Əli bəy Hüseynzadə irsinə dair kitab albomun təqdimatı keçirilib

 

Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu və Azərbaycan İstiqlal Muzeyinin birgə layihəsi əsasında çap olunmuş “Əli bəy Hüseynzadənin Azərbaycan İstiqlal Muzeyində qorunan irsi” kitab-albomunun təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli çıxış edərək kitab-albomun əhəmiyyətindən söhbət açıb. O bildirib ki, kitab Əli bəy Hüseynzadənin qızı Feyzavər Turanın Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə – Azərbaycan İstiqlal Muzeyinə hədiyyə etdiyi, şəxsi təşəbbüsü ilə atasına, qardaşına və özünəməxsus 161 ədəd maddi-mədəniyyət nümunəsindən ibarət kolleksiyanı əhatə edir.

MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov deyib: “Əli bəyin bu kitab-albomda bizlərə təqdim olunan şəxsi əşyalarına baxarkən biz bir daha o böyük mütəfəkkirin nə qədər kübar, alicənab və milli mənsubiyyətinə yüksək dəyər verən şəxsiyyət olduğunu görürük. İnanıram ki, MİMTA Fondunun və Azərbaycan İstiqlal Muzeyinin birgə layihəsi əsasında çap olunmuş bu nəfis kitab Əli bəyin həyat və fəaliyyətini araşdıranlar üçün faydalı bir tədqiqat materialı olacaqdır”.

Həmçinin “Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunus bildirib ki, kitab-albomFüyuzat” dərgisinin 15 illiyinə gözəl töhfədir: Bu kitab-albomda XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanın böyük mütəfəkkiri, milli məfkurənin yaranmasında, milli maarifçilik hərəkatının tərəqqisində böyük xidmətləri olan Əli bəy Hüseynzadənin mirası toplanmışdır. İnanırıq ki, bu kitab xalqımız və ziyalılarımız tərəfindən rəğbətlə qarşılanacaq”.

Türkiyə-Azərbaycan ortaq tarixində Əli bəyin xidmətlərini diqqətə çatdıran Bakı Yunus Əmrə İnstitutunun müdiri Selçuk Karakılıç Ə.Hüseynzadənin yaradıcılığına toxunaraq onun fikirlərinə nəzər salmağın vacibliyini vurğulayıb.

Tarix elmləri doktoru, professor Solmaz Tohidi çıxışında Əli bəyin düşüncə tariximizdəki roluna diqqət çəkib, onun irsinə sadiqliyin vacibliyini vurğulayaraq ərsəyə gətirilən işi yüksək qiymətləndirib.

Akademiyanın müxbir üzvü, professor Könül Bünyadzadə də Əli bəy ideyalarının yaşadılmasını milli şüurun müasir nəslə aşılanması baxımından mühüm hesab edərək kitabın hazırlanmasına görə MİMTA Fondunaİstiqlal Muzeyinə minnətdarlığını bildirib.

Çıxış edən digər qonaqlar da Əli bəy Hüseynzadənin Azərbaycan milli məfkurəsinin formalaşmasında böyük rolundan bəhs edib, Əli bəy irsinin tədqiqi, təbliği və gələcək nəsillərə çatdırılması baxımından kitab-albomun Azərbaycan mədəniyyətinə və elminə gözəl töhfə olduğunu bildiriblər.

 

525-ci qəzet.- 2022.- 30 aprel.- S.15.