Elm və təhsilin vəhdəti
Prezident İlham Əliyevin Fərmanı ilə həm elm, həm də təhsil sahəsində islahatlara
start verilib. Belə ki, artıq
Azərbaycanda elmin inkişafı məsələləri
ilə həm Azərbaycan Milli Elmlər Akademiyası, həm də yeni yaradılan nazirlik məşğul olacaq. İslahatlar elmi tədqiqatların aparılması, tədrisin
keyfiyyətinin yüksəldilməsi,
ali təhsil
müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi
və elmi nailiyyətlərin iqtisadiyyata
inteqrasiyası baxımından
əhəmiyyətlidir.
Yəni "Azərbaycan Respublikasında
elm və təhsil sahəsində idarəetmənin
təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Prezidentin Fərmanının əsas
məqsədi elm və
təhsilin qarşılıqlı
əlaqəsinin möhkəmləndirilməsi
və bu sahələrdə idarəetmənin
təkmilləşdirilməsidir. Fərmanla Təhsil
Nazirliyi Elm və Təhsil Nazirliyi adlandırılacaq və
elm sahəsində dövlət
siyasətini, tənzimləməni
həyata keçirəcək.
Elmi müəssisə və təşkilatların elmi
fəaliyyətinin əlaqələndirilməsi
və istiqamətləndirilməsi
ilə bağlı səlahiyyətlər yeni
nazirliyə verilib və Nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər
və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılıb.
Milli Elmlər
Akademiyasının əsasən
texniki, təbiət elmləri ilə bağlı institutları
Elm və Təhsil Nazirliyinin tabeliyinə verilsə də, bu, akademiyanın ləğvi mənasına
gəlmir. Humanitar institutlar AMEA-nın
balansında qalır.
AMEA-nın Gəncə,
Naxçıvan bölmələri,
eləcə də Şəki və Lənkəran elmi mərkəzləri öz
fəaliyyətini bu qurumun tabeliyində davam etdirəcək.
Alimlərin, elmi müəssisələrdə
çalışan işçilərin
ixtisarı nəzərdə
tutulmur və qurumun yeni statusu
onun yeni nizamnaməsi ilə müəyyənləşdiriləcək.
AMEA-da prezident
seçkiləri, ənənəyə
uyğun olaraq həqiqi və müxbir üzvlərin seçkiləri keçiriləcək.
Həm
AMEA-nın balansında
qalan, həm də yeni nazirliyə
verilən elmi institutlar öz işlərini əvvəlki
qaydada davam etdirəcəklər.
Təhsil naziri Emin Əmrullayev
deyib ki, bu qərarı Azərbaycan Milli Elmlər Akademiyasının
ləğvi kimi qiymətləndirmək düzgün
deyil. Milli Elmlər Akademiyası öz fəaliyyətini davam etdirir: "Sadəcə olaraq Akademiyanın tabeliyində
olan bəzi elmi-tədqiqat İnstitutları
Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib".
Nazirin dediyinə
görə, tabelik və elmi fəaliyyət
qarışdırılmamalıdır. Çünki hətta yeni struktur yaradıldıqdan sonra da həm
texniki, həm də humanitar sahə üzrə elmi prioritetləri müəyyənləşdirmək, elmi fəaliyyətlə bağlı ölkənin
vacib istiqamətlərini
müəyyən etmək
məhz AMEA-nın səlahiyyətləri olaraq
qalır. Mən
inanıram ki, Azərbaycan Milli Elmlər Akademiyası, Elm
və Təhsil Nazirliyi və nazirliyin tabeliyində olan həm ali təhsil müəssisələri, həm
elmi təşkilatlar birlikdə ölkədə
elmin və təhsil inkişafına
nail olacaq".
Təhsil naziri bildirib ki, institutlarda çalışan alimlərin
ixtisarından söhbət
getmir. Çünki məqsəd ixtisar
etmək və yaxud kimisə işdən çıxarmaq
deyil. Uzunmüddətli inkişaf elmsiz
mümkün deyil, bu səbəbdən ixtisarlar baş verməyəcək. E.Əmrullayevin
sözlərinə görə,
nazirliyin daxilində koordinasiya qurumları ola bilər:
"Nazirliyin Kollegiyasında
da elm tərəfindən
olan insanların təmsilçiliyi olduqca vacibdir".
E.Əmrullayevin dediyinə görə,
Elmlər Akademiyası,
elmlə bağlı danışanda yaş faktoru çox qabardılır: "Səmimi
desəm, yaş faktorunun ciddi problem olduğunu düşünmürəm.
Mənə görə insanların
yaş yox, təcrübələri önəmlidir.
Elmdə,
ümumiyyətlə yaş
həmişə yuxarı
olur. "Nobel" mükafatları
alanlar sırasında
da gənclər az olur.
Ancaq bu varisliyin, dayanıqlığın təmin
edilməsi üçün
gənclərin elmə
cəlb edilməsi olduqca vacibdir. Bu sahəyə gələn
gənclərin hansı
stimulları var, bunu nəzərə almalıyıq".
Nazir vurğulayıb
ki, elm və təhsili bir-birindən ayırmaq mümkün deyil. Bəzən hətta
"tədris" sözü
də işlənir:
"Mən buraya
"tədqiqatlar" sözünü
də əlavə edərdim. Elmi tədqiqatlar və ali təhsil
müəssisələrində həyata keçirilən
tədris proqramlarını
bir-birindən ayırmaq
mümkün deyil. Çünki istənilən elmi
tədqiqatları aparmaq
üçün mütəxəssislər
hazırlanmalıdır. Onların yetişməsi üçün
müvafiq proqramlar olmalıdır. Bir elmi tədqiqatçının hazırlanmasına
pillələrlə gəlib
çatmalıyıq. Ali məktəblərdə də kadr hazırlığının
daha keyfiyyətli olması üçün
ən mütərəqqi
elmi tədqiqatları
aparma şəraiti və mühiti olması vacibdir. İnanıram ki, bir çox ali təhsil
müəssisələrində, tədqiqat institutlarında
bu mühit bəzi hallarda mümkün olub, bəzi hallarda isə olmayıb. Amma bu vəhdət nəticəsində biz daha
irəliyə addım
ata biləcəyik".
Nazirin sözlərinə əsasən,
Elm və Təhsil Nazirliyi elmi qurum deyil: "Bu, qətiyyən doğru deyil. Nazirliklər elmi fəaliyyətlə
məşğul deyil,
söhbət elm sahəsinin
idarə edilməsindən
gedir. Elm və təhsilin qarşılıqlı əməkdaşlığı
uzun müddətdir ki, Azərbaycan cəmiyyətində müzakirə
olunurdu. Prezidentin fərmanına
əsasən, yeni yaradılan qurum elm sahəsində tənzimləmə
funksiyasını və
elmi fəaliyyətin koordinasiyası, inzibati idarəedilməsi, elm sahəsinin
maliyyələşməsini həyata keçirir.
Elm və Təhsil
Nazirliyinin tabeliyinə
verilmiş qurumların
fəaliyyəti də
elmlə bağlıdır.
Məmurlar elmin qarşısında
duran suallara cavab verən şəxslər deyil".
E.Əmrullayev deyib ki, bu və ya
digər sahələrin
də uğurlu olması üçün
dövlət siyasətinin
müəyyənləşməsi, icrası, icraya nəzarət funksiyası
və s. məsələlər
Elm və Təhsil Nazirliyinin funksiyalarına əlavə edilib.
Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun dediyinə görə, cəmiyyətimizin alimə də, elmə də hörməti böyükdür. Elmin potensialından düzgün istifadə etməyi bacarmalıyıq. Elmə baxışımızı dəyişməliyik. Elm - alimin özünü ifadə formasıdır. Əgər bu potensial varsa, alim özünü ifadə edəcək. Əgər yoxdursa, istər alim, istər padşah, istərsə də milyarder oğlu olsun, özünü ifadə edə bilməyəcək. Belə insanların elmin başına keçməsi elmi boğmaqdır. İnkişaf etmiş ölkələrin hamısı elmə əsaslanaraq inkişaf edirlər. Dünyanın 200 aparıcı universitetinin 186-sı inkişaf etmiş ölkələrdədir. Yerdə qalan 14-ü isə ikinci dünya dövlətlərindədir. Elm yeni texnologiya, yeni texnologiya isə yeni məhsul yaradır. Deməli, bazarı zəbt edən məhsulların 60-80 faizi intellektual məhsuldur. Ancaq nəzərə almaq lazımdır ki, elm çox bahalı sahədir.
Şahlar Əsgərov bildirib ki, hər ölkə elmin bütün istiqamətlərini inkişaf etdirə bilməz. İnkişaf etməkdə olan dövlətlərdə bəzi sahələr (silahqayırma, hərbi sənaye) istisna olmaqla elm texnologiya yarada bilmir. Bu səbəbdən də yeni texnologiyanın yaradılması zəifdir. Misal üçün, qardaş Türkiyənin ixracatında intellektual məhsulların payı 10 faizdən azdır. Texnoloji sinqulyarlıq dövründə yaşayırıq. İstehsal olunan məhsulların çoxu intellektual məhsuldur. Texnologiyaya təsir edən güclü faktor - elmdir. Bu faktorun təsiri altında Sinqapurun istehsal etdiyi intellektual məhsulun həcmi RF-dən çoxdur: "Bizim kimi ölkələrin də Sinqapur, Cənubi Koreya kimi sürətlə inkişaf etməsi nəzəri cəhətdən mümkündür. Bunun üçün vacib şərtlər ödənilməlidir. Güclü universitetlər yaratmaq və texnologiyanı xaricdən almaq, rəqabət mühiti yaradıb, monopoliyanı sıradan çıxarmaq, elmin taleyini Pareto 80-lərə yox, Pareto 20-lərə tapşırmaq, o yerdə ki, hər kəs az bilir, orada deməli, hamı az bilir, çünki bilik toplanmır, elmin başına kvazi alim yox, milli mənafeni yüksək tutan həqiqi alim təyin edilməlidir. Elmimizin fəlsəfəsinə yenidən baxılmalıdır. Həm məzmun, həm də struktur baxımdan Azərbaycan Milli Elmlər Akademiyası modernləşməlidir. O elm sahələri və ya istiqamətləri inkişaf etdirilməlidir ki, onlar ölkəmizə, xalqımıza xeyir gətirər. SSRİ tərkibindəki və bugünkü Elmlər Akademiyası eyni məqsəd daşımamalıdır. İmperiya üçün elmin hər istiqaməti əhəmiyyətlidirsə, bizim kimi ölkələr üçün elmin ancaq müəyyən istiqamətləri əhmiyyətlidir. Bunun fərqinə varmaq lazımdır".
Milli Məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudov deyib ki, təhsil və elmin vahid idarəçilikdə birləşdirilmə Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edən islahatlar uğurlu şəkildə davam etməkdədir: "İslahatlar paketi yalnız kadrların dəyişdirilməsi ilə məhdudlaşmır. Prezident İlham Əliyevin qətiyyəti və müdrikliyi sayəsində ölkəmiz yalnız idarəçi kadr patensialı baxımından deyil, həm də idarəçilik sisteminin yeniləşməsi ilə növbəti inkişafa yönlənmişdir. Son illərdə bəzi dövlət strukturlarının birləşdirilməsi, yeni qurumların yaradılması, idarəçiliyin modernləşdirilməsi, yeni dünya düzəninə cavab verən idarəetmə formasının qurulması ölkə rəhbərinin idarəetmə sahəsində siyasətinin başlıca xəttini təşkil edir".
Millət vəkilinin dediyinə görə, Prezident İlham Əliyevin elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı son fərmanı yeni çağırışların, islahatların tərkib hissəsi kimi günün tələbindən irəli gələn bir sənəddir: "Bu fərmanda nəzərdə tutulan dəyişikliklər, ilk növbədə, təhsilin keyfiyyətinin yüksəldilməsini və təhsil uğurları əsasında elmin inkişafını hədəfə alıb. Dünya elmşünaslığında hər zaman öz mövqeyi olmuş, böyük alimləri ilə tarixdə ad qoyub. Azərbaycanın bütün sahələrdə olduğu kimi, çağdaş elmi fəaliyyətdə də önə çıxması hər kəsi, xüsusilə ölkə rəhbərliyini düşündürən önəmli məsələlərdəndir. Ümummilli lider Heydər Əliyevin elmə və alimlərə qayğısı Prezident İlham Əliyev tərəfindən ötən illərdə uğurla davam etdirilib. Milli Elmlər Akademiyası, onun elmi institutlarının fəaliyyəti daim ölkə rəhbərinin diqqətində olub. Son fərman da elə bu diqqət və qayğının növbəti önəmli nümunəsidir".
R.Mahmudov vurğulayıb ki, Azərbaycanda Elm və Təhsil Nazirliyinin yaradılması, ölkənin elmi-intellektual potensialının bir mərkəzdə cəmləşdirilməsi bu sahənin yeni inkişafına səbəb olacaq: "Prezidentin fərmanında nəzərdə tutulan islahatlar Azərbaycan vətəndaşının məktəbəqədər təhsildən başlamış elmin zirvəsinədək biliklər aləmində yüksəliş yolunun bir qurumun nəzarətində olmasını təmin edəcək. Elm-təhsil sferasını əhatə edən bu struktur dəyişikliyinin ciddi nailiyyətlərə səbəb olacağı şübhəsizdir. Prezidentin elm və təhsillə bağlı köklü islahatları həm də bütövlükdə islahatlar paketinin tərkib hissəsidir. Prezident İlham Əliyev Azərbaycanın dünya miqyasında inkişaf zirvəsinə çatmasını qəti şəkildə qarşıya məqsəd qoyub və ölkəmizi bu məqsədə doğru aparır. Birmənalı şəkildə dövlət başçısının imzaladığı məlum fərman ölkədə elmin, təhsilin inkişafına hesablanıb və uğurlu inkişaf strategiyasına böyük töhfədir".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 2 avqust.- S.5.