Maisə Ağamirzəyeva: "Niderlandda hər an vətən naminə çalışırıq"  

 

"AZƏRBAYCAN GERÇƏKLƏRİNİ, QARABAĞ HƏQİQƏTLƏRİNİ DÜNYAYA ÇATDIRMAĞA DAVAM EDƏCƏYİK"

 

Bu günlərdə Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayına Niderlanddan qatılan həmyerlimiz, Niderland və Belçikadakı Diaspor Təşkilatlarının Koordinasiya Şurasının əlaqələndiricisi, "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Maisə Ağamirzəyeva üçün bu səfər bir başqa anlam da ifadə edirdi. Ana yurdu olan, uşaqlığının ən gözəl xatirələrində yer alan Şuşaya azadlığından sonra ilk dəfə ayaq basan Maisə xanımın duyğularını öyrənmək üçün onu qısa bir söhbətə çəkdik.

 

***

 

- Maisə xanım, Vətəndə özünüzü necə hiss edirsiniz?

 

- Qarabağlı Azərbaycana gəlmişəm. Təbii ki, özümü daha məğrur, daha qürurlu hiss edirəm. Bu günlərdə burada olmağımızın səbəbi Dünya Azərbaycanlılarının V Qurultayıdır. Digər qurultayların da iştirakçısı olmuşam, amma budəfəki həyəcan, budəfəki hisslər tamam başqadır. Çünki adından da göründüyü kimi, Zəfər Qurultayıdır. Çox möhtəşəm təşkil olunmuşdu. Buna görə Daispora Komitəmizə və bütün təşkilatçılara təşəkkür edirəm. Bu Zəfər Qurultayını keçirə bilməyimizə əsas səbəb cənab Ali Baş Komandanımız və sözsüz ki, üç minə yaxın şəhidlərimiz, minlərlə qazi və döyüşçülərimizdir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Çox sevincliyəm ki, bu qurultayda Niderland diasporasının üzvləri medallarla təltif olundular. Əlbəttə, bunlar da bizi daha çox həvəsləndirir, sevindirir. Bunu qeyd etməliyəm ki, Azərbaycandakı soydaşlarımız Niderlanddakı diasporamızdan əmin və arxayın olsunlar. Biz orda birik və hər an vətən naminə çalışırıq.

 

- Müharibə zamanı siz - dünya azərbaycanlıları dünya qarşısındakı cəbhədə döyüşdünüz və sizin düşmənlə sərhədiniz yox idi. O müharibəni necə xatırlayırsınız?

 

- Çoxdan gözləsək də, 44 günlük müharibə birdən başladı. Biz dünya azərbaycanlıları da çalışdıq ki, vətənimiz naminə faydalı işlər görək. Niderland və Belçikadakı diasporamız da bu sahədə öz gücünü ortaya qoydu. Ürəyi vətənlə döyünən bütün soydaşlarımız üçrəngli bayrağımız altında "Qarabağ Azərbaycandır!" şüarı ilə birləşdilər. Bizim yerli icra orqanları, dövlət strukturlarının demək olar ki, hamısıyla görüşlərimiz, yazışmalarımız oldu. Pandemiya şəraitinin icazə verdiyi çərçivədə çalışdıq ki, əlimizdən gələni edək. Gəncə bombalananda, Bərdə dağıdılanda səhərə kimi yatmadıq və çox izdihamlı br mitinq təşkil etdik. Bizə 80 nəfər üçün icazə vermişdilər, amma 800 nəfər yığılmışdı. İzdihama görə hətta polis mitinqin yerini dəyişməli oldu. Bayraqlarımızla, plakatlarımızla yürüş etdik. Mətbuatda yazılarımız çıxırdı. Mənim orda çox tanınmış bir qəzetdə məqaləm çıxdı. Hava reklamları etdik. Səsimizi, həqiqətimizi dünyaya çatdıra biləcək bütün yollardan istifadə etdik.

 

Çox düzgün vurğuladınız ki, bizim düşmənlə sərhədimiz yoxdur. İstəsək də, istəməsək də, mənfurlarla bir ölkədə yaşamaq, bir havanı paylaşmaq məcburiyyətindəyik. Çox həyasız bir düşmənlə üz-üzəyik. Onların etiraz tərzi başqa cürdür. Təbii ki, bizi də incidirdilər. Xüsusən, qızlarımıza, qadınlarımıza təhqiramiz mesajlar yazır, bizi iş yerlərimizdən qovdurmaq üçün çalışırdılar. Mənim özümü iş yerimə şikayət etmişdilər, amma heç nəyə nail ola bilmədilər. Hətta bir təşkilat rəhbərimizi məhkəməyə vermişdilər. Çünki o, mitinqlərin birində "Qarabağ erməniyə məzar olacaq" demişdi. Əslində, onun dediyi də oldu. Bilirsiniz ki, Avropa daha çox onların tərəfindədir. Amma çox şükür ki, onlar atıq Azərbaycanın gücünü, dəmir yumruğun qüdrətini gördülər və Qarabağın Azərbaycan olduğunu qəbul etməyə başladılar.

 

- Siz əslən də qarabağlısınız. Oraları necə xatırlayırsınız?

 

- Bəli, anam Şuşanın Malıbəyli kəndindəndir, atam Ağdamlıdır. Ağdamda yaşayıblar. İşğala kimi - 16 yaşıma qədər hər il biz yayda 3 ay Ağdama gedərdik. İnanın ki, nənəmin, xalamın, bütün qohumlarımızın evləri hər qarışına kimi yadımdadır. İndi düşünəndə ki, o evlər yoxdur, dəhşətə gəlirəm. Bir insan nə qədər vəhşi, quduzlaşmış olmalıdır ki, dağdan, daşdan, divardan heyif alsın. Ağdamı da, Şuşanı da ən gözəl günləri, səfalı vaxtlarıyla xatırlayıram. Heç unutmuram, İsa bulağında yaşlı bir baba vardı, Mürsəl kişi deyirdilər. O, həmişə orda musiqi alətində çalardı. Müharibədən sonra Şuşaya ilk dəfə gedirdim, orda keçirdiyim hissləri təsvir etməyə söz yoxdur. O möhtəşəm Zəfər yolunu gedəndə şəhidlərimizin, ordumuzun əlləriylə, dırnaqlarıyla çıxdıqları o qayalıqları, Cıdır düzündəki, evlərin üstündəki güllə izlərini görəndə sanki o döyüşləri özüm yaşamış kimi hiss edirdim.

 

- Ağdama getmək fikriniz varmı?

 

- Bəli, getməyi çox istəyirəm. Bu dəfə qrafikimiz uyğunlaşmadı, amma yaxın zamanda getmək istəyirəm. Əsas odur ki, torpağımız alınıb. İndi Ağdamda heçqalmasa da, inanırıq ki, ən qısa zamanda daha gözəl və daha firavan olacaq. Bütün ağdamlılar kimi, mən də o günü gözləyirəm. Əgər quruculuq işlərində az da olsa, faydam olarsa, bütün səmimiyyətimlə quruculuq işlərinə də qatılmaq istərəm.

 

- Niderlandla yollarınız necə kəsişdi?

 

- 20 il öncə ailə quraraq getmişəm ora. Yoldaşım İğdır azərbaycanlısıdır. 18 yaşında qızım, 15 yaşında oğlum var. Onlar da Azərbaycanı və Türkiyəni çox sevirlər. Nə qədər uzun müddət olsa da, heç bir yer vətəni əvəz edə bilmir. Azərbaycana gələndə getmək istəmirəm. Çalışırıq ki, orda da özümüz üçün kiçik vətən yaradaq. Azərbaycanlılar tez-tez bir yerə yığışırıq, söhbətləşirik. Çalışırıq ki, bir-birimizdən ayrı düşməyək. Bakı üçün, Azərbaycan üçün çox darıxıram. Burdan doya bilmirəm. İndi də Şuşamız, Qarabağımız var. 2 gecə qaldıq, Şuşadan da doymadıq. Yuxu kimi gəlirdi mənə.

 

- Bundan sonra Azərbaycan üçün nələr etməyi düşünürsünüz?

 

- Azərbaycan gerçəklərini, Qarabağ həqiqətlərini dünyaya çatdırmağa davam edəcəyik. Çünki müharibə bitsə də, mübarizəmiz bitməyib. Bu müsahibə üçün, başda Rəşad Məcid olmaqla, sizə və "525-ci qəzet"in bütün əməkdaşlarına təşəkkür edir və fürsətdən istifadə edərək, qəzetin gənc oxucularına səslənərək onları sosial mediada aktivliyə çağırıram. Gənclərimiz çox savadlı və adekvatdırlar. Texnologiyanın imkanlarından, sosial şəbəkə heştəqlərindən istifadə edərək səsimizi dünyaya çatdırmalıyıq. Qarabağ işğaldan azad olsa da, viran haldadır, düşmən yurdumuzu talayıb. Mədəniyyətimiz, tarixi abidələrimiz dağıdılıb, yox edilib. Bunları dünya bilməlidir. Bizbu səpkidə mübarizəmizi davam etdirəcəyik.

 

 Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2022.- 29 aprel.- S.8.