Niderland ekzotikası barədə xoş təəssüratlar  

 

 

Əvvəli ötən çərşənbə sayımızda

 

Reklamınızı SmartBee ilə effektiv edin.

 

 Hollandiyanın təbiəti rəngarəng olmadığından, faunası və florası da elə zəngin deyildir. Faunaya insan fəaliyyəti olduqca mənfi təsir göstərmişdir. Bir sıra quşlar və sürünənlər yoxa çıxmışdır. Bu vaxt müxtəlif  balıq növləri və donuz cinsləri süni qaydada becərilməyə başlanmışdır. Florada isə dyun bitkiləri (torpaq və su bitkiləri), həmçinin, meşədə bitən ağaclar üstünlük təşkil edir. Bəzək bitkilərinin, çiçəklərin və ağacların becərilməsi ölkədə başlıca industriya növünə çevrilmişdir.

Hollandların xarakterik xüsusiyyətlərindən biri istənilən irqdən və millətdən olan insanlara tolerant münasibət bəsləmələridir. Bu səbəbdən də ölkənin şəhərlərinə saysız-hesabsız miqdarda qaçqınlar üz tutmuşdu. Ona görə də Niderlandı, XV əsrdə İspaniyadan qovulmuş minlərlə yəhudi qaçqınına sığınacaq vermiş Osmanlı imperiyası və Polşa ilə müqayisə etmək olar. Reallığı etiraf etsək, XXI əsrin son ikinci onilliyində Türkiyə Asiya və Afrika ölkələrindən olan 3 milyondan çox miqranta öz ərazisində sığınacaq vermiş, yaşayış vasitələri ilə təmin etmişdir. Fransız huqenotları, zalsburqlular, İsveçrə və Portuqaliya yəhudiləri gəlib, Hollandiyada məskunlaşmışdılar. Onlar dini və siyasi görüşlərinə görə təqib edildiklərindən öz vətənlərini tərk etməyə məcbur olmuşdular. 1620-ci ildə "Meyflauer" gəmisində İngiltərədən Şimali Amerikadakı Massaçusetsin Kod burnuna gələn puritanlar əvvəlcə təqib olunduqlarına görə Hollandiyaya, Leydenə köçmüş, bir qədər sonra gənclərinin pis təsirə məruz qalacağı qorxusundan vətənə dönsələr də, yenidən təqibdən yayınmaq üçün naməlum qitəyə üz tutmuşdular. Bunu yeni məskəndə yaradılmış "Yeni Plimut" koloniyasının uzun illər qubernatoru işləmiş Uilyam Bredford özünün çox maraqlı kitabında bütün təfsilatı ilə təsvir edir.

 

 

Hollandiyada lalə (tülpan) plantasiyaları və külək dəyirmanları

 

Hollandiyaya pənah gətirənlər siyahısına həm də, əsasən, sırf iqtisadi səbəblərə görə buraya gəlmiş çox sayda almanlar və İberiyadan kənarda yaşayan yəhudilər daxil idi. Onlar bu ölkədə öz bacarıqlarını və əmək qabiliyyətlərini tətbiq etmək üçün münbit şərait tapdılar. Təsadüfi deyildir ki, yəhudi zərgərlərin bolluğu hesabına Amsterdam dünyanın brilyant mərkəzi hesab olunur. Şəhərin küçələrində restoranlar kimi, brilyant mağazaları da olduqca çoxdur.

XX əsrdə holland-indoneziyalılar, Şərqi Hindistanda və Surinamda yaşayanlar, həmçinin, Cənubi Amerikanın bəzi bölgələrindən olan adamlar buraya gələn immiqrantların sırasına daxil oldu. Amsterdamda gəzərkən parklara, bağlara çıxardılmış uşaq bağçalarındakı körpələr arasında çox sayda sarı və qara irqə mənsub olanları görmək mümkündür. Keçmiş müstəmləkələrin sakini olanlar, adətən, öz metropoliyalarına üz tutub, orada yaşamağa üstünlük verirlər. Londonda, Bolton və ya Viqanda hindlilərə, pakistanlılara daha çox rast gəlindiyi kimi, Amsterdamda da indoneziyalılar, surinamlılar ora köçənlər arasında çoxluq təşkil edirlər. Miqrantlar da, əsasən, şəhərlərdə yaşamağa üstünlük verirlər. Xidmət sahələrində ərəb qızları, milli əmtəələr satan xırda dükanlarda isə türklər işləyirlər.

Hollandların təsərrüfat fəaliyyəti də maraqlıdır, onlar təkcə gülçülükdə deyil, digər sahələrdə də yaxşı nəticələr qazana bilmişlər. Bu ölkədə bəslənilən inəklər dünyada ən çox süd verən cinslər sırasına daxildir. Onlar hər otlaq hektara düşən istehsala və orta hesabla hər inəyin süd məhsuldarlığına görə dünyada ən yüksək göstəricilərə malik olanlar arasındadır. Ümumi süd məhsulunun 40 faizə yaxını yağ, pendir və qatılaşdırılmış süd şəklində ixrac edilir. Ölkədə iri həcmdə yem istehsal etmək imkanı olmadığına görə maldarlıqda istifadə olunan yemin çox hissəsi, həmçinin, adamların istehlakı üçün taxıl Kanada və Birləşmiş Ştatlardan idxal edilir. Hollandlar qidalanmada çörəyi çox az işlədirlər, bütün il boyu soyutma təzə kartof yeyirlər. Onlarda SSRİ-də olan kimi qışda kartof ehtiyatı saxlamaq praktikası yoxdur, daim təzə kartof yeyilir. İstehlak edilən kartofun 1/3-i mal-qara üçün yem kimi istifadə olunur.

Tərəvəzçilik də ölkə iqtisadiyyatında xüsusi əhəmiyyət kəsb edir. İstixanalarda yetişdirilən pomidor, xiyar və soğanın xeyli hissəsi ixrac edilir. 1950-ci ildən başlayaraq on il ərzində tərəvəz istehsalı altı dəfə artmışdır. Avropanın ümumi tərəvəz plantasiyaları ərazisinin, demək olar ki, yarısı Hollandiyanın payına düşür. Dünya istixanaları sahəsinin də yarısına qədəri Hollandiyaya məxsusdur. İstixanalarda həm də meyvə istehsal edilir, bağlarda yetişdirilən almaya, armuda istixanalarda becərilən üzüm, şaftalı, gavalı əlavə olunur. Mağazada biz tər gavalı satıldığını gördük, bu meyvə elə bil ki, indicə budaqdan üzülmüşdü.

Niderlandlılar əsrlər ərzində gülçülüklə məşğul olmuşlar, bu sahənin inkişafı elmi axtarışlarla, yeni sortlar icad etmək üçün geniş miqyaslı seleksiya işləri ilə və yeni texnologiyalarla müşayiət olunur. Qazanılan müsbət təcrübədən olduqca səmərəli istifadə olunur. Ona görə də gülçülük aparıcı təsərrüfat sahəsinə çevrilmişdir. Burada gül növləri istehsalı sahəsində lalənin (tyulpanın) becərilməsi və ixracı daha mühüm əhəmiyyət kəsb edir. Lalə plantasiyalarında çox sayda rəngdə və çalarda, müxtəlif və bəzəkli ləçək formalarında becərilən çiçəklər qeyri-adi bir gözəllik mənzərəsi yaradır. Elə bil ki, torpaq çox naxışlı və hüdudsuz ölçüdəki fantastik bir xalça ilə örtülmüşdür. Hollandlar tər gülə aludədirlər, gül bayramlarında isə lalələrin ağla sığmayan bolluğu yaranır, bu vaxt onlar özlərinə xas olan xəsisliyi də yaddan çıxarırlar. Hollandiya laləsi dünya şöhrətinə yiyələnmişdir. Yaponiyada gözəl lalə ləklərinin ortasında, bu gözəl varlığın ilk sahibləri olan, mədəni lalə yetişdirən hollandlara hörmət əlaməti olaraq, Hollandiyanın rəmzinə çevrilmiş yel dəyirmanının kiçik maketi qoyulur. Gülün tər dərilməsinə gəldikdə, bəzi xalqlar onun tez solmasını əsas götürərək süni, plastik kütlədən hazırlanmış gülə üstünlük verirlər. Efiopiyalılar, əsasən, süni gül alırlar ki, o heç vaxt solmayacaqdır, yəni ki, burada əhalinin aşağı alıcılıq qabiliyyəti də az rol oynamır.

Hollandiyada lalənin becərilməsinin öz tarixçəsi vardır. XVI əsrdə holland səyyahı Türkiyədə olarkən, buradakı yamaclarda bitən dağ laləsinə valeh olmuşdu, doğrudan da, onlar al-qırmızı rəngi ilə sehrli təbiət guşəsi meydana gətirirlər. Onun soğancığını çıxardıb, öz vətəninə gətirmiş, yabanı bitkini ona qərib olan şimal ölkəsində mədəni bitkiyə çevirmişdi. Azərbaycanda da, Şamaxı ərazisində rütubətli yazda belə səhnələrə rast gəlinir. Onlar ləçəyinin şaquli boru şəklindəki forması və qeyri-adi qırmızı rənginə görə adi açıq ləçəkli, ortasında iri qara dairəsi olan çöl laləsindən fərqlənirlər. Dağ laləsi gülünün forması türk kişilərin başlarına qoyduğu çalmanı - turbanı xatırlatdığından, holland yeni gülü də bu baş geyiminə bənzədərək tyulpan adlandırmışdı. İngilislər isə ona tulip (tələffüzdə tyulip səslənir) deyirlər. Hollandların mədəni lalə becərmək təcrübəsi bu gülün vətəni, sayılan Türkiyəyə də öz təsirini göstərmişdi. Qərbləşmə əlaməti kimi burada varlılar da, kasıblar da lalə becərməyə vurğun olmuşdular. 1717-1730-cü illərdə burada həm də avropalılara bənzər paltar geyinməyə başlamışdılar, bu dövr isə məhz Lalə Dövrü kimi tanınır.

 

Frislandiyada "Us mem" heykəli

 

Hollandiyada dörd əsrdir ki, bu nəcib iş - böyük uğurla və daha geniş ölçüdə davam etdirilir. İndiki texnologiyada soğancıqlar istehsalına böyük əhəmiyyət verildiyindən son çiçəkləri biçib, torpağa tökülür ki, generasiya prosesinə görə zəifləməməmiş və gələcək əkin üçün məhsuldarlıq səmərəliliyi yüksək olan soğancıqlardan istifadə edilsin. Uzun müddət ərzində Hollandiya tər lalə ixracında inhisara malik idi, XX əsrin sonunda Cənubi Amerikadakı Kolumbiya və Afrikadakı Keniya onun qeyri-bərabər rəqibləri kimi meydana çıxdı. Çünki Hollandiya əsas istehlakçı olan Avropa qitəsini güllə təmin etməkdə daha az yol xərci çəkməli olurdu və fərdi alıcıya piştaxtadan satılana qədər gülün tər olmaqla saxlanması müddəti də xeyli uzanırdı. Hələ uzaq əsrlərdən burada çiçək soğancıqlarının, dekorativ ağac və kolların tinglərinin becərilməsi mühüm sahəyə çevrilmişdi. Gül plantasiyaları ən müasir texnika ilə təchiz edilmiş, bu işdə təkcə fəhlələr, mühəndislər deyil, həm də alimlər çalışırlar. Bu sahəyə diqqətin artırılması çox iri plantasiyaların meydana gəlməsinə səbəb olmuşdur. İlboyu istehsal isə iri istixanalarda aparılır.

Hollandiyanın bu sahədəki böyük inkişafına baxmayaraq, o, heç də sırf aqrar ölkəsi deyildir, burada sənaye də yaxşı inkişaf etmişdir. Ölkə təbii qazla zəngindir, dünyada bu sahədə aparıcı yerlərdən birini tutur. Maşınqayırma xeyli inkişaf etmişdir. Amsterdam hava meydanının yaxınlığında "Foker" təyyarəqayırma zavodları yerləşir. Mən sonralar Madriddən Estramadura əyalətinin paytaxtı Badaxoza məhz bu şirkətin istehsal etdiyi kiçik təyyarə ilə uçmuşdum.

Yeyinti sənayesi sahəsi də mühüm əhəmiyyətə malikdir; xüsusən yağ, pendir, süd tozu, qatılaşdırılmış süd, tərəvəz və meyvə konservlərinin istehsalı çox inkişaf etmişdir. SSRİ-də, həmçinin, Azərbaycanda adamlar sarımtıl rəngdə olan kub şəklindəki istənilən pendiri bir qayda olaraq "holland pendiri" adlandırırdılar. Bu vaxt onun harada istehsal edilməsinə də əhəmiyyət verilmirdi. İri heyvandarlıq və süd sənayesi ölkəsi kimi Niderland süd məhsullarının ixracına görə dünyada birinci yeri tutur.

Bizi xutorda yaşayan bir qoca kəndlinin özəl fermasına apardılar. Fermerin təsərrüfatında 80 inək saxlanılırdı və onlara qoca özü, arvadı və yaşlı qızı baxırdı. Burada nə tövlə, nə də iri həcmdə olan bir yem ehtiyatı var idi. Yalnız doğum vaxtı və xəstə olanda qısa müddətdə inəklər təmiz bir otaqdakı üç bağlama yerindən birinə bağlanırdı, onlar restoranlardakı xırda təbii ehtiyacını ayaq üstə ödəmək üçün olan yerlərə bənzəyirdi. Kiçik piramida şəklindəki ot koması isə gürcülərin özəl ot tayalarını yada salırdı. İnəklərə elə bir qayğı da göstərilmirdi, onlar gecə-gündüz daim yaşıl olan otlaq sahəsində otlayır və yatırdılar, mülayim qış da heyvandarlıq üçün belə şəraitə imkan verir. Yaxşı deyirlər ki, vaxtilə balıqların üzdüyü dəniz suları indi otlaqlara çevrilmiş və orada holland inəkləri bol-bol qidalanırlar. Süd sağımı da səyyar aqreqatlar vasitəsilə aparılırdı və bu xammal boru ilə fermaya, pendir sexinə axıdılırdı. Kiçik sexdə istehsal edilən dəyirmi pendir kubları əsasən turistlərə satılırdı. Keyfiyyətə ciddi nəzarət qoyulur, ayda bir dəfə hazır məhsulun keyfiyyəti inspektor tərəfindən yoxlanılır və onlara keyfiyyət nişanı vurulur. Qeyri-standart məhsula ölkədə nadir hallarda rast gəlinə bilərdi. Əlbəttə, təsərrüfat rentabelli işləyir. Hər inəkdən il ərzində 6 tondan çox süd sağılır. Təbiətin özü də heyvandarlığın

 

rentabelliyinə şərait yaradır, burada qışda sərt şaxtalar olmur. Bircə dəfə ölkədə -14 dərəcə şaxta olmuş və bundan yüz nəfərdən çox adam tələf olmuşdu. Böyük İqtisadi böhran dövründə, 1930-cu illərdə ictimai işlə işsizləri təmin etmək üçün əlavə kanallar tikilmiş, qışda onlarda su donanda konki sürmək üçün meydança-katok kimi istifadə edilmişdir. 1960-cı illərdə holland konkisürəni hətta dünya çempionu olmuşdu.

 

(Ardı var)

Telman ORUCOV

 

525-ci qəzet.- 2022.- 3 avqust.- S.7.