Araztək coşğun...
GÖRKƏMLİ
ALİM, UNUDULMAZ ŞƏXSİYYƏT ARAZ
DADAŞZADƏNİN ƏZİZ XATİRƏSİNƏ
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2022-ci il "Şuşa İli" elan olunub. Şuşa, Qarabağ deyəndə gözlərimiz önündə Molla Pənah Vaqif şəxsiyyəti və yaradıcılığı, həmçinin, bu yaradıcılığa baş vuraraq, fundamental elmi əsərlər ərsəyə gətirən Əməkdar elm xadimi, filologiya elmləri doktoru Araz Dadaşzadənin parlaq siması canlanır.
Belə bir duyğu və düşüncə ilə də Azərbaycan Texniki Universitetində bu qabaqcıl elm və təhsil ocağının, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhimdar Cəmiyyətinin, "Könüllülər" Kitabxana İctimai Birliyinin təşkilatçılığı ilə Araz Dadaşzadənin xatirəsinə həsr olunmuş tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Qafar Əsgərzadə görkəmli ədibin həyat və yaradıcılığından söz açdı.
Tədbirdə iştirak edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Universitetin rektoru, Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Vilayət Vəliyev Araz Dadaşzadənin elm tariximizdəki yerindən, elmi naliyyətlərindən söz açdılar, xatirələr səsləndirdilər.
Alimin övladları - Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə, filologiya elmləri üzrə fəlsəfə doktoru Aqşin Dadaşzadə ataları haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər.
Xalq yazıçısı Anar dostunun musiqiçi kimi də böyük nailiyyətlər əldə edə biləcəyi haqda fikrini bölüşərək dedi ki, Araz, şübhəsiz, gözəl musiqişünas da ola bilərdi. Anarın təbirincə, Araz müəllim hələ çox-çox əvvəl Şostakoviçin 1941-ci ildə, yəni II Dünya müharibəsi dönəmində ərsəyə gəlmiş VII "Leninqrad" simfoniyasının musiqisini bəstəkarın öz şəxsi iztirabları, dərd-səri ilə bağlı olduğunu, heç də təkcə müharibə reallıqlarını əks etdirmədiyini söyləmişdi. Həqiqətən, illər sonra nəşr olunan tədqiqatlarda bu fikir təsdiqini tapdı. Bəlli oldu ki, məşhur "basqın" mövzusunu Şostakoviç 1937-ci il repressiyalarından sarsılaraq bəstələmişdi. Bu epizod Araz müəllimin araşdırıcı kimi həssaslığına dəlalət edir.
Anarın başqa bir xatirəsi kövrək notlar aşıladı. 1980-ci illərin sonunda küləkli Bakının küçələrini bir neçə saat gəzib-dolaşıb, yaranmış siyasi durumun dözümsüzlüyü haqqında bədbin fikirlər bölüşəndən sonra Arazın dostu ilə vidalaşarkən, bir az fikrə dalıb, Vidadinin "Belə qalmaz" müsəddəsindən "Bir cam yetir, saqi, bu dövran belə qalmaz, Tən bir gün olur xak ilə yeksan, belə qalmaz", - misralarını həyəcan və ümidlə qiraət etməsini yada saldı.
Ədəbi-musiqili proqramla davam etdirilən tədbir boyu Gülarə Əliyeva adına "Dan ulduzu" instrumental ansamblının müşayiəti ilə konsert proqramı iştirakçıların zövqünü oxşadı. Xalq artistləri Gülyanaq və Gülyaz Məmmədovalar, müğənnilər Ayşən Mehdiyeva, Kamilə Nəbiyeva, Sədəf Budaqova, Gülzar Fərəcova, Vüsal Hacıyev, Rövşən Əziz, Sərxan Bünyadzadə, Əmrah Dadaşov, Nicat Cəfərzadə, Abgül Mirzəliyevin ifasında Rəfiq Zəka, Rüfət Zəbioğlu, Adil Babayev, Gəray Fəzli, Dəmir Gədəbəyli, İslam Səfərli, Mirmehdi Seyidzadənin şeirlərinə yazılmış Cahangir Cahangirov, Şəfiqə Axundova, Ramiz Mirişli, Emin Sabitoğlu, Oktay Kazımı, Elza İbrahimova bəstələri səsləndi.
Aktyor Toğrul Rza Müşfiqin ifasında Mikayıl Müşfiqin "Yenə o bağ olaydı", Cabir Novruzun "Sağlığında qiymət verin insanlara", Q.Əsgərzadənin ifasında Süleyman Rüstəmin "Duz-çörəyi itirmə, oğlum" şeirləri səsləndirilidi.
Alimin xatirəsini anmaq üçün tədbirə C.Cabbarlı, S.Dağlı, M.Seyidzadə, Ə. Əlibəyli, N.Xəzri, C.Novruz, Ə. Ziyatay, D.Axundzadə, O. Kazıminin ailə üzvləri də qatılmışdılar.
Xoş xatirələrlə, poetik nümunələrlə, gözəl, həzin nəğmələrlə müşayiət olunan tədbiri Mədəniyyət TV bütövlükdə videolentə aldı.
Bu arada, zənnimcə, hörmətli oxuculara Araz Dadaşzadə haqqında daha ətraflı məlumat vermək yerinə düşər: Araz Məmməd Arif oğlu Dadaşzadə 1936-cı il yanvar ayının 30-da Bakı şəhərində, görkəmli ədəbiyyatşünas alim, ictimai xadim, Azərbaycan ədəbi tənqidinin vicdanı sayılan, Azərbaycan elmi-ədəbi dilinin şahənşahı adlandırılan, uzun müddət Azərbaycan EA-nın vitse-prezidenti, bir müddət isə Azərbaycan SSR Ali Sovetinə sədrlik etmiş akademik Məmməd Arif Dadaşzadənin ailəsində dünyaya göz açmışdı. Hələ uşaqlıqdan əhatəsində olan ədəbi-bədii, mədəni mühit Arazın həyatına işıq saçmış, tarix fakültəsini bitirməsinə baxmayaraq, tale onu 1956-cı ildən etibarən, ədəbi mühitə möhkəm, qırılmaz tellərlə bağlamışdı. Harada işləməsindən asılı olmayaraq, işinə vicdanla yanaşmış, böyük əmək sərf edərək, Azərbaycan elmini ölməz əsərləri ilə zənginləşdirmiş, həmişəyaşarlıq qazanmışdı.
Araz Dadaşzadə ədəbi-elmi həyatda, mədəniyyət sahəsində şərti olaraq "altmışıncılar" adlanan nəslə mənsub ədəbiyyatşünas və tənqidçidir.
Doğulanda valideynləri adını Xan Arazın şərəfinə Araz qoydular. Ömrü Araz çayı kimi şəffaf, pak, axarlı, qaynar keçdi.
Ailə kitabxanasındakı müxtəlif sə
pkili kitablar hələ kiçik Arazı oxumağa, bilik almağa, elmə, ədəbiyyata sövq etdi.
Bakı şəhəri 7 saylı orta məktəbi bitirdikdən sonra sənədlərini BDU-nin fəlsəfə fakültəsinə verdi. 1 il sonra həmin fakültənin bağlanması ilə əlaqədar tarix fakültəsinə keçirildi. Təhsilini bitirəndən sonra o, bir müddət Azərbaycan EA Azərbaycan Tarixi Muzeyində çalışdı. Lakin ədəbiyyat sanki Araza gəl-gəl deyir, onu ədəbi mühitə yaxınlaşdırırdı.
Ədəbi mühitdə qələm çalmağa başlayan Araz burada fəaliyyətini "Azərbaycan gəncləri" qəzetində çıxan "Tərli kürəklər" kinofilminə yazdığı eyni adlı resenziya ilə başladı. Müxtəlif vaxtlarda "Kral Lir", "Dədə Qorqud", "Dərviş Parisi Partladır" və sair filmlərə həsr edilmiş məqalələrlə çıxış etdi.
Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərmiş orta ixtisas musiqi məktəbinin yaradıcısı və direktoru olmuş Kövkəb Səfərəliyevanın tövsiyəsi ilə Araz bu məktəbə daxil olub. Gözəl musiqi duyumu olan Araz burada musiqinin sirlərinə yiyələnib. Elə bu səbəbdəndir ki, onun qələmə aldığı musiqiyə dair məqalələri, musiqili verilişlərin ssenariləri peşəkarcasına alınırdı. Digər tərəfdən, musiqi duyumu ona həm də ana tərəfindən genetik kodlarla keçib.
Valideynləri uşaqlıqdan Araza dürüst, əməksevər olmağı, qurub-yaratmağı, el-obasını, Vətənini, xalqını sevməyi, xeyirxah, humanist, nəcib olmağı, sadəliyi, dürüstlüyü və səmimiyyəti ilə seçilməyi aşılayırdı. Araz da bu yüksək insani keyfiyyətləri yorulmadan öz övladlarına da ötürürdü. Bəlkə, elə buna görə idi ki, evdə tez-tez Xalq şairi Süleyman Rüstəmin "Duz-çörəyi itirmə, oğlum" şeirindən sitat gətirilərdi:
İnsanın şərəfi, bəzəyi, məncə,
Deyildir, nə ipək, nə tirmə, oğlum.
Yaxşıdan yaxşı ol ellər içində,
Kimsəyə bir ziyan yetirmə,
oğlum.
Oxu öyüdümü sən
sətir-sətir,
Dilindən məclisə səpilsin ətir.
Qazancını itir, malını
itir,
Ancaq duz-çörəyi itirmə,
oğlum!
A.Dadaşzadə Azərbaycan Sovet Ensiklopediyasının yaradıcılarından
biri olub və 1988-ci ildən ömrünün sonuna kimi ona rəhbərlik
edib. Özünün zəngin ensiklopedik
biliyə malik olması onun baş redaktor kimi fəaliyyətində
böyük rol oynayıb, həyatından
qırmızı xətlə
keçib. Keçən əsrdə internetin mövcud olmadığı
bir vaxtda dolğun, ətraflı, əhatəli, çox məlumatlı bir ensiklopedik toplu yaradılmasında A.Dadaşzadənin
təbii ki, rolu, əməyi əvəzsizdir. A.Dadaşzadə tədqiqatçı alim kimi dövri mətbuatda və xüsusi nəşrlərdə
onlarla tənqidi və elmi məqalənin,
ədəbiyyat, kino, teatr, musiqi, təsviri sənət və digər məqalə və rəyin müəllifi olub. Onun "Azərbaycan", "Kirpi"
və digər nəşrlərdə hekayələri
də işıq üzü görüb. O,
bu yazıları ilə Azərbaycan ədəbi dilinin inkişafına böyük
töhfələr verib.
O, Azərbaycan İncəsənət
İnstitutunda pedaqoji fəaliyyətində də
ədəbi dilin təbliğinə, nitq mədəniyyətinə böyük
önəm verib.
A.Dadaşadənin fəaliyyətində Azərbaycan
Milli Televiziya və radiosu xüsusi yer tutur. O, uzun illər Azərbaycan Televiziyasında
"Azərbaycan ədəbiyyatı
teleantologiyası", "Sovet poeziyasının teleantologiyası" və
digər verilişlərin
aparıcısı, neçə-neçə
televiziya və radio verilişinin müəllifi
kimi də yaddaşlarda qalıb. Hazırda bu verilişlər Milli Televiziya və radiomuzun fondunu bəzəyir.
A.Dadaşzadənin elmi fəaliyyətinin zirvəsi Molla Pənah Vaqiflə bağlı olub. O, 1964-cü ildə
"M.P.Vaqifin yaradıcılığı"
mövzusunda namizədlik,
1977-ci ildə isə
"XVIII əsr Azərbaycan
lirikası (ideya tematik və sənətkarlıq xüsusiyyətləri)"
mövzusunda doktorluq dissertasiyası müdafiə
edib. Onun yazdığı "M.P.Vaqif
(həyat və yaradıcılığı haqqında
oçerk)" kitabçası
Azərbaycan dili ilə yanaşı, digər dünya xalqlarının dilində
- rus, ingilis, fransız, türk, ərəb, fars
dillərində də
çap olunub. Təsadüfi deyildir ki, Azərbaycan EA-nın müxbir üzü Abbas Zamanov Arazı
"Vaqifşünasların saqqalsız ağsaqqalı"
adlandırırdı. Belə ki, A.Dadaşzadə
Vaqifin yaradıcılığını
onun həm keşməkeşli həyat
yolu, dövlət xadimi kimi, həm
də Qarabağ xanlığının baş
vəziri kimi fəaliyyəti ilə sıx təmasda təhlil etməyə müvəffəq olub. Bu da onun tədqiqatına xüsusi
sanbal, əlavə həcm aşılayıb.
Filologiya
üzrə fəlsəfə
doktoru Aqşin Dadaşzadənin dediklərindən:
"Ədəbiyyatşünaslıq elmində XVIII əsr Azərbaycan ədəbiyyatı
və konkret olaraq Vaqifin ədəbi irsi ilə əlaqədar bu fundamental işin icrasını ilk olaraq Araz Dadaşzadə öz üzərinə götürdü. O, ərsəyə
gətirdiyi tədqiqatlarında
Vaqifin milli ədəbiyyatda doqmatik normaların olduqca qüvvətli bir dövründə poeziyamızı
məzmun və formaca, ilk növbədə
isə məfkurəcə
yeni, əvvəlki irsdən fərqli bir mərtəbəyə
qaldırmağa müvəffəq
olmasını xüsusi
vurğulamışdır. Ümumiyyətlə, XVIII əsr ədəbiyyatda
Vaqif və Vidadi dövrü adlandıran alim vurğulayırdı ki, Vaqif poeziyasında dini-sxolastik, mistik obraz və mövzular,
didaktika və ritorikaya əsaslanan məqamlar yox dərəcəsindədir. Özünəməxsus realizmi ilə
fərqlənən Vaqif
şeirlərində yabançı
dillərdən alınmış
söz və ifadələr azlıq təşkil edir və onun yaradıcılığı
sırf milli xarakter daşıyır, təbii xəlqiliyi ilə seçilir".
A.Dadaşzadə hesab edirdi ki, şairin lirikasında dünyəvi baxışlar güclüdür, ona görə də təsvir etdiyi qəhrəmanlar onunla eyni dövrdə çalışan qələm sahiblərinin bədii nümunələrindən fərqli olaraq, öz canlı cizgiləri, həyata bağlılğı ilə diqqəti çəkir. O, Vaqifin poeziyasına məxsus dünyəvi hisslərin mahiyyətini, onun insana məxsus emosiyaları təsvir edərkən, süni sədd və maneələri dağıda bilmək istedadı və ustalığını antik Roma şairi Ovidinin "Məhəbbət elegiyaları", eramızın I əsrində yaşamış Roma şairi Martsialın lirikası, Bokkaçonun "Dekameron"u, Rablenin "Qarqantüa və Pantaqruel" romanı ilə eyni müstəvidə təhlil edir, bu sənətkarların məfkurə yaxınlığını açıb göstərirdi.
A.Dadaşzadə bildirirdi ki, Vaqif yeni ruh, əqidə və keyfiyyətcə tam fərqli Azərbaycan ədəbiyyatının təməl daşını qoymuş və onun axarını birdəfəlik olaraq, milli özünüdərk səmtinə yönəltmiş bir sənətkardır. O, özündən sonrakı milli ədəbiyyatın inkişafına pozitiv təsir göstərmiş, Qasım bəy Zakirin satiralarının, M.F.Axundovun, N.Vəzirovun dram əsərlərinin dil və ifadə vasitələrinin zənginliyi və xəlqiliyinə yol açmışdır.
A.Dadaşzadənin elmi irsi daim diqqət mərkəzində olub. Təsadüfi deyildi ki, görkəmli Azərbaycan ədəbiyyatşünası Əziz Şərif hələ 1967-ci ildə Moskvada nəşr edilən və o dövrdə böyük nüfuza malik olan "Voprosı literaturı" jurnalının səhifələrində A.Dadaşzadənin "Molla Pənah Vaqif" monoqrafiyasına yüksək qiymət vermişdi. Alimin tədqiqatları bu gün də öz aktuallığını itirməyib. Əlamətdar bir haldır ki, bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən nəşr olunan "Azərbaycan ədəbiyyatı tarixi" oncildliyində "XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı" fəsli Araz Dadaşzadə tərəfindən yazılmışdı.
Yekun olaraq demək olar ki, Araz Dadaşzadənin elmi-ədəbi irsi gələcək tədqiqatçılar üçün çox dəyərli, etibarlı mənbədir. Onun elmi-ədəbi irsi özü ayrılıqda bir dissertasiya mövzusudur. Gələcəkdə də alimlər, zənnimcə, bunu nəzərə alacaqlar.
Qafar
ƏSGƏRZADƏ
Əməkdar
jurnalist, Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.- 202.- 29 aprel.- S.12;16.