MDU-da informasiya
texnologiyaları sənayesinə transformasiya edən trendlərin
tətbiqi güclənir
Bu gün informasiya texnologiyaları sferası bu qədər
sürətlə inkişaf etməsəydi, əlbəttə
ki, adaptasiya olduğumuz müasir rəqəmsal ekomühitimiz
olmazdı. XX əsrin sonlarından bu günə qədər bu
sektorda sözün əsl mənasında inqilabi
sıçrayış baş verib. Ətrafımıza
nəzər salsaq görərik ki, müasir trendlərin, məsələn,
bulud hesablama texnologiyaları, mobil android proqramları, Big Data
texnologiyaları, süni intellekt, ağıllı texnologiya,
virtual reallıq (metavers cihazları), Blockchain
texnologiyaları, kibertəhlükəsizlik, IoT
texnologiyalarının müxtəlif fəaliyyət sahələrinə
tətbiqinin və inkişafının həm müşahidəçiləri,
həm istifadəçiləri, həm də
yaradıcılarıyıq. Sonuncu ifadəni təsadüfdən
qeyd etmədim. Məhz rəqəmsal və
avtomatlaşdırılmış texnologiyaların
inkişafında birbaşa imzasını atmış dünyaşöhrətli
azərbaycanlı alim Lütfi Zadə olub.
Məlumdur ki, hər evdə fərdi kompüterlər, notbuklar, smartfonlar, mobil qurğulardan və eyni zamanda, planetin istənilən nöqtəsinə böyük həcmdə məlumat ötürmək və kommunikasiya əlaqələri yaratmaq üçün simsiz və simli şəbəkə texnologiyalarından geniş istifadə olunur. Bu istifadəçi auditoriyasının 70 faizini məhz gənclər təşkil edir. Əminəm ki, bu texnologiyaların işləmə prinsipi, funksionallığı gənc istifadəçi auditoriyasının maraq dairəsini əhatə edir. Təsadüfi deyil ki, startap ideyalar, Azərbaycan-Türkiyə qardaşlığı çərçivəsində may ayında uğurla reallaşdırılmış “TEKNOFEST Azərbaycan” festivalı ölkəmizin potensiallı, savadlı, bacarıqlı gənc tədqiqatçılar auditoriyasının olmasından xəbər verir. Bu, qürurverici bir hissdir. Bundan başqa, son dövrlərin statistik məlumatlarına əsasən həm peşə, həm ali təhsil müəssisələrində bakalavrlar və ikinci təhsil almaq istəyən vətəndaşların çoxu məhz informasiya texnologiyaları sahələrini əhatə edən ixtisasları seçirlər. Bunun da əsas səbəblərindən biri informasiya texnologiyalarının tətbiq sahələrinin genişlənməsi və bu sahənin mütəxəssislərinə verilən əməkhaqqının yüksək olması ilə bağlıdır.
Son 10 ildə dünya miqyasında iqtisadiyyatın ənənəvi sektorları inkişaf tempinə görə informasiya texnologiyaları sənayesindən xeyli geri qalır. Ona görə də informasiya texnologiyaları inkişaf etmiş ölkələrin maraq dairəsinə səbəb olub. Ölkəmizdə də bu sahəyə maraq ulu öndər Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar və dövlət proqramları, Strateji Yol xəritələrinin tətbiqi nəticəsində “Azərbaycanın qara qızılının insan qızılına çevrilməsi təşəbbüsü”, insan potensialının inkişafı və möhkəmləndirilməsi istiqamətində kompleks tədbirlərin uğurla reallaşdırılması ilə artmışdır. Bu da informasiya texnologiyaları sənayesinin əsas göstəricisinin məhz insan amili olmasından irəli gəlir. E-dövlət, “ASAN xidmət” layihələri və s. bu istiqamətdə həyata keçirilən insan-maşın interfeysinin ən ali səviyyəsini nümayiş etdirir.
İnformasiya texnologiyaları fəaliyyətinin nəticəsi verilənlər bazası, proqram təminatı və xidmətlər, aparat və daha çox formatda istehlak olunan informasiya məhsulları olub, fəaliyyət sahələri üzrə emal olunan informasiya və bilik ehtiyatlarından səmərəli istifadə etməyə imkan verir. Bu tip texnologiyaların əsas istehsalçıları - ABŞ, Almaniya, Yaponiya, Tayvan və Cənubi Koreya, Hindistan kimi ölkələr ön sırada yer alırlar. Texnologiya bazarında informasiya texnologiyaları məhsullarına tələbi müəyyən edən amillərə aşağıdakıları aid etmək olar: dinamik, daim yenilənən biliklər bazalarının formalaşması; keyfiyyət və qiymət nisbəti; dövlət dəstəyinin olması; standartlaşdırma və sertifikasiya.
Şübhəsiz ki, informasiya texnologiyaları sənayesinin qarşıya qoyduğu əsas məqsədlər qazanc əldə etməklə yanaşı, insana daha rahat həyat şəraitinin yaradılması və həyatının düzənlənməsidir. Əvvəllər real vaxt rejimində uzaq məsafələrlə əlaqə saxlamaq mümkün deyildi, çoxlu sayda elektron naviqasiya, təhlükəsizlik və digər sistemlərlə təchiz olunmuş portativ kompüterlər və avtomobillər yox idi. Yalnız informasiya texnologiyalarının həyatımıza nələr gətirdiyini ciddi düşünəndə bu hadisənin miqyasını və əhəmiyyətini dərk edirsən. Ona görə də respublikada informasiya texnologiyaları bazarının mövcud durumu və artan templə inkişafı əmək bazarının formalaşmasına kifayət qədər təsir etmək gücünə malikdir və digər sahə mütəxəssisləri üçün də informasiya texnologiyalarından istifadə məsələsi artıq zəruri şərtə çevrilib.
Bizim doğma universitetimizdə də bu sahə
inkişaf edib.
Dövlətimizin başçısının 2019-cu il 31 iyul tarixli Sərəncamı ilə
Şahin Bayramovun Mingəçevir Dövlət Universitetinə
rektor təyin edilməsindən sonra ali təhsil müəssisəsinin
regionda tutduğu mənzərə sürətlə dəyişməyə
başlayıb. Rektorun ilk çıxışından bir
fraqment: “Əsas məqsədimiz regionda yerləşən ali təhsil müəssisəsini paytaxt
universitetləri səviyyəsinə çatdırmaq, eləcə
də MDU-nun Mingəçevir şəhəri və ətraf
rayonların sosial-iqtisadi inkişafına töhfələr
verməsini təmin etməkdən ibarətdir”. Bu hədəflərə çatmaq
üçün universitetdə müasir, şəffaf, əlçatan
və çevik idarəetmə texnologiyalarının tətbiqinə
start verildi.
Əməkdaşların
sosial rifahının yaxşılaşdırılması
Prezidentin
tapşırıqlarına və rektorun əmrinə əsasən
universitet əməkdaşlarının sosial rifahının
yaxşılaşdırılması daim diqqət mərkəzində
saxlanılaraq, 3 tədris ili ərzində
əməkhaqlarında 2 dəfə əhəmiyyətli
artım edilib.
Elmi tədqiqatların
məzmununa yeni baxışın
formalaşdırılması
Universitetdə elmi tədqiqatların məzmununu təkmilləşdirməyi,
nəticəyönümlü və ölçüləbilən
elmi fəaliyyətin təşkilini reallaşdırmaq
üçün əməkdaşlar “Beynəlxalq elmi
jurnallarda məqalələrin yazılması” mövzusunda təlimlərə
cəlb olundu.
Universitetin doktorantları və gənc tədqiqatçılarının
respublika və beynəlxalq konfranslarda iştirakına dəstəyin
gücləndirilməsi, müxtəlif mövzular üzrə
elmi seminar və vebinarlarda iştirakın təmin edilməsi
bu sahənin canlanmasına səbəb oldu. Bu təlimlərin nəticəsi olaraq 2019-2022-ci illər
ərzində MDU əməkdaşlarının “Web of Science”
bazasında indekslənən elmi nəşrlərdə dərc
olunan məqalələrinin sayında artım müşahidə
olunur. Daha sonra “Dayanıqlı İnkişaf və
Regional İnnovasiyalar Tədqiqat Mərkəzi”nin
yaradılması barədə qərar qəbul edilməsi
dayanıqlı inkişaf mövzusunun universitetin elmi fəaliyyətinin
prioritetlərindən olduğunu bir daha təsbit edib. Universitetin “Dayanıqlı inkişaf” jurnalının
işıq üzü görməsi və Azərbaycan
Respublikasının Prezidenti yanında Ali Attestasiya
Komissiyası tərəfindən təsdiq olunması tədqiqatçıların
elmi araşdırmalarını daha keyfiyyətli formada
aparmasına şərait yaradıb.
Yerli və
xarici əməkdaşlıqların formalaşdırılması
Qarşıya
qoyulan hədəflərə çatmaq və MDU-nu yeni
dövrün tələblərinə uyğun ali
təhsil müəssisəsinə çevirmək məqsədilə
nəinki ölkəmizin, hətta xarici ölkələrin
qabaqcıl universitetləri ilə qarşılıqlı
faydalı əməkdaşlığın yaradılmasına
rektorun xüsusi önəm verməsi bizi daha əzmlə
çalışmağa motivasiya verib. Bu
konseptin reallaşdırılması istiqamətində ilkin mərhələdə
2019-2020-ci tədris ilində Bakı Dövlət Universiteti,
Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan
Texniki Universiteti ilə anlaşma memorandumları imzalanıb və
potensial əməkdaşlıq istiqamətləri
razılaşdırılıb. 2020-2021-ci və
2021-2022-ci tədris illərində universitetin Erasmus+
proqramında fəal iştirakı davam etdirilib, Türkiyənin
Qazi Universiteti, Ankara Hacı Bayram Veli Universiteti və KTO
Karatay Universiteti, eləcə də Ukraynanın Kiyev Milli
İqtisadiyyat Universiteti ilə işbirliyi inkişaf etdirilib,
Kiyev Milli Texnologiya və Dizayn Universiteti və İstanbul Gedik
Universiteti ilə əməkdaşlığa
başlanılıb. 2021-ci ilin dekabr ayında
MDU Çində fəaliyyət göstərən Kəmər
və Yol Universitet Alyansına üzv qəbul edilib. Qeyd olunan əməkdaşlıqlar və əldə
olunan uğurlar rektorumuzun əzmlə durmadan
çalışmasına dəlalət edir. Anlaşma memorandumu çərçivəsində
Azərbaycan Texniki Universitetinin, Qazi Universitetinin müvafiq
kafedraları ilə birgə informasiya texnologiyaları
infrastrukturunun inkişafı istiqamətində müxtəlif
seminarlar təşkil olunub və bu seminarlarda əməkdaşların
iştirakı onların müvafiq istiqamətlər üzrə
bilik və bacarıqlarının təkmilləşməsinə
səbəb olub. Hər tədris ilində
2 dəfə təşkil olunmaqla İKT sahəsi üzrə
təlimlərin və kursların keçirilməsi də
daim diqqət mərkəzindədir.
“Universitet-peşə
məktəbi-sənaye” əməkdaşlığına
xüsusi önəm verilməsi
“Universitet-peşə məktəbi-sənaye” əməkdaşlığı
çərçivəsində Mingəçevir Peşə
Məktəbi, Bərdə Peşə Məktəbi,
texnologiya parkları ilə informasiya texnologiyaları sahələrinin
inkişafı üzrə sıx əməkdaşlıq
edilir.
Startap fəaliyyətinin
dəstəklənməsi
Startap fəaliyyətinin dəstəklənməsi gənc
əməkdaşlar və tələbələr arasında
elmi araşdırmalar, yeni ideyaların yaranması, onların
layihə şəklinə salınması istiqamətində
böyük ruh yüksəkliyinin yaranmasına səbəb
olub. Məhz bunun nəticəsi olaraq İnnovasiyalar
Agentliyi ilə əməkdaşlıq çərçivəsində
müxtəlif mövzularda təlimlər, kurslar təşkil
olunub. Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin
OSTİM Texniki Universitetinin təşkilatçılığı,
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzi
və Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin tərəfdaşlığı ilə həyata
keçirilən “Virtual Hackathon–2020” layihəsində tələbələrimiz
4-cü yerə layiq görülüb. “Aquahack”
hakaton yarışmasında “Artificial irrigation” layihəsi təşkilatçılar
tərəfindən bəyənilib və müvafiq
avadanlıqla təmin edilib.
İnformasiya
texnologiyaları ekosisteminin formalaşdırılması
Pandemiya
dövründə informasiya texnologiyaları sahəsinin ön
plana çıxması, onlayn və oflayn dərslərin,
onlayn imtahan modelinin yüksək səviyyədə səmərəli
təşkili, onlayn alətlərdən istifadəyə diqqətin
artırılması və bu sahənin ortaya qoyduğu imkanlar
rektorun diqqətindən yayınmayıb və bizimlə
görüşlərdə informasiya texnologiyaları sektorunun
həm kadr hazırlığına, həm də elmi tədqiqat
fəaliyyətinin təkmilləşdirilməsinin və
gücləndirilməsinin ali təhsil məkanında prioritet
istiqamətlərdən biri olduğunu xüsusi olaraq qeyd edib.
Cari tədris ili informasiya texnologiyaları kafedrası üçün çox məhsuldar və faydalı olub. Kafedra üzrə təqdim olunan 2 layihə uğur qazanıb. Belə ki, kafedramızda Qazi Universitetinin professoru E.Yılmaz elmi-pedaqoji fəaliyyətə başlayıb. Bu müddət ərzində professor E.Yılmazın rəhbərliyi ilə Təhsil Nazirliyinin “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsində “Mingəçevir Dövlət Universitetində kibertəhlükəsizliklə bağlı fənlərin tədrisinin təkmilləşdirilməsi” layihəsi qalib olub. Kafedranın gənc əməkdaşı E.Muradzadə və İqtisadiyyat və idarəetmə fakültəsinin gənc əməkdaşı N.Əzizlinin təmsil etdiyi “Agrinova” komandası Bakı Qida Hakatonunun qalibi olub və 5000 avro məbləğində pul mükafatı qazanıb. Martın 21-dən 27-dək kafedra müdiri Aidə Mustafayeva və baş müəllimi Asudə Abdurrahmanova Orta Doğu Texniki Universitetində (ODTÜ) təlim və təcrübədə iştirak məqsədilə Türkiyədə səfərdə olublar. Səfər Təhsil Nazirliyinin “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsində Naxçıvan Universitetinin qalib olduğu “İnsan-Kompüter İnterfeysləri” sahəsində təhsilverənlərin peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi” layihəsi çərçivəsində təşkil edilib. Səfər çərçivəsində ODTÜ-də “İnsan-maşın interfeysləri” laboratoriyasında, Dizayn fabrikində, Lego laboratoriyasında və Texnoparkda tədqiqatlarla tanış olub, Kompüter mühəndisliyi kafedrasında təşkil edilən təlim və seminarlarda iştirak ediblər. Kafedranın bir neçə əməkdaşı “Gələcək üçün bacarıqlar” layihəsində uğurla iştirak edir, təşkil olunan təlimlərdən faydalanırlar. SOCAR və onun Cənubi Qafqaz Boru Kəməri şirkətindəki tərəfdaşları Kibertəhlükəsizlik və Data Analitikası üzrə Azərbaycanda yerli kadr potensialının gücləndirilməsi və onların bacarığının artırılması məqsədilə “IBM Cybersecurity Analyst Professional Certificate” and “Google Data Analytics Professional Certificate” peşəkar inkişaf proqramında, universitetin ilk beynəlxalq elmi konfransında, Azərbaycan Texniki Universitetinin (AzTU) ev sahibliyi, Mingəçevir Dövlət Universiteti (MDU), Qazi Universiteti, Süleyman Dəmirəl Universiteti, İsparta Tətbiqi Elmlər Universiteti və Beynəlxalq Layihə İdarəetmə Assosiasiyasının birgə təşkilatçılığı ilə “Mühəndislikdə süni intellekt və tətbiqi riyaziyyat” mövzusunda 4-cü beynəlxalq konfransda, “TEKNOFEST Azərbaycan” festivalında kafedra əməkdaşlarının fəal iştirakı təmin olunub. Buradan da belə bir nəticəyə gəlmək olar ki, modernləşmə mərhələsində olan MDU-da tədris və elmi fəaliyyətin müasir tələblərə uyğun təkmilləşdirilməsi məqsədilə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinə, əməkdaşların müvafiq təlimlərdə iştirakının təmin edilməsinə xüsusi önəm verilir.
Son 3 tədris ili ərzində kafedranın nəzdində 2 tədris laboratoriyası fəaliyyətə başlayıb. İnformasiya texnologiyaları laboratoriyası universitetin daxili imkanları hesabına yaradılıb.
Kibertəhlükəsizlik laboratoriyası isə Təhsil Nazirliyinin qrant müsabiqəsində “Mingəçevir Dövlət Universitetində kibertəhlükəsizliklə bağlı fənlərin tədrisinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində yaradılıb.
İnformasiya texnologiyaları sahəsində əldə edilən yeniliklər, uğurlar, məhz rektorun böyük dəstəyi və qayğısı sayəsində baş tutub. Bu məqsədlə cari tədris ilinin payız semestrində İnformasiya texnologiyaları fakültəsinin yaradılması haqqında qərar qəbul olunub. Fakültədə informasiya texnologiyaları ixtisası ilə yanaşı iki yeni istiqamət - informasiya təhlükəsizliyi və kompüter mühəndisliyi ixtisasları üzrə kadr hazırlığı planlaşdırılır. Fakültədə fəaliyyət göstərən əməkdaşların bu istiqamətlər üzrə ixtisaslaşması, qabaqcıl yerli və beynəlxalq təcrübədən istifadə etməklə səriştə və bacarıqların artırılması istiqamətində 5 illik strateji hədəflər və islahatların hazırlanması üzərində gərgin işlər aparılır.
Beləliklə, fikrimi rektorun ilk gündən səsləndirdiyi
bir şüarla yekunlaşdırmaq istərdim: “Elə etməliyik
ki, ölkəmizdə informasiya texnologiyaları dedikdə, ilk
öncə ağıla Mingəçevir Dövlət
Universiteti gəlsin”! Bax bu şüar bizi sanki yenidən
düşünməyə vadar edib. Bir informasiya
texnologiyaları mütəxəssisi olaraq, rektorun
çağırışına və qoyduğu tələblərə
cavab vermək üçün əlimizdən gələni
etməyə hazırıq
Aidə
MUSTAFAYEVA
Mingəçevir
Dövlət Universitetinin İnformasiya texnologiyaları
kafedrasının müdiri
525-ci qəzet.- 2022.- 2 avqust.- S.6.
.