Prioritet problemi

 

esse

 

 

Son vaxtlar, görürsən, orda-burda gənc nəslin ümumi savadsızlığından, məlumatsızlığından gileylənirlər. Mənə elə gəlir ki, məsələnin bu cür qoyuluşu yanlışdır.

Zənnimcə, məsələ prioritetlərin üst-üstə düşməməsində, dəyərlərin fərqindədir.

Fransız yazıçısı De Sent Eqzüperinin belə bir məşhur deyimi var: "Biz hamımız öz uşaqlığımızdan gəlirik". Bu deyimə istinad edərək unutmamalıyıq ki, biz, yaşlı nəsil Sovet İttifaqından gəlirik; yeni nəsil, yəni bizim balalarımız isə müstəqil Azərbaycandan, demokratik dəyərləri üstün tutan bir dövrdən gəlirlər. Bizə başqa şeyləri təlqin edirdilər, onlara isə müasir kommunikasiya dövrü, internet qloballaşma zamanı tamam başqa dəyərləri təqdim edərək canlarına-qanlarına hopdururlar.

Bu yerdə fikrimi daha aydın çatdırmaq məqsədilə bir haşiyə çıxmaq istəyirəm: Bir vaxt Aşıq Əhməd Sadaxlını təltif etmək qərarına gəldikdən sonra aşığın yaşadığı Sadaxlı kəndinə yollandıq ki, ona bu haqda  deyək, barəsində anket məlumatı götürək təltiflə bağlı paytaxta dəvət edək. Gürcüstanın Borçalı mahalında yerləşən Sadaxlı kəndini görən bilər ki, böyük kənddir, elə böyük kənddir ki, kəndin bu başında yaşayan o başında yaşayanı tanımır.

Xülasə, Sadaxlıya işin-gücün qızğın vaxtında çatdıq. Kənddə yalnız bekarçılıqdan ora-bura toplaşan yeniyetmələr gözə dəyirdi. Aşıq Əhməd Sadaxlının evinin yerini soruşmaq məqsədilə maşını bir neçə yerdə saxlamalı olduq. Üz tutduğumuz yeniyetmələrdən aşığın evini heç kəs bilmədi. Hətta belə bir adamın bu kənddə yaşadığından belə xəbərləri yox idi.

Məndə əvvəlcə yaranan heyrət get-gedə qıcıqlandırıcı bir hissə çevrildi. Növbəti yeniyetmələr "birjasına" yaxınlaşıb aşığın barəsində yenə - "bilmirik" cavabını alanda qıcığımı gizlədə bilmədim, qarşımda duran yeniyetmə oğlandan istehza ilə soruşdum: Bəs Maykl Cekson harada yaşayır?

- O ki, amerikandır. - Oğlan üzümə gülümsəyərək tərəddüd etmədən cavab verdi.

Demək, sadəcə olaraq, yeniyetmələrin maraq dairəsi böyüklərin bilik maraq dairəsi ilə üst-üstə düşmür. Biz bildiyimizi onlar bilmir, onlar bildiyini biz bilmirik. Çoxdan həsrətində olduğumuz dövlət müstəqilliyini bəsləyə-bəsləyə, qloballaşma qaçılmazlığı qarşısında yəqin ki, bəzi şeyləri nəzərdən qaçırmışıq. Zənnimcə, artıq prioritetləri yaxınlaşdırmaq, dəyərləri imkan daxilində identləşdirmək barədə düşünməyin məqamı çatıb.

Hər nəsil öz zamanının yaşadığı sosial mühitin övladıdır, elə onun dəyərlər şkalası da həmin dövrə sosial mühitə uyğun formalaşır.

Musa peyğəmbər yəhudiləri Misir köləliyindən qurtarıb vəd edilmiş torpaqlara sarı aparanda onları düz 40 il səhrada dolaşdırır. Halbuki Misirlə İsrailin arasında olan məsafə, piyada getsən belə, cəmi bir neçə günlükdür.

Amma Bibliya süjetinin daşıdığı rəmzi məna ondan ibarətdir ki, azad səltənəti qurmaq üçün hökmən azadlıqda dünyaya göz açan bir nəsil lazımdır, azad  məmləkətə sarı gedən yolda tərbiyə alan nəsil. Söhbət yenə dəyərlərin müxtəlifliyindən gedir, həm onların bir-birini zənginləşdirməsi, tamamlaması imkanına işarə olunur.

P.S. Onu da qeyd etməliyəm ki, nəsillər arasındakı problemlər barədə danışarkən son dərəcə səmimi olmalıyıq. İndi istəsən belə, uşağı da aldada bilməzsən.

Bəziləri gənc nəslin məlumatsızlığı barədə giley-güzar edərək deyirlər ki, onlar heç teatrın, o cümlədən, Opera Teatrının qapısının haradan açıldığını belə bilmirlər.

Guya biz Opera Teatrının astanasını yağır etmişik.

Bir nəfər yaşlı nəslin nümayəndəsi yazıçı (adını deməyəcəm) səmimiyyətlə etiraf edərək söyləyirdi ki, dostum məni öz qızının çıxışına baxmaq üçün Opera Teatrına dəvət etmişdi. Tamaşa çox uzandı, həddindən artıq darıxdım, amma nəvaziş xətrinə axıradək dözdüm. Tamaşa nəhayət, başa çatanda,  gözlənildiyi kimi salonu "bravo" səsləri gurultulu alqışlar bürüdü. Mənim sevinc içində hamıdan canfəşanlıqla əl çaldığımı görən dostum (tamaşada iştirak edən qızın atası) məmnunluqla soruşdu:

- Çox bəyəndin?

- Hələ ömrümdə belə şey görməmişəm, -   deyə sidq ürəklə dilləndi

Doğrudan da ilk dəfə idi ki, Opera Teatrında tamaşaya baxırdım.

Səmimiyyət böyük şeydi, ələlxüsus da bizim tərbiyəmizə ehtiyacı olan kiçik nəslə giley-güzar qarışıq tövsiyələr verdiyimiz zaman.

 

İmir MƏMMƏDLİ

 

525-ci qəzet.- 2022.- 2 avqust.- S.7.