Ulduz" jurnalının iyul sayı çap olundu
"Ulduz" jurnalının
iyul sayı işıq üzü görüb. Dərgi Cəlil Cavanşirin
"Özüylə söhbəti"
və "Gənc şairin dilemması" adlı hekayəsi ilə açılır.
"Şeir vaxtı"
rubrikasında Gülay
Tahirli, Təvəkgül
Boysunar, Adilə Nəzər, Rüfət Vahidov, Sabir Yusifoğlu, Qədiməli
Əhməd, Elmar Vüqarlı və Güləmail Muradın poeziya nümunələrinə,
eləcə də
"Debüt"də gənc
şair Azər Ərzinin şeirlərinə
yer verilib.
Filologiya
elmləri doktoru Cəlal Məmmədovun təqdim etdiyi "Qısa fikirlər xəzinəsi"ni Ralf Emerson, Mark Tven, Bernard Şou, Jül Renar, Ayzek Azimov və
Rey Bredberinin kəlamları
bəzəyir. Filologiya
üzrə fəlsəfə
doktoru Nərgiz Cabbarlının "Yazı
həm də xilas yoludur" başlıqlı yazısı
Taleh Mansurun "Cənnətlik günah"
adlı hekayələr
kitabından yadda qalan təəssüratları
əhatə edir. Nəsrsevərlər Elşən
Əzimin "Pəncərə"
və "Rəqiblər",
Məmməd Məmmədlinin
"Arafın dərin
qatlarında", Günel
Mehrinin "Xoşbəxtlik
iksiri" hekayələrini
oxuya biləcəklər.
Mina Rəşidin "Böyük insan" yazısında görkəmli
maarifçi, milli mətbuatımızın banisi
Həsən bəy Zərdabinin ömür və yaradıcılıq
yoluna nəzər salınır.
Dərginin redaksiya heyətinin üzvü Rəsmiyyə
Sabirin "Beynəlxalq
dərgilər sərgi-yarmarkarasının
təəssüratları" sərlövhəli yazısı
8-12 iyun aralığında
İstanbulda keçirilmiş
sərgi-yarmarkasından bəhs
edir. Qeyd edək ki, müəllif sözügedən
sərgi-yarmarkada "Ulduz"
jurnalını təmsil
edib. Dramaturq Əli Əmirlinin ənənəvi "Ustad
dərsləri"nin növbəti mövzusu
"Dramaturq və tənqid"dir. Mətanət
Vahidin "Oğurlanmış
sözlər" tənqidi
essesi ədəbiyyatda
təqlid və plagiat probleminə işıq tutur.
"Tərcümə saatı"nda Əkbər
Rzayevin çevirməsində
Amerika yazıçısı
Hovard Fillips Lavkraftın
"Ultarın pişikləri"
hekayəsi təqdim edilib. Mustafa Çəmənlinin
"Ötən günlərdən səhifələr"
başlıqlı xatirə yazısı Xurşidbanu
Natəvanın 190 illik yubileyinə
yazıçı töhfəsidir. Nurlana
Umudvarın "Böyükdən uşağa"
rubrikasında yer almış "Ayçil yuxu gördü", "Ağ
şar", "Kassadakı dələ"
və digər hekayələri balaca
oxucuların marağına səbəb olacaq.
Nəhayət, "Dərgidə kitab"
rubrikasında Nemət Mətinin hekayələri, "Dərgidə
sərgi"də isə gənc rəssam Aytac
Cahangirin rəsm əsərləri yer alıb.
525-ci qəzet.- 2022.- 2 avqust.- S.8.