Bədəni və ruhu
saflaşdıran ay
PSİXOLOQUN DÜŞÜNCƏLƏRi
İnsanların
davranışlarına, ümumən həyat tərzinə
dini inanc və etiqadların təsiri şübhəsizdir. Aydındır
ki, bu inanc və etiqadlar heç də həmişə məxsusi
təhsil, təlim yolu ilə aşılanmır, sadəcə
çoxəsrlik təsəvvür və ənənələrin
davam etdirilməsi, nəsildən-nəslə
ötürülməsi şəklində mənimsənilir.
Planetimizdə
yaşayan yer sakinlərinin istisnasız olaraq hər birinin
mömin olduğunu iddia edə bilmərik, amma ənənəvi
dünyagörüşünə malik hər kəsin müəyyən
dərəcədə əhatə olunduğu mühitdəki
mövcud davranışlara yiyələndiyini söyləmək
olar.
Daha
çox ilahiyyatçı alimləri məşğul edən
din və cəmiyyət mövzusunda tezislər səsləndirmək
düşüncəsində deyiləm. Ona görə
mülahizələrin səmti bu istiqamətdə oldu ki, fikir
bölüşəcəyim psixoloji məqamı, məhz
konkret bir dini ibadətə; orucluq ayına və Ramazan
bayramına nəzərən izləyəcəyəm.
Mən
hər zamanki kimi, bu ilki orucluq müddətində də
psixoloji yardım prosedurları mərhələlərində
müraciət edən şəxslərdən kimin oruc
tutub-tutmadığını bəzən açıq, bəzən
də hiss olunmadan təxmin etməyə
çalışır, bu ibadətin faydaları barədə
söhbətlər aparırdım.
Müşahidələr
bir daha təsdiq edirdi ki, yaşından, cinsindən... bir
sözlə, kimliyindən asılı olmayaraq hər bir
insanın hər bir davranışının mayasında
psixoloji baxımdan dəyərləndirməyə imkan yaradan
amillər vardır.
Xüsusilə
insanın gündəlik qidalanma cədvəlindəki vaxt
aralığındakı dəyişiklik mütləq qaydada
psixoloji hissiyatda adekvat siqnallarla müşayiət olunur.
Mən
tam səmimiyyətlə deyirəm ki, insan
psixologiyasının müəyyən xüsusiyyətlərini
araşdırmaq, hətta orucluq ayı müddətində
insanın fiziki və mənəvi baxımdan əsaslı dərəcədə
saflaşdığını təsdiqləmək
mümkündür.
İnsan
fiziki-bioloji və mənəvi-ruhi olaraq mövcuddur, yəni
biz belə yaradılmışıq. Orucluq elə bir islami
qaydadır ki, o şəxsin varlığına həm cismən,
həm də ruhən eyni vaxtda təsir göstərir. Ramazan
ayının islami inanca görə müqəddəs
kitabımız Qurani-Kərimin nazil olduğu, sonuncu peyğəmbər
həzrəti Məhəmmədə göndərildiyi
müddətlə bağlı olduğunu bilirsiniz. Bu, mütləq
əsasdır. Amma məhz müqəddəs
kitabımızın göstərişlərinə uyğun
formalaşan şəriətdə elə bir qayda tapa bilməzsiniz
ki, o, insanın psixoloji məzmunundan kənarda qalsın, yaxud
insana ruhi-mənəvi-psixoloji təsir göstərməsin.
İnsan
orucluq ayı boyunca daha ciddi, sidq-ürəklə böyük
inamını bəzən bütün gün ərzində
dönə-dönə təsdiq edir. Bu, Allahın
varlığına və vahidliyinə, Məhəmmədin
onun elçisi olduğuna inamın təsdiqidir. Mənim
canlı müşahidələrimə görə inanclı
insanların bütün orucluq ayı boyunca
varlığı, inamla, imanla dolur.
Siz
bilirsinizmi ki, psixoloqun başlıca təsir vasitəsi söz
və inandırmaqdır. Psixoloq inandırmasa, sözün təsir
gücündən yararlanmasa, heç bir uğura nail ola bilməz.
Materialit
baxımdan orucluğun sadə quruluşu belədir; səhər
dan yeri sökülməmiş, saat 4-5 arası imsaq müddətində
insan qidalanır. Sonra gün ərzində aclıq müddəti
başlayır. Azərbaycan ərazisində oruc tutan insan
iftarını axşam gün batanda, saat 8 radələrində
açmalıdır.
Aclıq
müddəti əsl sınaq mərhələsidir və bu
sınaq bir ay boyunca davam edir. Bu vaxt aralığında şəxsin
pis vərdişlərdən (alkoqol, tütün, narkotik, haram
buyurulan məhsullar) üz döndərməsi, bəlkə də
ömürlük xilas olması üçün olduqca
münasib bir imkan yaradır.
Din
xadimləri ilə yanaşı, orucluğun faydaları
psixoloqlar, xüsusilə də tibb mütəxəssisləri
tərəfindən də mütəmadi olaraq qeyd edilir.
Həkimlər
şüurlu, müəyyən bir qrafikə uyğun aclıq
saxlamasını bir çox xəstəliklərin aradan
qaldırılmasında çarələrdən biri kimi
görürlər. Belə xəstəliklər insanlar
arasında kifayət qədər populyardır. Sağlam
qidalanma, gün ərzində uzunmüddətli aclıq sayəsində
şəxsin necə qıvraq, yüngül, yüksək
ovqatlı olması hissiyatını hər kəs kimi, mən
də bir daha təsdiq etmək istəyirəm.
Orucluğun
icra qaydaları insanı təbii bir şəkildə, hiss
olunmadan səbrli olmağa, dəqiqliyə
alışdırır. İnsan sanki acgözlükdən, hərislikdən,
tamahdan uzaqlaşır. Halbuki biz psixoloqlar yardım göstərdiyimiz
bəzi şəxslərə, tələb olunduğu halda
insan xislətindəki bu tipli neqativləri aradan qaldırmaq
üçün aylar boyunca əmək sərf edirik.
Orucluq
mənəvi saflaşmaya aparan çoxəsrlik təcrübə,
inanc vasitəsi, konkret halda isə şəxsə təmizliyin
ən qısa yolunu göstərən ibadət sistemi, xeyirxah əməldir.
Orucluq ideal qidalanma rejimi kimi gün ərzində öz
davranışlarını nizamlamaq üçün də
gözəl fürsət yaradır. Oruc tutan şəxs qeybət
etməməli, aqressiyadan uzaq durmalı, pis söz deməməli,
səbrli olmalı, yalandan, riyakarlıqdan, paxıllıqdan...
zinadan uzaq durmalıdır.
Orucluq
ayı təmizlənmə, saflaşma ayıdır. Gərək
sən ən azı bu müddətdə naqislik, natəmizlikdən
uzaq olasan, çevrəni, qəlbini qoruyasan. Təmiz
duyğularla yaşamaq, dualar etmək, Allahdan sülh, əmin-amanlıq,
dünyadan gedənlərə rəhmət diləmək,
insanı mənəvi-psixoloji baxımdan zənginləşdirir,
daha xeyirxah, mərhəmətli hala gətirir.
Oruc
tutan insan psixoloji olaraq bir daha dərk edir ki, aclıq dəhşətdir,
hər il, hər ay, hər gün dünyada yüz minlərlə
insan bir parça çörək əldə edə bilmədiyinə
görə ölür. Oruc tutan insan bunu xatırlayır, onda
başqalarına əl tutmaq hissləri daha geniş şəkildə
baş qaldırır.
Orucluq
zamanı iftar süfrələrinin açılması, oruc
tutan, imkansız qonşuların, qohumların o süfrə ətrafına
toplanması insanlarda kollektivçilik, birlik düşüncəsinə
müsbət mənada təsir edir. Orucluğun psixoloji səciyyəsi
bu baxımdan da maraq doğurur ki, dostlar, doğmalar,
tanışlar bu müddət ərzində bir-birlərinə
qarşı daha həssas yanaşmağa can atırlar.
Həyat
tərzindəki dəyişiklik ola bilsin ki, bir
çoxlarının psixoloji durumunda gərginlik yaratmışdır.
Məhz belə vaxtda insani münasibətlərin
düzgün tənzimlənməsinə ehtiyac yaranır.
Mütəxəssislərin
fikrincə, oruc tutmaq səbri təqdir edir, məlumdur ki, səbrli
insan çətinliklərə dözümlü və təmkinli
yanaşa bilir, bu isə ciddi psixoloji problemlərin baş
qaldırmasına imkan vermir. Orucluq insanlarda empatiya,
şükranlıq, ümid və nikbinlik hislərini gücləndirir.
Bütün
bunlara, ən əsası ilahiyyat fəlsəfəsinin
fundamental tələblərinə görə orucluq ayı on
bir ayın sultanı adlandırılır.
Elə
biz də bu fikirdəyik. Və inanırıq ki, yaxşı,
xeyirxah insanların Allah və insanlıq yolunda özlərini
sınağa çəkmələri, bütün halında
neqativlərdən fiziki-bioloji, eyni zamanda mənəvi-psixoloji
olaraq uzaqlaşmaları onların xarakterində ilboyu davam edən
xeyirxah düşüncəni, həyat enerjisini hifz edəcək.
Bu
müqəddəs ayın son günlərində, fürsətdən
istifadə edib, Azərbaycan xalqını və bütün
müsəlman dünyasını Ramazan bayramı münasibətilə
təbrik edir, süfrənizin ruzi-bərəkətli
olmasını diləyirəm.
Təranə
PAŞAYEVA
Psixologiya
üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2022.- 29 aprel.- S.10.