"Dünya Azərbaycanlılarının
Zəfər Qurultayı bizim birliyimizə böyük təkan
oldu"
Kiyev Azərbaycanlıları
Konqresinin sədri Oleq Andreyeviç Krapivin: "Əminliklə
deyə bilərəm, bir çox ölkələrin
diasporları istəyir ki, bizim kimi olsunlar"
Müsahibə təklifimlə
razılaşacağına o qədər də
inanmırdım. Ancaq Şuşadan yüksək əhval-ruhiyyə
ilə gəldiyini təxmin edirdim, həm də hazırda
Bakıda olmasından istifadə edib, həmsöhbət olmaq
istəyirdim. Müsahibə götürmək
istəyimi qısa mesajla yolladım, cavabında geri etdiyi zənglə
görüş üçün razılığa gəldik.
Müsahibim Ukrayna Azərbaycanlıları
Radasının həmtəsisçisi və idarə heyətinin
üzvü, Kiyev Azərbaycanlıları Konqresinin sədri
Oleq Andreyeviç Krapivindir.
Qeyd edim ki, Prezident İlham Əliyev Oleq
Krapivini Azərbaycan diasporunun inkişafında xidmətlərinə
görə "Dostluq" ordeni ilə təltif edib.
***
- Oleq
Andreyeviç, Dünya Azərbaycanlılarının
Şuşada keçirilən V Qurultayında siz də
iştirakçı idiniz. Təəssüratınız
necə oldu?
- Qurultay
yüksək səviyyədə təşkil olunmuşdu. Buna görə birinci növbədə cənab
Prezidentə, Diasporla İş üzrə Dövlət Komitəsinin
rəhbərinə və əməyi keçən hər kəsə
təşəkkürümü bildirirəm. Çünki birdən-birə 500-600 nəfəri
toplamaq, qarşılamaq çətin məsələdir.
Təşkilatçılar bu işin öhdəsindən
bacarıqla gəldilər. Təbii ki, hər
bir azərbaycanlının arzusu idi ki, Şuşanı
görsün. Demək olar ki, 30 ildə Vətəndən
kənarda keçirdiyimiz bütün tədbirlərdə bir
arzumuz var idi: gün o gün olsun ki, tezliklə Qarabağda,
Şuşada toplaşaq. Biz hamımız
arzumuza çatdıq. Çox
yaxşı tədbirlər, görüşlər
keçirdik, yeni planlarımızı və gələcəkdə
görüləcək işləri müzakirə etdik.
Dövlətimizin başçısı
Şuşada bir qrup diaspor nümayəndəsini
mükafatlandırdı.
-
Mükafatlandırılanlardan biri də siz idiniz. Hansı hisslər keçirirsiniz?
- Bəli,
mən də diasporun inkişafında xidmətlərimə
görə "Dostluq" ordeni ilə təltif edildim. Bu, mənə
çox böyük ruh yüksəkliyi verdi.
Hətta deyərdim ki, sanki bu günlərdə
sevindiyimdən göylərdə uçurdum. Həm Şuşanı gördüm, həm də tətlif
edilmək sürpriz oldu. İnanın, təkcə
Şuşanı görmək nəyə desəniz dəyərdi.
Mən 1974-1975-ci illərdə Şuşada
olmuşdum. Həmin yerlərdə
dayanıb yenidən dağlara, sıldırım qayalara
baxanda bizim qəhrəman oğullarımızın hansı
çətinlikləri dəf etdiyini daha yaxşı anlamaq
olurdu. Hamısının
qarşısında baş əyirəm.
-
Artıq uzun illərdir diaspora fəaliyyəti ilə məşğul
olursunuz. Bu işin içində olan biri kimi
hansı dəyişikliklərin şahidi olursunuz?
- 30 ilə
yaxındır bu işin içindəyəm. Bəli,
böyük dəyişikliklər olub. Əvvəl
bizdə birlik yox idi. Müxtəlif ölkələrdə
yaşayan, fəlaiyyət göstərən nümayəndələrin
bir-biri ilə əlaqəsi yox idi, heç bir-birimizi
tanımırdıq. İndi elə deyil, bu illər ərzində müsbətə
doğru çox böyük dəyişikliklər olub.
Biz birləşmişik, daha sıx təşkilatlanmışıq,
daha irimiqyaslı işlər həyata keçirmişik.
Məhz V Qurultayın keçirilməsi də
bu aspektdən əhəmiyyətli idi. Orada biz həm
Prezident İlham Əliyevin çıxışını
dinlədik, xaricdə Vətənimiz naminə nəyi, necə
etməli olduğumuzla bağlı təlimatlar aldıq, həm
də bütün ölkələrdən olan diaspor nümayəndələri
bir daha böyük bir tədbirdə toplaşa bildi. Bu Qurultay bizim birliyimiz üçün böyük
təkan oldu.
Sizə əvvəllər Ukraynada olan vəziyyət
haqqında danışım. Bu ölkədə
müxtəlif böyük şəhərlərdə 2-3
ayrı diaspor təşkilatı vardı. Fuad Muradov Diaspor Komitəsinin rəhbərliyinə gələndən
sonra isə biz yerlərdəki həmin nümayəndəlikləri
birləşdirdik. Ən çətin iş də elə
birləşmək idi. Çünki bu insanlarn
hər birinin öz fikri, ideyaları vardı. Ancaq bu fəaliyyətin yekun nəticəsi olması
üçün birləşmək labüd idi. Qoy, hamısı işləsin, amma yekun bir məqsədimiz
olsun və onun ətrafında toplaşaq.
- Ukrayna Azərbaycanlıları radasının baş
katibi Ceyhun Məmmədov bir müsahibəsində
vurğulayıb ki, siz bir neçə ildir Ukraynada yaşayan
azərbaycanlılara çağırış edirsiniz ki,
diasporda qeydiyyata düşmək daha səmərəli olar. Nə
üçün bu fikirdəsiniz, sizcə, bu, doğrudan da səmərəli
olacaqmı?
- Yerində
verilən sualdır. Deməli, vəziyyət
necə idi? Bilirsiniz ki, Rusiya-Ukrayna
müharibəsi başlayanda biz həmvətənlərimizi təxliyə
etməyə başladıq. Bizdə olan
siyahıya uyğun zəng edib insanları xəbərdar
edirdik ki, təxliyə nə zaman və necə həyata
keçiriləcək. Bunun
üçün də bizdə - diaspor üzvlərində
mütləq şəkildə siyahı olmalıdır.
Məhz siyahı işi ilə bağlı
şəxsən mən bir neçə ildir məşğul
oluram. Elə region var ki, orada azərbaycanlılar
yaşayır, amma heç biri ilə əlaqə yoxdur.
Müharibə bizə öyrətdi ki, mən
yanılmıram. Çünki elə
insanlar vardı ki, biz onları tapa bilmirdik. İnsanlar son anda bizi tapırdılar, hətta narazılıq
edirdilər ki, nə üçün bizə təxliyə
barədə məlumat verilmir? Mən
onlara izah edirdim ki, illərdir burada yaşayırsan, ən
azından ərazin üzrə diaspor nümayəndəliklərinə
əlaqə nömrəsi vermək lazım idi. Bir az sərt formada desək, yəqin bu təcrübə
hamımız üçün dərs olar, anlayarıq ki,
birlik və əlaqələr vacibdir.
- Azərbaycan
diasporunun fəaliyyəti iki hadisə ilə daha çox
qabardı. Birincisi, koronavirus pandemiyası
dövründə, digəri isə Vətən müharibəsi
zamanı. Həmin dövrlərdəki fəaliyyətinizi
necə xarakterizə edərdiniz?
- Pandemiya
dövründə biz əsasən ərzaq yardımları ilə
işə başladıq. Müxtəlif
bölgələrdə yaşayan həmvətənlərimizi
ərzaqla, müəyyən tibbi vasitələrlə təmin
edirdik. Ümumən bu dövrə baxanda deyə bilərəm
ki, Ukraynadakı bütün azərbaycanlılar bir-birini dəstəklədi,
heç kim də narazı qalmadı. Kimin əlindən nə gəlirdisə, edirdi.
O vaxt artıq mən hiss edirdim ki, bizdə birlik var. Vətən
müharibəsi dövründə isə biz burada olmasaq da, hər
gün bütün baş verənləri xəbərlərdən
anbaan izləyirdik. Prezident çıxış
edəndə, azad edilən yerlərin adını çəkəndə
bizim üçün böyük bayram idi. Biz əlimizə silah alıb Vətən
üçün döyüşə bilmirdik, ancaq ordumuza dəstəyimizi
göstərirdik. Eyni zamanda, təbliğat
işinə də böyük önəm verirdik. Çalışırdıq ki, Ukraynada erməni əks-təbliğatı
dezinformasiya yaymasın. Müharibə
zamanı hətta Ukraynanın rəsmi dairələri bizimlə
görüşüb, xəbərdarlıq etmişdilər
ki, ermənilər provakasiya törədə bilərlər.
Həmçinin, Ukrayna telekanalları bizimlə
əlaqə yaradır, fikirlərimizi öyrənirdilər.
Biz də haqq davamız haqqında gerçəkləri
və müharibənin gedişatı barədə doğru
informasiyanı telekanallar vasitəsilə Ukrayna xalqına
çatdırırdıq. Qeyd edim ki,
Ukrayna mediası Vətən müharibəsi dövründə
bizi dəstəkləyirdi. Müharibə
ukraynalıların bizə münasibətini müsbətə
doğru daha da dəyişdi.
- Sizcə,
dünyanın müxtəlif ölkələrinin diaspor təşkilatılarının
fəaliyyəti ilə bizim aramızdakı əsas fərq,
yaxud çatışmazlıq nədən ibarətdir?
-
Bugünkü gündə bizdə çatışmazlıq
yoxdur. Əvvəl biz də başqa diasporlara
baxırdıq. Ancaq bu gün mən əminliklə
deyə bilərəm ki, bir çox ölkələrin
diasporları istəyir ki, bizim kimi olsunlar. Bizdə bu
müsbət dəyişikliklər yaxın 3-4 il
ərzində baş verdi. Ukraynada müxtəlif
ölkələrin diaspor nümayəndəlikləri var, bir
çoxu da öz dövlətləri tərəfindən dətəklənir.
Ancaq açıq deyirəm, bizim kimi işləyə
bilmirlər. Elə nümayəndəliklər
var ki, bəzi şeyləri bizdən soruşub öyrənirlər.
Yaxın zamanlarda keçirdiyimiz bir tədbirə
Ukrayna millət vəkilləri və digər rəsmiləri
dəvət etmişdik. Onlar bizdə
Diasporla İş üzrə Dövlət Komitəsinin
olmasına qibtə edirdilər. Sual verirdilər
ki, bu işləri necə bacarırsınız? Hətta rəsmi şəxslər parlamentdə
Ukrayna diasporu üçün bizdə olan formada komitə təşkil
etmək məsələsini müzakirəyə
çıxarmağı düşünürlər. Bilirsiniz ki, Kanadada Ukrayna diasporu olduqca
güclüdür. Digər Avropa ölkələrində
də bu cür fəaliyyətləri var, ancaq komitə
halında birlikləri yoxdur.
- Bəs
hər şeyi dövlətdən gözləmək doğru
yanaşmadır?
- Təbii
ki, düz deyil. Belə bir misal var, deyir sən
soruşma Vətən sənə neyləyib, soruş gör
ki, sən Vətən üçün nə etmisən?
Hamı Vətən üçün nəsə
etməlidir. Ümumiyyətlə, insan düşünməlidir
ki, hansı sahədə el-obasına faydalı ola
bilər. Kimisi idmançı, kimisi alim, kimisi incəsənət
və s. müxtəlif sahələrdə Vətənini təbliğ edə
bilər.
- Bəs dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılara hər hansı bir çağırış etsəniz, nə deyərdiniz?
- Birləşmək, yenə də birləşmək. Qoy bizim yumruğumuz möhkəm olsun, biz Vətənimizi elə təbliğ etməliyik ki, hər kəs bizə qibtə etsin. Çünki son hadisələr, Vətən müharibəsi bizə göstərdi ki, biz birlikdə güclüyük, birlikdə tamıq, bütöv Azərbaycanıq.
- Bir müsahibənizdə deyirsiniz ki, Vətən üçün nə etsəm az olar. Oleq Krapivin üçün Vətən hansı mənaya gəlir?
- Bu suala nisbətən sərbəst cavab vermək istəyirəm. Mən Vətənə gələn kimi birinci Şamaxıya gedirəm. Ora mənim doğulduğum yerdir, ata yurdumdur. Daha sonra mütləq Sabunçuya baş çəkirəm. Böyüdüyüm məhəllələri gəzirəm. Əgər mən Azərbaycan gələndə bu yerlərə getməsəm, özümü Vətənə gəlmiş hiss etmərəm. Əgər mən dostlarımla görüşməsəm, o günləri birlikdə yada salmasaq, bu yerlərə tamamilə yad olaram. Rəhmətlik anam yaxşı borş bişirərdi. Bazar günü bütün dostlarım toplaşıb gəlirdik anamın borşundan içməyə. Gecə də iki otaqlı balaca evimizdə iki çarpayıda büzüşüb yatardıq. Bizi kasıbçılıq dövründən gələn möhkəm dostluqlar, o günlər saxlayıb. Mənim üçün Vətən odur ki, harada ki, sən onun çörəyini yeyib, suyunu içmisən. Sən orada mənəvi bağlar, qırılmaz dostluqlar qazanmısan. Nə qədər də kənarda yaşasaq, ürəyimiz hər zaman Azərbaycanladır. Vətənimiz hər zaman var olsun!
Afaq Rza
Foto: Pəri
Arifqızı
525-ci qəzet.- 2022.- 30 aprel.- S.6.