Dul qadının tənhalığı  

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Qonaq dedi:

 

- Ruhiyyə xanım, siz dar çərçivədə düşünürsünüz, bank maliyyəyə, kapitala nəzarət edən kimi, həm də böyük imkanlara malikdir və onlardan istifadə etməmək isə qorxaqlıq, mühafizəkarlıqdır.

 

Ruhiyyə dedi ki, əlbəttə, siz mütəxəssisiniz, mən bu məsələlərdə diletantam, ancaq fransız yazıçısı Andre Moruadan mütaliə etdiklərimə əsaslanıb, bu sözləri dedim.

 

Ərinin qohumu bunu da əlavə etdi ki, biz sovet dövründəki qorxaqlığın daşını almalıyıq, özümüzü ABŞ, Böyük Britaniya bankları kimi aparmalıyıq və gələcəkdə hətta onlarla rəqabətə girməliyik.

 

Ruhiyyə qonağı yola salanda Hamnet gəlib, hədiyyəsinə görə ona "sağ olun" dedi. Əmisi kimi olan bu adam uşağa dedi ki, gələcəkdə sənə daha qiymətli hədiyyələr alacağam. Hüseynin qohumunun onlara gəldiyindən yarım il sonra televiziya ekranından həmin bank prezidentinin həbs olunduğunu, bankdan bir neçə milyard dollarlıq pulun oğurlandığını eşitdi. Diversifikasiya həvəsi pis nəticələndi, bankın süqutuna səbəb oldu. Onun həbs olunması xəbəri Hamneti çox məyus etdi, ata qohumlarından təkcə o, ona hədiyyə bağışlamışdı, anasının isə elə bir imkanı olan qohumu yox idi.

 

Ruhiyyənin pərəstişkarlarının da sayı getdikcə artırdı, əvvəlcə dul kişilər, onlar o qədər də cavan deyildilər, onun əlini istəməyə elçi düşürdülər. Son vaxtlarda isə o, yaradıcı ziyalılar dəstəsində özünü tanıtdıran bəzi gənclərin diqqətini cəlb etməyə başlamışdı. Rəfiqələrinin rəyinə görə, onun zövqlə geyinməsi də, ona olan marağın çoxalmasına, iddiada olanların keyfiyyətcə yaxşılığa doğru dəyişilməsinə səbəb olmuşdu. Yaxşı günlər həm də ona zövqlə geyinmək üçün də şərait yaratmışdı. O, artıq yenidən öz qarderobuna ciddi fikir verirdi, qara paltar geyinməyinə son qoymuşdu, həm də geyiminin özünü də bir ifadə vasitəsi hesab etməyə başlamışdı.

 

Rejissorun eşq elan etməsi

 

Televiziya kompaniyalarının birində gənc rejissor ona yaxınlaşıb, özünü təqdim etdi, milli adətlərimizə uyğun olmayan bir qaydada, özündən razı şəkildə bildirdi ki, mənim sizdən xoşum gəlir, ona görə də sizinlə yaxından tanış olmağı istəməklə yanaşı, sizə dost olacağıma inanmanızı və əmin olmanızı arzu edərdim. Nobel mükafatı laueratı olan riyaziyyatçı Neş gəncliyində gələcək arvadı ilə tanış olanda, özünü daha ədəbsiz aparsa da, bu ağıllı qız gələcək dahiyə loyal münasibət yolunu seçmişdi. Mən də yaxşı olan nəyəsə ümid edə bilərəm. Siz bütün cəhətlərinizə görə mənə xoş gəlirsiniz. Digər tərəfdən Sandro Bottiçellinin təsvir etdiyi gözəllərdən kimin xoşu gəlmir ki? Ona görə də mənim sözlərimi sizin istehza ilə qarşılamaq hüququnuz vardır və siz eşitdiyimə görə, ərinizin vəfatından sonra özünüzə "dəmir pərdə" qurmusunuz və həmin əraziyə kiminsə ayaq basmasına imkan vermirsiniz. İngilislərdə "No trespassing" - deyilən, həmin əraziyə "girmək olmaz" mənasını verən bir ifadə vardır, ora lap boş çəmənlik olsa da, sahibinin mülkiyyəti olduğundan heç kəsin girməsinə icazə verilmir və bu qaydanı pozan müvafiq qaydada qanun qarşısında cavab verməlidir. Ancaq siz son vaxtlarda yaradıcılığınızla ictimai şəxsə çevrilmisiniz, ona görə də bu arzuda olanların hər birinin sizinlə maraqlanmasından inciməməlisiniz və özünüzün qoyduğunuz qadağanı birdəfəlik ləğv etməsəniz də, ən azı bir qədər yumşaltmalısınız. Mən də buna ümid edərək, sizə yaxınlaşdım və bunu heç də eqoizm nümunəsi kimi qəbul etməmənizi, məni həddi aşan adam kimi qiymətləndirməmənizi xahiş edirəm. Siz zirehli paltar geyinsəniz də, nüfuz edən gözləri özünüzdən uzaqlaşdıra bilməyəcəksiniz. Sizinlə maraqlananlar uzaqdan da olsa sizə valeh olduqlarını gizlətməməyə çalışacaqlar, buna necə reaksiya vermək isə sizin səlahiyyətinizə daxildir.

 

Mən aktyorlarla işləyirəm, onlardan obraza girməyi tələb edirəm və onlar buna nail olanda, mən rahatlıq tapıram. Aktyorun, ya aktrisanın oyunu kiməsə xoş gəlməyə bilər, kimsə onun yeni zirvəyə qalxdığı barədə rəyə gələ bilər, ona lənətləyənlər də, alqışlayanlar da ola bilər, lakin mən onlara deyirəm ki, siz qəzetlərdə və ya statuslarda yazılanlara fikir verməyin, səhnədən zala, hətta amfiteatrda oturanlara baxın, onlardır sizin həqiqi qiymət verəniniz, sizi qəbul, ya rədd edənlər. Əgər sıravi tamaşaçı kütləsi sizi bəyənirsə, deməli, obrazınız uğurlu alınmışdır. Siz istər Hamlet, istərsə də Qurbanəli bəy olun, onların könlünə yol tapa bilmisiniz. Sizin yaxşı oyununuzun hesabına tamaşadan sonra teatrı tərk edən adamlara müsbət enerji bağışlayırsınız, onları "katarsis" prosesindən keçirirsiniz. Tamaşadan sonra ötürülən energetika çox güclü təsir gücünə malik olur. Sizə də münasibətdə adamlar sizin energetikanın təsiri altına düşür və uzun müddət ondan azad ola bilmir. Onlardan biri sizin sadə bəndənizdisə, ona çox da sərt qaydada yanaşmayın, diqqətinizi onun səhvlərinə yox, təsəvvürünüzdə canlanan yaxşı xüsusiyyətlərinə yönəldin. Bu sizin böyüklüyünüz olmaqla yanaşı, sizdən yalnız xoş münasibət uman adam üçün də böyük mükafatınız olardı.

 

Biz rejissorlar çox danışmağa adətkardayıq, axı hər artistlə onun obrazının dərin qatlarına nüfuz etmək lüzumu haqqında nə qədər söhbət etmək lazım gəlir. Bəlkə də, cəhdlərimiz fayda vermir, özünün əbəs olduğunu göstərir. Ancaq özümdə təskinlik tapıram ki, tamaşanın uğurlu alınması üçün mənim nəyə imkanım vardırsa, hamısından istifadə etdim, çünki yaradıcılıq, mədəniyyətin hər bir nümayişi insanlar üçün, xalq üçündür. Sizə də söz bolluğu ilə özümü təqdim etməyi bacarıramsa, buna da şad oluram və sizin mənfi münasibətiniz belə, sizə olan düşüncələrimi dəyişmək iqtidarında olmayacaqdır.

 

Televiziya tamaşası çox sayda insanın, özü də müxtəlif peşə sahiblərinin birgə işinin nəticəsidir, bu uşağın meydana gəlməsində çoxları özünü valideyn hesab edir. Tamaşaçı isə uğursuzluğun günahını yalnız rejissorda görür. Həm də incəsənətdə, mədəniyyətdə mütləq zirvə yoxdur, zaman dəyişdikcə zirvənin hündürlüyü də dəyişir. Ümumiyyətlə, mədəniyyətdə sərhəd yoxdur, ancaq köklər vardır və ona sadiqlik tələb olunur.

 

Ruhiyyə bu cavan oğlanın monoloquna gülümsəməklə cavab verdi ki, o, pərişan olmasın və sonra əlavə etdi:

 

- Siz mənə müraciət adı altında çox şeyə toxundunuz, teatrın problemlərini, yaradıcılığın, batmaq qorxusundan çabalayıb sudan çıxmasını yada salan çətinliklərini qeyd etdiniz. "Dəmir pərdə" barədə isə bir qədər ifrata vardınız, bunu sizin "soyuq müharibəyə" başlamaq istəyiniz kimi də başa düşmək olar, çünki siz istəməsəniz də, vaxtilə SSRİ-yə lənət yağdıran Uinston Çörçillə özünüzü oxşatmaq istədiniz. Mənim kimi sadə bir adamla belə çətin dildə danışmağınızı isə başa düşmədim. Siz özünüzü diplomat kimi aparırsınız, diplomatiyada isə heç vaxt "müharibə" sözü dilə gətirilmir. Axı soyuq sülhün özü də müharibədən çox yaxşıdır, siz məni təhlil etməyə can atmaqla, mənim qorunan sahəmə birbaşa müdaxilə etdiniz, ancaq mən bundan incimirəm. Adamın özünü təqdim etməsi həmişə çətin məsələdir, onu qəbul edilməmək təhlükəsi qorxudur. Mən kənardan da olsa sizi tanıyıram, yaradıcılığınıza da az-çox bələdəm və əsasən, müsbət yanaşıram.

 

Rejissor Ruhiyyənin tarixə müraciət etməklə, onu susdurmağa çalışdığını hiss edib dedi:

 

- Bilirsiniz, tarixin gedişi nadir fatehlərin can atdıqları məqsədə uyğun olsaydı, bəlkə də, bəşəriyyət qazanardı, bir sıra fəlakətlərdən xilas ola bilərdi. Napoleona hamı Avropanı qan dənizinə döndərən kimi baxır, Makedoniyalı Aleksandr əgər Qərblə Şərqi birləşdirmək istəyirdisə, Napoleon Avropanı birləşdirməyə, vahid Avropa dövləti yaratmağa çalışırdı. Rusiya yürüşü onun uzağa gedən planlarını alt-üst etdi. Əgər Avropa vahid coğrafi varlıq olduğu kimi, vahid dövlət olsaydı, yəqin ki, XX əsrdə iki dünya müharibəsi baş verməzdi və 60 milyondan çox adamın həyatı xilas olardı. İndi hamı pandemiyadan qorxur, məgər həmin dəhşətli fəlakətlər təkcə qurbanlarına görə deyil, Avropanın və Asiyanın xeyli hissəsinin xaraba qoyduğuna görə azmı təhlükəli idi?

 

Tarix ancaq sonradan gileylənməyi, heyifsilənməyi, həm də feilin lazım formasını sevmir. Tarix böyük elmdir və özünə də elm kimi yanaşmağı tələb edir. Onu təkzib etməyə çalışanlar bilməlidirlər ki, elm öz hərəkətini, təzyiqini dayandırmır, cəhaləti parça-parça edərək, irəliləməkdə davam edir. XX əsrin əvvəllərində darvinizmə böyük hücumlar var idi, bəzi ziyalılar da Darvinin elminə hücum etməkdə din xadimlərinə, cəhalətə xidmətdə xüsusilə fərqlənirdilər. Rusiyada Loqvanov adlı birisi özünün senzor hüququndan istifadə edərək daha çox canfəşanlıq edirdi. Yazıçı V.K.Tolstoy ona tutarlı bir cavab vermişdi: "Mişa, bu qorxutmalarını at getsin, elmin utancaq xarakteri yoxdur, onun axınını sən özünün çürük probkanla tıxaya bilməzsən".

 

Ona görə də tarix bizə müdrik dərslərini verməkdə davam edir. Biz öz həyatımızda da onun metodlarından, prinsiplərindən istifadə etməyə öyrənməliyik. Çoban sürü ilə davranışda çomağına arxalanır, biz isə ağlımızı işə salmalıyıq, bağlı qapını sındırmaqla heç nəyə nail olmaq mümkün deyildir.

 

Lakin təcrübənin olmamasını, səriştəsizliyi heç də şişirtmək, mütləq səviyyəyə qaldırmaq düzgün deyildir. Təcrübə bir andaca qazanıla bilir.

 

Avstriya imperatoru I Frantsın qızı Mariya-Luiza yeniyetmə qız olanda sarayın həyətində xoruz fərənin belinə minəndə əsəbiləşirdi ki, onu niyə incidir? Ərə getməmişdən bir il əvvəl, 18 yaşında da o, kişi cinsinin mövcudluğu barədə heç nə bilmirdi. Bu qız atasının qərarı ilə bütün qəlbi ilə nifrət etdiyi bir adama - I Napoleona ərə getməli idi. Napoleon artıq arvadı Jozefinanı boşamışdı.

 

Mariya-Luiza Vyanadan Parisə gəlmək üçün karetada uzun məsafəni qət etməli idi. Öz istəyinin əksinə olsa da, o, Fransa imperatorunun arvadı olmalı idi. Hətta belə versiya vardır ki, ailəsi ilə vidalaşanda atası tapşırmışdı ki, Napoleonun səhhətini elə poz ki, Avropa rahat nəfəs ala bilsin. Parisə gəlini 83 kareta müşayiət edirdi.

 

Napoleon təzə arvadını görmək üçün çox darıxırdı. Onlar ilk dəfə 1810-cu il martın 27-də Kompyen yaxınlığında görüşdülər. Mariya-Luiza məşhur ərinə dedi:

 

- Sən portretində olduğundan daha yaxşı görünürsən.

 

Napoleon karetaya oturub, gənc arvadını öpməyə başladı. Kompyen qəsrində qonaqlar süfrəsi xörəklərlə dolu olan stolun ətrafına oturmaq istəyəndə, Napoleon Mariya-Luizanın əlindən tutub, yataq otağına apardı və ondan soruşdu:

 

- Vyanada sənə nə tapşırmışdılar?

 

Qız cavab verdi:

 

- Öz ərimə könlumlə və bədənimlə mənsub olmalıyam və ona hər şeydə tabe olmalıyam.

 

Napoleona bu cavab xoş gəldi:

 

- Elə isə soyun və uzan. Tezliklə sənə qovuşacağam.

 

Duş qəbul edib, 15 dəqiqədən sonra çılpaq bədəninin üstünə xalatını ataraq, otağa girdi və tullanıb uzanmış arvadının yanına düşdü. O, çox qızğınlıqla bu qıza birinci məhəbbət dərsi keçdi. Onlar şam etməyə də getmədilər və elan olundu ki, onlar uzanıb yatırlar.

 

Səhər Napoleon aldığı həzdən sərxoş kimi idi, qarşısına çıxan bir subay əyanına dedi:

 

- Alman qızına evlən, onlar sadəlövh və qızılgül kimi təravətlidirlər.

 

Dostlarına isə dedi ki, bu qız hər şeyi gülümsəyərək icra edirdi.

 

Sonra Parisdə, Luvrda toy mərasimi keçdi. Otağın birini boşaltmaq lazım idi, orada isə çoxlu tablolar var idi. Onlarla nə etmək lazım olduğunu soruşduqda, ekstazda olan Napoleon demişdi ki, yandırın.

 

Mərasimdə imperatorun bacıları gəlinin şleyfini əllərində daşımalı idilər, lakin onlar buna etiraz etdikdə, Napoleon bacılarına müraciət edib dedi:

 

- Bütün həyatınız boyu ağır zənbilləri bazara daşıdıqdan sonra, heç də ləyaqəti itirmədən, imperatriçə şleyfini daşımaq olar.

 

Bacıları razılaşmalı oldular.

 

Üç həftə ərzində Napoleon və Mariya öz vaxtlarını yataqda, divanlarda və kanalda keçirdilər. Bir il sonra isə Mariya-Luiza ərinə oğul doğdu, Napoleonun sevinci yerə-göyə sığmırdı.

 

(Ardı var)

 

 

Telman ORUCOV

 

525-ci qəzet.- 2022.- 30 aprel.- S.22.