Qarabağ silsiləsinin ətəklərində
bahar
HADRUT
QƏSƏBƏSİNƏ VƏ TUĞ KƏNDİNƏ
SƏFƏRİN TƏƏSSÜRATI
İki çay arasında...
Xocavəndə bahar gəlmişdi. Yaşıllaşan dağıntılar təbiətin
insan zəkasından və əməlindən asılı olmayan məlhəmindən xəbər
verirdi - yalnız divarları qalan bir evin içindən
növbənöv bitkilər
boy verib ətrafı sarmışdı. Sarı güllər
və qanqalların sarılı-göylü ilməsi
ilə gözəlləşən
yaşıl çöllərin
müşayiəti mənzil
başına çatan
qədər bizi izlədi.
Zəfər yolu insanın ayağını yerdən
üzür, göyün
bilinməyən qatına
qaldırır və füsunkar obalara yaxınlaşdıqca tamamilə
maddi aləmdən ayrıldığını dərk
edirsən. Zəfər yolu qürura,
sevincə, ləyaqətə
aparan yoldur. Rahatlıqla şütüyüb
keçdiyimiz bu yolların qarış-qarış
azad edildiyini düşünəndə ruhların,
sızıldayan bədənlərin
qarşısında adam utanır...
Mesopotamiyanın ən qədim sivilizasiyalardan biri olduğu və bu ərazidə yaranan dövlətlərin
dünya mədəniyyətinə
verdiyi töhfələr
barədə qalaq-qalaq
kitablar yazılıb. Hələ məktəbli
ikən dünya tarixini öyrənəndə
həmin yerlərin hər mənada əsrarəngliyi barədə
məlumatlar vadar edirdi ki, nə
vaxtsa Mesopotamiyaya getmək barədə xəyallar quraq.
Hadruta gəlmək imkan verdi ki,
mən öz xəyallarımın maketini
qura bilim. Dəclə və Fərat çayları arasında
yerləşdiyindən Mesopotamiya
həm də İkiçayarası adlandırılırmış.
Quzeyçay və Güneyçayın birləşdiyi
Hadrut toponiminin hərfi mənası da "ha" (ara),
"dü" (iki),
"rut"(çay) - iki
çay arası deməkdir. Bəlkə də, Hadruta
gedə bilməsəydim,
heç vaxt Mesopotamiyaya getmək şansım olmazdı.
Ümumiyyətlə, öz
milli ruhunu diri saxlamayan, maddi və mənəvi
mədəniyyəti ilə,
qiyabi də olsa, tanışlığı
olmayan, torpağının
qoxusunu yüz qoxu içindən, çörəyinin tamını
yüz tam içindən
seçə bilməyən
adam heç
bir digər ölkəni səmimi sevə, mədəniyyətini
araşdıra, ruhunu duya bilməz. Öz ölkəsində alnı
açıq vətəndaş
olmaq vicdanın çırağını sərhədlərdən
kənarda daha gur yandırır.
Təbiətin çəpəri... Səsin sərhədsizliyi...
Hadruta çatana
yaxın maşının
pəncərəsində şəkildən
şəkilə düşən
dağ silsilələri
insanı heyrətləndirirdi. Maşında yüngül nasazlıq yarandığından beş-altı
dəqiqə dayanmalı
olduq. Bu, təbiətin rəhmi idi ki, biz burada
maşından enək,
havanı içimizə
çəkib bu dağlara tamaşa edə bilək. Təbiət
heyrətləndiyimiz yerlərdən
etinasız keçməyimizə
icazə vermədi.
Təbiətin bu çəpəri
ürəyimizdən oldu.
Hadrutun təbiətini
təsvir etmək Hadrutu işğaldan azad eləmək qədər çətindir
desəm, yalan olar, müqayisədə naqislik var. Amma söhbət söz savaşında, söz meydanından gedirsə, o yerlərin tablosunu sözlə yaratmaq qəliz məsələdir.
Hadrutda şiş ucları şəfəqlərlə döyüşən
Ərgünəş dağının
zəhmli nəzəri
altında quşlar da ayrı cür
oxuyur... İnzibati cəhətdən qəsəbə adlansa da, kənd ab-havası
var. Dəniz səviyyəsindən
xeyli yüksəkdə
olmasına baxmayaraq, ürək döyüntülərində,
təzyiqdə heç
bir problem yaranmır.
Bizimlə Hadruta gedən yaşlı insanlar danışırdılar:
"Elə-belə vaxt
olsaydı, indiyə
3-4 təzyiq dərmanı
atmışdım, maraqlıdır,
yüksəkdəyik, amma
heç bir qram da özümü
piss hiss etmirəm".
Bərəkətli torpaqlardır. Əkinə yararlı sahələr
çoxdur. Heyvandarlıq üçün də uyğun yerlərdir.
Necə deyərlər,
əsl yaşamalı
yerdir! Təsəvvür
edin, pəncərənizi
açırsız, gözünüz
dağa, dərəyə
zillənir, tüstü-dumandan,
səs-küydən uzaq
beyniniz dincəlir...
Evlərin dam örtükləri, 60-cı illərin
quruluşları, taxtası
çürümüş şüşəbəndlər ermənilərin burada kasıb yaşadıqlarından
xəbər verir. Yaşayış
yerlərinin əksəriyyəti
salamat olsa da, dağıntılar, yanan yerlər də var. Maraqlıdır
ki, azərbaycanlıların
vaxtilə yaşadıqları
evlərin isə, yalnız divarları nişanə qalıb, başqa heç nə...
Dostlarla birlikdə bir-iki evə daxil olduq. Otaqlara ümumi nəzər
yetirirdim. Divara bərkidilmiş
asılqanın arxasında
bir şəkil gördüm. Doğma
sima, doğma insan... Müslüm Maqomayevin gənclik
şəkli idi.
O səs düşmənin
də qəlbini fəth edəcək qədər qüdrətlidir.
Həmin
erməni ürəyində
Maqomayevə olan sevgisini qoruya bilib. Terrorçu erməni qruplaşmaları,
erməni cəlladları,
yaramaz erməni rəhbərləri əvvəlcə
öz xalqına düşmən kəsildilər,
onların dincliyini əllərindən aldılar.
Əminəm ki, həqiqətləri bilən
və etiraf edən, bu 30 ildə ürəyində
yaşayan ermənilər
də var. Məsələn,
Moqomayevin səsi həmin ermənini mənəvi kirlənməyə
qoymayıb, bəlkə
də...
Tuğ kəndi... Dağ kəndi...
Tuğun da təbiəti eynilə Hadrut kimidir. Hətta Tuğda hava
daha sərin idi. Qarabağ silsiləsinin ətəyində
yerləşən kənd
dəniz səviyyəsindən,
təxminən, 1500 metr
yüksəklikdə yerləşir.
Bir neçə
müddət əvvəl
Dövlət İdarəçilik
Akademiyasında Xocavənd
rayonu Tuğ kənd uşaq musiqi məktəbinin konserti keçirilmişdi. Bəlkə də,
həmin konsertdə ifa edən körpə
fidanların bəzilərinin
heç valideynləri
də Xocavəndin üzünü görməyib.
Amma elə şəstlə, həvəslə,
avazla oxuyurdular ki, adam
riqqətə gəlirdi.
Həmin vaxt Tuğ adının orfoepiyasından irəli gələn əzəməti,
səslərin qığılcımını
iliyiməcən hiss etdim...
Tuğ ansamblı... Dağ ansamblı... Həmin vaxt Tuğ kəndində
də musiqi sədalarının eşidilməyini
arzulamışdım.
Səfərimiz zamanı dağ vüqarlı Tuğ kəndində nə ansambl-filan, nə də hansısa ifaçı var idi. Odur ki, o kələ-kötür yolları
zümzümə edə-edə
dolaşırdım, özümdən
asılı deyildi...
"Ay dağlar səndə
gözüm var..."
Tuğda
gəzirdik, bir də gördüm iş yoldaşım Afaq Rza əlində
bir dəstə göyərti mənə yaxınlaşır. Dağ
keşnişi dəstəsi
idi, daha doğrusu, Tuğ keşnişi dəstəsi...
Əgər indiyə qədər ətrini, dadını hiss etdiyim həmin göyərti növünün adı dağ keşnişi idisə, bu, həmin adda ola bilməzdi.
Görünüş eyni, dad, ətir
tamam fərqli idi. Mütəxəssislər bağışlasın, məncə, Tuğun bərəkətli torpağında
bitən bu bitkini Tuğ keşnişi deyib xüsusiləşdirmək olar.
Tuğun
özü də Azərbaycanımız üçün
məxsusi məkandır!
Mədəniyyətlərin qovuşduğu yer
Ömrümdə ilk dəfə idi ki, kilsəyə gedirdim. Xüsusi səbəbi yoxdur,
sadəcə, heç
vaxt rast gəlməmişdim, yaxud
getmək üçün
zərurət yaranmamışdı.
Alban-udi dini
icmasının sədri
Robert Mobili və Qəbələnin Nic kəndindən
gəlmiş udilər
yanımızda olmasaydı,
baş verənləri
hiss etmək, mahiyyətə
varmaq çətin olacaqdı.
Udi icması
Hadrutda, Hünərli
kəndində və Tuğda yerləşən
kilsələrdə Pasxa
bayramını qeyd etdilər, dini ayinlərini yerinə yetirdilər, dualar oxudular. Hamısı da sevincli idi. Öz mədəniyyətlərinə
qəlbən bağlı
olan udilər Nicdə doğulub böyüdüklərinə baxmayaraq,
sanki uzun illər kök saldıqları məkana qayıtmışdılar. Onların bu yerlərə doğmalıqla yanaşması
aradakı 30 illik ayrılığın qübarını
bir anda əritmişdi.
Alban-udi dini icmasının sədri Robet Mobili ermənilərin
saxtalaşdırma əlamətlərini
bir neçə cəhətdən izah elədi, nişanələr
göstərdi. Daşların üzərindəki sonradan həkk olunmuş yazılardan tutmuş oturacaqlarda ortodoks kilsəsinə xas olmayan elementlər,
erməni qriqorian kilsəsinin simvollarına
qədər saxtalaşdırılma
izləri açıq-aydın
görünürdü. Udilər deyirdilər ki, kilsədəki xaçın
forması da keçmiş yerli xristianlara xas deyil. Robet Mobili deyir ki, materialı analiz etməyi bacaran mütəxəssislər
tədqiqat aparsalar, görərlər ki, ermənilərin sonradan həkk etdiyi yazılar yaxın tarixə məxsusdur, kilsələrin tikilmə
tarixi ilə əlaqəli deyil.
X-XII əsrlərə aid kilsələrin Xocavənddə inşa olunması, əslində, xalqımızın multikultural düşüncəsinin keçmiş köklərindən xəbər verir. Həmin kilsələrin gələcəkdə nəzərdə tutulan bərpası, yenidən xristianların burada ibadət etməsi həmin dini mənsublara hörmətimizlə yanaşı, ulu babalarımızın multikultural, insanpərvər xüsusiyyətlərinə sadiqliyimizin göstəricidir.
Hadrut qəsəbəsi, Tuğ kəndi təbiətin möhtəşəmlik mücəssiməsi olmaqla yanaşı, həm də mədəniyyətlərin qovuşduğu yerdir. Bunun üçün geniş ürək, böyük düşüncə lazımdır. Təəssüf ki, bizə düşmən kəsilən ermənilər bunu bacarmadılar. Bizim ibadət yerlərimizi - məscidləri iyrənc əməlləri ilə mundarladılar, xarabalığa çevirdilər. İki xalqın bu müstəvidəki fərqi göz önündədir.
Dağlarla sağollaşarkən...
Yollarla irəlilədikcə divarda yazılan rayon adları Azərbaycanı birləşdirir. Həmin adlar hamılıqla mübarizə simvoludur. Əsgərlərdən biri divara "Məştağa" yazmışdı. "Maştağa" yox, məhz "Məştağa", öz ləhcəsi ilə, öz bildiyi kimi... Öz ünvanının köməyini bu yerlərin dadına çatdırmışdı. Onun kimi yüzlərlə, minlərlə qəhrəman hamısı elinin-obasının duasını gətirmişdi buralara...
Dağlarla sağollaşarkən tanıdığım, haqqında yazdığım, oxuduğum şəhid və qaziləri xatırladım, ruhlarına rəhmət oxudum. Onların siması bu dağlarda əks olunmuşdu.
Onların sayəsində Xocavəndə və digər işğaldan azad olunan yerlərə qədəm qoyuruq. Tarixboyu şəhid və qazilərə minnətdar olmalıyıq.
Sonda qeyd
edim ki, səfərə
görə Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin
tabeliyində olan Mənəvi Dəyərlərin
Təbliği Fonduna xüsusi
təşəkkür düşür, sağ olsunlar!
Nadir
YALÇIN
525-ci qəzet.- 2022.- 30 aprel.- S.11.