Saxtalaşdırılan tarix, yenidən
yazılan gerçəklər
BİR NEÇƏ SAAT HADRUTDA
İşğaldan azad edilən torpaqlarımıza sayca
üçüncü səfərim idi. Ancaq eyni həyəcan
və duyğular içindəydim. "525"çilərdən
ibarət dörd nəfərlik komandamızla isiqamətimiz
Xocavəndin Hadrut qəsəbəsi və Tuğ kəndinə
idi. Burada Alban-Udi xristian icmasının
üzvləri ilə birlikdə qədim Alban məbədlərini
ziyarət edəcək və udilərin müqəddəs
Pasxa bayramını əcdadlarının ruhu dolaşan yerlərdə
qeyd etməsinin şahidi olacaqdıq. Tarix
kitablarından bu ərazilərin dünya sivilizasiyasının
beşiyi sayıldığını oxuyardıq. İndi ilk insan yaşayış yerlərindən
olan, Birinci Qarabağ müharibəsində tarixinin ən
qanlı günlərinə şahidlik etmiş, yeni qələbə
tarixi ilə sahibinə qayıtmış bu cənnətməkanı
canlı görəcək, onu hiss edəcəkdik. Xocavənddə qədim, eləcə də erkən
xristianlıq və orta əsr dövrünə aid xeyli abidənin
olduğunu bildiyimdən yolboyu həyəcanım daha da
artırdı. Füzulinin azad edilən
hissəsindən keçdikcə yolun hər iki tərəfində
digər azad olunan ərazilərimizdəki mənzərə təkrarlanırdı.
Viran qoyulmuş evlər, mina təhlükəsi xəbərdarlıq
lövhələri və buralarda yarım qalan həyatlar... Artıq üçüncü dəfədir eyni hala
şahid oluram, bu yollardan keçəndə sükutu təkcə
fotoaparatın səsi pozur, gördüyü mənzərə
qarşısında adamın nitqi quruyur.
Hələ
səfərə çıxacağımız xəbərini
alandan iki şey fikrimdən çıxmırdı: bir musiqi,
bir də abidələr. Nə vaxt ki avtomobilimiz
sıx ağaclıqlar, uca dağlar arasından dolanan
yolları qalxıb Hadruta doğru irəliləyirdi,
öz-özümə həmin mahnını zümzümə
edirdim. Yəqin ki, Vətən müharibəsi
gedişində yayılan bir videonu çoxunuz izləmişdir.
Gərgin döyüşlərdən sonra hərbi
maşında irəli doğru yol alan əsgərlərimiz,
"Hadrutu aldıq, Laçını aldıq", - deyə
mahnı oxuya-oxuya deyib-gülürdürlər. Yol həmin yol idi, bu dəfə də təbəssüm
və minnətdarlıqla gülümsəyərək yad edirəm
igidlərimizi. Fikrimdəki digər məsələ
erməni vandalizmi, saxtakarlığının qurbanı olan əsir
abidələrimizi görəcəyimlə bağlı idi.
Yağı düşmənin ata-baba yurdumuza kütləvi
köçürülmələrinin vur-tut 200 il
yaşı olsa da, onlar maddi-mədəni irsimizə təcavüz
edərək sanki əsrlərdən bəri bu yerlərdə
yaşadıqlarını sübut etməyə
çalışıblar. Etiraf etmək
lazımdır ki, öz işlərinin öhdəsindən
yaxşı gəliblər. Tariximizin ən
özək məbədlərini, nümunələrini ermənilər
illərlə qeyri-qanuni yollarla xarici ölkələrdən gətirilən
tədqiqatçıların əli ilə istismar edib, yaxud da
birbaşa daşıyaraq, sataraq qəsdən məhv edib, eyni
zamanda dəyişdirməyə müvəffəq olublar.
Xudavəngdə vandalizmə məruz qalan abidələrimiz
çoxdur. Budur, Qırmızı Bazar-Hadrut
yolunu geridə qoyub qəsəbəyə daxil oluruq. Qarşılaşdığımız ilk tikililərdən,
dağılmış yerlərdən aydın olur ki, igidlərimiz
Hadrut uğrunda döyüşlərdə misilsiz şücaət
göstəriblər. Küçəboyu
divarlarda əsgərlərimizin adlarını
yazdığı, döyüşdükləri bölmələrin,
eləcə də bölgələrimizin adlarını həkk
etdikləri yazıları görürük. Burada türk, ləzgi, tatar, tat, talış demədən
bir amal uğrunda birləşən, canından keçən
Vətən oğullarının ruhu dolaşır sanki.
Yazılara göz gəzdirdikcə,
döyüş zamanındakı auranı duymaq olur.
Hadrutda xeyli gəzdik, ev-ev, küçə-küçə
dolaşdıq. Ancaq əvvəlcə bura gəlişimizin
əsas səbəbkarlarından və onların fərəhlə
kilsəyə girib ayinlərini yerinə yetirmələrindən
söz açmaq istəyirəm. Udi icması o qədər
sevincli idi ki, sanki bir yandan Müqəddəs İohann adına vəftiz kilsəsinə daxil olub dualar
etməyə, digər yandan bizə kilsə tarixi haqda məlumat
verməyə tələsirdilər.
Xocavəndə
udilərlə birgə səfərimiz Azərbaycana xas olan, əsrlərdən
bu yana dəyişməyən müxtəlif
xalqların bir-birinə mehriban münasibətinin, birgəyaşayışın
və tolerantlığının ən gözəl nümunəsi
idi. Kilsədə edilən dualar mahiyyətcə
məscid minarələrindən ucalan dualardan fərqlənmirdi.
Dualarda 30 illik həsrətə son qoyan, bizə
bu günləri qismət edən yaradana şükür, Vətən
torpağına canını qurban edən övladlarına
minnətdarlıq, xalqı bir məqsəd uğrunda yumruq təki
birləşdirən qətiyyətli rəhbərə təşəkkür
və ata-baba ocağına qovuşmanın mənəvi
rahatlığı vardı.
Dualar edildi, şamlar yandırıldı. İndi kilsəni
müşahidə etmək və tarixin izini sürməyin
zamanı idi.
Qeyd edim ki, Azərbaycan ərazisində Alban mədəniyyətinə
aid kilsələrin ən qədim tarixi V-VI əsrə
dayanır. Hadrutdakı kilsə isə XI-XIII əsrə aiddir.
Kilsənin həyətinə daxil olarkən qəbir
daşlarını xatırladan, iri və əsasən
düzbucaqlı formasında daşlar diqqətimi çəkmişdi.
Daşların üzərindəki yazılara işğal dövründə
ermənilərin bərpa adı ilə müdaxilə etdiyi,
tarixi saxtalaşdırmaq üçün onu erməniləşdirməyə
çalışdıqları hiss olunurdu. Yanılmırdım,
ermənilər öz əlifbalarından istifadə edərək
alban sözlərini yazmağa çalışıb, bu yolla
bölgəyə sonradan gəlmə deyil, əvvəldən
burada yaşamış kimi görünməyə cəhd
ediblər. Kilsənin tarixi və digər təhrif edilmələrlə
bağlı Alban-Udi xristian dini icmasının sədri Robert
Mobillə söhbətimizdən də bəlli oldu ki, təkcə
bu kilsədə deyil, Xocavənd ərazisindəki digər
Alban kilsələrində də təhriflər var. Xüsusən
simvol və elementlərə müdaxilə, altar hissəsində
dəyişikliklər, giriş qapılarının daha
hündürləri ilə əvəzlənmələri
görünür. Alban kilsə qapıları
hündürlüyünün az olması
ilə xarakterizə edilir. Bu, kilsəyə girərkən
təzim etmək qaydasını gözləmək
üçündür. Daha bir erməni
barbarlığının nümunəsinə kilsə zənginin
asıldığı yerdən qopardılması ilə
şahid oluruq.
Hadrutdan sonra Hünərli və Tuğ kəndlərində
daha iki kilsəni ziyarət edib, Udi icmasının müqədəs
məbədlərini ehtiramla yad etmələrinə
şahidlik etdik. Hünərli kəndində yerləşən
kilsə ərazisinə görə nisəbətən
kiçik olması və arxitekturası ilə fərqlənirdi.
Məbədin divarları ucaldıqca mərkəzdən
çölə doğru daralırdı, pəncərələri
isə xeyli kiçik və hündürdə idi. Bu formada tikiliş kilsədə səsin exo ilə
yayılmaması üçün düşünülüb.
Həmçinin mərkəz hissədə
sağ-sol yanda keşişlərin dua etməsi
üçün nəzərdə tutulan kiçik otaqları
yerləşir.
Hadrutda kilsənin çöl darvzası sehrli mənzərəsi
olan küçəyə açılır. Torpaq yolu olan
bir dar küçə təsəvvür edin, hər iki tərəfində
sırayla tikilmiş həyət evləri, sıx ağaclarla
örtülü əzəmətli sıra dağlar və
dağların başındakı əlçim-əlçim
bəmbəyaz buludlar. Küçə
boyu addımladıqca dağlardan gələn meh üzünə
vurur, quşların səsi ruhunu oxşayır. Və
bütün bunlar insana, "İlahi, bu gününə
çox şükür!", duasını
təkrarladır. Qəsəbə, demək olar
ki, buna bənzər enişli-yoxuşlu küçələrdən
ibarətdir. Mərkəzi küçələrdə
evlərin daha çox, nisbətən kənar küçələrdə
isə az olduğunu müşahidə
edirdim. Burada bütün küçələrdə
meyvə ağacları, enliyarpaq, həmişəyaşıl
ağacları görmək olar.
Yaradılışdan belədir, bütün canlılar
hər zaman doğulduğu, boya-başa
çatdığı, yaşadığı yuvasını
tikib-qurur, gözəlləşdirir. Sonradan buralara
köçürülən, tarixi saxtalaşdırmağa əl
atan, azərbaycanlıları el-obasından didərgin salan, 30
ildir işğalçı siyasət yürüdən ermənilərin
Hadrutda yaşadıqları evlərdə isə bu gözəlliyi
görmədim. Evlərin damı,
darvazası, qapısı, hətta içəridəki əşyalar
olduqca nimdaş idi. Əgər mənfur
düşmən özünü buraların sakini hesab etsə,
yəqin buna diqqət yetirərdi. Demək,
bir gün torpaqların əsl sakinlərinin geri dönəcəkləri
gerçəyini hamıdan yaxşı elə ermənilər
dərk edirdilər.
Vətən müharibəsi zamanı Hadrut uğrunda bir
neçə gün şiddətli döyüşlərin
getdiyini bilirik.
Yazımın əvvəlində müharibə
izlərinin dağılan evlərdə, divarlarda
göründüyünü qeyd etmişdim. Küçələrdə
gəzişdikcə ikimərtəbəli bir ev
diqqətimi çəkdi. Nədənsə,
biixtiyar o evə daxil olub baxmaq istədim. Darvazanı
açanda düşünürdüm ki, görəsən,
30 il öncə bu ev hansı azərbaycanlıya
məxsus olub, hansında yaşayıb, qonşuluq edib, şad
günlərini qeyd ediblər. İstənilən
halda, əgər bir məkana girəndə səni ora
bağlayan hər hansı bir duyğu hiss etmirsənsə, demək,
ora aid deyilsən.
Ancaq bu
evlərdə gəzəndə qətiyyən erməni ruhu
hiss etmirdim. Sanki bu yerlərdə 30 il
öncə dayanmış zaman indi yenidən
çalışmağa başlamışdı. Yuxarı mərtəbəsinin eyvanından mənzərəsi
dağlara açılan bu evdə, erməni mənəviyyatı
üçün müqəddəs anlayışının
olmadığını bir daha duydum. Nəinki
bu evdə, daxil olduğum o biri evlərdə də mənzərə
eyni idi. Tankları qoyub, unitaz aparan ermənilər,
müqəddəs saydıqları dini, tarixi kitabları,
fotoalbomları, hətta buraların Azərbaycan ərazisi
olduğunu sübut edən doğum haqqında şəhadətnamələrini
də qoyub gediblər. Halbuki onları qovan, işgəncə
edən, əsir götürən bir ordu yox idi
qarşılarında... Ən maraqlısı
"Böyük Ermənistan" xülyası ilə Azərbaycanı
bütünlükdə Ermənistanın tərkibində
göstərdikləri uydurma xəritəni də atıb getmişdilər.
Demək, sərsəm erməni
xülyasının sonu yurdun sahiblərinin addım səsi
eşidilənə qədər imiş.
Zaman yetişirdi. Baxmağa və hiss etməyə doymadığımız Vətən torpağına bir neçə saatlıq ziyarətimiz yekunlaşdı. İndi növbəti istiqamətə irəliləmək vaxtı idi. Təbiətinə heyran qaldığım, hər halıyla Azərbaycan olan Hadruta bir də baxıb sağollaşdım. Həm də yenidən gəlmək və döyəcəyim istənilən qapıdan, "El-obamıza xoş gəlmisən!" sədasını duymaq arzusu ilə sağollaşdım. İstiqamət Qarabağ silsiləsinin ətəyində yerləşən və hər halıyla tarix qoxuyan Tuğa idi.
Ardı
var...
Fotolar: Pəri
Arifqızı
Afaq RZA
525-ci qəzet.- 2022.- 30 aprel.- S.10.