələb olunan vəzifədə 1 il işləyir. 3.Müdafiədən sonra dərc olunmuş 4 elmi əsəri və tədris-metodik işləri var. 4.İki elmlər namizədi hazırlayıb. Təqdim olunan sənədlər "Alimlik dərəcələri və elmi adlar verilməsi qaydası haqqında Əsasnamə"nin 45-ci bəndinin tələblərini ödəyir. Hesab edirəm ki,Məmməd Novruz oğlu Əliyev professor elmi adı almağa layiqdir. Ekspert Haşımzadə F.M. 03.09.92."
Komissiyanın ekspertləri üçün rəy struktur baxımından xarakterik olmaqla yanaşı, mətndə bir məqam - Əsasnamənin 45-ci bəndinəistinad olunması diqqəti xüsusilə cəlb edir. Öncə qeyd etmişdik ki, "Alimlik dərəcələri və elmi adların verilməsi qaydası haqqındakı Müvəqqəti Əsasnamə" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1992-ci il 29 oktyabr tarixli 582 saylı qərarı ilə təsdiqlənib. Mövcud olmayan əsasnaməyə təxminən iki ay əvvəldən istinad edilməsi şübhəsiz ki, mümkünsüz idi. Belə bir qənaətə gəlmək olur ki, AAK fəaliyyətə başladığı gündən Müvəqqəti Əsasnamə təsdiq edilən müddətə qədər SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının "Elmi dərəcələr və adlar haqqında" Əsasnaməsindən rəsmi istifadəolunmuşdur. Ekspert, professor Firudin Haşımzadənin istinad etdiyi "45-ci bənd" şübhəsiz ki, SSRİ AAK-nın əski əsasnaməsinə aiddir.
Azərbaycan Respublikası Prezidentinin 16.11.1992-ci il tarixli fərmanı ilə Nazirlər Kabineti yanında Ali Attestasiya Komissiyasının sədrinə Azərbaycan hökuməti adından alimlik dərəcələri diplomlarının və elmi adlar attestatlarının qarşılıqlı surətdə tanınması normalarının müəyyən edilməsi məqsədi ilədigər ölkələrlə müvafiq müqavilələrin imzalanması üçün müstəsna səlahiyyət verilmişdir. Respublika Prezidentinin bu fərmanına əsasən Komissiya sədri, akademik Azad Mirzəcanzadə Azərbaycan Hökuməti adından elmi dərəcələr vəelmi adlar barədə diplom və attestatların etibarlı sayılması vənostrifikasiyası, alimlik dərəcələrinin müqayisəliliyi prinsipləri haqqında Yüksək İxtisaslı Elmi və Elmi Pedaqoji Kadrların Dövlət Attestasiya Orqanlarının Beynəlxalq Assosiasiyası çərçivəsində dövlətlərarası müqavilələr, sazişlər bağlamaq səlahiyyətlərinə malik idi.
(Ardı var)
Asif RÜSTƏMLİ
Filologiya elmləri doktoru, professor
525-ci qəzet.- 2022.- 29 aprel.- S.13;16.