"Kitabi-Dədə Qorqud"
mətni və qeyri-səlis məntiqin "şübhə"
daimisi
(1-ci yazı)
Redaksiyadan: Müəlliflər bu maraqlı mövzu üzərində
xeyli vaxtdır ki, birgə işləyirlər. Tədqiqatın bəzi hissələrini zaman-zaman oxucularımıza
çatdıracağıq.
***
"Dədə Qorqud"
mətni öz filoloji və humanitar mahiyyətinə görə ədəbi məhsul olaraq müəyyən bir dövrə aid edilə bilməz. Bu mətnə
bir hissəsi digərinin sərhədinə
keçən tarixəqədərki
və tarixi dövrlərin dil və təfəkkür
"yadigarları" daxildir.
Primitiv insanın içində yaşadığı
və özünü
təbiətin tərkib
hissəsi kimi "dərk" etdiyi dövrün də əks-sədası (zəif
səsi) bu mətndə vardır, artıq Mədəniyyət
dövrü insanının
Təbiətdən distantlaşıb
ona az qala
nəzarətçilik funksiyasını
həyata keçirdiyi
dövrün də
("Mədəniyyət") gur səsi vardır.
Onu qeyd eləmək vacibdir ki, "Dədə Qorqud" mətnində hətta Təbiətdən
Mədəniyyətə keçid
məqamının özünün
ədəbi-bədii modeli
qələmə alınır. Bu faktın özü Dastanın hansı qədimlikdən formalaşmasına
aşkar işarədir.
Belə bir suggestiv model Basatın meşədəki aslan yatağından atası Aruz Qocanın evinə (Təbiətdən
Mədəniyyətə) gətirildiyindən
sonra yenidən geriyə meşəyə
qayıdışı ilə
"açılır".
Bu qayıdış həm
də Mədəniyyətə
keçidin heç də asan yolla
başa gəlmədiyindən,
ağrılı-əzablı olmasından xəbər verir.
Qeyri-səlis məntiq bu iki möhtəşəm dövrün bizə həm əks-sədasını,
həm də gur səsini ayırmaq, onları eşitmək imkanını
verir. Qeyri-səlis məntiqin "məntiqi"
filoloji-humanitar baxışdan
baxdıqda tərəddüdlərin,
şübhələrin, gümanların,
hardasa hətta inamsızlığın ideologiyasından
doğur. Azərbaycanın
böyük şairi Hüseyn Cavid yazırdı:
Şübhədir hər həqiqətin babası,
Şübhədir əhli-hikmətin atası.
Şübhə etməkdə həqlidir
insan...
Qeyri-səlis məntiqin ruhu elə budur. Onun hər
hansı sadə, yaxud mürəkkəb büruzəsi zamanı özünü ilkin göstərən məhz
şübhə olur.
O, qeyri-səlis məntiq
yolunun başlanğıcında
durur. "Şübhə"
komponenti qeyri-səlis
məntiq kompozisiyalarının
daimi göstəricisidir.
Onu elə belə də adlandırmaq olar: "Şübhə" daimisi! (Riyaziyyatda və fizikada "daimi" sözü əvəzinə "sabit" sözü işlənir. Məsələn, "Plank sabiti".) Yalnız şübhə daimisi olan yerdə qeyri-səlis məntiqin dolambaclarına düşüb onu axtarmağa girişmək olar. Müdriklərin dediyi kimi, elmdə və sənətdə sübhə zəiflik deyil, gücdür. Mükəmməl elmi nailiyyətlər şübhəli fərziyyələrdən doğur. Engelsin dediyi kimi, "şübhə - elmi idrakın əsasıdır". Kantın məramı ilə desək: "Ağlımda maraq, şübhə və hörmət oyandıran iki şey var: üzərimdə ulduz kimi parıldayan cənnət və içimdəki əxlaq qanunu".
Aristotel məntiqinin (formal məntiqin) əsas müddəası "ya... ya..." ideolojisinə dayaqlanırsa, şübhə daimisi bu dayağı dağıtmağa yönəlir.
Əvvəlcə qeyri-səlis məntiq nəzəriyyəsi barədə qısa bir məlumatı diqqətə çatdırmaq istərdik. Min illərlə qərarlaşmış elmi dünyagörüşün əksinə olaraq, görkəmli alim Lütfi Zadə öz nəzəriyyəsini əvvəlcə bir fərziyyə olaraq irəli sürdü, sonra isə sübut etdi ki, təbiət və cəmiyyətdə baş verən mürəkkəb prosesləri, xüsusən də, müxtəlif kataklizmləri Aristotelin binar məntiqinə əsaslanan klassik məntiq çərçivəsində öyrənmək mümkün deyil.
Qeyri-səlis məntiqə görə, bu və ya digər mülahizənin doğruluq qiyməti iki məntiqi səviyyə - 1 (doğru) və 0 (yanlış) ilə deyil, bu səviyyələr arasında sonsuz qiymətlər çoxluğu ilə təyin edilə bilər. Bu mənada qeyri-səlis məntiq mütləq hesab olunan nə varsa, hamısını rədd edir (Tanrıdan başqa) - mütləq mənada ağ rəng yoxdur, mütləq mənada qara rəng yoxdur, mütləq mənada sıfır yoxdur, mütləq mənada vahid yoxdur, mütləq mənada yalan yoxdur, mütləq mənada həqiqət yoxdur. Ekstremizmin, mütləqiyyətin, totalitarizmin haqsızlığı və əsassızlığı da elə bundadır.
Konseptual əsaslarda belə ciddi tədqiqatlar, təbii ki, elmdə, texnikada və hətta incəsənətdə də inqilabi dəyişikliklərə gətirib çıxardı. Qeyri-səlis məntiq praktiki olaraq bütün təbiət elmlərinə, tibbə, ictimai elmlərə, sosiologiyaya, konfliktologiyaya "implantasiya" olundu. Praktiki elmi tədqiqatlarda qeyri-müəyyənliyin qeyri-səlis ölçüsünün daxil edilməsi (biz bədii mətnə tətbiqdə bunu "şübhə daimisi" kimi nəzərdən keçiririk) təbiətdə, cəmiyyətdə, mikro və makro aləmdə baş verən proseslərə adekvat olan qeyri-müəyyənliyin nəzərə alınmasını mümkün edir. Məhz buna görə də qeyri-səlis məntiq dialektik təsdiqini tapmış yeni elmi istiqamətin yaranmasına, həmçinin, daha geniş mənada idrak nəzəriyyəsinin növbəti pilləsi olan yeni fəlsəfi dünyagörüşün əmələ gəlməsi və başa düşülməsinə səbəb olur.
Şübhə daimisinin öz təyinediciləri (lokalizatorları) var. Onların içərisində ən ifadəlisi "bəlkə" komponentidir. O, çox dəqiq sərhədə malik təyinedicidir. Fikri, niyyəti, daha doğrusu, tərəddüdü, inamsızlığı aydın və kəskin şəkildə üzə çıxarır. Digər təyinedici kimi özlərini göstərən komponentlər, məsələn, "ola bilər ki", "sanasan" daha "yumşaq" şəkildə özlərini göstərirlər.
Mətndə qeyri-müəyyənliklərin qiymətləndirilməsi alt qatda olan fikirlərin identifikasiyası üçün çox vacibdir. Mətndə ifadə olunan mənanın etibarlılığına təsir göstərə biləcək bəzi qeyri-müəyyənliklər ola bilər. Mətnin linqvistik qiymətləndirilməsi zamanı hadisənin necə baş verdiyini və ya necə olacağını göstərən feilin modallığına diqqət yetirməliyik. Mətn, müəllifin biliyinə, müşahidəsinə və ya inanclarına əsaslanan epistemik mövqeyi haqqında məlumat verir. Təbii dillərdə qeyri-müəyyənlik, adətən, linqvistik təyinedicilərdən istifadə edilməklə ifadə edilir. Mətnlərdə qeyri-müəyyənlik bildirək təyinedicilər, adətən, aşağıdakı kimi rast gəlinir.
Şifahi nitqdə geniş işlənən ifadələr (kimi, imkan var ki, güman, yüksək ehtimal, ola bilər, görünür, mümkündür), kəmiyyət bildirən sözlər (hamısı, çoxu, bəziləri), zərflər (təqribən, bir qədər, əsasən, mahiyyətcə, xüsusilə, müstəsna olaraq, tez-tez, az qala, praktiki olaraq, əslində, həqiqətən), güman bildirən ifadələr (güman etmək, şübhələnmək, fərz etmək), isimlər (fərziyyə, şübhə, təklif bildirən) və s. dil faktları, əslində, sübhə daimisi ilə əlaqəlidirlər. Bu ifadələrin, sözlərə "Kitabi-Dədə Qorqud" mətninin ya aşkar, ya da gizli qatında, əlbəttə ki, rast gəlmək mümkündür.
Doğrudur, "Dədə Qorqud" mətni özünün üst qatında bütövlükdə tərəddüdlərə, şübhələrə yol verməyən mətndir. Amma bu o da demək deyil ki, bu mətndə şübhəyə qətiyyən yer yoxdur. Şübhə, tərəddüd var, amma o, xeyli dərində gizlənib. Onu üzə çıxarmaq müəyyən stereotipləri dağıtmaq nəticəsində mümkün olur.
Məsələn, mətnin bəzi leksik komponentləri də bizi qədim dövr dünyaduyumunun təsvirinə aparır. Bayandır xan bir yerə ağ otaq, bir yerə qırmızı otaq, bir yerə isə qara otaq tikdirməklə ağ (məqbul) və qara (qeyri-məqbul) variantlarına qırmızı çalarını da əlavə edir. Bunun özü (qızı və oğlanı da bir-birindən ayırmaq), dünyanı daha geniş spektrdə görmək cəhdini üzə çıxarır.
Başqa bir misala müraciət
edək. "Bu adam
ya diridir, ya ölü" əvəzinə, "bu adam nə ölüdür,
nə diri, o, bəlkə bu iki reallığın ortasındadır" kimi
bir təhəmmül
(şübhə) özünü
göstərir.
Klassik məntiqdə "üçüncüsünü
istisna" qanunu var.
Bu qanunda deyilir ki, bir hadisə
haqqında eyni zamanda bir-birinə zidd olan iki
fikir varsa, ikisi də yalan
ola bilməz.
Onlardan biri yalan, o birisi
isə doğru, üçüncüsü isə
istisna olur. Qeyri-səlis məntiqdə
isə üçüncüsünün
istisna qanunu yoxdur, iki əks
fikir arasında üçüncü müddəa
da (şübhənin
nəticəsi kimi) ola bilər.
"Dədə Qorqud"
mətnində bu qarşıdurma belə bir narrativ libasa
bürünür. Mətndə "ol zamanlar" kimi adı keçən
bir zaman kəsiyi var.
Bu daha qədim bir dövrün nostalji ilə anılan bir kəsiyidir. "Ol zamanlar" hər şey daha yaxşı
imiş, oğullar ata sözünü iki eləməzlərdi və s. və i.a. Tam bir qəhrəmanlıq
dövrü! Nəhənglərin xasiyyəti, ruhu, fiziki gücü indikilərlə heç uyğun gəlməzmiş.
Təbiətdəki məqam
və Mədəniyyətdəki
məqam! Bunlar müqayisə olunmazdırlar.
Mətn deyir ki, "ol zamanlar" oğuz yigitləri yatanda yeddi gün,
yeddi gecə yatardılar və bu zaman oğuz
yigidini yuxudan oyatmaq heç bir vəchlə mümkün olmazdı.
Salur Qazan və Qanturalı belə bir halı
"yaşayırlar". Bu halın adına
"küçücük ölüm" deyirdilər.
Nə əsl həyat var, nə də
əsl ölüm.
Ortadakı reallığı isə adlandırmaq lazımdır. Ad budur:
"küçücük ölüm"! Və bu adı müasir tibb də təsdiq edir. Həmən vəziyyətin bu
gün təsvir edilən elmi adı "koma"dır.
Yenə də qeyri-səlis məntiq, üçüncünün
istisna qanununun yararsızlığı.
"Dədə Qorqud" mətnində qeyri-səlis
məntiq nəticəsində
ortaya çıxan bu ad ("küçücük
ölüm" - koma)
sübut edir ki, "küçücük
ölüm" adı
məhz şübhə
vasitəsilə tapılıb,
nə ölü, nə də diri olan adama
Aristotel məntiqi ilə yanaşmaqdan imtina edilib, nəticədə "koma"nın
qədim oğuz cəmiyyətində və
təbii ki, qədim Azərbaycan türk dilində belə bir adı
("küçük ölüm")
ortaya çıxarılıb.
Əvvəlcə reallığın özü müşahidə
edilib (əlbəttə
ki, "şübhə"
elementinin tətbiqi ilə!), sonra ona ad qoyulub.
Təbiət dövrünü yaşayan
insan belə bir məntiqlə gözümüz önündə
daha rəngarəng bir dünyanın mənzərəsini cızır. "Ya
... ya"-nın
arasındakı öz
ilkin rəngi və rayihəsi olan dünyanı bizə göstərir. Bu, təbiət dövrünü
yaşadığı zaman
insanın gördüyü
(görə bildiyi) dünyanın rəngləridir.
Təbiətdən çıxan insan
bu rəngləri görmək, onlarla və onlarda yaşamaq funksiyasını
Mədəniyyət dövrünə
qədəm qoyduğu
zamandan bəri itirə-itirə gəlir.
Qeyri-səlis məntiqin prinsiplərini sistemli şəkildə "Dədə Qorqud" mətninə (əslində, hər hansı ədəbi mətnə) tətbiq etmək olduqca ağır məsələdir. Adda-budda diqqətimizi çəkən məqamların artıb çoxalacağı və nə zamansa sistemli bir mənzərə yaradacağı bəlkə də mümkün olacaq. Amma bunun üçün her şeydən əvvəl gərəkdir ki, dilimizin potensialının "yatmış" və diqqətimizdən kənarlaşmış ifadə və sözləri qeyri-səlis məntiqin şübhə daimisinin "toruna" düşsün.
Həmahəng fəlsəfi fikir və çalarlar bir tərəfdən riyazi simvollarla yazılmış düsturla, o biri tərəfdən isə təbii poetik dildə əks olunur. Təbii dilin imkanları son dərəcə böyükdür. Riyaziyyat yaranan vaxt təbii dilin gücü çatsaydı ("dil xəstəliyi"ni yada salaq!), fizika, iqtisadiyyat, sosial həyat, ümumiyyətlə, yaşadığımız dünya indiki ideallaşdırılmış düsturlarla yazılmazdı. Bu nöqtədə dilçilər üçün böyük elmi perspektivlər var. Belə ki, təbii dilin vasitəsilə biz istənilən informasiyanı təsvir edə bilərik. Riyazi dilçiliyin köməyi ilə avtomatik tərcümə, yaradıcılıq proseslərinin modelləşdirilməsi, o cümlədən, nağılların, hekayələrin, dastanların, melodiyaların düzənlənməsi və məsələləri həll edə bilərik. Hesablamanı, məntiqi nəticə çıxarmanı təbii dildə apara bilərik. Sadaladığımız problemlərin həllinin açarı yenə də qeyri-səlis məntiqdir.
Əslində, bu dediklərimiz bir sıra alimlərin qeyd etdiyi kimi, qeyri-səlis məntiqin həyatımıza hələ bundan sonra girəcəyi ideyasına qarşı çıxan fikirlər kimi də səslənə bilər. Amma demək lazımdır ki, bu cür yanaşma yeni ola bilər. Obyektin "canında" isə qeyri-səlis məntiqin ruhu lap əvvəldən var idi.
Biz belə düşünürük
ki, qeyri-səlis məntiq daha
çox "təbiət" dövrünün funksiyasıdır. O ya daşlaşıb, ya da unudulub və yalnız unudulmuş olsa da, təhtəlşüurumuzda
yaşamağına davam edib.
Bizim indi ona yanaşmamız qədim rəngarəngliyi
geri qaytarmaq cəhdimizdir.
Bəzən alınır, bəzən alınmır.
Alınmayanda, belə deyək: hələ ki,
alınmır.
Kamal
ABDULLA, Rafiq ƏLİYEV
525-ci qəzet.- 2022.- 30 aprel.- S.12-13.