Akademik Zərifə xanım Əliyeva
haqqında kitab sərgiləri hazırlanıb
Aprelin
28-də Azərbaycan tibb elmində silinməz izlər
qoymuş, səhiyyəmizin inkişafına böyük
töhfələr vermiş görkəmli oftalmoloq-alim,
akademik Zərifə xanım Əliyevanın (1923-1985) anadan olmasının
99-cu ildönümü tamam olur.
Zərifə Əliyeva çoxillik fəaliyyəti dövründə neçə-neçə gözə şəfa bəxş edib, ən mürəkkəb əməliyyatları uğurla icra edərək görmə qabiliyyəti zəif olanların, yaxud tamamilə görməyənlərin qaranlıq dünyasını işıqlandırıb. Görkəmli alimin adı bu gün Azərbaycanda fəxrlə, qürur hissi ilə səslənir. Ölkəmizdə ana adının ucalığı, ömür-gün yoldaşının sədaqəti, həkimliyin müqəddəsliyi onun adı ilə əbədiləşir, əziz xatirəsi ehtiramla yad edilir.
Böyük oftalmoloq-alimin anadan olmasının ildönümü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən virtual sərgi hazırlanıb.
Kitabxanadan bildirilib ki, virtual sərgidə Zərifə Əliyeva haqqında görkəmli şəxslərin fikirləri, müəllifi olduğu və haqqında yazılmış kitablar, həyat və fəaliyyətinə dair sənədlər, məqalələr və fotolar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Akademik_Zerife%20Eliyeva/index.htm linkindən istifadə edə bilərlər.
***
Respublika Gənclər Kitabxanası görkəmli oftalmoloq alimin anadan olmasının 99-cu ildönümü münasibətilə "Qaranlığa nur saçan zəka” adlı virtual sərgi və “Akademik Zərifə Əliyeva” başlıqlı kitab sərgisi hazırlayıb.
Kitabxanadan bildirilib ki, virtual sərgidə 27 tam mətnli kitabın təsviri, onlar haqqında məlumatlar, kitabların yerləşdirildiyi linklər, şəkillər verilib. Hazırlanan material kitabxananın saytında və sosial şəbəkələrində yerləşdirilib.
“Akademik Zərifə
Əliyeva” başlıqlı sərgidə oftalmoloq
alimin həyat və fəaliyyətini əks
etdirən kitablar, mətbuat materiallar, görkəmli şəxslərin Zərifə
xanım haqqında dedikləri fikirlər, kitabxana
əməkdaşları tərəfindən hazırlanan biblioqrafik siyahı təqdim olunur.
525-ci qəzet.- 2022.- 29 aprel.- S.8.