65-də 45-də gördüyüm
kimi
Əslində, onun haqqında müsbətə köklənmiş
hansısa fikir bildirməkdən uzaq olmuşam. Bunun xeyir gətirməyəcəyini
düşünmüşəm. Əksinə,ziyanlı ola biləcəyini də. Axı işçinin müdir
haqqında xoş söz söyləməsinə
hər bir halda müsbət yanaşılmır. Bəlkə doğru
olan elə budur. Ancaq hər kəsin
içində gəzdirdiyi
doğrular var. Elə
bilirəm, söyləyəcəyim
doğrular nə məni, nə də onu utandıracaq.
Çünki doğrulara şahidlik edən
yalnız mən deyiləm. Demək,
düşüncələrimin vəfa borcu kimi
qarşılanma ehtimalı daha böyükdür. Həm
də ona görə böyükdür ki, onu müsbət mənada
xarakterizə edən, şəxsiyyət kimi vurğulayan
doğruların heç də hamısını yazmayıb,
çox az hissəsini qabardacam. Bir də, indi yazmayıb, axı nə vaxt yazım?
Yubileyidir, ürəyimdən onu təbrik etmək
keçir.
Əlqərəz, gün bu gündür. Onun 65 yaşı, onu
tanımağımın 20 ili tamam olur.
Tanımağım yekə çıxmasın, 20
yaşındaydım, adam tanıyacaq qədər
böyüməmişdim. "Onu görməyim"
söyləsəm, daha dolğun çıxar. Söz vaxtına çəkər, təxminən bu
vaxtlar idi. "Ruh"un (rəhbərlik
etdiyi "Ruh" Jurnalistlərin Müdafiəsi Komitəsi)
Nizami küçəsindəki ofisinə
boylanmışdım. Ofis deyəndə söhbət
kirayə götürülmüş bir otaqlı mənzildən
gedir. Heç şübhəsiz, haqqında söz
açdığım məkanı xatırlayanlar az deyil.
Həmin gün darısqal mənzilin ondan da darısqal mətbəxindəydi. Yəni
müdirin (ona müdir deyə müraciət etməmişəm.
İlk dəfədir yazıram) otağı
oraydı. Ötən 20 ildə daha iki
müdir otağı olub. Hər iki otaq
birincidən azı 4 dəfə böyükdür. Otaqlar dəyişib. Əslində,otaqlarla bərabər, onun içindəki
insanlar da bu və ya digər dərəcədə dəyişir.
Yəni 45 yaşlı şəxsin 65
yaşınadək dəyişilməsi mümkündür.
Bu mənada onun dəyişilməsi də təbii
sayıla bilərdi. Necə ki, bir
çoxlarının hətta başqalaşmasına təbii
yanaşmışam. Ancaq bu prosesdə
müəyyən qanunauyğunluq axtarmış, böyük
ölçüdə baş verənləri, daha böyük
dəyişiklikləri saf-çürük edib nəticəyə
gəlmişəm. Nəticəm isə budur:
"Ruh"un ofis olaraq yerləşdiyi mənzilin mətbəxinə
daxil olarkən gördüyüm 45 yaşlı Əflatun
Amaşovla indiki 65 yaşlı Əflatun Amaşov arasında
hər hansı fərq yoxdur. Müəllim (müraciət
formam) o zamankı kimi sadədir, səmimidir, təvazökardır,
qayğıkeşdir...
Elə
bilirəm, o da məni 20 il əvvəlki
kimi görür. Daha doğrusu, 20 il əvvəlki
uşaq kimi. Hər halda mənim də kiminsə
düşüncəsində uşaq olaraq qalmaq ixtiyarım
var. Qoy, belə düşünən Əflatun müəllim
olsun, nə xoş. Hərçənd insanın 20
yaşla 40 yaş arasındakı dəyişilmə
ehtimalı 45 yaşla 65 yaş arasındakı dəyişilmə
ehtimalından daha böyükdür. Yəni
birincidə təbiilik ikinciyə nisbətən xeyli
çoxdur.
Təbiilikdən və dəyişikliklərdən
söz düşmüşkən, Əflatun Amaşov adı
təbiilikləri qəbul etmə məharətindədir. Məharət
ayrı-ayrı hadisə və proseslərdəki dəyişikliklərin
doğurduğu eybəcərlikləri aradan qaldıraraq
onları həyata qazandırmaq, fürsət vermək,
şans tanımaq istəyinə köklənir. Mənə elə gəlir ki, müəllim bu
xarakterilə mediada yox, digər sahədə olsaydı,
işi indikindən qat-qat asan alınardı. Ancaq reallıq var - Əflatun Amaşov Azərbaycan
mediasının cəmiyyətə qazandırdığı
obrazdır.
Bu obraz az əvvəl sadaladığım keyfiyyətlərlə yanaşı, inanılmaz dərəcədə prinsipialdır, qətiyyətlidir, həlim olduğu qədər kompromissiz davranmağı bacarandır. Belə adamlar adətən sözlərlə yox, baxışlarla, nəzərlərlə danışırlar, susmaqları son dərəcə ciddi məna daşıyır. Ancaq susarkən də dayanmırlar, iti zehinləri ilə tutduqları yolu düşünürlər. Onlar keçmişlə bağlı nələrisə itirmək istəmirlər, axırda söyləyəcəklərini əvvəldə dillərinə gətirmirlər. Bu da bir reallıqdır ki, onlar üçün axır anlayışı yoxdur. Çünki gələcəyə nikbin yanaşırlar və keçmişdəkiləri gələcəyə daşımağı, özü də itirmədən, sağlam, bütöv şəkildə daşımağı həyat missiyası kimi görürlər. Buna görə hətta narazı qaldıqları məqamlarda belə fikirlərini sözlə ifadə etməyəcək qədər səbrli və təmkinlidirlər. Yəqin deyiləcək sözün kiminsə itirilməsinə səbəb olacağını düşünürlər. Fikrimcə, sözə dəyər verməyin örnək nümunəsi həm də budur.
Deməli, prinsipiallıq və qətiyyət uğrunda çalışılan məsələlərin həllində ortaq maraq və mənafelərin təminatını, fərqli düşüncələrin uzlaşdırılmasını kompromissiz variant olaraq nəzərdən keçirməyə əsaslanır. Mən 65 ilin 20 ilini məhz bu cür görmüşəm və bu mənə imkan verib ki, Əflatun Amaşov şəxsiyyətinə həm media adamı, həm də ziyalı qismində yanaşım. Hər iki yanaşma bir-birini tamamlayır və gözlər önündə nəinki onu tanıyanlar, bütövlükdə cəmiyyət üçün faydalı insan siması canlanır. Bu sima dövlətini, xalqın sevən, onun ruhunu duyan peşəkar jurnalistdir, ictimai xadimdir, eyni zamanda dəyərli ziyalıdır.
Bəli, Əflatun müəllim 65
yaşına cəmiyyətə fayda verərək
çatıb və onun kimi
insanların ömür yolundakı hər
il fayda payını daha da artırır. Bu mənada müəllimə daha
böyük rəqəmli yubileylərini qeyd etməsini arzulayıram. Məncə, 65 böyük rəqəmli yubileylərin ən
kiçiyi, yeni yolun başlanğıcıdır. Müəllim,
Allah yolunuzu
açıq, canınızı sağlam
eləsin! Təbrik edirəm! Var olun!
Əvəz
RÜSTƏMOV
525-ci qəzet.- 2022.- 29 aprel.- S.11.