"Atamın muğamında özümü bir obraz kimi görürəm"  

 

Onu belə rahat və sərbəst görməmişdim heç vaxt, təsəvvür belə etməmişdim. Amma bu, o idi. Səsindəki həzinlik danışanda da özünü büruzə verirdi. Bir xanım kimi Tanrı ondan heç nəyi əsirgəməyib. Onu dinlədikcə, mənə elə gəlirdi ki, bu xanımın ruhu da, dünyası da hər şeyin fövqündədir. İrqindən, mənsubiyyətindən, dilindən, dinindən asılı olmayaraq, bu səsi hər kəs dinləyib, ifası gilə-gilə qəlblərə süzülüb. Ustad sənətkar atası ilə birlikdə fitri istedadını dünyanın nəhəng səhnələri alqışlara qərq edib. Haqqında bəhs etdiyim sənətkar Əməkdar artist Fərqanə Qasımovadır. O danışır, mən isə səmimi söhbətin cığırına düşüb yürüyə-yürüyə gedirdim.

 

***

 

- Əvvələn başlasaq yaxşıdır.            

 

- Qızmar avqust ayında, necə deyərlər, yayın oğlan çağında Bakıda tələbə Alim Qasımovun ailəsində dünyaya gəlmişəm. Mən anadan olan ili atam A.Zeynallı adına Musiqi Texnikumuna daxil olmuşdu. Kasıbçılıq dönəmidə doğulsam da, sonra Tanrı ruzi qapısını ailəmizin üzünə açdı. Allaha sığınan, imanlı, böyüklərə ehtiram və məhəbbət dolu, musiqiyə bağlı bir ailədə böyümüşəm. O zaman Güzdək qəsəbəsində yaşayırdıq deyə, yeddinci sinfə qədər orada oxudum. Atam mənim fitri istedadımı görəndən sonra təhsilimin inkişafı üçün şəhərə köçməyə qərar verdi. Bacım da, qardaşım da musiqi məktəbinə getmələrinə baxmayaraq, maraqları az olduğundan sənəti davam etdirmədilər. Mən isə sənət yolu ilə yürüdüm və Azərbaycan Milli Konservatoriyasının opera və xanəndəlik fakültəsini bitirdim. Artıq 20 ilə yaxındı ki, A.Zeynallı adına Musiqi Kollecində dərs deyirəm. Respublikanın Əməkdar artisti adına layiq görülmüşəm.

 

- Hər yanı xatirə olan adaya qayıdaq.

 

- İlk dəfə Filarmoniyanın səhnəsinə çıxdım, səkkiz yaşında. Səhnədən heç qorxmasam da, uşaq həyəcanı təbii ki, vardı. Axı, hələ balaca idim. O qədər həyəcan keçirmişdim ki, konsertdən əvvəl xəstələnmişdim. Qəribədi ki, ilk dəfə səhnədə yaşadığım hissi bu gün də yaşayıram. Ağır ritmik muğam öyrətmişdi atam mənə - "Arazbarı-Osmanı". Əvvəl bacımla birlikdə bir qəzəl söylədik. O çıxış indiyə kimi yadımdadı və hər dəfə o lent yazısına baxanda, göz yaşlarıma hakim kəsilə bilmirəm. Vətəndən kənarda ilk çıxışım isə Almaniyada olub. Konsertin sonunda atam məni səhnəyə dəvət etdi. Alqışların sədası indiyə kimi qulağımdadı. Daha sonra eyni proqramla Fransaya getdik və beləcə səfərlər bir-birini əvəz etməyə başladı.                Uşaqlıqdan atam deyərdi ki, sən böyüyəndə mənimlə böyük səhnələrə çıxacaqsan. Uşaq idim deyə, atamın bu sözlərinin fərqinə varmırdım, lakin onun mənimlə bağlı arzuları gerçəkləşəndə, o zaman dediyi sözləri xatırladım. On altı yaşıma çatanda atam mənə dedi: "Qızım, səni bura qədər gətirdim. Artıq böyümüsən və bundan sonra qərar sənindir". Atamın söylədiklərindən heyrətə gəldim. Bundan sonra nəyi seçməliydim? Atam məni elə yetişdirmişdi ki, muğam ruhumun hakimi idi artıq. Atama bir cavabım oldu: Sən mənə sənəti sevdirdin, gücüm yetənə qədər bu yolun yolçusuyam". O gün, bu gün hələ də yol gedirəm.

 

Kənardan baxanlar məni tək görə bilmir heç kəs. Tək Fərqanə olaraq əksəriyyətə görünmürəm. Bunu adi qarşılamışam hər zaman, çünki dünyaya atam üçün, onun sənəti üçün, səhnədə onunla yanaşı olmaq üçün gəlmişəm. 30 ilə yaxındı ki, atamla sənhədəyəm və tək olsaydım, belə edərdim deyə, düşüncəsi heç vaxt fikrimdən keçməyib, çünki atamın muğamında özümü bir obraz kimi görürəm. Uzun illəri əhatə edən ömrümüz səfərlərdə keçib. Elə bir dövrümüz olub ki, yol çantalarımız elə qapının astanasında qalırdı. Çoxları düşünür ki, maddiyyat baxımında buna dəyər, amma əsla elə deyil. Çəkdiyimiz əziyyətin müqabilində qazancımız kənardan baxanların düşündüyü kimi olmayıb. Amma nə ustad Alim Qasımov, nə də mən bunun fərqinə varmışıq. Dünyanın barmaqla sayılacaq ölkələrində olmamışıq. Bəzən çox yoruluram, lakin sonra deyirəm ki, nə qədər atam var, mən onun dalıncayam.

 

Yaradıcılığımızda imza atdığımız böyük uğurlardan biri dünyaca məşhur violonçel ifaçısı YO YO MA ilə "İpək yolu" layihəsi olub. Bu layihə çərçivəsində beş il çıxışlar edib konsertlər verdik. Daha sonra Bakıya gələn YO YO MA atama bizimlə daha böyük iş görmək istədiyini bildirdi. Alim Qasımov ona "Leyli və Məcnun"u təklif etdi. Çox sevilən bu layihənin müddəti bitdikdən sonra amerikalı rəqqas Mark Morris onu çox bəyəndiyindən onunla üç il ərzində Amerikanın on beşə yaxın ştatında "Leyli və Məcnun"u təqdim etdik. Anşlaqla bitən hər konsertimiz təkcə Alim Qasımovun və Fərqanə Qasımovanın deyil, bütün Azərbaycan mədəniyyətinin möhtəşəm uğuru idi.

 

- Azərbaycan deyəndə, gözləriniz güldü.                        

 

- Zaman və məkan fərqi olsa da, bu dünyamızın bir günəşi var - Şərqin də, Qərbin də, Şimalın da, Cənubun da tək günəşi. Dünyanın hansı bucağında oldumsa, o günəşin hərarətini hiss edə bilmədim, çünki o, Vətənimin günəşi olmayıb. Vətənimin günəşi daha parlaq, daha hərarətlidi. Torpağımı, qəlblərimizi isidən bu günəşin atəşindəki alovun özündə belə, bir rahatlıq var. Dəfələrlə xaricdə işləmək təklifi almışam, lakin mənim Vətənimlə qopmaz bir bağım var, onu ayırmaq mümkün deyil. Vətənimin günəşi məni isitməsə, muğam oxuya bilmərəm. İllərdi düşmənin tapdağına çevrilən Vətənim Ali Baş Komandanın "İrəli!" əmrini gözləyən oğulların, düzgün və ağıllı siyasətin sayəsində 44 gün ərzində azad oldu. Heç kəs müharibə istəməz, lakin biz elə bir həyasız və amansız düşmənlə üz-üzə idik ki, onu yalnız bu yolla yerində oturtmaq mümkün idi. Müharibə adının altında qaranlıq bir dünya, qan və ölüm var. İllərlə biz bunu istəmədik, lakin görünür, düşmən "dəmir yumruğ"u görmək və bayrağı qaldırmaq arzusunda imiş ki, ona da çatdı. Dünyanın harasında oxusaq da, Qarabağ adlı nisgil səsimizdə həmişə hiss olunub. İçimizdə bir utanc hissi vardı. Lakin zamanı və vaxtı özü bilən dövlət başçımız elə bir addım atdı ki, dünyaya özünü sübut etdirdi. Müharibədən sonra ilk çıxışlarımız sırasında mənim üçün ən möhtəşəmi "Dubay Ekspo2020" Ümumdünya sərgisi oldu. Sərginin Azərbaycan pavilyonunda atamla Türk marşı ilə "Qarabağ şikəstəsi"nin sintezini ifa edən zaman Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan oradan keçərkən ayaq saxlayıb bizi dinlədi. Sonra "Sarı gəlin"i dinləmək arzusunda olduğunu bildirdi. İfadan sonra möhtəşəm alqışlar yüksəldi və cənab Ərdoğanın səhnəyə qalxıb ürək sözlərini bildirərkən: "Fərqanə babası ilə çox gözəl oxudu" söyləməsi xoş olmaqla yanaşı, unudulmaz xatirə kimi qalmaqdadı. Ən böyük qürur isə o idi ki, biz artıq qalib Azərbaycanı təmsil edirdik, nə içimizdə o utanc hissi vardı, nə də səsimizdə o nisgil.

 

- İfa etdiyiniz bir mahnıda belə misralar var: "Sevginin ömrü bir an, qalanı xatirədir"

 

- İki fərdin bir-birinə olan sevgisi bir anlıq ola bilməz. Olarsa, onda bu, sevgi deyil. Bunu həvəs və ya ötəri fikir adlandırmaq olar. Əslində, sevgi ömrünü sürə bilən bir hissdi. Ya əbədi qalacaq, əbədi deyilsə, səni tərk edəcək. Amma Allaha, Vətənə, valideynə, övlada, insanlığa sevgi əbədiyyən ömrünü sürə bilir.

 

- Bir az da Fərqanə özü haqqında...

 

- Etiraf edim ki, imanlı, inamlı, Tanrıya sonsuz məhəbbət olan bir ailədə böyüsəm də, evimizdə heç vaxt ibadət, hicab haqqında söhbət olmayıb. Həyatımızın bir hissəsi olan dinimizə bir müsəlman ailəsi kimi böyük ehtiram olub. Müqəddəs kitabımız "Qurani-Kərim"lə maraqlanıb, İslamın vacib əməllərindən xəbərdar olmuşam. Ailədə ilk olaraq ibadətə mən başladım, hicabı ilk bağlayan isə bacım oldu. Ondan sonra hansısa bir cazibə məni çəkməyə başladı, hətta sənətdəyəm, bu necə olacaq belə, düşünmədim. İyirmi ilə yaxın müddətdə bir dəfə də olsun hər hansı bir maneə ilə rastlaşmadım, əksinə, böyük hörmətlə, izzətlə qarşılandım və çox xoşbəxtəm ki, sənətdə yeganə hicablı xanəndəyəm.

 

Qadının ən gözəl adı anadır. Bütün analar arzularla yaşayır. Arzularımın bir hissəsini əkiz övladlar istəyi zəbt etmişdi. Həkim deyəndə ki, üçəmləriniz olacaq, bu xəbəri gözləyirmiş kimi qarşıladım, Rəbbimə şükürlər etdim, hədsiz sevindim. Mən o analardanam ki, övladın çoxluğundan doymuram, əksinə, zövq alıram. Bəzən düşünürəm ki, sənətim imkan versəydi, uşaqların sayı daha çox olardı. Etiraf edirəm ki, sənətdə olan ana üçün üçəmlər böyük zəhmətdi. Allaha şükürlər olsun ki, mənə dayaq olan valideynlərimin həm mənəvi, həm də maddi köməyilə onları böyüdüb ayaq üstə qoya bildik. Artıq böyük qızım Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının sonuncu kurs tələbəsidi və öz yuvasını qurub. Üçəmlər isə təhsillərini Türkiyədə almaqla birinci kurs tələbələridi. Ana üçün asan deyilən bir anlayış yoxdu. Anasansa, deməli, övladların üçün yaşamalısan. Özüm üçün yaşamağa hələ ki, vaxtım olmayıb. Övladlarım və sənətim üçün yaşayıram, təki ömür vəfa eləsin. Onların dördünün də istedadı da var, səsi də, lakin onları sənətdən uzaq tutdum. İstəsəydim onlar üçün şərait yarada bilərdim, lakin çətinlik çəkmələrini istəmədim. Alim Qasımov isə bu sənətin çətinliyini bilə-bilə onu övladına ötürməyi bacardı. Əgər istedad aşırı dərəcədədisə, o zaman onun inkişafına şərait yaratmağa dəyər. Atam bunu məndə gördüyü üçün bütün çətinliklərə rəğmən, səhnənin qapılarını üzümə açdı. Söhbət muğamdan getsəydi, yəqin mən də atam kimi edərdim.

 

Sonda bir arzumu dilə gətirmək istərdim. Dünyanın ən saf adı anadı. Bu adı qadın daşıyır. Dünyanın ən həzin bəstəsi layladı. Onun səsləndirən də qadındı. Dünyanın ən mübariz varlığı qadındı, övladı üçün sinəsini bütün maneələrə sipər edər. İstərəm ki, qadının üzündən heç zaman təbəssüm əskik olmasın ki, dünya yaşasın.

 

Tamilla M-zadə

 

525-ci qəzet.- 2022.- 30 aprel.- S.21.