Müharibənin coğrafiyası
genişlənir?
Rusiyanın Ukraynada apardığı
müharibənin başqa
ölkələrə də
keçəcəyi, müharibənin
daha geniş coğrafiyaya yayılacağı
ilə bağlı ehtimallar artıb. ABŞ, Böyük
Britaniya, Almaniya, Fransa, Bolqarıstan və Kanada öz vətəndaşlarını
separatçı Dnestryanı
bölgəni dərhal
tərk etməyə,
bu regiona səfər etməməyə
çağırıblar. Moldova
Xarici İşlər
və Avropaya İnteqrasiya Nazirliyi dövlətlərin bu addımını standart təhlükəsizlik protokolunun
bir hissəsi kimi təqdim etməyə çalışsa
da, Dnestryanı bölgənin və bütövlükdə Moldovanın
müharibəyə cəlb
olunma ehtimalı hər ötən gün artır. Rusiya Dövlət Dumasının
MDB işləri üzrə
komitəsinin sədr müavini Viktor Vodolatski bildirib ki, Rusiya
hakimiyyəti yaxın
zamanda Dnestryanı bölgənin müstəqilliyini
tanıya bilər.
Viktor Vodolatskinin sözlərinə
görə, Dnestryanı
bölgə özünü
Rusiyanın bir hissəsi hesab edir və Cənubi
Osetiya, Donetsk və Luqansk respublikalarının
getdiyi yolu təkrarlamaq istəyir. Qeyd edək
ki, Dnestryanı bölgənin idarəetmə
orqanları ötən
illərdə dəfələrlə
Rusiya Federasiyasına qoşulmaq istəklərini
bəyan ediblər.
Dövlət Dumasının rəsmisinə
görə, Dnestryanı
bölgənin istəyi
təmin edilməlidir.
Çünki Moldova prezidenti Mayya
Sandu və "onun rumın kuratorları" Dnestryanı
bölgədə "Ukrayna
ssenarisini həyata keçirmək və müharibəyə başlamaq
istəyirlər".
Dövlət Dumasının MDB işləri
üzrə komitəsinin
sədr müavinin
Moldova və rəsmi Kişinyov əleyhinə fikirləri Rusiya rəsmilərinin bir neçə ay öncə
Ukraynaya qarşı səsləndirdikləri fikirlərlə
üst-üstə düşür. Viktor Vodolatski Moldova prezidenti Mayya Sandunu nasist
adlandırıb, mövqeyini
isə Moldovada Georgi lentlərinin qadağan edilməsi ilə izah edib.
Dövlət Dumasının rəhbər
şəxslərindən hesab
olunan Viktor Vodolatski hesab edir ki,
Rusiya Moldovada nasizmi "kökündən
çıxarmalıdır". Bu isə Rusiyanın Ukraynanın demilitarizasiya və denazifikasiyasına
nail olmaq üçün
başladılan "xüsusi
hərbi əməliyyat"ın
Moldovada da təkrar olunma ehtimalının artdığını
göstərir.
Qeyd edək
ki, Rusiya son 20 ildə Dnestryanı bölgənin sakinlərinə
Rusiya vətəndaşlığı
verilib. İndi isə Rusiya
öz vətəndaşlarını
qorumaq üçün
bölgəyə hərbi
qüvvə göndərmək
hüququnun olduğunu
qeyd edir.
Dövlət Dumasının MDB işləri
üzrə komitəsinin
sədr müavini bildirib ki, Dnestraynı
bölgə "təcrid
vəziyyətindədir" və Rusiya ilə bu regionu
birləşdirəcək "dəhliz" yaradılmalıdır.
Bunun üçün isə Rusiya Ukraynanın cənubunu ələ keçirməyə çalışır.
Bu niyyəti həyata
keçirmək üçün
hərbi planın mövcudluğu Rusiya Mərkəzi Hərbi Dairəsinin komandanı vəzifəsini icra edən Rüstəm Minnekayevin açıqlamasından
məlum olmuşdu.
Rüstəm Minnekayev bildirmişdi
ki, Ukraynadakı hərbi əməliyyatların
"ikinci mərhələsi"
çərçivəsində Rusiya ordusu Dnestryanı
bölgəyə çıxışı
təmin etmək üçün Ukraynanın
cənubunda nəzarəti
tam ələ keçirməlidir.
Viktor Vodolatski kimi, Rüstəm Minnekayev də Dnestryanı bölgədə
yaşayan rusdilli əhalinin sıxışdırıldığını,
Moldovada nasistlərin iqtidarda olduğunu və buna görə
Rusiyanın öz vətəndaşlarını qorumaq
məcburiyyətində qaldığından
bəhs etmişdi.
Rusiyada son zamanlar
belə bir təbliğat aparılır
ki, bütün dünya ruslara qarşı müharibə
aparır. Ona görə də
"özününküləri" qorumaq üçün əsgərlər həyatlarını
fəda etməli, ruslar bütün dünyada müdafiə olunmalıdırlar. Belə görünür
ki, Ukraynadakı döyüş meydanın
coğrafiyasının Dnestryanı
bölgəyə qədər
genişlənməsi yalnız
zaman məsələsidir.
Rusiyanın bu istəklərinə qarşı Qərb Ukraynanı sürətlə
silahlandırır. Böyük Britaniyanın
xarici işlər naziri Liz Trass Ukrayna ilə yanaşı, Moldova və
Gürcüstanın da
hərbi potensialını
gücləndirmək çağırışı
ilə çıxış
edib. ABŞ-ın müdafiə naziri Lloyd Ostin Kiyevə səfərindən
sonra deyib ki, Rusiya Ukraynada
törətdiklərini bir
daha təkrarlaya bilməyəcək qədər
zəiflədilməlidir. Bu da Rusiyanın
özünün demilitarizasiya
edilməsinin nəzərdə
tutulduğu anlama gəlir. Qeyd edək ki, Rusiya Ukraynaya qarşı müharibəyə
bu ölkənin demilitarizasiya və denazifikasiya edilməsi məqsədi ilə başlamışdı. İndi isə
artıq onun özünün demilitarizasiya
və denazifikasiya edilməsi müzakirə mövzusuna çevrilib.
Rusiya bütün bunlara daha sərt ifadələrlə
cavab verir. Rusiya prezidenti Vladimir Putin Ukraynada
digər dövlətlərin
güc və vasitələrinin iştirakına
"ildırım sürəti
ilə" cavab veriləcəyini bəyan
edib. "Əgər kimsə baş verən hadisələrə kənardan
müdaxilə etmək
və Rusiya üçün qəbuledilməz
strateji təhdidlər
yaratmaq niyyətindədirsə,
bilməlidir ki, bizim cavab zərbələrimiz
"ildırım sürətli"
olacaq". Rusiya prezidenti
bəyan edib ki, bunun üçün
bütün imkanlara sahibdirlər. Rusiya prezidenti
ilə yanaşı, bu ölkənin xarici işlər naziri Sergey Lavrovun da çıxışlarında
ifadələr sərtləşməyə
başlayıb. Sergey Lavrov nüvə müharibəsi ehtimalının
artdığını vurğulayıb.
Rusiyanın təbliğat maşını
isə çox sürətlə nüvə
müharibəsinin zəruriliyini
təbliğ edir.
Bütün bunlar Rusiyanın Ukraynada
apardığı müharibənin coğrafiyasının
genişlənmə, hətta nüvə müharibəsinə
çevrilmə ehtimalının iki ay öncə ilə müqayisədə kəskin
artdığını göstərir.
Xaqani
CƏFƏRLİ
525-ci qəzet.- 2022.- 30 aprel.- S.8.