Sənədli rapsodiya
Sənədli kino ilə bədii kinonun yaranma tarixinə
sərhəd çəkən bir sıra kino nəzəriyyəçilərinin,
sənədli kinonun yaranma tarixinin xronikadan
başlandığı iddiasına əsaslansaq, dəqiq olsun
deyə, bu fikri, kinonun məhz özünün,
başlanğıcdan xronikal olmasına şamil edə bilərik. Ona qalsa sənədli
kinonun yaranma tarixinin fotoqrafiya sənətindən
başlanması da gerçəklikdir. Bəli,
kinonun özünün yaranma tarixidir elə sənədli
kinonun yaranma tarixi. Kino rakursundan baxanda sənədli
kino, sənədli də, sənədsiz də kinonun
özüdür. Əlbəttə ki, burda sənət əsəri
ola bilən ekran əsərindən, daha
doğrusu, sənətkarın kino
yaradıcılığından gedir söhbət.
Müasir dünyamızda texniki səviyyə, tək
kino kamerasıyla deyil, kiçik bir əl telefonu ilə də
kino çəkmək imkanı yaradır; sözsüz ki,
qeyd etdiyim kimi, sənət əsərindən gedir söhbət. Bildiyimə
görə, hansısa beynəlxalq statuslu sənədli film festivallarının
birində, mükafat qazanan sənədli filmlər
sırasında bir küçə səfilinin (bomjun) öz
mobil telefonu ilə, özünün bir gün ərzindəki
yaşantılarını kameraya aldığı süjet də
yer ala bilib.
İrad
tutan ola bilər ki, onda sosial şəbəkələrdə,
instaqram və feysbuk statuslarında nə qədər desən"
sənədli kino" var. Sözsüz, qeyd etdiyim şəbəkələrdəki
profillər öz statuslarında real, sənədli, xronikal
faktlara əsaslanan video görüntülər yerləşdirərkən,
sənədli kino çəkmək vasitələri kimi, fakt
və sənədlərdən, canlı görüntülərdən
istifadə edirlər. Bunlar kameranın
gözü və reallıqdır.
Sənədli kinonun dünyaca məşhur
yaradıcısı və nəzəriyyəçısı
Dziqa Vertov, elə məhz bu vasitələrə istinad edərək,
özünün məşhur sənədli filmlərindən
birini sadəcə "Kino-göz" adlandırmışdı. Onun 1929-cu ildə çəkdiyi
"Əlində kinokamera olan adam" sənədli
filmi isə bu günə kimi zamanın sınağından
çıxıb, kinematoqrafiya tarixinin sənətkarlıq
nümunəsi olan bir ekran əsəri sayılır. Sənətkarın
bu iki filminin adı, sənədli kinonun tərifinə kiçik
bir giriş ola bilər, məncə. Göz, kamera, sənədləşən reallıq.
Bəli, bunlar sənədli kinonun vasitələri olsalar da, sənət
yarada bilmək vasitələri ola bilməz.
Çünki tək bu vasitələrlə
kinonun sənət əsəri olmaq imkanları yoxdur. Sənət əsəri olduğuna görə də,
sənədli kino ilə bədii kino arasında sərhədi
müəyyənləşdirib, hər birinə ayrı-
ayrılıqda dəqiq tərif vermək mübahisə
predmetidir bu gün.
Həqiqətən,
əgər kameraya alınan sənədli reallıq bədiiləşəndə
kino olursa, onda bədii kino sənədli reallığa əsaslananda
niyə sənədli kino olmur?..
Elə buna görə də, bu iki kino janrının
bir-birinə keçidi zəminində, onların biri-birindən
ayrılması nisbi qəbul edilməlidir. Bu gün bir çox bədii
film rejissorları filmlərinə baxış
auditoriyasını genişəndirməkçün
xüsusi titrlərlə başlayırlar filmlərini:
"Film, real, olmuş hadisələr əsasında çəkilib".
Belə ki, bir çox hallarda belə titrlər
kommersiya xarakterli olduğundan sənədli kinoya uduzur. Sənədli bədii filmlər də eləcə,
bədii kinoya uduzur. Məncə,
baxdığı kinonun sırf sənədli və ya bədii
olmasını professional tamaşaçı daha dəqiq
müəyyənləşdirə bilir. Çünki
sənədli kino kimi, bədii kino da bəşəri
olduğu halda real təsir gücünə malikdir. Əsas meyar burda sənət əsərinin təsir
etmə gücüdür. Yəni
reallıq təkcə insanların toxuna bildiyi,
gördüyü varlıqlar deyil, həm də toxuna bilmədiyi,
gözlə görünməyən daxili
dünyasıdır. Bu daxili dünyanı
reallığa çevirən, yəni onu dilləndirən bir
incəsənət növüdür kino.
Bütün dövrlərdə ideoloqlar, populyar bir incəsənət
növü olaraq kinonun insana güclü təsir etmək, yəni
onun daxili dünyasını səfərbər etmək, idarə
etmək imkanlarından ümdə siyasi vasitə kimi istifadə
etmişlər. Bu xüsusda totalitar rejimli sovet dönəmində,
bütün sovet respublikalarında olduğu kimi, Azərbaycanda
da kino, ələlxüsus da sənədli kino
("reallığın, həqiqətin
güzgüsü" yalanıyla) demək olar ki, bir növ
Kommunist partiyası mərkəzi komitəsinin
nomenkulaturası sayılırdı. Daha
çox partiyanın qərar və qətnamələırini
canlı-canlı xalqa yedirtmək hikkəsi var idi bu filmlərdə.
1970-ci illərdə Respublika Kino Prokatı idrəsində
sənədli filmlər şöbəsinin redaktoru olaraq (sonra
cavabdehi) bu filmlərin kino ictimaiyyəti tərəfindən
necə dəyərləndirildiyinin şəxsən
şahidiyəm.
Qeyd edim ki, kinoprokatda fəaliyyətdə olan kinorepertuar
şöbəsi 3, sənədli, multipliksiya və bədii
filmlər bölməsindən ibarət idi. Hər
bölmənin vəzifəsi ölkəmizdəki
kinoteatrların repertuar cədvəlini sənədləşdirmək
idi. Kinoteatr direktorları gəlib repertuar
sənədlərini aparır və bu sənədlər əsasında
film nümayişlərini reallaşdırır və sonra da
gəlib prokata baxış sayı haqda hesabat təqdim edirdilər.
Sirri, bu gün aça bilmək imkanından
istifadə edərək bildirim ki, sənədli filmlərin
adı ancaq sənədlərdə qalırdı və onlara
baxış sayının hesabatı da mərkəzi komitəyə
saxtakarcasına təqdim olunurdu. Həmən
o sənədli filmlər kinoteatrların repertuarına
salınsa da, nümayiş olunmurdu, çünki
tamaşaçı onlara baxmaqçın kinoteatrlara gəlməkdə
qətiyyən maraqlı deyildi, ancaq hesabatlarçün
çox vacib idi bu filmlərin adları. Belə
ki, sənədli filmlər şöbəsi film prokatı ilə
deyil, demək olar ki, yazı-pozu işilə məşğul
olan qurum idi. Sənədli filmlərə
baxıb onların annotasiyasın yazır, repertuarlar
hazırlayır və sair işlər icra edirdik bu bölmədə.
Sənədli filmlərə baxış, təşviqat
məqsədli tədbirlərdə, xüsusi
yığıncaq və toplantılarda reallaşırdı.
Yuxarılardan partiyanın qərar və qətnamələrinin
hansı səviyyədə təbliğ olunmasıyla
bağlı nəzarət güclənəndə şöbədə
qaça- qaç, qovaqov başlayırdı, o filmin
adını bu hesabata, bu filmin adını o biri hesabata
köçürürdük. Yadımdadır,
Brejnevin Bakıya səfəri zamanı hansısa filmin adı
nümayiş siyahısına salınmadığından idarənin
direktoru mənə yağlı bir töhmət vermişdi.
Kino komitəsinə gedib bu işdə
günahım olmadığını, siyasi səbatsız
olmadığımı sübut edəndən sonra "bəraət
qazanmışdım". Kinoteatrlarda sənədli
filmlərə nə baxan var idi, nə də onları
nümayiş etdirməyə məsul olan kinoteatr direktorları.
Bu o demək deyildir ki, milli kinomuz görkəmli
sənədli film ustalarından xalı idi. Xeyr! Muxtar
Dadaşov, Niyazi Bədəlov, gənclərdən Cahangir
Zeynalov və digər kino rejissorlarımız dəyərli sənət
nümunələri yaratsalar da, filmləri partiya senzurasına
məruz qaldığından tamaşaçı
auditoriyası toplaya bilmirdi. Sənədli kino pərəstişkarları
da az deyildi tamşaçılar
arasında. Ancaq bu tamaşaçılar pafoslu
nitqlərlə bəzədilmiş, hər kadrında silib
süpürülmüş, parıltılı küçələri,
boğazı qalstuklu başları olan filmlərin deyil, real həyatın
ab-havasını əks etdirən filmlərin acı idilər.
Ona görə də əksər sənədli
filmlərimiz elə kino prokatı bazasının rəflərində
qalırdı; bəzən bazadakı darısqallıqdan bu
filmlər ayaq altında qalıb zay da olurdu.
Yadıma gəlir, çox vaxt sənədli filmlərimizin
saxlandığı bazaya girərkən, gərəksiz bir əşya
kimi hara gəldi atılan sənədli filmlərimizi
görüb, çəlimsiz canımla ağır film
qutularını qucağıma alıb daşıyır,
salamat bir rəf tapıb onları orda yerləşdirirdim. Ağır
idi mənə, kino sənətkarlarımızın siyasi səhvə
yol verməmək qorxu-hürküsü altında
yaratdıqları sənət nümunələrinin son mənzilini
seyr etmək. O vaxt, bir çox sənədli kinofilmlərimiz
it-bat düşdü, halbuki həmin o filmlər bu gün incəsənət
universtitetimizin tələbələri üçün sənədli
kino estetikası, kamera dinamikası, montaj və kadr qurmaq,
kameranın gözü ilə tamaşaçıya gizli mesaj
ötürmək xüsusiyyətləri baxımından ustad
dərslikləri ola bilərdi; milli kinomuzun tarixi
üçün dəyərli materiallar kimi də onlar gərəyimizdir
bu gün. O faktı da qeyd edim ki, bu gün öz bədii filmləri
ilə kinomuzun dəsti xəttini yaradan görkəmli
rejissorlarımız ilk uğurlarıyla sənədli kinoya
bağlıdırlar. Muxtar Dadaşov, Oqtay Mirqasımov, Yavər
Rzayev və bir çoxlarının adı var bu cərgədə.
Sənədli kinomuzun sovet dövründən söz
açmaqda məqsədim sənədli kino
rejissorlarımızın istedadlarına uyğun gəlməyən,
dar sənət meydanına bağlıdır təssüfüm.
Bir daha vurğulayıram ki, sənət əsəri
olaraq, sənədli filmlə, bədii film arasında sərhədi
hansısa bir ölçü vahidiylə (metr, millimetr)
ölçmək nə dərəcədə absurddursa,
onları, kino nəzəriyyəsi əsaslarına söykənərək
aşkarlamaq da getdikcə daha absurd olur.
Hansısa bir ədəbiyyat nəzəriyyəçisinin
təxmini şəkildə yadımda qalan bir fikrini
xatırlatmaq istərdim. O deyirdi ki, bir vaxt gələcək bədii əsərlər,
roman, hekayələr və sair avtobioqrafik olduğu halda
oxunaqlı olacaq. Məncə, həqiqətdir.
Şairimiz Süleyman Rüstəmin sözü olmasın:
"Oxuyun, bir qızıl kitabam mən" deyirdi o. Həqiqətən
hər bir insan ayrı-ayrılıqda oxunmamış bir
kitabdır; sözün həm hərfi, həm də müstəqim
mənasında. Lakin bu kitab hansısa ustad bir sənətkarın
sənətkar dühası sayəsində oxuna bilir. Neçə-neçə insan talelərini oxuyub
başa çatdırmışıq hər birimiz.
Bu insanlar
içində romantik qəhrəmanlar da
görmüşük, faciəvi, komik, macəraçı, dələduz
və digərlərini
də. Və bu talelərin fonunda, daxili dünyamızı
işıqlandıran ustad bir yazıçının həm
oxuduğu, həm yazdığı və həm də
oxutdurduğu bir kitab ola bilmişik. Bəli, bədiilik reallığın özü
olanda həm təsirli, həm də gərəkli olur.
Bu mövzuda nə qədər desən danışmaq,
mövzunu uzatmaq olar. Ancaq konkret olaraq, bu günün
insanına nəzərən bir həqiqət var. Hamı
oxunmaq istəyir, kitab, rəsm əsəri, kino obrazı, foto
olmaq istəyir. Səpələnib bu
oxunası kitablar, baxılası fotolar, videolar feysbuk, instaqram,
Tik-Tok statuslarına. Özünü,
öz həqiqətlərini, haqqını obrazlı ifadə
edə bilmək imkanları sənədli sübutlu olub
artıq. Beləcə avtobioqrafik roman və
povestlər, eləcə də sənədli və sübutlu
filmlər daha çox maraq doğurur. İmkan
olanda əsərləri, imkan da olmayanda biri-birimizin
statuslarını oxuyur, baxırıq. Bütün
bunlara rəğmən, bütün dövrlərdə
olduğu kimi, reallığı sənət səviyyəsinə
yenə də sənətkar, ustad dühası yüksəldə
bilər. Məqaləmdə, gah
yazıçı, gah rejissor, gah da rəssamlıq sənətindən
danışarkən, məncə, anlaşılmaz etmirəm
çatdırmaq istədiyim fikrimi. Müasir
dövrümüzdə bütün sənət növlərinin
biri-birinə keçidinin real şahidləriyik
hamımız.
Yenə də
sənədli kino mövzusuna təkrarən qayıdıb, sənədli
kinonun tarixinin nəinki xronikadan başladığını,
həmçinin də, bir az da
keçmişə qayıdıb, onun foto filmin, 1871-ci ildə
ingilis həkimi R.Modoksun yaratdığı kameradan
başladığını iddia edə bilərik.
Bu günlərdə, dünyaca məşhur fotoqraf Reza Deqatinin instaqram səhifəsində paylaşdığı, özünün "Qırmız rapsodiya" adlandırdığı filmi məqaləmdə söhbət açdığım mövzuya əyani sübut ola bilər. Bütün yaradıcılığı boyu, dava-dalaşlı müasir dünyanın qaynar nöqtələrinə əlində foto kamerası, köksündə yanar qəlbi ilə səfər edən ustad fotoqrafın fotoobyektivində əks olunan hər hansı bir an, sözün əsl mənasında monumental əsər təsiri bağışlaya bilir. Ağrı-acılı Qarabağ müharibəsi də onun yaradıcılığında müəyyən bir silsilə təşkil edir. Son günlərdə onun artıq dillər əzbəri olan, şəhidimiz Xudayar Yusifzadənin ifasının rapsodiya səviyyəsində təqdimatı yaradıcılıq üslublarına rəng qatan bir əsərdir. "Qırmız rapsodiya" adlanan bu filmini, Reza Deqati həm sosial şəbəkənin - öz instaqram səhifəsinin, həm əlindəki kino və foto kamerasının, həm də musiqinin bütün imkanlarını xalqımızın qəlbinin sarı siminə ram edərək yaradıb. Fotoqrafiyanı sənətin dilinə çevirən sələflərinin yolu ilə getməklə, onun yeni sənət növü yaratdığını iddia edə bilmərik. Ancaq burda, hamının bildiyi və gördüyü faktdan, sənət nümunəsi yaratmaq bacarığından gedir söhbət.
Belə ki, bu günə kimi hamımız, Xudayar Yusifzadənin cəbhədən anasına öz nikbin ruhunu çatdırmaqçün ifa etdiyi mahnını dinləyir, onu tez-tez radio və televiziyada, sosial şəbəkədə səsləndirərək şəhid qəhrəmanımıza məhəbbətimizdən doğan ahın göylərə ucaldığını da bilirik. Ancaq Reza Deqati dünyanın gözünə görünməsə də, Yaradana çatan ahlarımızı kamerasının gözü ilə görünən edə bilməkçün öz "Qırmızı rapsodiya"sını yarada bilib.
Sənədli kinonun sehri ustad tərəfindən,
məncə, belə yaranır.
Sədaqət
KAMAL
525-ci qəzet.- 2022.- 30 aprel.- S.18;19.