"Dərbəndnamə" haqda nə bilirik?  

 

 (Əvvəli ötən şənbə sayımızda)

 

"Dərbəndnamə"ni tam şəkildə ingilis dilinə tərcüməsi ilə çap etdirmək qərarına gələn Mirzə Kazım bəy dilemma qarşısında qalmışdı. Əlyazmasının həm türk-Azərbaycan, həm də fars dilində aralarında müəyyən fərqlər olan nüsxələri mövcud idi. Onların hansı üzərində dayanmaq, hansını seçmək daha məqsədəuyğun olardı? Uzun müddətli axtarışlardan sonra alim üstünlüyü türk-Azərbaycan mətninə vermişdi. Çünki diqqətlə araşdırdığı müxtəlif dillərdəki digər nüsxələrlə müqayisədə həmin mətn ona daha ardıcıl və məntiqli görünmüşdü.

 

"Dərbəndnamə"nin ilkin orijinal mətni fars dilində olmuşdu. Akademik Bartoldun yazdığına görə, 1724-cü ilə qədər Qafqazda saxlandığı güman edilən fars orijinalı sonradan itirilmişdi. Nəticədə əsəri yenidən türkcədən fars dilinə çevirmək zərurəti yaranmışdı. Bu  işi Mirzə Kazım bəyin də müqəddimədə qeyd etdiyi kimi, Əliyar ibn Kazım adlı bir nəfər Quba sakini yerinə yetirmişdi. Amma indi adları çəkilən mətnlərdən heç biri əldə yoxdur. Və ümumiyyətlə məsələ kifayət qədər dolaşdırılıb. Protomətnə gəldikdə isə "Dərbənnamə" yeni qaynaqlar əsasında yazılmış elmi əsər olmaqdan daha çox orta əsrlər Osmanlı tarixçisi Əhməd Dədə Münəccimbaşının (1631-1702) ərəbcə qələmə aldığı "Sahaifül-Əxbar" əsasında tərtib edilmişdi. Belə iqtibaslar orta əsrlər Şərq tarixçiliyində geniş yayılmış üsul idi və onun orijinallığa xələl gətirdiyi düşünülmürdü. XVII əsrin sonunda qumuq alimi, tarixçi və salnaməçi Məhəmməd Əvvabi-Aktaşi (Xasavyurt yaxınlığındakı Endirey kəndindən olduğundan bəzən Endirei təxəllüsü ilə də tanınır) qumuq şamxalının oğullarından Çoban (Çapan) bəyin təklifi ilə həm mövcud farsca mətndən, həm də özünə məlum digər orta əsr mənbələrindən, Dağıstanda yayılan əlyazmalardan yaradıcı şəkildə istifadə yolu ilə yeni, müəllifliyi yalnız özünə aid edilə biləcək "Dərbəndnamə" versiyasını hazırlamışdı. Akademik Bartoldun fikrincə, qumuq salnaməçisi bu mürəkkəb işin öhdəsindən 1687-1688-ci illərdə gəlmişdi.

 

Qumuq tarixçisi və salnaməçisi Məhəmməd Əvvabi haqqında çox cüzi məlumat mövcuddur. Hətta onun doğum və ölüm tarixləri də bəlli deyil. Sadəcə XVI əsrin ortalarında Endirey aulunda doğulduğu, XVII əsrin ortalarında isə orada vəfat etdiyi ehtimal olunur. F.Minorskinin fikrincə, tərəfdar çıxdığı ideya və ideallar  sosial mənsubluğunu sadə xalqla əlaqələndirməyə imkan verir. Məhəmməd Əvvabinin Dərbənd tarixini Azərbaycan türkcəsində qələmə alması dilimizin həmin dildə bütün Qafqaz miqyasında geniş yayıldığını və Dağıstanda əsas ünsiyyət vasitəsinə çevrildiyini göstərməkdədir.

 

Mirzə Kazım bəy tanış olmaq imkanı qazandığı bütün nüsxələr arasından Məhəmməd Əvvabinin 1815-1816-cı illərdə üzü köçürülmüş həmin mətnini əsas götürmüşdü. Və demək mümkündür ki, bununla da Dərbənd tarixinə dair tarixi xronikanın atribusiya (müəllifin müəyyən edilməsi - V.Q.) məsələsinə həlledici töhfə vermişdi. Doğrudur, tərcümə üzərində işləyərkən ortaya çıxan problemərə aydınlıq gətirmək məqsədi ilə müxtəlif mənbələrdən yararlanmışdı. Amma çap prosesində hazırda Moskvada mühafizə olunan (o dövrdə Peterburqda saxlanırdı - V.Q.) və daha çox "Rumyantsev nüsxəsi" kimi tanınan mətn üzərində dayanmışdı. Akademik Bartold bu münasibətlə yazır: "Mirzə Kazım bəy tədqiqata başlayanda əlinin altında kifayət qədər geniş əlyazma materialları vardı. Təəssüf ki, onların heç birində müəllifin adı və əsərin kimi sifarişi ilə yazıldığını barədə məlumata təsadüf edilmirdi. Yalnız çap zamanı Kazım bəy Peterburqdakı Rumyantsev kitabxanasında saxlanan əlyazması ilə tanış ola bilmişdi. Bu, "Dərbəndnamə"nin hazırkı dövrdə elm aləminə məlum olan yeganə nüsxəsidir ki, özündə müəllif tərəfindən yazılmış müqəddiməni  ehtiva edir. Mirzə Kazım bəy nəşrə giriş sözünün xüsusi əlavəsində (supplement) həmin əlyazmasından bəzi çıxarışlar etmişdi. İndi də Moskvada, Lenin adına kitabxanada mühafizə olunsa da, Kazım bəydən sonra heç kəs bu nüsxəyə diqqət yetirməmişdi".

 

Artıq yazının əvvəlində də göstərildiyi kimi, "Dərbəndnamə" XVIII-XIX əsrlərdə Şimali Qafqaz və Dağıstanda çox geniş yayılmış ədəbi-tarixi mətnlərdən biri kimi məşhurlaşmışdı. Bu da  onun müxtəlif (Azərbaycan-türk, qumuq, ərəb, fars, dargin, lak, avar və s.) dillərdə müəyyən fərqlərə malik tərcümələrinin meydana çıxmasına təkan vermişdi. Hazırda abidənin Azərbaycan dilində yazılmış, lakin indiyə qədər bilərəkdən işıq üzünə çıxarılmasına imkan verilməyən nüsxələrindən biri də Ermənistanda, Matenadaranda mühafizə olunmaqdadır.

 

Mirzə Kazım bəyin istifadə etdiyi mətn nəstəliq xətti ilə, sözlər qara, rəqəmlər isə qırmızı mürəkkəblə  yazılmış 22 vərəqdən ibarət idi. Sondakı tarixi azərbaycanlı alim 1731-ci il, akademik V.V.Bartold isə 1719-cu il kimi təsbit etmişdilər. Bu tarixlərdən hansının daha dəqiq olması hələ də müzakirə və mübahisə mövzusu kimi qalmaqdadır.

 

 

 

Aydın məsələdir ki, Dərbənd uzun əsrlər boyu Azərbaycan şəhəri olduğu, burada əsas etibarı ilə Azərbaycan türkləri yaşadıqları  üçün xronikada təsvir edilən hadisələr xalqımızın həyatı və tarixi ilə qırılmaz tellərlə bağlıdır. Ərəb istilasna müqavimət, Xəzər-ərəb savaşları yadellilərin işğalçılıq siyasətinə qarşı mübarizənin ön sıralarında əsasən türk əhalinin durduğunu, bu torpaqların həqiqi sahibi kimi çıxış etdiyini göstərir.

 

Dilinin axıcılığı, üslubunun səlisliyi və aydınlığı ilə seçilən əsərdə tarixi hadisələr yarımbədii təhkiyə formasında işıqlandırılır. Qanlı döyüşlər bədii əsərlərə xas bədii vasitələr, coşqun ehtiras və hiss-həyəcanla təsvir olunur. Tarixi hadisələrin parlaq, ifadəli təqdimi üçün "Dərbəndnamə" müəllifi müxtəlif epitet, metafora, müqayisə, bənzətmə və s. təsvir üsullardan məharətlə istifadə edir. Hətta Dərbənd tarixinin qədimliyini sübuta yetirmək üçün şəhərdəki möhtəşəm qalanın bünövrəsinin Makedoniyalı İskəndər tərəfindən qoyulduğu iddia olunur. Eyni zamanda Dərbəndin islam tarixindəki öncül və müqəddəs yerini nəzərə çarpdırmaq məqsədi ilə islam Peyğəmbərinə istinad edilən "Dərbənd Allahın lütfünün yayıldığı yerdir, kim Dərbənd yürüşünə qatılsa, Allah onun günahlarını bağışlayacaq" kəlamı misal gətirilir.

 

Şübhəsiz, Vətəni haqqında bu qədər mötəbər bir şəkildə söz açılması da Mirzə Kazım bəyi abidəni dünya miqyasına çıxacaq nəşr hazırlamağa ruhlandırmışdı.

 

Əhatəli müqəddimədən sonra alim şərti olaraq 10 hissəyə ayırdığı əlyazmasının ingiliscəyə tərcüməsini, daha sonra Azərbaycan dilində orijinalını verir və hər hissə ilə əlaqədar geniş tarixi-coğrafi materiallara istinad edirdi. Bu zaman müxtəlif Şərq mənbələrindən istifadə olunmuşdu. Müəllif "Dərbəndnamə"ni yalnız ingilis dilinə çevirmək və ona şərhlər yazmaqla kifayətlənməmişdi. Əslində ortayaözündə zəngin material ehtiva edən müqayisəli akademik nəşr qoymuşdu. Əlyazmasındakı materiallar ərəb, fars və türk tarixçilərinnn əsərləri ilə yoxlanmış, onların Dərbəndlə bağlı digər tarixi qaynaqlardan geniş çıxarışlar verilmişdi.

 

Mirzə Kazım bəyin Dərbənd tarixi ilə bağlı materiallar seçdiyi, yaxud istinad etdiyi mənbələr sırasına Təbərinin "Tarixi-Təbəri" (bu əsərin Rumyantsev muzeyindəki türkcəyə tərcüməsindən üzü köçürülən surəti alimin şəxsi kitabxanasında saxlanırdı), "Tarix əl-fütuh" ("Fəthlər tarixi"), Fəxrəddin Benaketinin "Raudat li-l albab fi mərifət ət-təvarix və -l-ənsab" ("Tarix və şəcərə elmini dərk etmək üçün ağıllı adamların bağçası"), Xərimi Dədə Əfəndinin "Risalət əl-intisar likuvdat əl-əxyar" ("Seçilmişlərin ən görkəmlisinin qələbələri haqqında risalə, Katib Çələbinin "Təqvim ət-təvarix" ("Tarixlərin təqvimi") kimi orta əsrlər müəlliflərinin əsərləri daxil idi.

 

Şəxs və yer adlarının yazılışı, hadisələrin tarixi ardıcıllığı baxımından özündən əvvəl mövzunu araşdırmış tədqiqatçıların nəzərdən qaçırdıqları bəzi yanlışlıqları ilk dəfə məhz Mirzə Kazım bəy aşkara çıxararaq islah etmişdi. Abidənin dili ilə bağlı mübahisələrə gəldikdə isə alim digər dillərdəki nüsxələrin əhəmiyyətini əsla azaltmadan ən mükəmməl mətnin Azərbaycan türkcəsində qələmə alınması faktı üzərində israrla dayanmışdı. Amma təəssüf ki, Azərbaycan türkcəsinin Dərbənd dialektinin bir sıra səciyyəvi xüsusiyyətlərini əks etdirən və qoruyub saxlayan XVII-XVIII əsrlərə aid bu ədəbi abidə elmi fikrin daha da inkişaf etdiyi müasir dövrdə dil tarixçilərinin və filoloji fikrin diqqətindən kənarda qalmışdır.

 

"Dərbəndnamə"nin nəşri elmi dairələrdə Mirzə Kazımbəyin nüfuzunu daha da artırdı. Əsərlə şəxsən tanış olan Böyük Britaniya kraliçası Viktoriya azərbaycanlı alimi böyük qızıl medalla mükafatlandırmışdı. Mühüm elmi-tarixi nəşr Rusiyada da diqqətdən kənarda qalmamışdı. 1851-ci ildə Mirzə Kazım bəy "Dərbəndnamə"nin nəşrinə görə ikinci dəfə Rusiya EA-nın Demidov mükafatına (birinci mükafatı "Türk-tatar dilinin ümumi qrammatikası" əsərinə görə almışdı) layiq görülmüşdü. Müəllifin eyni ildə Amerika şərqşünaslarının Bostondakı elmi cəmiyyətinə müxbir üzv seçilməsini də müəyyən dərəcədə "Dərbəndnamə"nin gətirdiyi dünya şöhrəti ilə əlaqələndirmək mümkündür.

 

A.Bakıxanovun nümunəsində gördüyümüz kimi,  "Dərbəndnamə"yə Azərbaycanda yalnız Mirzə Kazım bəyin nəşrinə qədər deyil, ondan sonra da ciddi maraq olmuşdu. 1884-cü ildə Qori seminariyasının müəllimi, "Vətən dili" dərsliyinin müəlliflərindən biri  Səfərəli bəy Vəlibəyov (1861-1902) Azərbaycan variantı əsasında əsəri ruscaya çevirmişdi. Tərcümə 1898-ci ildə Tiflisdə general Maqsud Əlixanov-Avarskinin (1846-1907) elmi məsləhəçiliyi və maddi yardımı ilə "Tarixi-Dərbəndnamə" adı altında kitab şəklində çap olunmuşdu. General Kəlbəli xan Naxçıvanskinin kürəkəni olan M.Əlixanov-Avarski (İrəvan quberniyasında "erməni-müsəlman" davasında ədalətli növqe tutduğuna görə erməni terrorçuları tərəfindən Aleksandropol (Gümri) şəhərində öldürülmüşdü - V.Q.) bir sıra kitabların və elmi jurnallarda çıxan  məqalələrin müəllifi idi. Bu baxımdan "Dərbəndnamə"nin nəşrinə də ciddiyyətlə yanaşmışdı. Həmin münasibət ilk növbədə əlyazma müəllifinin atribusiyası -şəxsiyyətinin müəyyən edilməsi ilə bağlı idi. Onun xahişi ilə köklü Dərbənd sakini olan hərbçi həmkarı general Balakişi Ərəblinski (1828-1902) məsələ ilə bağlı yerli ziyalılar və din xadimləri arasında məlumat toplamış və nəticədə müəllifin Məhəmməd Əvvabi-Aktaşi olması bir daha təsdiqini tapmışdı.

 

S.Vəlibəyov tərcüməni çapa hazırlayarkən onu Mirzə Kazım bəyin nəşr etdirdiyi nüsxə ilə tutuşdurmuş və onların bir-birinə yaxınlığını aşkara çıxarmışdı. M.Əlixanov-Avarski nəşrində Mirzə Kazım bəyin yazdığı izahat və şərhlərdən müəyyən dərəcədə istifadə olunmuşdu. S.Vəlibəyov isə Mirzə Kazım bəyin ərəb, fars, türk tarixçilərinin əsərlərindən gətirdiyi çıxarış və iqtibasları müvafiq surətdə həmin dillərdən ruscaya tərcümə etmişdi. İ.S.Şlitter isə S.Vəlibəyovun rus dilində hazırladığı mətni Mirzə Kazım bəyin ingiliscəyə tərcüməsi ilə tutuşdurub bir sıra düzəliş və dəqiqləşdirmələr aparmışdı. Bir sözlə, həvəskar, amma işini yaxşı bilən və üzərlərinə götürdükləri vəzifəyə yüksək məsuliyyət hissi ilə yanaşan həvəskar Qafqaz şərqşünaslarının səyi nəticəsində ingiliscəyə tərcüməsinin ardınca 1898-ci ildə Tiflisdə "Dərbəndnamə"nin kitab şəklində ilk mükəmməl rus nəşri meydana çıxmışdı.

 

XIX əsr boyu biri-birinin ardınca üç görkəmli azərbaycanlı intellektualın - A.Bakıxanov, Mirzə Kazım bəy və S.Vəlibəyovun "Dərbəndnamə" üzərindəki işi abidənin tariximiz, ədəbiyyatımız və dilimiz üçün əhəmiyyətinə yaxşı sübutdur.

 

"Dərbəndnamə"nin 1851-ci il nəşrinin bir nüsxəsi Azərbaycan MEA Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunur. Fikrimizcə, istər dil, istərsə də tarix baxımından bu əsərin müasir Bakı nəşrinə böyük ehtiyac var. Bu, həm də "Kitabi Dədə Qorqud"dan üzü bəri nağıllarmızın, dastanlarımızın güvənc yerimiz kimi isnad verdiyi Dəmir qapı Dərbəndin Azərbaycan insanının şüurunda özünə əbədi yer tapması, silinməz izlər buraxması baxımından son dərəcə lazımlı, hətta zəruridir. Əsərin tək Azərbaycan deyil, dünya elmi üçün əhəmiyyətini onun ingilis-Azərbaycan orijinal nəşrinin (1851-ci il) bir neçə il bundan əvvəl - 2015-ci ildə Londonda həyata keçirilmiş faksimile çapı da  göstərməkdədir.

 

 

Vilayət QULİYEV

Filologiya elmləri doktoru

 

525-ci qəzet.- 2022.- 30 aprel.- S.16.